Qədim tarixi
abidələrimizin sığortalanması gündəmdə...
Azərbaycan hökumətinə daha qədim dövlət tarixi-memarlıq abidələrinin sığortalanması təklif edilir. Bu barədə "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyinə istinadən xəbər verilir. Palata bununla büdcə vəsaitlərinin səmərəli xərclənəcəyi qənaətindədir.
Dövlət əmlakının sığortalanması ilə bağlı təklifində Palata "dövlət əmlakının sığortalanması ilə bağlı ayrılmış vəsaitin səmərəli istifadəsini təmin etmək məqsədilə daha qədim, uzunömürlü, tarixi-memarlıq baxımından əhəmiyyətli olan, həmçinin, daha çox risqə məruzqalma ehtimalı olan (seysmik cəhətdən aktiv regionlarda, sel sularının ziyan vura biləcəyi ərazilərdə və s.) bina və tikililərin ilk növbədə sığortalanmasını, eyni zamanda, büdcə vəsaitlərinin səmərəli və nəticəli istifadəsini təmin etmək üçün daşınmaz əmlakın sığortalanmasının ölkədə fəaliyyət göstərən və müvafiq əməliyyatların aparılması üçün lisenziyası olan şirkətlərin cəlb olunması və mövcud satınalma metodları tətbiq edilməsini" məqsədəuyğun hesab edir.
Qeyd edək ki, qanun layihəsində növbəti ildə bu məqsədlər üçün 11 mln. manat vəsait nəzərdə tutulub.
Xatırladaq ki, Palata özünün formalaşmış məlumat bazası və həyata keçirdiyi nəzarət tədbirlərinə əsaslanmaqla 27 təklif irəli sürüb.
Qax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mahir Əfəndi "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, qədim abidələrin sığortalanması tariximizə sahib çıxmaq deməkdir. Tək daşınar abidələr deyil, daşınmaz tarixi abidələr də sığortalanmalıdır: "Çünki uzunömürlü abidələrimizin risqə məruzqalma ehtimalı yüksəkdir. Müxtəlif təbii fəlakətlər baş verə bilər. Məsələn, sel, daşqın və digər təbii fəlakətlər abidələrimizə zərər yetirə bilər. Bu səbəbdən də düşünürəm ki, tarixi abidələrimiz sığortalanmalıdır".
Həmsöhbətimiz hesab edir ki, tarixi abidələrin sığorta olunması məsələsinə dövlət tərəfindən xüsusi diqqət ayrılması təqdirəlayiqdir: "Sevindiricidir ki, dövlətimiz tək əhalinin yaşayışını deyil, həmçinin, abidələrimizin qorunmasına diqqət ayırır".
Günel CƏLİLOVA
Bakı xəbər.- 2016.- 6 dekabr.- S.12