Qədim Göytəpə abidəsində
azərbaycançılıq izləri...
Tariximizi dərindən öyrənməliyik ki, keçmişimizlə bu günümüz arasındakı əlaqəni daha yaxşı qoruya bilək. Azərbaycan tarixinin, mədəniyyətinin, arxeologiyasının elə qatları var ki, biz onlar haqqında son illər məlumat almışıq.
Dövlət xətti ilə qədim abidələrin aşkar edilərək bərpa edilməsi, mühafizə olunması artıq bir ənənə halını alıb. Azərbaycançılığın izlərini yaşadan bu abidələr xalqımızın inkişaf tarixində misilsiz rol oynayıb. Tarixdə izi qalan abidələrdən biri də Göytəpə abidəsidir. Gəncə-Qazax bölgəsində ən iri arxeoloji abidələrdən biri olan Göytəpə qədim yaşayış yeri (neolit kəndi) Kür çayının sağ sahilinin orta axarında, Tovuz şəhərindən 10 km şərq tərəfdə yerləşir.
Tədqiqatçıların verdiyi məlumata görə, neolit dövrünə aid olan Göytəpə qədim yaşayış yeri digər neolit dövrünə aid təpələrin (Hacıəlləhmanlı, Hüseynqulu, Qarğalartəpə, Töyrətəpə) əhatəsində olub, bu günümüzədək ən yaxşı vəziyyətdə qalmış abidələrdən biridir. Məlumatlara görə, Göytəpə Kiçik Qafqaz sıra dağlarının şərq hissəsinin arealına daxildir. Qeyd edilənə görə, abidə magistral yoldan 340 metr aralıda olub 2 hektara yaxın ərazini əhatə edir. Məlumatlara görə, onun diametri 145 metr, hündürlüyü isə 9 metrdir. Araşdırmalara əsasən, əldə olunan nəticələr Göytəpə qədim yaşayış yerinin, Azərbaycanda və ümumən Cənubi Qafqazda e.ə. VI minilliyə aid son neolit dövrünün inkişaf etmiş mərhələsini əks etdirən erkən kəndlərdən olduğunu təsdiq edir.
Tədqiqatçıların yazdığına görə, 2008-ci ildə tanınmış Azərbaycan arxeoloqu, professor, AMEA-nın müxbir üzvü İdeal Nərimanovun yetirməsi olan tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbərliyi ilə Göytəpə qədim yaşayış yerində əsaslı arxeoloji qazıntılara başlanıb. 2009-cu ildə tədqiqatçı Fərhad Quliyev Yaponiyanın Tokio Universitetinin professoru, Orta Şərqin neolit dövrü üzrə mütəxəssis Yoşihihiro Nişiyaki ilə Göytəpə qədim yaşayış yerində və ətrafında olan (Tovuz rayonunda yerləşən) digər arxeoloji abidələrdə müştərək araşdırmalar aparılması ilə bağlı ilkin razılığa gəldikdən sonra tərəflər arasında (Arxeologiya və Etnoqrafiya İnstitutu və Tokio Universiteti) əməkdaşlıq memorandumu imzalanıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən qrantların verilməsi üzrə 2011-ci ilin 1-ci müsabiqəsinin (EİF-2011-1(3)) qalibi olan "İlkin sivilizasiyaları əks etdirən arxeoloji komplekslər (Göytəpə neolit dövrü abidəsi-açıq səma altında arxeopark)" adlı layihə onun müəllifləri tərəfindən (Fərhad Quliyev, həmmüəllif Yoşhihiro Nişiyaki) məsələlərə yeni aspektdə yanaşmaya şərait yaratmış oldu. Yazılanlara görə, abidənin məxsusi özəlliklərini əsas götürərək, qədim yaşayış yerinin yerli və xarici mütəxəssislərin iştirakı ilə bir sıra istiqamətlərdə (arxeometrik elmlər) - paleobotanika, paleozoologiya, geomorfologiya, traselogiya, paleo-mühit və digər elmlərin qovşağında öyrənilməsi və həm də arxeoloji kompleksin əlverişli yerləşmə şəraitindən çıxış edərək arxeoloji abidənin ətrafında açıq səma altında arxeoparkın yaradılması nəzərdə tutulurdu.
Qeyd edək ki, 2012-ci ilin aprel ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şimal-qərb bölgəsinə etdiyi növbəti səfəri zamanı Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü abidəsinin ilkin nəticələri ilə tanış olub və abidənin əsaslı öyrənilməsi istiqamətində görülən işlərin yeni dövrün reallıqları prizmasından təşkil olunması məqsədilə AMEA yanında Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı 18 aprel tarixli Sərəncam imzalayıb. Respublika Prezidentinin Sərəncamına əsasən, tədqiqat obyektinin müəllifləri tərəfindən üç istiqamətdə arxeoloji parkın yaradılması ilə bağlı işlərin görülməsi gündəmə gətirilirdi. Birinci olaraq abidənin ətrafında eksperimental arxeologiyanın tətbiqi vasitəsilə araşdırmalar zamanı aşkar olunmuş tikili qalıqlarının memarlıq üslubuna uyğun şəkildə neolit dövrünün kəndinin rekonstruksiyası, qazıntı sahələrində qoruyucu örtüyün qurulması və abidədən aşkar olunmuş maddi mədəniyyət nümunələrindən ibarət sərgi zalının hazırlanması nəzərdə tutulurdu.
Tədqiqatçılar qeyd edir ki, bəşər tarixində neolit dövrü sıçrayış və sivilizasiyanın başlanğıc nöqtəsi olub. Yazılanlara görə, qədim istehsal sahələrinin yaranması, qida ehtiyatlarının çoxalması, əhali artımı, tikinti mədəniyyətinin formalaşması, biliklərin yaranması özəyi, dini inancların təbiət fəlsəfəsinə söykənməsi və yeni simvolik sistemlərin formalaşması bu dövrün mühüm xüsusiyyətlərindən olub. Tədqiqatçıların yazdığına görə, bir sıra vacib amillər - əlverişli ekoloji durum, Orta Şərqin qədim mədəniyyətləri ilə əlaqələr və sairə Azərbaycanda, ümumən Cənubi Qafqazda qədim istehsal təsərrüfatı sahələri olan əkinçilik və maldarlığın formalaşmasına şərait yaradıb.
Tədqiqatçıların yazdığına görə, nəticədə bölgədə Orta Şərqin neolit dövrü abidələri ilə sinxron olan oturaq həyat tərzli yerli erkən əkinçi-maldar tayfalara məxsus yaşayış məskənləri (neolit kəndləri) meydana gəlib. İlk dəfə Azərbaycan arxeoloqları tərəfindən keçən əsrin 70-ci illərində elmi ictimaiyyətə təqdim olunan bu arxeoloji abidələr kompleksi hazırda dünya arxeologiyasında Şomutəpə və yaxud Şomutəpə-Şulaveri mədəniyyəti adı ilə tanınır. Kür çayının orta axarı boyunca yayılmış son neolit dövrünün erkən əkinçi-maldar tayfalarına aid olan Şomutəpə mədəniyyəti Azərbaycanda bizim eradan əvvəl, VI minilliyə aid olan erkən əkinçilik və maldarlıq təsərrüfatı, ilkin keramikanın istifadəsi kimi neolit dövrünün bütün əsas atributlarını özündə cəmləşdirir. Bununla belə, Şomutəpə mədəniyyətinin mənşəyi və erkən yerli mədəniyyətlərlə əlaqəsi naməlum olaraq qalır. Hətta bu mədəniyyətin bir sıra xüsusiyyətləri və xronologiyası ilə bağlı məsələlər tam həllini tapmayıb. Nəzərə almaq lazımdır ki, Azərbaycanda inkşaf etmiş neolit sakinlərinə aid olan bu mədəniyyət radiokarbon analizləri, bitki və heyvan qalıqlarının bərpası, stratiqrafiyası kimi geniş və müasir qazıntı texnologiyalarından əvvəl, 1964-cü ildə müəyyən edilib. Göytəpə qədim yaşayış yerində Azərbaycan və Yaponiya tədqiqatçılarından təşkil olunmuş yaradıcı kollektiv altı il ərzində 1000 kvadratmetrdən artıq sahədə araşdırmalar aparıb. Qazıntılar zamanı məlum olub ki, qədim yaşayış yerinin mədəni təbəqəsi 10 metrdir. Abidənin stratiqrafik cəhətdən əsaslı araşdırılması yaşayış yerinin 13 memarlıq horizontunu üzə çıxarıb. Yəni qədim yaşayış yeri mövcud olduğu dövrdə Göytəpə sakinləri tərəfindən 13 dəfə tikinti prosesinə məruz qalıb. Araşdırmalar zamanı qədim yaşayış yerindən aşkar olunmuş arxeoloji materiallar təyinatına uyğun şəkildə analiz və təhlillərə cəlb edilib. Qədim yaşayış yerinin dəqiq yaş dövrünün təyin edilməsi məqsədilə qazıntı sahələrindən neolit sakinlərinin özləri tərəfindən vaxtilə istifadə olunmuş çoxlu sayda kömür parçaları və osteoloji qalıqlar götürülüb və Tokio Universitetində laborator analizlərə göndərilib. Nəticədə radiokarbon analizlər Göytəpə qədim yaşayış yerinin e.ə. VI minilliyin əvvəlindən ortalarına qədər dövrləşdiyini göstərir.
Arxeoloji parkın layihə konsepsiyası haqqında verilən məlumata görə, Göytəpə qədim yaşayış yerində aparılan qazıntılar zamanı çiy kərpicdən qalın tikilmiş komplekslər (geniş və kiçik dairəvi tikililər), bir-birinə bağlı olan yaşayış evləri, çıxıntılı divarlar, ocaq yerləri və sobalar kimi digər tikililər aşkar edilib. Dairəvi planlı memarlıq üslubunda tikilmiş kiçik dairəvi binalar iri ölçülü binalarla enli divarlar vasitəsilə birləşirdi. Nəticədə binaların daxili həyəti əmələ gəlirdi. Kiçik məhəllələr şəklində formalaşmış binalar dövrün sosial-iqtisadi inkişafından irəli gələn yeniliklərdən idi. Abidənin bina tikililərinin yaxşı vəziyyətdə qalması onların funksional mahiyyəti haqqında yeni elmi məsələləri ön plana çəkməklə yanaşı, həmçinin bina tikililərin mümkün rekonstruksiyasını həyata keçirməyi mümkün edib.
Bundan əlavə, bina tikililərin özündə və həyətində yəni məhəllələrin ərazisində istehsal ocağını əks etdirən arxeoloji artefaktlara rast gəlinməsi Göytəpə sakinlərinin təsərrüfat həyatında istehsalla məşğuliyyətinin yüksək səviyyədə olduğunu göstərir.
Tədqiqatçılar yazır ki, Göytəpə qədim yaşayış yerinin əsas xüsusiyyəti burada qazıntılar zamanı aşkar olunmuş arxeoloji materialların səksən faizinin yaxşı vəziyyətdə olması ilə izah olunur. Göytəpə sakinlərinin təsərrüfat həyatında sümük işləmənin xüsusi yer tutması diqqətəlayiq hadisə idi.
Tədqiqatçıların yazdığına görə, sümükdən düzəldilən nümunələr əsasən bizlər, iynələr, qaşovlar, əkin üçün əl oraqları, kürəklər, maral buynuzundan toxalar, çoxlu sayda balta və çəkiclərdən ibarətdir. Bir çox nümunələrin üzərində çərtmə zolaqlar, dekorlar və fiqurlu təsvirlər var. Qədim yaşayış yerindən aşkar olunmuş müxtəlif tipli sümükdən olan alətlərin bir qismi əkinçilikdə istifadə üçün nəzərdə tutulub. Bundan başqa, sümük alətləri arasında dəri istehsalını şərtləndirən bir sıra məmulatlara da rast gəlinib. Heyvanın dərisinin soyulması və emalı ilk növbədə geyim ehtiyatı ilə bağlı olub. Göytəpəlilər yüksək səviyyəli əkinçilik mədəniyyətinə yiyələnməklə, həmçinin maldarlığın intensiv inkişafına da nail ola bilmişlər. Qazıntılar zamanı üzüm dənələri, arpa və buğdanın müxtəlif növlərinin aşkar olunması, mənşə etibarilə, yerli köklərə əsaslanan əkinçilik mədəniyyətini və qoyun, keçi, inək və donuz kimi əhlilləşdirilmiş ev heyvanlarına aid çoxlu sayda osteoloji qalıqların tapılması isə maldarlığın inkişafını göstərir. Maraqlıdır ki, qədim yaşayış yerinin əsas tikinti materialı olan çiy kərpiclərin tərkibi əsasən saman qatışıqlıdır. Bəzi kərpic nümunələrdə bitki izləri aydın olaraq görünür.
Arxeologiya tariximizdə xüsusi yeri olan bu abidə böyük əhəmiyyətə malikdir və azərbaycançılığın izlərini özündə yaşadır. Azərbaycançılığın əsas xətlərindən birini təşkil edən abidələr dövlətimizin himayəsi ilə qorunur.
İradə SARIYEVA
Bakı xəbər.- 2016.- 6 dekabr.- S.15