Naxçıvan turizmindəki
sıçrayış maraqlı səbəblərlə əlaqələndirildi
Bahadur Bilalov: "Naxçıvanın təbiətinin
çox maraqlı olması turistlərin
diqqətini cəlb edir"
"Naxçıvana şəfa tapmaq məqsədilə gələnlərin sayının artması turizmin bu sahəsinin inkişafına göstərilən diqqətin nəticəsidir"
Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Turizmdə Azərbaycanın rəqabət imkanları genişdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir.
Ölkəmizin coğrafi
cəhətdən əlverişli mövqedə yerləşməsi,
infrastrukturun təkmilləşdirilməsi
turizm sahəsinin inkişafını
şərtləndirən amillərdəndir. Ölkəyə
istirahət üçün gələn
turistlərin artması göz
qabağındadır. İstənilən kəs paytaxt ərazisində istirahət edən
turistlərlə rastlaşa bilər.
Turistlər tək paytaxt Bakıya deyil, eyni zamanda,
Naxçıvan MR-ə üz
tutur. Açıqlanan
statistik rəqəmlərə
əsasən, Naxçıvan
MR-ə bu ilin yanvar-iyul aylarında gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artıb. Bu il Muxtar
Respublikaya 216 min 284 turist
gəlib ki, bu da 2015-ci ilin
müvafiq dövründəki
göstəricidən 8910 nəfər
çoxdur.
Xatırladaq ki, ötən il Muxtar
Respublikaya gələn
turistlərin sayı
389 823 nəfər, turist
kimi gedənlərin sayı isə 117 654 nəfərə çatıb.
2010-cu ildə isə gələn turistlərin sayı 287634
nəfər olub.
İstirahət üçün Naxçıvanı
seçən turistlərin
sayının artması
barədə fikir bildirən turizm sahəsi üzrə ekspert Bahadur Bilalov bizimlə söhbətində qeyd etdi ki, mineral su bulaqlarına və duz yataqlarına
görə Naxçıvan
Muxtar Respublikası dünyanın ən zəngin bölgələrindəndir:
"Bu təbii ehtiyatların
müalicəvi əhəmiyyəti
isə Muxtar Respublikaya müalicə turizmi məkanı kimi şöhrət gətirib. Son illər
Naxçıvana şəfa
tapmaq məqsədilə
gələnlərin sayının
artması turizmin bu sahəsinin inkişafına göstərilən
diqqətin nəticəsidir.
Bildirim ki, artıq Naxçıvanda yenidən
qurulan Duzdağ Fizioterapiya Mərkəzində
müayinə, müalicə
üçün hər
cür şərait yaradılıb. Unikallığı ilə dünyada yeganə olan bu müalicə mərkəzi tənəffüs
yollarının qeyri-spesifik
xəstəliklərindən əziyyət çəkən
insanların ən çox üz tutduğu məkandır.
Darıdağ mineral su yatağı
da müalicə əhəmiyyətinə görə
nadir su mənbələrindən
hesab edilir.
Naxçıvanın dini ziyarətgahları buraya gələn qonaqların böyük marağına səbəb
olur. Qədim inancları,
möcüzəvi sirləri
və əfsanələri
özündə yaşadan
"Əshabi-Kəhf" Dini-Mədəni
Abidə Kompleksi dünyanın dörd bir yanından gələn zəvvarların
ziyarətgahına çevrilib.
Bu mənada dini
turizmin inkişafı
istiqamətində görülən
işlər, dini-mədəni
abidələrin bərpası
və qorunması, təşkil olunan turizm marşrutları mədəni irsimizin dünyaya tanıdılmasında
vasitə rolunu oynayır".
Həmsöhbətimiz onu da əlavə etdi ki, Naxçıvanın
təbiətinin çox
maraqlı olması insanların diqqətini cəlb edir: "Son zamanlar Naxçıvan doğrudan da çox gözəlləşib.
Şəhər abadlaşır və
küçələrin təmizliyi
istənilən insanın
diqqətini cəlb edir. Naxçıvanda respublika səviyyəsində
keçirilən tədbirlər
ora gedənlərin sayının artmasına təsir edir".
Günel CƏLİLOVA
Bakı
xəbər.- 2016.- 25 avqust.- S.12