Gənc nəslin
milli mənlik şüurunun
inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi
İnsan milli şüura bağlı olub vətənpərvərlik hissləriini lazımınca dərk etdikdən sonra vətəni üçün əsl vətəndaşa çevrilə bilər. Milli dövlətin qarşısında duran ən başlıca işlərdən biri əhaliyə düzgün, sağlam vətəndaşlıq və vətənpərvərlik hisslərini aşılamaqdır. Qloballaşan dünyada sağlam milli-mənəvi dəyərləri qorumaq çox çətindir. Hazırkı dövrün sürətli informasiya, yeni kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, gənclərin zərərli ideologiyalarla zəhərlənməsinin qarşısı da düşünülmüş metodlarla alınmalıdır.
Sözsüz ki, hər bir ölkədə vətənpərvərlik əhval-ruhiyyəsinin səviyyəsi həmin dövlətdə aparılan təbliğatın miqyasından asılıdır. İnsanların mənəvi kamillik, özünüdərk dərəcəsinin yüksəldilməsi istiqamətində işlərin görülməsi milli ideologiyanın tərkib komponenti olmalıdır. Təbii ki, söhbət zorakı metodlardan getmir. Gənclərin maraq göstərdiyi texnologiyaların tərkibində dövlətin gənclərlə bağlı siyasətinə cavab verən alternativ təbliğat sistemi qurulmalı və bu təbliğatın aparılmasına dövlətin bütün mümkün resursları cəm olunmalıdır. Azərbaycan gəncliyinin siyasi aktiv təbəqəsinin gənclər təşkilatları və siyasi partiyalarda cəmləşdiyini nəzərə alsaq, tutduğu ideologiyadan asılı olmayaraq, hər bir siyasi qurum gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik tərbiyəsinin formalaşması istiqamətində güclü təbliğat aparmalıdır.
Azərbaycan gəncliyinin problemləri, qarşıda duran vəzifələr və gənclik ictimaiyyətinin indiyə qədər qaldırdığı məsələləri özündə ehtiva edən yeni dövlət proqramı qəbul edilib. Həmin proqramın hərbi vətənpərvərliklə bağlı maddələri var ki, orada bir sıra prinsipial məqamlar kifayət qədər dolğun şəkildə əks olunub. Çox xoşdur ki, müvafiq dövlət orqanları gənclərin vətənpərvərlik tərbiyəsi məsələsinə proqram səviyyəsində münasibət bildirir.
Gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur. Çünki dövlətin, dilin, adət-ənənələrin yaşadılmasını şərtləndirən faktorlardan biri də gənclərin milli mənlik şüurunu dərk etməsindən keçir. Düzdür, burada digər faktorlar da var, amma öndə gələni milli mənlik şüurudur. Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gənclərin buna sahib olmaları bütövlükdə dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir. Eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyaya məruz qalmasının qarşısını alır. Ümumilikdə sözügedən dəyərlərin qorunmasının cəmiyyətə verdiyi fayda ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki bu həm də milli kimlik məsələsini özündə ehtiva edir. O baxımdan milli mənlik şüurunun vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlaya, böyüməkdə olan gənc nəslə aşılaya, çatdıra, təməl prinsiplərini öyrədə biləsən. Ona görə də sözügedən məsələnin cəmiyyətə çatdırılmasında bütün vasitələrdən istifadə etmək lazımdır. Müşahidələr göstərir ki, sözügedən məfhumun qavranması gənclərin milli dəyərlərə nə dərəcədə bağlı olması ilə ölçülür. Aydın məsələdir ki, bunun üçün də birinci növbədə ailədə, məktəbdə, ictimaiyyətdə müvafiq mühit olmalıdır. Çünki milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, milli dəyərlərin tarixin hansı mərhələlərindən keçdiyini bilməlidir. Yuxarıda sadalananlar milli mənlik şüuruna aid faktorlardır.
Hesab edirik ki, gənclərin ən mühüm tərbiyəsi sırasında onların vətənpərvər ruhda tərbiyə olunması əsas olmalıdır. Bizim ölkənin həm də müharibə şəraitində olması, torpaqlarımızın bir hissəsinin qəsb edilməsi gənclərin məhz vətənpərvər ruhda böyüməsinin əhəmiyyətini bir qədər də vacib edir.
Azərbaycan dövləti demokratik prinsiplərə önəm verən bir idarəetmə mexanizminin bütün sahələrə tətbiqində maraqlıdır. O cümlədən, gənclərin ümumbəşəri dəyərləri mənimsəməsinə də xüsusi diqqət yetirir. Dövlətin gənclərlə bağlı qəbul etdiyi proqramlar, onların xarici ölkələrdə dövlət hesabına təhsil alması üçün yaradılan şərait qeyd etdiyimiz dəyərlərin mənimsənilməsinə yönəlib. Ancaq bəzən qloballaşan dünyada ümumbəşəri dəyərlər adı ilə gənclərə zərərli təbliğatın aparılmasının şahidi oluruq. Müharibə şəraitində olan ölkədə gənclərə hərbi xidmətə getməməyin və hazırda bizim gəncliyə lazım olmayan digər dəyərlərin təbliği onları milli ruhdan salmağa yönəlib. Fikrimizcə, ümumbəşəri dəyərlər çox gözəldir. Belə zəruri məsələləri gənclərimizin bilməsi və mənimsəməsinin böyük önəmi var. Ancaq bu dəyərlərin adı ilə zərərli proqramların gənclərin şüuruna yeridilməsinə imkan verməməliyik.
Ölkəmizin yerləşdiyi coğrafi mövqe, əhali tərkibinin İslama bağlılığı da gənclərlə bağlı digər təhlükənin meydana çıxmasını real edir. Təəssüflər olsun ki, İslamdan istifadə edən bəzi dövlətlər ölkəmizdə İslamın radikal formasının yayılması ilə məşğul olur və onların tilovuna düşənlərin əksəriyyəti gənc nəslin nümayəndələridir. Əsasən də bu zərərli ideologiyaların arxasında Azərbaycanla münasibətləri yaxşı olmayan dövlətlərin milli maraqlarının durduğunun şahidi oluruq. Bu sayaq zərərli tendensiyalardan gənclərin qorunmasında və onların vətənpərvər hisslərlə böyüdülməsində həm dövlət uyğun siyasət aparmalıdır, həm də ailə tərbiyəsinin lazımi şəkildə olması zəruridir.
Bir faktı da qeyd etmək lazımdır ki, ümumbəşəri dəyərləri mənimsəmək üçün gənclərimiz daha çox mütaliə etməlidir. Bəşəri dəyərlərə bağlı olan, klassikləri oxumadan fərd heç vaxt müasirləşə, dünya xalqlarının bəşəriyyətə verdiyi töhfələri qiymətləndirə bilməz.
Görəsən müasir Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərin daşıyıcısı rolunda çıxış etməsi üçün hansı tədbirlər həyata keçirilməlidir?
Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı hesab edir ki, gənc nəsli nəzarətsiz buraxmaq olmaz: "Belə olanda onlar zərərli vərdişlərə meyl edir. Bu sahəyə məsul olan çoxsaylı dövlət qurumu var ki, həmin təşkilatlar işlərini daha səmərəli aparmalıdır. Onların dərnəklərə, disputlara cəlb olunmasına, görkəmli adamlarla görüşlərinin təşkilinə böyük ehtiyac var. Hazırda aktiv olan gənclik öz fəaliyyətini siyasi partiyalar, gənclər təşkilatlarında, qeyri-hökumət qurumlarında davam etdirir. Dövlət əsas diqqəti passiv gəncliyə yönəltməlidir".
Müasir Azərbaycan gəncliyinin milli-mənəvi vətənpərvərliyi və milli şüurun inkişafını ümumbəşəri dəyərlərlə əlaqələndirməsinə toxunan ziyalı bildirdi ki, bəzən görürsən gənclərin bir qismi gedib dini sektalara qoşulur: "Bunların hamısı nəzarətsizlikdən və bekarçılıqdan əmələ gəlir. Bir faktı deyim ki, bizim gənclərimiz çox savadlıdır. Çalışıb onlara daha yaxşı şərait yaratmaq lazımdır ki, gənclik daxilində olan potensialını ortaya qoya bilsin. Savadlı gənclərimiz ümumbəşəri dəyərləri fərdi şəkildə də mənimsəyir. Hazırda xarici dilləri mükəmməl bilən, yeni texnologiyaları mənimsəyən gənclərimizin sayı heç də az deyil".
Mövzu ilə bağlı münasibət öyrəndiyimiz professor Xalid Əlimirzəyev isə hesab edir ki, bu çox ciddi və önəmli məsələdir. Millətini, vətənini sevən həqiqi vətəndaş milli dəyərlərlə yanaşı, bəşəri dəyərlərə də o cür yanaşmalıdır:
"Öz xalqını, torpağını sevməyən insan, öz ölkəsinin nailiyyətlərinə, qələbələrinə sevinməyən, belə məsələlərlə fəxr etməyi bacarmayan gənc başqa xalqların da dəyərli xüsusiyyətlərini, tarixə verdiyi nemətlərini qiymətləndirə bilməz. Tarix boyu belə olub ki, böyük şəxsiyyətlər, dahi yazıçılar həmişə insanlara, milli dəyərlərlə bərabər, bəşəri dəyərləri də sevməyi tövsiyə edib. Milliliklə bəşəri dəyərlərin vəhdətindən gözəl formul yoxdur. Dünyada təcrid olunmuş insan yoxdur. Hər bir millətin ayrıca öz ərazisi, tarixi, sənəti olsa da, hər halda, dünya ilə hər zaman inteqrasiyadadır. Bu mənada fərd təkcə öz xalqının mədəniyyəti ilə məşğul olmamalıdır. Gənclərimiz dünya mədəniyyətinə çıxış yollarını axtarmalıdır".
Bizim böyük klassiklərimizi yada salmağın zəruriliyini vurğulayan professor qeyd etdi ki, Nizamini, Füzulini, Axundovu, Cəlil Məmmədquluzadəni və ondan sonra gələn ziyalılarımızı xatırlamaq gərəkdir: "Onlar həm milli dəyərlərə sadiq, həm də dünyəvi dəyərləri sevən şəxslər olub. Məhz xalqın inkişafı da bu kontekstdən götürüləndə, o ucalır. Məhdud bir dairəyə qapılan millət çox şeyi itirir. Bizim təhsil sistemimizdə belə məsələlərə xüsusilə böyük diqqət vermək lazımdır. Biz həqiqi milli və dünyəvi dəyərlərə cavab verən vətəndaş yetişdirmək istəyiriksə, bunu öncə təhsildən başlamalıyıq. Tədrisdə də, adicə söhbətlərimizdə də gənclərimizi başa salmalıyıq ki, onlar milli fərd olmaqla bərabər, həm də bəşəri şəxsiyyətdir".
Yaşadığımız planetin bütün xalqlara, millətlərə məxsus olduğunu deyən Xalid Əlimirzəyev bildirdi ki, bizim də bu planetdə bir yerimiz var: "Dünyəvi dəyərlərdən uzaq fərd zirvələrə yüksələ bilməz".
Məhəmmədəli
QƏRİBLİ
Bakı xəbər.- 2016.- 3-5 dekabr.- S.12