Muğam sənəti azərbaycançılıq ideologiyası ilə vəhdətdə...
II yazı
Azərbaycançılığın bizə verdiyi töhfə, bizim azərbaycançılığa göstərdiyimiz xidmət zamanla özünün yüksək həddinə çatacaq. Azərbaycançılıq ideologiyası deyəndə bu ancaq bir-iki tezislə, baxış bucağı ilə məhdudlaşmır. Bu böyük coğrafiyanı əhatə edən humanist bir ideologiyadır.
Bəllidir ki, milli muğamlarımız tarixən azərbaycançılığın əsas xətlərindən birini təşkil edib. Muğam ifaçılığı mədəniyyəti xüsusi bir dəst-xətt olub ki, bu özündə milli xüsusiyyətləri qoruyub. Azərbaycanda muğam məktəblərinin hər biri özünəxas şəkildə azərbaycançılığa xidmət edib. Muğam ifaçıları xalqımızın minillərlə yaşı olan musiqisini yaşadıb.
Tədqiqatçılar yazır ki, muğam ifaçılığının yayılmasında və onun professional şəkil almasında XIX yüzilin 20-ci illərindən XX yüzilin əvvəllərinə qədər Azərbaycan şəhərlərində yaranmış ədəbi və musiqi məclisləri böyük rol oynayıb. Bilirik ki, bu muğam mərkəzlərindən biri və ən məşhuru Şuşada fəaliyyət göstərən "Məclisi-Fəramuşan", "Məclisi-Üns", Musiqiçilər Cəmiyyəti, Şamaxıdakı "Beytüs-səfa" və Mahmud ağanın musiqi məclisi, Bakıda "Məcmə-üş-şüəra", Gəncədə "Divani-hikmət", Ordubadda "Əncümən-üş-şüəra", Lənkəranda "Fövcül-füsəha" idi. Tədqiqatçılar yazır ki, bu məclislərdə şairlər, ədiblər, musiqiçilər, sadəcə ziyalı şəxslər, klassik poeziyanın və musiqinin sərrafları və biliciləri toplaşır, muğamları diqqətlə dinləyir, musiqinin və şeirin incə ifası ətrafında müzakirələr aparırdılar. Muğamşünaslar yazır ki, məclis XIX yüzildə muğamların dinləyicilər qarşısında ifasının başlıca formalarından biri idi və bu ənənənin sönüb getməsi XX yüzilin əvvəllərində musiqi ifaçılığının konsert formasının üzə çıxması ilə, Azərbaycanda musiqi həyatının demokratikləşmə prosesi ilə bağlı olub. Muğamşünaslar bildirir ki, məclislər muğamın diqqətlə dinlənilməsinin xüsusi mədəniyyətini, eləcə də muğamın ifasına yüksək bədii tələblər irəli sürən zövqlü, başadüşən dinləyici mühitini ("ariflər məclisi") formalaşdırmışdı. Məclislər özlüyündə XIX yüzil-XX yüzilin əvvəlində Azərbaycan musiqiçilərinin professional baxımdan kamilləşməsində güclü stimul rolunu oynayıb.
Tədqiqatçılar yazır ki, məscidlər yanında rövzəxanlar məktəbi də (ayinlərdə musiqi repertuarının ifaçıları) müəyyən təhsil səviyyəsinə malik idi. Məlumatlara görə, burada yaxşı səsi olan oğlanlara muğamları savadlı tərzdə ifa etmək və klassik şeirləri düzgün tələffüz etməyi öyrədirdilər. XX yüzilin 20-ci illərinədək bu məktəblər muğam ifaçılarının professional baxımdan kamilləşməsinə yönəlik yeganə tədris ocağı idi.
Yazılanlara görə, XX
yüzilin 20-ci illərindən başlayaraq - sovet
dövründə Azərbaycanda musiqi təhsili, o
cümlədən muğamın tədrisi 3 mərhələli
sistem üzərinə köçürüldü: məktəb-texnikum-konservatoriya.
Beləliklə,
muğam sənətinin tədrisi prosesi indi formal
olaraq 14-15 il vaxt aparır.
İfaçılar özləri hesab edir ki, professional
yetkinliyə 5-10 il praktik
çıxışlardan tez olmayaraq çatmaq olar. Beləliklə,
muğam ifaçısının ustad, yəni öz
peşəsində əsl professional olmasından
ötrü 20-25 il vaxt tələb
olunur. Tələbin bu səviyyəsi
özlüyündə muğamı şifahi ənənəli
professional sənət səviyyəsinə
qaldırır.
Tədqiqatçılar yazır ki,
muğamları ifa sənəti musiqiçidən
müstəsna musiqi yaddaşı və duyumu, eləcə
də improvizasiya məharəti, yəni bəstəkarlıq
istedadı tələb edir. Peşəkar
musiqiçi bütün mövcud muğam
repertuarını bilməli, məşqlərsiz camaat
qarşısında çıxış etməyi
bacarmaqla istənilən muğamı ifa etməlidir.
Xanəndə klassik poeziyanı və əruzun vəznlərini
yaxşı bilməli, 2 oktavadan az
olmayan səs diapazonuna malik olmalıdır. İnstrumental ifaçı (sazəndə)
bir-birindən fərqlənən solo və akkompanent
versiyalarda muğamı ifa etməyi
bacarmalıdır. Muğam
ifaçısı bu tələblərə cavab verəndə
ustad sayılır.
Həm keçmişdə, həm də indi muğam
sənətinin tədrisi prosesi bilavasitə müəllimdən
şagirdə ötürülməyin məlum
formasında baş verir. Müəllim
melodiyalardan parçaları ifa edir, tələbə
onu tam yadında saxlayanadək təkrarlayır, bundan
sonra növbə melodiyanın sonrakı fraqmentinə
çatır və tələbə bütün
melodiyanı bütövlükdə yadda saxlayanadək
beləcə davam edir. Çox zaman tələbələr
evdə onların əzbərlədikləri
muğamlar yazılmış kompakt-disklərdən
istifadə edir, eləcə də öyrəndikləri
melodiyanı və müəllimin tövsiyələrini
yazmaq üçün özləri ilə dərsə
diktofon gətirirlər.
Tədqiqatçılar məlumat verir ki, muğam
ifaçılığı mədəniyyəti parlaq
musiqiçilərin - bütün Qafqazda və
İranda məşhur olan xanəndələrin və
sazəndələrin bir çox nəsillərinin
yaradıcılıq nailiyyətlərindən
formalaşıb. Keçmişin çox böyük sayda xanəndələrindən
yalnız Mirzə Səttar, Hacı Hüsü, Məşədi
İsi, Əbülhəsən xan Azər İqbal, Mirzə
Muxtar Məmmədzadə, Cabbar Qaryağdı oğlu,
Ələsgər Abdullayev, Əbdülbaqi Zülalov,
Ağasəid Ağabalaoğlu, Mirtağı
Mirbabayev, Məcid Behbudov, Keçəçi oğlu Məhəmməd,
İslam Abdullayev, Məşədi Məmməd Fərzəliyev,
Hüseynqulu Sarabski, Seyid və Xan Şuşinskilər,
Bülbül, Zülfü Adıgözəlov kimi daha
parlaq adları qeyd edə bilərik. Keçmişin
daha parlaq sazəndələri sırasında tarzənlər
Mirzə Sadıq Əsəd oğlu, Mirzə Fərəc
Rzayev, Məşədi Cəmil Əmirov, Şirin
Axundov, Məşədi Zeynal Haqverdiyev, Mirzə Mansur
Mansurov, Qurban Pirimov, Bakıxanov qardaşları,
Paşa Əliyev, Firuz Əlizadə,
kamançaçılar İsmayıl Talışinski,
Qılman Salahov, qarmonda ifaçı Abutalıb
Yusifov, Kəmrabəyim, Əhəd Əliyev, Kərbəlayi
Lətif, Teyyub Dəmirov, zurnaçı Əli Kərimov
daha çox şöhrət qazanıb.
Tədqiqatçılar
yazır ki, sovet dövründə muğam sənətini
xanəndələr Əbülfət Əliyev, Qulu
Əsgərov, Nəriman Əliyev, Həqiqət
Rzayeva, Yavər Kələntərli, Zəhra Rəhimova,
Cahan Talışinskaya, Fatma Mehrəliyeva, Rübabə
Muradova, Şövkət Ələkbərova, Töhfə
Əliyeva, Hacıbaba Hüseynov, Yaqub Məmmədov,
tarzənlər Əhsən Dadaşov, Bəhram Mansurov,
Baba Salahov, Kamil Əhmədov, Hacı Məmmədov, Həbib
Bayramov, Məmmədağa Muradov, Əmirulla Məmmədbəyli,
Xosrov Məlikov, Adil Gəray, Ənvər Mansurov,
kamançaçılar Qılman Salahov, Tələt
Bakıxanov, Elman Bədəlov, Ədalət Vəzirov,
qarmonçular Lətif Əliyev, Abutalıb Yusifov,
Əhəd Fərzəli oğlu, Məşədi
Əli, Teyyub Dəmirov, xalq musiqi ifaçıları
Nadir Axundov, Ağasəf Seyidov, Firuzə Zeynalova
qoruyub saxlamış və inkişaf etdirmişlər.
Tədqiqatçılar
vurğulayır ki, xanəndələr İslam Rzayev,
Arif Babayev, Əlibaba Məmmədov, Canəli Əkbərov,
Ağaxan Abdullayev, Alim Qasımov, Mənsum
İbrahimov, Səkinə İsmayılova, Qəndab
Quliyeva, Mələkxanım Əyyubova, Zabit Nəbizadə,
Zahid Quliyev, tarzənlər Ağasəlim Abdullayev,
Vamiq Məmmədəliyev, Möhlət Müslümov,
Firuz Əliyev, Sərvər İbrahimov,
kamançaçılar Habil Əliyev, Mirnazim Əsədullayev,
Şəfiqə Eyvazova, Fəxrəddin Dadaşov kimi
ifaçılar və pedaqoqlar da Azərbaycan muğam
ifaçılığı mədəniyyətinə
böyük töhfələr vermişlər.
Məlumatlara görə, Azərbaycan
musiqiçiləri müsəlman Şərqində
ilk dəfə olaraq Avropaya qastrollara çıxmaqla və
qrammofon valları yazdırmaqla muğam
üçün qeyri-ənənəvi dinləyici
auditoriyasına müraciət etməyə
başlamışlar. İlk dəfə 1906-cı ildə
"Qrammofon" ingilis Səhmdar Cəmiyyəti məşhur
xanəndə Cabbar Qaryağdıoğlu və digər
Azərbaycan musiqiçilərinin ifasında Azərbaycan
musiqisini qrammofon vallarına yazıb. 1906-cı
ildən 1914-cü ilə qədər olan dövrdə
Avropanın bir neçə qrammofon səsyazma
firması, o cümlədən Fransanın "Pate
qardaşları" şirkəti, "Sport-Rekord"
alman Səhmdar Cəmiyyəti, "Ekstrafon",
"Konsert-Rekord", "Monarx-Rekord",
"Qrammofon-Rekord", "Premyer-Rekord" Rusiya
şirkətləri Azərbaycan muğamları, təsnifləri
və rəngləri yazılmış onlarca val
buraxmışlar.
Bildirilənə görə, Azərbaycanda sovet
rejimi qurulduqdan sonra, xüsusən də keçən əsrin
30-cu illərindən başlayaraq, musiqi mədəniyyəti
tamamilə dövlətin nəzarəti altına
keçir. Sovet dövlətinin yürütdüyü
"dəmir pərdə" siyasəti uzun müddət
Azərbaycan musiqisi üçün beynəlxalq musiqi
məkanına çıxışı
bağlamışdı. XX yüzilin əvvəllərində,
Şərq incəsənəti Qərb
auditoriyasında maraq doğurduğu vaxtlarda Azərbaycan
musiqiçiləri məlum siyasi vəziyyətə
görə ona sərbəst çıxışa malik
olmadıqları kimi, sovet Şərqinin ənənəvi
musiqiçiləri də belə bir
çıxışa malik deyildi. Müvafiq
olaraq Qərbin bədii məkanında müsəlman
Orta Şərqinin musiqi mədəniyyətlərindən
daha çox yeri ərəb, İran və türk ənənəvi
musiqisi tutub. Xarici mədəni məkanda
Azərbaycan muğamının mövqeyinin itirilməsi
ilə yanaşı, Azərbaycanın özünün
daxilində də keçən yüzilin 20-30-cu illərinin
məlum şüarlarında ifadə olunmuş nihilist
tendensiya ("doloy tar!", "doloy muğam") tədricən
muğam sənətinin ictimai statusunu laxlatdı.
Məlumatlara görə, XX yüzilin 30-cu illərindən
başlayaraq, 70-ci illərədək olan dövrdə Azərbaycan
cəmiyyətində muğamata primitiv sənət
kimi baxış tədricən möhkəmlənməyə
başladısa da, hər halda, cəmiyyətdə, onun
müəyyən bir hissəsində muğamatın
populyarlığını azaltmadı. Muğam sənətinə
münasibət yalnız XX yüzilin 70-ci illərində,
UNESCO-nun himayəsi altında ənənəvi
musiqinin ilk beynəlxalq simpoziumları və
festivallarının (Moskva 1971, Alma-Ata 1973, Səmərqənd
1978, 1983) keçirilməsindən və bu hadisələrin
sovet cəmiyyətində geniş əks-səda
doğurmasından sonra dəyişməyə
başlayır. Bu tədbirlər ənənəvi
musiqi sənətinə marağın oyanmasına və
ona yüksək dərəcəli professional sənət
olaraq baxışların formalaşmasına rəvac verdi.
Bildirilənə görə, XX yüzilin 90-cı
illərindən başlayaraq Azərbaycan muğam sənəti
dünyanın hər yerində dinləyicilərin,
mütəxəssislərin və menecerlərin diqqətini
get-gedə daha geniş şəkildə özünə
cəlb etməyə başlayır. Azərbaycanın
ənənəvi musiqiçiləri beynəlxalq
festivallarda iştirak edir, dünyanın hər yerinə
qastrollara çıxır, onların diskləri Qərbin
ən iri səsyazma studiyalarında buraxılır.
Tədqiqatçılar vurğulayır ki,
muğam sənəti XX yüzil Azərbaycan bəstəkarlarının
yaradıcılığına ilham verən qaynaq
olmuş və olaraq qalır. 1908-ci ildən-Bakıda
Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun
Azərbaycanda professional musiqi teatrının
başlanğıcı olan ilk operasının səhnəyə
qoyulduğu tarixdən muğamlar bir çox Azərbaycan
musiqi əsərinə və yeni janrlara həyat verib.
Sonuncular sırasında muğam operası
(Üzeyir və Ceyhun Hacıbəyov qardaşları və
b.), simfonik və xor muğamları (Fikrət Əmirov,
Niyazi, Süleyman Ələsgərov, Nazim Əliverdibəyov),
sonata-muğam (Aqşin Əlizadə, Nəriman Məmmədov),
caz-muğam (Vaqif Mustafazadə, Rafiq Babayev, Əzizə
Mustafazadə) göstərilə bilər. Azərbaycan bəstəkarlarının
ayrı-ayrı əsərlərinin bu gün də
böyüməkdə olan çox uzun bir siyahısı
muğam ənənələrinə əsaslanır.
Bu gün Azərbaycanda muğam sənəti
inkişaf edir. Respublikamızda muğama göstərilən
böyük dövlət qayğısı öz nəticəsini
verir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ustad
və gənc xanəndələrə bəslədiyi
sayğı təqdirəlayiqdir. Ölkə
başçısının sərəncamları ilə
sənətkarlara Prezident təqaüdü verilib,
onlar fəxri adlara layiq görülüb. Bu gün muğamlarımız Heydər
Əliyev Fondu tərəfindən himayə edilir. Bilirik ki, Heydər Əliyev Fondu muğam
ifaçıları ilə bağlı bir sıra
işlər görüb və o işlərin hər biri
muğam sənətinin inkişafına, tərəqqisinə
böyük təkan verir.
Azərbaycançılığın təbliğində
mühüm xidmətləri olan muğam sənəti və
xanəndələr, qəzəlxanlar Vətəni,
torpağı, el-obanı tərənnüm edib. Muğam
ifaçıları dünyanın hansı nöqtəsinə
getsələr orada Azərbaycanı, azərbaycançılığı
tərənnüm edib, xaricdə yaşayan azərbaycanlıları
Azərbaycan dövlətinə sadiq olmağa səsləyiblər.
İradə
SARIYIVA
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.- 31 avqust.- S.15