75
yaşlıı əməkdar artist çox arzu edir ki, ona
Prezident təqaüdü verilsin...
Aliyə
Ramazanova: "Mən ömrümün çox
böyük hissəsini milli rəqslərimizin
inkişafına, təbliğinə həsr etmişəm"
img
O, rəqs
edəndə sanki barmaqları nəğmə oxuyurdu, əlləri
o xoş, həzin sədanı tamaşaçı ürəyinə
səpələyirdi. 16 yaşında səhnəyə
gəlib və ömrünü rəqs sənətinə
bağlayıb. Uşaqlıqdan milli rəqslərimizin
vurğunu olan və "mən rəqs edəcəyəm,
rəqqasə olacağam" deyən əməkdar
artist, görkəmli rəqs ustadı, 25 il
Müslüm Maqomayev adına Dövlət
Filarmoniyasının Mahnı və Rəqs
Ansamblının solisti olan Aliyə xanım
Ramazanovanın 75 yaşı tamam olub.
1941-ci ilin 7 fevral tarixində-qışın ilik
donduran çağında Qusar rayonunun Piral kəndində
dünyaya göz açan gələcəyin görkəmli
rəqs ustadı əzablı yollar keçib. Xoşbəxtlikdən
əzablı yolun başında onu qaranlıq yox,
işıq qarşılayıb. O işıq
milyonlarla tamaşaçının ürəyinin,
gözünün işığı olub.
- Aliyə
xanım, 75 yaşınız mübarək! Bu yaşda
özünüzü necə hiss edirsiniz? Öyrətməkdən
yorulmamısınız ki?
- Şükürlər olsun ki, yaxşıyam,
tamaşaçılarımın sevgisini hiss edirəm. Mətbuat məni
unutmur, müxbirlər tez-tez qapımı döyür,
müsahibə götürürlər. Bu yaşda keçmişi xatırlayıram,
uşaqlığımı, səhnəyə gəldiyim
günləri xatırlayıram, sənət
dostlarımı, rəqs sənətində əlimdən
tutub məni irəli aparan insanları yada salıram.
Səhnə dostlarımın bəziləri
rəhmətə gedib, bəziləri isə həyatdadır.
Bir qədər
vaxt tapıb ətrafa baxsan,
Hərdən sən məni də yadına salsan.
Xoş
sözlərinlə, xatirələrinlə
Gənclik
illərinə səni qaytarım...
- Şeir də yazırsınız?
- Bəli,
son illər məndə yazıya, şeirə
böyük maraq yaranıb. Şeirlər
yazıram, xatirələrimi qələmə
alıram. Yeri gəlmişkən, bir neçə il əvvəl tanınmış qələm
adamı Fəridə xanım Ləmanın tərtibçiliyi
ilə xatirələrimdən ibarət "Rəqs mələyi"
adlı kitabım çap olundu. Kitabdakı
bütün xatirələri özüm qələmə
almışam...
- Gəncliyə
qayıtmaq keçir hər bir sənət
adamının ürəyindən. Dəfələrlə
müsahibə zamanı böyük sənətkarlar
deyib ki, kaş yenidən cavan olaydım... Sizdə
necə, bu hisslər olurmu?
- Gəncliyimə
qayıtmaq istəsəm də, uşaqlıq, körpəlik
illərimə qətiyyən qayıtmaq istəməzdim...
- Yəqin
körpə vaxtı əzablı günləriniz
çox olub...
- Bəli.
İkinci Dünya Müharibəsi başlanan il anadan olmuşam. Qışın
oğlan çağında doğulmuşam. 1941-ci ilin yayında isə müharibə
başladı. Müharibə
başlayan kimi, başqaları kimi, mənim də atam
davaya getdi, anam dörd qız övladı ilə
damın altında qaldı. Bu mənim
ömrümün ilk səhifəsinə yazılan
acı günlər oldu. Yəni
doğuldum və sevinc içində yaşamaq əvəzinə
müharibə ağrısı, aclıq, möhnət
gördüm. Gözümü açıb
əzab gördüm.
Müharibə məndən həm atamı, həm
anamı, həm də bacılarımdan birini aldı. Atam
müharibədə həlak oldu, anam və bacım isə
kənddə, qıtlıq dövrü idi. Evimiz dağıldı, əlimizdə olanlar
yoxa çıxdı. Böyük
bacımız kənddə müharibədən qəhrəman
qayıdan əmimin himayəsində qaldı. Məni və məndən böyük
bacımı isə uşaq evinə verdilər.
- Əminiz sizi niyə himayə etmədi?
-
Bilirsiniz, çətin günlər idi, aclıq idi, onun
da özünün külfəti var idi. Uşaq evinə gəldim,
acılı günlər 6 yaşıma qədər
çəkdi... Təxminən 3-4
yaşım olanda məni Bakiya gətirib Mərdəkandakı
22 saylı uşaq evinə yerləşdirdilər. Bacımı isə indiki Qəbələ
rayonundakı uşaq evinə apardılar. Mərdəkanda bir bağda qalırdıq,
orada mənim kimi çoxlu uşaq vardı.
Mən bacımın harada olduğunu bilmirdim,
körpəydim, bu heç ağlıma da gəlmirdi. Mərdəkanda
məktəb yaşına qədər qaldım. Mən o müəllimləri unutmuram, biz onlara
ana müəllimlər deyirdik. Bizə
çox yaxşı baxırdılar. Onlar
mənə ana olub qayğı göstərib. Bizim üçün gözəl rəqs
meydanları, əyləncə yerləri var idi. Balaca uşaq olanda meydançada rəqs edirdim.
Bir dəfə meydançada oturmuşduq.
Bizim yanımıza çoxlu adam gəlirdi.
Gördük ki, bu adamların arasında
yaşlı bir qadın da var və o bizə
baxırdı. Həmin qadın bir
neçə uşağı, o cümlədən də məni
götürüb Nizami parkında yerləşən 11
saylı uşaq evinə köçürdü. Biz ona anacan deyirdik. Biz o
xanımın adını bilmirdik. Sonra
bildik ki, adı Bahar Ağalarovadır. O qadın o
qədər qayğıkeş, mehriban idi ki, onu ancaq
anacan çağırırdıq. O vəfat edəndə
qəzetdə nekroloq çıxmışdı, mən
onda bildim ki, onun adı Bahar Ağalarovadır. O qəzeti
saralıb solana qədər saxladım...
- 11
saylı uşaq evində vəziyyət necə idi?
-
Parkın müəyyən bir hissəsini kəsmişdilər,
içəridə bizim üçün çox gözəl
şərait yaradılmışdı. Burada həmçinin
rəssamlıq, tikiş sənəti,
üzgüçülük, piano, rəqs, gimnastika və
s. otaqlarımız vardı. Demək olar ki,
mən bunların hamısı ilə
maraqlanırdım. Çox aktiv
uşaq idim, həm rəqs etmək, həm də tar
çalmaq istəyirdim, habelə gimnastika ilə
maraqlanırdım. Düzünü
deyim ki, özümü sınayırdım.
Bu qədər maraqlandığım sahələr
içində ürəyimi tamamilə rəqs fəth
etdi. Qərara gəldim ki, rəqsi seçəcəyəm.
O vaxt müəllimlər uşaq evinə gəlib bizə
dərs keçirdilər. Rəqsdən, baletdən, bal rəqslərindən dərs
alırdıq. Onlardan Azərbaycanın ilk
balet rəqqasəsi Qəmər Almaszadəni, Leyla Vəkilovanı,
Tamella Məmmədovanı, Çimnaz Babayevanı
xatırlayıram.
- Uşaq
evində nə qədər qaldınız?
- Mən
7-ci sinfə qədər uşaq evində
böyüdüm, daha sonra isə 5 nömrəli sənət
məktəbinə yolladılar. Həmin sənət
məktəbində mətbəə işi öyrəndim.
Mən mətbəə işçisi kimi sənət
məktəbini bitirdim.
- Peşəkar
rəqsə yolunuz da burdan başladı?
- O vaxt Azərbaycan
Mahnı və Rəqs Ansamblından xalq artisti, görkəmli
rəqs ustadımız Böyükağa Məmmədov
rəqsə qız seçirdi.
Mən də onda gimnastikaya gedirdim. Rəqs adını
eşidəndə dedim ki, mən də istəyirəm. Yeməkxanada yemək yeyirdik. Müəlliməm
dedi ki, yox, sən həm şəkil çəkirsən,
həm gimnastikaya gedirsən, tar çalırsan, dərslərin
var, çatdıra bilməzsən. İnanın, elə bərkdən ağlamağa
başladım ki, o biri müəllimin mənə rəhmi
gəldi. Həmin müəllimə dedi ki, "ay Mələk
xanım, qoy getsin, bəlkə gələcəkdə
xalq artisti oldu". Məktəbdə həmçinin
rəqs dərnəyi də fəaliyyət göstərirdi.
Sənət Məktəbində oxuya-oxuya üç il Ehtiyat Əmək Qüvvələrinin
rəqs dərnəyinin üzvü oldum. Böyükağa
müəllim məni Sənət Məktəbindən
seçdi və Ehtiyat Əmək Qüvvələrinin
Mədəniyyət Evində rəqs edirdik.
Böyükağa müəllim məni özfəaliyyətə
seçən kimi mənə solo ifa verdi.
Oradan da rəqs kollektivimizi Moskvaya
festivallara göndərdilər. Televiziyaya
çəkdilər, o vaxt kiçik
ölçülü "Rekord" televizoru vardı.
Tezliklə tanındım. Bundan sonra
xalq artistləri Əlibaba Abdullayev və Əminə
Dilbazi məni
Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblına dəvət etdilər.
- Yəqin
ki, Filarmoniyada-Mahnı və Rəqs Ansamblının
solisti olmağınızda bu amil böyük rol
oynayıb?
- Mənim
ifam özfəaliyyətdə çox sevilirdi. Bu səbəbdən də Ehtiyat Əmək
Qüvvələri naziri mənim Filarmoniyaya getməyimə
icazə vermirdi. Demişdi ki, o burada fəaliyyətini
davam etdirsin, biz onu evlə təmin edəcəyik, iş
də verəcəyik. Heç cür
razılaşmırdım onunla, deyirdim ki,
Filarmoniyanı istəyirəm. Daha böyük
işlər görmək istəyirdim, öyrənmək,
öyrəndiklərimi tamaşaçılara təqdim
etmək arzum idi...
- Rəqs
sənətinin iki böyük sənətkarı-Azərbaycan
peşəkar milli rəqsinin atası Əlibaba
Abdullayev və təkrarsız Əminə Dilbazi sizi
ansambla dəvət etmişdi...
- Bəli.
1958-ci ildə respublika üzrə rəqs
kollektivləri arasında müsabiqələr
keçirilirdi. Xalq artistləri
Əminə Dilbazi və Əlibaba Abdullayev bizim rəqs
kollektivimizə baxmağa gəlmişdilər. Bizim çıxışımıza baxandan
sonra Əminə xanım məni xeyli təriflədi,
Azərbaycan Dövlət Rəqs Ansamblında işləməyə
dəvət etdi və fikrimi soruşdu. Fikirləşmək
nədir, az qala göylərdə
uçurdum...
1958-ci il iyunun 15-də Əminə Dilbazi məni
Filarmoniyanın direktoru, görkəmli incəsənət
xadimi Soltan Hacıbəyovun yanına apardı. Haqqımda bir qədər söhbət etdilər.
Soltan müəllim telefonu
götürüb Azərbaycan Mədəniyyət
Nazirliyinə zəng etdi, onlar isə öz növbəsində
Moskvaya zəng etdi ki, mənim işə
götürülməyimə razılıq versinlər.
Onu da deyim ki, Soltan müəllim məni
işə götürmüşdü.
Moskvadan da 5 saylı Sənət Məktəbinə
mənə teleqram gəldi ki, Aliyə Əliquliyeva
Mahnı və Rəqs Ansamblında işə
götürülsün. Birdən ağzımdan
qaçırdım ki, teleqram indi gəlib, amma mən
artıq üç aydır Filarmoniyada işləyirəm...
1958-ci ilin iyun ayından 1982-ci ilin yanvar ayınadək -
düz 25 il fasiləsiz olaraq Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblında solist
kimi çalışdım. Orada çox
güclü rəqqasələr vardı. Əminə xanım Dilbazi, Roza xanım Cəlilova,
Nailə xanım Mahmudova, Tutu xanım Həmidova və
başqaları Azərbaycan rəqs sənətinin
canlı əfsanələri idi. Onları
respublikada tanıyır və sevirdilər. Mən
də onların içində təzə idim...
- Aliyə
xanım, bəzən görürsən ki, sənət aləminə
gələn gənc istedadlar paxıllıqla,
qısqanclıqla üzləşir. Bu sənətkarlar
sizi necə qarşıladı?
- 16
yaşım vardı. Mən solo oynayırdım.
Mənim ifam, fəaliyyətimi ancaq
kütləvi səhnələrdə oynayan bəzi rəqqasələr
qısqanclıqla qarşılayırdı. Böyük sənətkarlar isə məni
öz balası kimi ağuşuna çəkmişdi.
Bilirdilər ki, mənim istedadım var, səhnəyə
böyük fayda verə bilərəm. Mən o sənətkarların həmişə
hörmətini saxlayırdım. Mən burada
özümü çox xoşbəxt hiss edirdim. İnanın ki, o günlərə qayıtmaq
istəyirəm. O illər ayrı bir illər idi, həqiqətən
də xoşbəxt idim onda.
- Aliyə
xanım, siz dəfələrlə mənimlə
söhbətinizdə demisiniz ki, dünyanın dörd
bir yanında qastrol səfərində olmusunuz. Hətta qlobusu qarşımıza qoyub
hansı ölkələrdə olduğunuzu bir-bir
göstərmisiniz. Hər səfərdən
xatirələrlə, çoxlu şəkillər,
tamaşaçı alqışları,
gül-çiçəklə geri
qayıtmısınız. İlk
qastrolunuz yadınızdadırmı?
- O
günlər heç vaxt unudulmaz. İnanın
ki, Azərbaycan milli rəqsi bütün dünyanı fəth
etmişdi. Azərbaycan rəqsinin
ecazkarlığı xarici ölkələrdə
böyük rəğbətlə
qarşılanırdı.
Filarmoniyaya yeni gəlmişdim. İlk qastrol
səfərim Çin Xalq Respublikasına oldu. Çox uğurlu qastrol oldu. Sonra
Misir, Danimarka, Almaniya, Macarıstan, İtaliya,
İspaniyaya, keçmiş SSRİ respublikalarına
qədər çox yerlərdə qastrol səfərlərində
oldum. Azərbaycan rəqsini ləyaqətlə
təmsil etdim. Mən rəqsi sevirəm
və bu mənim əbədi məhəbbətimdir.
- O vaxt səhnədə
hansı rəqslər ifa edilirdi?
- Rəqslər
Əminə Dilbazi və Əlibaba Abdullayev tərəfindən
qurulmuşdu. Hədsiz dərəcədə
gözəl milli rəqslər idi. "Neftçilər
süitası", "Vətən süitası",
"Tirmə şal", "Turacı", "Nəlbəki",
"Nazlana-nazlana", "Hind rəqsi",
"Üç gül", "Naz eləmə",
"Vağzalı-Mirzeyi" və neçə-neçə
gözəl rəqslər. Səfər
üçün təzə milli kostyumlar da tikilmişdi.
Milli kostyumların eskizini
hamımızın sevimlisi, milli geyimlər üzrə
rəssam Reyhan Topçubaşova çəkirdi. Kostyumlarda həm rəqsin mənası, həm də
milli xarakter saxlanırdı.
-
Ömrün 75-i özünü yetirib... Bu
yaşınızda nə istəyərdiniz?
- Mən
ömrümün çox böyük hissəsini milli rəqslərimizin
təbliğinə həsr etmişəm. Bildiyiniz kimi,
25 il Mahnı və Rəqs Ansamblında
solist olmuşam. Bizim ixtiyarımız vardı ki, 20 il tamam olandan sonra təqaüdə
çıxaq. Amma mən
çıxmadım. 5 il də
artıq işlədim. 34 il bundan əvvəl,
1982-ci ildə əməkdar artist fəxri adı
almışam. Yaşlı sənət
adamlarına dayaq lazımdır. Bu
dayağı isə ancaq dövlətimiz verə bilər.
Ölkə başçımız İlham
Əliyev, Heydər Əliyev Fondunun rəhbəri, milli
mədəniyyətimizin himayəçisi Mehriban
xanım Əliyeva sənətə çox böyük
qayğı göstərir, yaşlı sənətkarları
unutmurlar.
Bilirsiniz ki, mənim təqaüdüm çox azdır. Mənə oğlum baxır, tez-tez xəstələnirəm, həkimə müraciət etməli oluram. Dərmanlar çox bahadır. Oğlum olmasa, lap çətinə düşərəm. Onsuz da oğlumun ailəsi böyükdür, ona yük olmaq istəmirəm. Çox arzu edərdim ki, məni də yada salsınlar. 50 ildən artıq rəqs sənətinə xidmət etmişəm, bu gün də işləyirəm. Çox arzu edərdim ki, mənə Prezident təqaüdü verilsin. Çox zəhmət çəkmişəm. Bəlkə də rəqs sənəti tarixində yeganə qadın sənətkaram ki, uşaq evindən gəlmişəm bu sənətə.
Filarmoniyadan ayrılandan sonra da əlimi rəqsdən
soyutmadım. Bakı Dövlət Universitetinin "Sevinc" rəqs
ansamblına,
"Şəhriyar" adına mədəniyyət
mərkəzində "Zəriflik" rəqs qrupuna və
Tofiq İsmayılov adına Uşaq Gənclər
Yaradıcılıq Mərkəzində
"Çiçəklər" uşaq rəqs qrupuna rəhbərlik
etdim. Hər üç qrupla eyni dövrdə
məşğul oldum. Çox
istedadlı uşaq və gənclər yetişdirdim.
Peşəkar
rəqqasələr çoxdur, amma onların
arasında müəllimliyi, baletmestrliyi bacaran
çox az sənətkar var. Zəmanəmizin
böyük sənətkarı Roza xanım Cəlilova
bu yaşda da rəqs qurur. Roza xanımın
nəvələri gözəl rəqs edir, rəqslərini
Roza xanım qurur. O, Mahnı və Rəqs
Ansamblının bədii rəhbəri olanda da bir
sıra milli rəqslərimizə quruluş verib.
- Bu
gün təqaüddəsiniz, əsas vaxtınız evdə
keçir. Tələbələr öyrədirsinizmi?
- Uzun illər
gərgin işləmişəm. 70
yaşdan sonra qərara aldım ki, daha istirahət etməyin
vaxtıdır. Mənə rəqslə
müraciət edənlər çox olur, amma mən
heç kəsi götürmürəm. Üç il bundan əvvəl anası bir qızı
yanıma gətirib xahiş etdi ki, uşağın rəqsə
marağı var, onu öyrədin. Düzü, etiraz
etdim, dedim ki, daha yorulmuşam, lakin qızın
marağını görüb onu öyrətmək qərarına
gəldim. Qızın adı Rəna
Qafarlıdır. Siz onun ifasını
görmüsünüz.
- Bəli,
çox istedadlıdır. Mən Rənanın,
Lenayın və Aslananın timsalında gələcəyin
çox gözəl milli rəqs
ifaçılarını görürəm...
- Rənanı
götürəndə şərt qoydum ki, mənim
yanımda məşğul ola-ola mütləq Bakı
Xoreqrafiya Məktəbinə daxil olmalısan. O indi həmin
məktəbin 3-cü kurs tələbəsidir. İstedadlıdır, milli rəqslərimizi
çox böyük incəliklə oynayır.
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.- 30 avqust.- S.13