Bəxtiyar Vahabzadə ömrünün 91-ci fəsli də yetişdi...
7 ildir nəhəng
söz ustadı, vətəndaş şair sükuta qərq olan məzarı başında anılır...
Azərbaycan boyda bir od idi, alışırdı, alışdırırdı ürəkləri. Arazdan, Kürdən keçib, Xəzərdən adlayıb Vətəni qarış-qarış dolaşıb ona şeirdən don biçirdi. Muğamı azan sədasına qoşub damla-damla içirirdi könlü təşnələrə. Dünyadan xəbərsiz olanları ahəstə-ahəstə muğamla qandırırdı şair. Səsi-sədası hələ qulaqlardan çəkilməyib, hər an televiziya ekranlarında gözlərimiz onu axtarır, qulaqlarımız onun haqq sözünə həsrət qalıb.
Çoxlarımız bu böyük şairin adına ilk dəfə "Ədəbiyyat" dərsliklərində rast gəlmişik, ana dili sevgisini, milli düşüncə, bölünməz Vətən anlayışını onun şeirlərindən canımıza-qanımıza hopdurmuşuq...
Dil açanda ilk dəfə "ana" söyləyirik biz,"Ana dili" adlanır bizim ilk dərsliyimiz.İlk mahnımız laylanı anamız öz südüyləİçirir ruhumuza bu dildə gilə-gilə.
Şairin yaratdığı füsunkar
mənzərə ana dilimizin qədir-qiyməti
deyilmi? Ana, ana
südü, ana laylası, ana qayğısı, ana öyüdü, ana dili, ana Vətən
bir-birindən qidalanan
məfhumlar deyilmi?
Bəxtiyar Vahabzadə şəxsiyyətinin,
qüdrətinin yaratdığı
bu aləm milyonlarla Azərbaycan türkünün könül
himnidir. Həm Güney, həm də Qüzey Azərbaycanda balalarımız
bu misraları Vətən şərqisi
kimi oxuyur!
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların
hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən,
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın
sonsuz genişliyindən,
Ağsaçlı babaların əqlindən,
kamalından,
Düşmən üstünə cuman
o Qıratın nalından
Qopan səsdən yarandın,
Sən xalqımın
aldığı ilk nəfəsdən
yarandın.
Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasının, bütövlükdə
ədəbiyyatının nəhəng
simalarından biridir. Və biz Bəxtiyar
Vahabzadə adı ilə hər zaman öyünmüşük.
Səməd Vurğun ədəbi
məktəbinin davamçısı
sayırdı özünü
B.Vahabzadə. Amma bu yolun içində o özünə yeni yol açdı, ədəbiyyata, poeziyaya, dramaturgiyaya, publisistikaya, elmi yaradıcılığa,
ədəbi tənqidə
tamamilə təzə
nəfəs - Bəxtiyar
nəfəsi gətirdi.
Yüzlərlə gənc şair,
qələm adamı Bəxtiyar Vahabzadə məktəbi keçdiyi üçün fəxr etdi.
Azərbaycan, adın oddur, özün - işıq, sözün- işıq.
Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,
Sənsən bizim bu dünyada məsləkimiz,
amalımız,
Yolumuza işıq
saçsın ulduzumuz,
hilalımız.
B.Vahabzadə bir dünya od-alova bənzəyirdi. Çılğın, sözünü vədəsində
deyən, xalqın, dövlətin müqəddəratı
uğrunda ən ağır savaşdan belə geri çəkilməyən vətəndaş
şair, dəyərli
ziyalı, el ağsaqqalı
kimi yaddaşlarda qalıb.
B.Vahabzadə ilə bir neçə dəfə söhbət etmişdim, müxtəlif məsələlərlə bağlı görkəmli xalq şairimizin fikrini öyrənmişdim. 2006-cı ildə görkəmli şairimiz, XX əsr anadilli poeziyamızın dilini, yönünü müəyyən edən, proqramlaşdıran Səməd Vurğunun 100 illik yubileyi ilə əlaqədar qəzetimizdə silsilə yazılar hazırlayırdım. Hər dəfə bir görkəmli qələm adamının Səməd Vurğunla bağlı xatirələrini, fikirlərini dərc edirdik. Təbii ki, B.Vahabzadənin də Səməd Vurğunla bağlı xatirələri, düşüncələri hədsiz dərəcədə maraqlı idi. Baş redaktorumuz Aydın Quliyev mənə tapşırıq verdi ki, Bəxtiyar müəllimin də xatirələrini, düşüncələrini qələmə al. Sevindim ki, böyük şairlə üzbəüz əyləşib onunla danışa biləcəyəm. Nə gizlədim, B.Vahabzadə kimi nəhəngi yaxından görmək hər bir gənc jurnalist üçün böyük səadət idi. Səhər iclasından (planlaşmadan) sonra həyəcanla Bəxtiyar müəllimin ev telefonunun nömrəsini yığdım. Dəstəyi onun özü qaldırdı. Hal-əhval tutandan sonra məqsədimi böyük şairə dedim. Dedi ki, xəstəyəm, müsahibə verə bilməyəcəyəm, qızım, məni bağışla. Sağollaşıb dəstəyi asdı. İnanın ki, bu məni həddindən artıq məyus etdi. Öz-özümə düşündüm ki, yəqin B.Vahabzadə gənc olduğum üçün mənə müsahibə vermək istəmir, düşünür ki, fikirlərini təhrif edərəm. Keyfim əməlli-başlı pozulmuşdu. Üzüm gəlmirdi ki, şairin "yox" cavabını baş redaktora çatdıram. İş yoldaşlarım hərə bir tərəfdən mənə təsəlli verirdi ki, darıxma, yaxşı olacaq. Bəziləri məsləhət görürdü ki, başqa bir şairə zəng vur, onun fikirlərini yaz. Bir az keçmişdi ki, əməkdaşlarımızdan biri "B.Vahabzadə səni telefona çağırır" dedi. Çaşıb qaldım. Dəstəyi götürdüm, dedi ki, qızım, səni evdə gözləyirəm, gəl, müsahibə verəcəyəm". Sevincimdən az qala qanad açıb uçam. Getdim Bəxtiyar müəllimgilə, qapını özü açdı. Dedi ki, qızım, incimə məndən, imzanı tanımırdım, bir az araşdırdım sənin yazılarını, əmin oldum ki, sənə müsahibə verə bilərəm, ona görə də evə dəvət etdim. B.Vahabzadənin evində çay süfrəsi ətrafında söhbət etdik. O, böyük şəxsiyyət, maraqlı müsahib, eyni zamanda sadə insan kimi qaldı yadımda. Əzəmətli söz adamı, nəhəng şair olasan və özündə sadəliyi bu qədər incəliklə qoruya biləsən?! Bu çətin məsələdir. Çox çətin.
Deyəsən mətləbi çox uzatdım. Əsas məqsədimi deməmiş uzaqlara çəkib apardım sizi.
Avqustun 16-sı B.Vahabzadənin doğum günüdür. Yaşasaydı ömrünün 91-ci fəslini qeyd edəcəkdi. B.Vahabzadə sözü, şeiriyyəti hər zaman xalqın ehtiyac duyduğu xəzinədir. Allaha-Ucalığa, könül və ruha bağlı şair fəlsəfi poeziya aləmi qurub yaradıb. Fəlsəfə və poeziya, hadisələrə filosof yanaşması, insanın zahirində və batinində təcəllə edən nur Bəxtiyar poeziyasının əsas xətlərindən birini təşkil edir.
Fitrətdə yatır sözdə sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam, yarpağı sözlər kökü fikrim.
Sözlərdə deyil, sözlərdəki hikmətdədir ALLAH!
Məlumat üçün qeyd edək ki, Vahabzadə Bəxtiyar Mahmud oğlu 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində dünyaya gəlib. Məlumatlara görə, kiçik yaşlarında ikən, yəni 1934-cü ildə ailəsi ilə Bakıya köçüblər. Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil alıb (1942-1947). Universitetin aspiranturasında saxlanıb, 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Tədqiqatçıların verdiyi bilgiyə görə, bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunub. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb (1950-1990). 1990-cı ildə təqaüdə çıxıb. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2000-ci ildə isə həqiqi üzvü seçilib. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. O, həmçinin, Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı Şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı Xalq Deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib.
1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunub.
Ədəbiyyatşünaslar bildirir ki, B.Vahabzadə keçən əsrin 60-cı illərindən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri kimi tanınıb. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.
Bir deyən olmadı, durun ağalar!
Axı bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız
bayaqdan bəri,-
Bəs hanı
bu yurdun öz sahibləri?
Tədqiqatçılar qeyd edir ki, bu
poemaya görə
1962-ci ildə şair
"millətçi" damğası
ilə Azərbaycan Dövlət Universitetindən
çıxarılıb, yalnız
2 ildən sonra işə bərpa edilib. Ustad qələm
sahibi, professor Şirməmməd
Hüseynov bu barədə mətbuata bildirib ki, o vaxt B.Vahabzadə işdən çıxarılmayıb:
"Bəxtiyarı işdən
çıxara bilməzdilər,
çünki bu, ciddi ajiotaja səbəb ola
bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün
elmi məzuniyyətə
göndərdilər".
Tədqiqatçılar yazır ki, B.Vahabzadə sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz
qalan millətin dərdlərini rəmzlər
və müxtəlif ədəbi üsullarla ifadə etmiş, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə
keçirərək öz
millətinin dərdlərini
dilə gətirib. Birbaşa sovet
diktaturasını ifşa
edən əsərlərini
isə şair Sovet İttifaqı dağılandan sonra "Sandıqdan səslər"
başlığı altında
nəşr etdirib.
Məlumatlara görə, B.Vahabzadə
70-dən artıq şeir
kitabının, 2 monoqrafiyanın,
11 elmi-publisistik kitabın
və yüzlərlə
məqalənin, eləcə
də tarixi və müasir mövzuda 20-dən artıq
irihəcmli poemanın
müəllifidir. Şairin əsərləri - şeir
kitabları, dramları
və publisistik yazıları dünyanın
bir çox dillərinə, o cümlədən
ingilis, fransız, alman, fars, türk,
polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə
tərcümə edilib.
Qeyd edək ki, ustad
şair 2009-cu il fevralın 13-də,
83 yaşında uzun sürən xəstəlikdən
sonra Bakıda vəfat edib, məzarı I Fəxri Xiyabandadır. Şəkidə
büstü qoyulub, ev muzeyi
açılıb, Bakıda
adına küçə
verilib, Türkiyənin
Adana şəhərində B.Vahabzadə adına Sosial Elmlər Liseyi var.
B.Vahabzadə xalqımızın yaddaşında
etibarlı, sözü,
əməli bütöv
bir Vətən oğlu kimi yaşayır. Özü I Fəxri Xiyabanda
olsa da, sözü elin, xalqın, 50 milyonluq dünya azərbaycanlılarının
yadındadır. Adi insan
gəlir, dövran sürüb gedir, ya yadda qalır,
ya qalmır, ancaq sənətkar, söz xridarı, söz Tanrısının
elçisi olan şairlər dünya durduqca yaşayır.
B.Vahabzadə də dünya
durduqca yaşayacaq nəhənglərdəndir. Allah rəhmət eləsin!
İradə SARIYEVA
Bakı xəbər.- 2016.- 17 avqust.- S.11