Azərbaycançılıq
idelogiyasının milli tarixi köklərə bağlılığı...
Azərbaycançılıq məfkurəsi xalqımızın, dövlətimizin birliyinə, vəhdətinə, mədəniyyətimizin, tariximizin yaşamasına, yayılmasına,
təbliğ edilməsinə böyük təkan verir. Əslində azərbaycançılıq
məfhumu bütün dəyərlərimizi
özündə ehtiva edir. Məlumdur ki, azərbaycançılıq
dünya azərbaycanlılarının milli
ideologiyasıdır və hər birimiz bu ideologiyaya
xidmət etməliyik. Milli, dini, irqi
ayrıseçkiliyə qarşı olan azərbaycançılıq
ideologiyası böyük tarixi mərhələləri
adlayaraq günümüzə qədər gəlib
çatıb. Azərbaycançılıq
deyəndə bu yalnız kiçik bir arealı əhatə
etmir, o bütün dünya azərbaycanlılarını
ətrafına toplayır.
Müasir
Azərbaycan dövlətinin qurucusu, Azərbaycan
Respublikasının sabiq prezidenti mərhum Heydər
Əliyev deyirdi: "Hər bir insan üçün milli
mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün
də fəxr edirəm ki, mən azərbaycanlıyam.
Müstəqil Azərbaycan dövlətinin
əsas ideyası azərbaycançılıqdır.
Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə
görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq".
Azərbaycançılıq, azərbaycançılıq
ideologiyası ilə bağlı çoxsaylı məqalə
və nəşrlərin müəllifi, professor Nizaməddin
Şəmsizadə qeyd edir ki, azərbaycançılıq
dünya azərbaycanlılarını birləşdirən
bir ideologiyadır.
N.Şəmsizadə
yazır ki, Azərbaycan üçüncü minilliyə
yeni müstəqillik qazanmış bir ölkə kimi
daxil olub və bu gün hər bir soydaşımız
yaxşı dərk edir ki, ən ağrılı
problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin
ölkəmizin ərazi bütövlüyü çərçivəsində
həlli dünyada yaşayan bütün azərbaycanlıların
birliyindədir: "Belə birliyi isə tarixin
bütün zehni və mənəvi təcrübələrini
özündə əks etdirən milli ideologiya yarada
bilər. Bu ideologiya azərbaycançılıqdır.
Azərbaycançılıq coğrafi
anlayış deyil, o daha çox siyasi
anlayışdır. İdeologiya cəmiyyətdə
milli birliyi və ümumxalq münasibətlərini
qorumaq, millətin və onun dövlətinin
mövqeyini izah və təsdiq etmək üçün
yaradılır. O, xalqın milli-mənəvi
varlığının ilkin əlamətlərindəndir,
xalqın kimliyini əks etdirən təfəkkür, adət
və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji
birlik xalqın, millətin və dövlətin tarixi
varlığının əsas atributlarıdır.
Bu baxımdan son zamanlar azərbaycançılığın
tarixini XIX-XX əsrlərlə məhdudlaşdıran
mülahizələrlə razılaşmaq olmaz. Biz hələ sovet
ideologiyası olan marksizm-leninizmin süquta
uğradığı XX əsrin 90-cı illərində
Azərbaycanda ideologiya boşluğu dövründə
çap etdirdiyimiz "Azərbaycan
ideologiyası" monoqrafiyasında belə nəticəyə
gəlmişik ki, ideologiyamızın təşəkkülü
ən qədim çağlardan - mifik təfəkkürdən
başlanır. Ən əski zamanlarda təbiəti
dərk etməyə cəhd, cəmiyyət amili ilə
hesablaşmaq zərurəti ideologiyanı
yaradıb. Ona görə də
ideologiyaya xas başlıca xüsusiyyət
tarixilikdir.
Hər bir ideologiyanın əsasında gerçəkliyə
real münasibət amili dayanır. Bu
münasibət tarixin təcrübəsinə əsaslanmalı,
tarixi xarakter daşımalıdır. Onun dəyişməsi tarixin cəmiyyət
qarşısında irəli sürdüyü tələblərə
müvafiq olmalı və əslində həmin tələblər
ideologiyanın ideya mənbəyi, hərəkətverici
amilləridir. Beləliklə,
ideologiya tarixin gedişi ilə meydana
çıxaraq, həmin gedişi təsdiq edən və
bu gedişin sonrakı istiqamətlərini müəyyənləşdirən,
həmin prosesdə xalqın və millətin rolunu təyin
edən, dövlətin tipini və tarixi simasını
formalaşdıran ən parlaq və obyektiv
ideyaların və sistemin məntiqi yekunudur. Azərbaycançılıq xalq tarixinin
obyektiv izahına xidmət edir. Tarixin hərəkəti
ilə təsdiq olunmayan ideologiya demokratik cəmiyyət
strukturu, xalqı irəli aparan dövlətçilik
üçün nəzəri zəmin ola
bilməz".
Professor Şəmsizadə qeyd edir ki, qədim
xalqların, o cümlədən Azərbaycan türklərinin
ideologiyası əvvəlcə mif, sonra isə din, daha
doğrusu, əski inamlar olub. Onun bildirdiyinə görə,
mif sinifli mərhələyə qədərki
çağların ideologiyasıdır: "Sərhədsiz
düşüncə tərzinin ifadəsi olan mif
xalqın özü haqqında söylədiyi ən
bakir, ən kamil həqiqətdir. Onda
sonralar Azərbaycan xalqının təşəkkülündə
rol oynamış tayfaların dünyaduyumu, əxlaq tərzi
və gələcəyə münasibəti ifadə
olunub. Hansı xalqın mifik təfəkkürü
güclüdürsə, onun sonrakı taleyi aydın,
tarixdəki mövqeyi möhkəmdir. Mif ictimai təfəkkürün genetik
beşiyidir, "gerçəkliyin
özüdür" (A.F.Losev). Azərbaycan
ideologiyasının türk mifik təfəkkürü
ilə vəhdət məqamı "azad ruh" hissidir.
Azad ruh türk qövmünün genetik
enerji mənbəyi, dünyaya çıxış
nöqtəsidir. Mifik təfəkkür
və inanclarımızda erkən ideoloji sistemdə
kodlaşan azad ruh sonrakı ictimai-tarixi dövrlər
üçün də nümunəyə çevrildi.
Sonralar
Avropanın dahi filosofu Hegel etirafla yazacaq: "Biz
Şərqdən gəlirik, ümumdünya tarixi
Asiyadan Avropaya hərəkət edib... Şərqin
ilkin şərti və zəmini ailəyə əsaslanan
millilikdir". Azərbaycançılığın
əsasında mükəmməl ailə kultu
dayanır. Xüsusilə Şərqdə,
türk-müsəlman arealında tarixin təcrübəsi
göstərir ki, ailəsi möhkəm olmayan xalqın
dövləti də möhkəm ola
bilməz. Çünki ordu müxtəlif
ailələrdən çıxmış fərdlərdən
ibarətdir. Əsgərin tərbiyəsi,
- vətən eşqi ailədən, anaya məhəbbətdən
başlanır. Azərbaycançılıqda
ailə kultunun davamı olan şəxsiyyət kultu əsas
yer tutur. Çünki "Mədəni
əxlaq fərdlərdə şəxsiyyətin yüksək
olmasına söykənir. Əski
türklərin dinində şəxsiyyəti göstərən
simvollar var" (Z.Göyalp). Azərbaycançılıqda
zora yer yoxdur, bu xalqa zorla özünə hörmət
etdirmək olmaz. Buna görə də
azərbaycançılığın şərti
xalqın ləyaqətini uca tutmaqdır. Azərbaycançılığın əsasında
dayanan inanclardan biri zərdüştizm idi (e.ə. VII əsr).
Əməyi azadlığın mənbəyi qəbul edən
zərdüştizmdə, dual fəlsəfə zəminində
azad iradəyə malik şəxsiyyət, ədalətli
insan və dünya problemi zərdüştizmin
konsepsiyasındakı üç prinsipə əsaslanır:
"xeyir fikir, xeyir söz, xeyir iş" (sonralar
yaranmış "Məlik Məmməd"
nağılını, dahi Nizaminin "Xeyir və Şər"ini,
"Haqq mövcud" nağılını
xatırlayaq!).
Zərdüştizm (Ahura Məzda!) sonralar məzdəkizm
təlimini yaratdı. Böyük filosof Mani (215-ci il) zərdüştizm, xristianlıq və
buddizmi birləşdirərək "İrandan Roma
imperiyasının ucqarlarınadək, Afrika və
İspaniyaya... Orta Asiyaya qədər
yayılan" manizm ideologiyasını yaradır.
Həm Maninin, həm də Məzdək Bəmdad
oğlunun təlimləri ədalətli dövlət, cəmiyyət,
əmlak bərabərliyi, azad ruhun qüdrətinə
inam ifadə edirdi... Bu minvalla məzdəkizmin
Azərbaycan mifik təfəkküründən, zərdüştizmdən
(atəşpərəstlikdən!) qəbul etdiyi ziya
xürrəmilərin azadlıq yoluna işıq
saldı, əxilərin qardaşlıq ocağına,
hürufizm ideyasına ("İnsan həqdən
qopmuş nur parçasıdır"), orta
çağlar fəlsəfəsinin "İşıq
heykəlləri"nə (Ş.Sührəverdi)
çevrildi. İllər keçdi, xalq göydən
enmiş nurlu daşdan Koroğlunun əfsanəvi Misri
qılıncını düzəltdi, XIX əsrdə
A.Bakıxanov və M.F.Axundovdan başlayaraq
maarifçilik əlində həmin NUR tarixdə və
yaddaşda Azərbaycanı axtarmağa üz tutdu!...
Burada epos təfəkkürünü xüsusi qeyd
etməliyik.
Hesab edirik ki, azərbaycançılığın,
Azərbaycan dövlətçilik təfəkkürünün
ən möhtəşəm qaynağı "Kitabi-Dədə
Qorqud" eposudur". Professor qeyd edir ki, Azərbaycan
təfəkkürünün (müştərək
türk düşüncəsinin) ən böyük abidəsi
olan "Kitabi-Dədə Qorqud"un əsas
ideyası türk tayfalarını - 24 oğuz
tayfasını vahid xalq və dövlət halında
birləşdirməkdən ibarət idi. O bildirir ki,
burada tayfa bizim indi anladığımız məhdud mənada
deyil, müəyyən ərazi, maddi, mənəvi-əxlaqi
birlik əlamətlərinə malik EL mənasında
işlənir: "Əsasən VI-VIII əsrlərdə cərəyan
etmiş hadisələri əhatə edən epos I
minilliyin inanc, düşüncə və dövlətçilik
təsəvvürlərini əks etdirən ideoloji
sistemlər toplusudur.
Tayfa və birliklərin erkən dünyaduyumu və
düşüncə tərzini əks etdirən mifdə
hələ dövlətçilik təsəvvürləri
yox idi. Dövlətçilik haqqında ilkin təsəvvürə
"Kitabi-Dədə Qorqud"da rast gəlirik.
Bunun atributları aşağıdakılardır: vətənçilik;
Bayandır xanın başçılıq etdiyi
siyasi-hərbi ierarxiya; ailə kultu ("Ana haqqı -
Tanrı haqqı"); ordu və özəl ənənələrə
malik El kultu ("Qonşu haqqı Tanrı
haqqıdır"). "Kitabi Dədə
Qorqud" oğuz türkləri haqqında Azərbaycan
ensiklopediyasıdır. Dədə Qorqud
üzünü EL-ə tutub "Dövlətimiz əbədi
olsun!" - deyir.
İslamaqədərki dövrün ən
böyük tarixi-ideoloji yekunu Azərbaycan
xalqının yaranması idi. Bu həm də Azərbaycan
dilinin və ideologiyasının təşəkkül
dövrü idi. "Hər bir xalqın
köklərinin ən qədim dövrlərə gedib
çıxmasına baxmayaraq, tarixçilər
bütün bu epoxaları xalqın yaranmasını
müəyyənləşdirən vaxtdan
başlamağı üstün tuturlar" (L.Qumilyov).
Hələlik Azərbaycan
tarixçiliyinin mötəbər sözü olan
"Azərbaycan tarixi" (1994. Z.M.Bünyadov və
Y.B.Yusifovun redaktəsi ilə) əsərində (s. 209-235)
bu barədə təqdim olunan fikir belədir: Azərbaycan
xalqı Azərbaycan ərazisində təşəkkül
tapıb. Xalqımızın
yarandığı ərazi şimaldan Dərbənddən
tutmuş, cənubda Zəncan-Qəzvin bölgəsinədək
(daxil olmaqla), şərqdə Xəzər dənizindən
qərbdə İrəvan, Tiflis və Urmiya
gölünün qərb sahillərini əhatə edir.
Tarixi baxımdan "Azərbaycan dilinin və
xalqının təşəkkülü III-VII əsrlərdə
baş verib, VII-VIII əsrlərdə başa
çatıb. Bu zaman Azərbaycanda gedən dini
mübarizə artıq sona yetmişdi" (s. 235).
XIII-XIV əsrləri Azərbaycan
ideologiyasının təşəkkülündə
milli təmayülə keçid mərhələsi
adlandırmaq olar. Təfsilata varmadan həmin keçidi
hazırlayan ictimai-tarixi səbəbləri belə
ümumiləşdirmək olar:
- XIII əsrin
sonlarından IX-XIII əsrlərdə hakim olmuş
ümummüsəlman mədəniyyəti (təfəkkürü!)
kontekstində parçalanma başlanır. Zəminində
antik yunan və Şərq fəlsəfəsi dayanan, ərəb,
fars və türk təfəkkürünün ən
parlaq nailiyyətlərini əks etdirən bu tarixi-mənəvi
vəhdət məhz Xilafətə 508 il (750-1258)
başçılıq etmiş Abbasilər sülaləsi
sayəsində Şərq elm və mədəniyyətinin,
düşüncə tərzinin zirvəsinə
çevrilmişdi. Abbasilərdən sonra
Xilafət zəiflədi və parçalandı, bu
ideologiyanın da ayrı-ayrı təmayüllərə
bölünməsi üçün tarixi şərait
yaratdı".
Alim
yazır ki, XI-XII əsrlərdə türklərin Qafqaza
və Azərbaycana üçüncü gəlişi
baş verdi. Onun
bildirdiyinə görə, oğuzların qınıq
elinə mənsub 24 tayfadan ibarət Səlcuqlar Azərbaycan
ərazisində türklərin sayı və
nüfuzunu artırdılar. N.Şəmsizadə
vurğulayır ki, bir əsrdən artıq ömür
sürüb islam dinini qəbul
etmiş Səlcuqun nəvəsi Toğrul bəy 1038-ci
ildə özünü sultan elan etdi və Şərqdə
böyük Səlcuqilər türk imperiyasının
(1038-1157) əsası qoyuldu: "Səlcuqilər
Qafqazda və Yaxın Şərqdə təkcə
türkün nüfuzunu yox, həm də
türkçülüyün ərazisini genişləndirdilər.
1064-cü ildə 36 yaşında Sultan Toğrulun
ölümündən sonra taxta çıxan Alp Arslan
1071-ci ilin avqustunda Malazgird döyüşündə 54
min türklə Bizans imperatoru Romen Dioqenin 200 minlik
ordusunu məğlub edib onu əsir aldı. Anadoluya
türk bayrağı sancdı, Türküstan və
Qafqazdan sonra üçüncü türk
fütuhatı yarandı. Tarixdə ilk dəfə
islam türk yürüşünə
mənəvi dayaq oldu. İdeologiyada və
dövlətçilikdə türkçülük
qüvvətləndi.
- Azərbaycan
xalqının etnogenezində yeni tarixi proseslər
baş verir. Əvvəlcə
Hülakülər (Elxanilər), sonra Atabəylər
dövləti mühüm rol oynayır. Yerli və
gəlmə türklərin gen və din birliyi zəminində
müxtəlif dövlət qurumları yaranır və
güclənir.
- XIII-XIV əsrlər
"Şərq tarixşünaslığının
qızıl əsrləri" hesab olunur. Bu zaman
fundamental Azərbaycan
tarixşünaslığının əsası qoyulur,
Əhməd Təbrizinin "Şahənşahnamə",
Əbu Bəkr əl-Qütbi Əlvaninin "Dəstur əl-katib
fi təyin əl məratib" kimi qiymətli əsərləri
yaranır. İlk dəfə məhz bu
dövrdə bədii təfəkkürdə klassik ənənələrlə
türk xalq poeziyası ənənələrinin
sintezi başlanır və XVI əsrdə başa
çatır. Bu isə ədəbiyyat
və sənətdə millilik və bəşəriliyin
vəhdətinə səbəb olur. XIV
əsrdə Azərbaycan şairi İzzəddin Həsənoğlunun
Misirdə türkcə "Divan"ı meydana gəlir.
Xalq ədəbiyyatının, xüsusilə
aşıq poeziyasının bədii-tarixi baxımdan
qüvvətlənməsi ideologiyada mifdən gələn
başlanğıca, el ruhu və psixologiyasına
dayanan milli müəyyənliyin yaranmasına səbəb
oldu. Azərbaycanda orta əsrlərdə milli
birliyin əsası, enerji mənbəyi olan məfkurə
məhz poetik formalarda meydana çıxıb. Bu dövrdə elm də, ədəbiyyat da
sinkterik xarakter daşıyırdı. Orta əsrlər Azərbaycan etnik mədəni
sistemində poeziya birinci yerdə dayanıb, poetik təfəkkür
dünyadərkində həlledici olub. Bu zaman ədəbiyyat elmləri - "ülumi-ədəbi"
özündə on beşə qədər elmi birləşdirirdi".
Professor
N.Şəmsizadənin yazdığına görə,
Azərbaycanın Rusiya tərəfindən
işğalından sonra ideologiyamızın təşəkkülündə
yeni bir proses - Şərq və Qərb dəyərlərinin
sintezi başlanır. Onun qeyd etdiyinə
görə, bunu maarifçi ideologiya adlandırmaq
olar. Alim deyir ki, mifdən, Zərdüştizm,
İşraqilikdən gələn İşıq (Nur),
Hürufizmdə ürfan və kamal vəhdətindən
gələn Zəka və İntibahın
bayrağına iri hərflərlə yazılmış
İnsan maarifçi ideologiya konsepsiyasında vəhdət
təşkil edir: "XIX əsrin maarifçi
ideologiyası bir növ məzdəkilərin, xürrəmilərin,
əxilərin və Azərbaycan-türk cahangirliyinin
tarixi dərslərinə yenidən müraciət edir,
milli şüur və azadlıq duyğusu tərbiyəsini
tarixi-mənəvi ideal seçməli olur.
İradə S ARIYEVA
Bakı xəbər.-
2016.- 26 avqust.- S.15