Əmir Pəhləvan: "Mən... o qartala bənzəmək istəyirəm"

Azərbaycana yenicə qayıtmış tanınmış jurnalist, yazıçı Əmir Pəhləvanın bu günlərdə mediaya verdiyi geniş müsahibəni redaksiyanın apardığı korrektələrlə oxucularımıza təqdim edirik:

- Əmir müəllim, Sizi oxuculara təqdim etməyə o qədər də ehtiyac duymuruq. Çünki Əmir Pəhləvan imzası artıq öz sözünü 70-80-ci illərdə təsdiq edib. İndi Siz Vətəndən uzaqlarda çalışırsnız. Necə oldu ki, qürbətə üz tutmalı oldunuz?

- Dünyanın bütün ağrı-acılarını, şikəstələrini saf ürəyinə, tər-təmiz ciblərinə yığıb, müqəddəs və ağrılı bir yük gəzdirən qələm sahibi anadangəlmə fitri istedad olaraq mürəkkəb, ziddiyyətli bir aləmdir. Bu, ilk növbədə onun şəxsiyyət dramı ilə bağlıdır. Mənə belə gəlir ki, imza müsbət mənada öz fərdi təsdiqini tapırsa, bütün zamanlarda öz sözünü deyir və sahibinə şərəf və qürur gətirir. Oxucularımın və tamaşaçılarımın gözlərindən yayınaraq, nə artıq tərifə, nə də əskik tənqidə bürünə bilərəm. 40 illik jurnalist təcrübəsi olan bir insan kimi səmimi etiraf etmək istəyirəm ki, gözləri parıltılarda, qulaqları çığırtılarda olanların xəstə dünyasında Ziqmund Freydə böyük ehtiyac var. Mən sadə bir adamam. Lakin heç də sadəlövh deyiləm. Öz daxili senzuram var. Bu, ləyaqət senzurasıdır. Hər bir yazıçının içində bir qürbət keçirən mənlik var. Ona görə də heç bir cəmiyyət heç bir sənətkarı heç zaman axıracan başa düşməyib. Əslində zəka və fitr sahibləri, içi mən qarışıq, hamısı qürbət həyatı yaşayır. Mən isə fərqli olaraq həmin qürbətin "Vətən" adlı içində yaşayıram. Bu da mənim dözüm qismətimdir.

- Publisistikanızda olduğu kimi, kino yaradıcılığında da yeni orijinal xəttiniz, çox keçmədi ki, parladı. Sizcə, indiki dövrdə nə üçün tamaşaçını düşündürən filmlər çəkilmir, Avropadan baxanda kino ekranımız necə görünür?

- Mənə görə Qafqaz bütün dünya xalqlarının ana beşiyidir. Avropada bu gün onların sivil hesab etdiyi məhz böyük və kiçik Qafqaz sıra dağları arasında ümumdünya etnoslar izdivacından törəyiblər. Qədim yunanların Prometey dediyi Börü, Metey xaqandan çox-çox əvvəl naşükür bəşəriyyət "Allahlar" adına onu öz Vətənində - Qaf dağında çarmıxa çəkib. Elə buna görə də Odlar diyarı Azərbaycan Qafqazın göz bəbəyidir, Günəşidir. Mənim üçün Azərbaycan bəşəriyyətin cənnət bir guşəsidir. Təəssüf ki, bir çox haramzadalar tərəfindən zaman-zaman cəhənnəmə çevrilib. Əgər yadplanetlilərin Yer üzündə paralel ruhsal məskəni varsa, o Azərbaycandır. Çünki tarixən əndrabadi, sosial-siyasi və iqtisadi eksperimentlər ən çox bu torpaqda - Azərbaycan üzərində sınaqdan keçirilib, heç bir cani, cəllad, müstəbid bu torpaqdan xeyirlə gedə bilmir. Bu bir ilahi əlamətdir. O ki qaldı Bakıya, mənim şah damarımdı. Bakı məni bir körpə kimi böyüdüb. Mavi Xəzər laylamı çalıb. Ali təhsilimi Bakıda almışam. "Bakı", "Baku" qəzetlərində işləmişəm. Bakı şəhərinin Mətbuat yayımının rəhbəri olmuşam. İki oğul payı verib Bakı mənə. Bakı bu gün mənim arxamdı, Bakını çox sevirəm, bakılılara sonsuz sevgilərim var. Bakılı olmaq, Seyid Yəhya Bakuvi kimi, Mir Möhsün ağa, imamların bacıları Rəhimə və Hökümə kimi qutsal ruhların himayəsində olmaq deməkdir. Bakılını incitmək Allahın ən ağır bəlalarını öz üzərinə götürmək deməkdir: birəbir, nəsilbənəsil...

- Hazırda kino yaradıcılığınızda tamaşaçıları maraqlandıran hansı ədəbi-bədii filmlər üzərində işləyirsiniz?

- Yaradıcılığımın mühacirət dövrü Avropaya transfer olunub. Bu məni qane və məmnun etmir. Amma inanıram ki, qədirbilən oxucularım yaratdığım əsərləri ürəklərində qoruyub saxlayırlar. Filmlərim haqqında çox danışmaq istəmirəm, çünki virtual aləmdə kifayət qədər yayılıb-tanınıb, sevilib. Film zəngin və bahalı istehsal sahəsidir. 15 filmin ssenari müəllifi və rejissoruyam. Hələ heç bir dövlət və ya sponsor yardımı görməmişəm və gözləmirəm də. İstiqlal dövrünün başlanğıcında doğulduğum Naxçıvan torpağında tarixi mitinqlərin açılışlarını mən etmişəm. Elə süjetlərə və sənədli arxivlərə malikəm ki...

Çəkdiyim və çəkəcəyim filmlərdə mən orda qurtarıram ki, orda özgələri başlayır, bunları müəyyənləşdirib qiymətləndirmək artıq tarixin işidir. Mən millətimin qarşısında alnıaçığam.

-Azərbaycan ədəbiyyatı dünya çapında ədəbi təbliğdə necə görünür?

-Azərbaycan ədəbiyyatı uzun illər sovet siyasi rejiminin basqısı altında olub, onun dünyaya çıxmasına ciddi məhdudiyyətlər qoyulub. Dünya ədəbiyyatının Azərbaycan dilinə tərcüməsinə senzura nəzarəti olduğu kimi, Azərbaycan ədəbiyyatının dünya dillərinə çevrilməsi məsələsi də nəzarət altında olub. Mərkəzi Hakimiyyətlə bağlı olan nəşriyyat fəaliyyətləri planlı surətdə həyata keçirilib, həmçinin, bu konteksdə milli ədəbiyyatlara, o cümlədən Azərbaycan ədəbiyyatına önəm verilməməsi bəzi ədəbi nümunələrin dünyaya çıxışını əngəlləyib. Məhz bu səbəbdən Azərbaycan ədəbi ictimaiyyəti dünya ədəbiyyatının ən layiqli nümunələrindən xəbərsiz olduğu kimi, milli ədəbiyyatın layiqli örnəkləri də dünya oxucularına çatdırılmayıb. Azərbaycanın müstəqillik əldə etməsi, ictimai-siyasi həyatın bütün sferalarında olduğu kimi, ədəbi mədəni sahədə də yeni baxışlar sisteminin əsasını qoydu. Ədəbiyyatın imperiya boyunduruğundan azad olması sosialist-realizm metodunun süqutu, senzuranın ləğvi, söz sənətinin inkişafı üçün müəyyən qədər münbit şəraitin yaranması ədəbiyyatların qarşılıqlı tanıdılması prosesi üçün də yeni imkanlar yaratdı. Əvvəlki illərdən fərqli olaraq, bu gün Azərbaycan ədəbi nümunələri pərakəndə şəkildə dünya dillərinə tərcümə olunmaqda, müxtəlif dillərdə nəşr edilməkdədir. Lakin bu işin uğur qazanması üçün sistemli və davamlı fəaliyyətə ehtiyac var.

-Yeni yaradıcılıq planlarınız haqqında nə demək istərdiniz, oxucularınız və tamaşaçılarınız Sizdən yeni şedevrlər gözləyir...

- Sevdiyim filmlərin birində qartala qoşulub onunla uçmaq istəyən sərçənin rəvayəti danışılır. Bir xeyli özündən yuxarıda uçan sərçə dili əsə-əsə qartaldan soruşur:

- Hara uçursan?

Qartal:

- İrəli!

Xeyli gedəndən sonra bu sual dəfələrlə təkrarlanır. Nəhayət, öz uçuş orbitini itirməkdə olan sərçə son kərə göylər şahına sorur:

- Hara uçursan?

Qartal tam bir soyuqqanlılıqla təkrarən deyir:

- İrəli, yalnız irəli!

Mən öz yaradıcılığımda məhz o qartala bənzəmək istəyirəm...

Bakı xəbər.- 2016.- 25 avqust.- S.14