Mərziyyə
Davudova irsi və azərbaycançılıq...
Azərbaycan teatrının görkəmli
simalarından biri olan xalq artisti Mərziyyə
Davudova xalqımızın səhnə fədaisi kimi
hər zaman xatırlanır. Böyük aktrisa
xalqımızın mədəniyyət tarixində elə
əhəmiyyətli bir rol oynayıb ki, onun əvəzi
yoxdur. Azərbaycançılığın
inkişafında xüsusi işlər görən Azərbaycan
Milli Teatrı dahi sənətkarların ifası ilə
bu hissləri tamaşaçılara
çatdırıb. Azərbaycançılıq
və Azərbaycan teatrının vəhdəti
böyük gücə malikdir.
Tədqiqatçılar yazır ki, XX əsrin 20-ci
illərinə kimi Azərbaycan səhnəsi aktrisa
tapa bilmirdi.
Uzun illər qadın rollarını min cür maneə və
təhqirə məruz qalan, sənət
yanğılı kişi aktyorlar ifa
edib. Tədqiqatçılar yazır ki,
sonra bir müddət başqa millətin aktrisaları
böyük çətinliklərə dözərək
zəif çiyinlərini bu ağır yükün altına
verdilər. Tədqiqatçılar
yazır ki, Azərbaycan qadınlarının səhnəyə
doğru gedən yolu qorxudan, qandan, ölümdən,
maneədən qurtulmağa başladı. Təsadüfi
deyil ki, o illər səhnəyə gələn
qadınlar haqqında görkəmli sənətşünas
Mehdi Məmmədov belə yazırdı: "Azərbaycan
aktrisasının səhnəyə gəlişi, bu sənət
meydanında qələbələr çalması qəhrəmanlıq
dastanıdır". Teatrşünaslar
yazır ki, bu dastanın ilk səhifələrini
Əzizə xanım və onun qızı Sona
Hacıyeva yazıb. Yazılanlara
görə, bu aktrisaların sırasında Mərziyyə
xanım Davudovanın da öz yeri vardı. O, Azərbaycan
səhnəsinin ən qüdrətli aktrisası
sayılırdı. Tədqiqatçılar
yazır ki, 1901-ci ildə Həştərxanda anadan
olmuş Mərziyyə Davudova ilk rolunu oynayanda 16
yaşı vardı. O, Həştərxanda
İqbal məktəbində "Birinci Teatr"
adlı ikipərdəli tamaşada (1917-ci il)
Əfifə rolunu yaradıb. Səhnəyə
böyük həvəsli yeniyetmə Mərziyyəni
ilk dəfə görüb istedadını kəşf edən
unudulmaz Hüseyn Ərəblinski olub. O, 1918-ci ildə
Həştərxanda qastrolda olarkən bu gənc
qızın oyununu bəyənmiş və onu Bakıya
dəvət etmişdi.
Bu il 115
illiyi qeyd edilən M.Davudovanın səhnə fəaliyyəti
haqqında yazan tədqiqatçılar bildirir ki,
1920-ci ildə Bakıya gələn və taleyini əbədi
olaraq teatra bağlayan M.Davudova Azərbaycan mədəniyyətinin,
xüsusilə də teatr sənətinin
inkişafında misilsiz xidmət göstərib. Yazılanlara görə, onun ən böyük
arzusu H.Ərəblinski ilə tərəf müqabili
olmaq idi, amma bu istək həyata keçmədi.
Çünki bir il öncə nadanlar
qüdrətli aktyorun həyatına son qoymuşdu. Tədqiqatçılar yazır ki, xoşbəxtlikdən
ikinci bir nəhəng aktyorla səhnədə
üz-üzə dayanan Mərziyyə xanım sonralar həmin
sənətkarın - Abbas Mirzə Şərifzadənin
teatrda yalnız tərəf müqabili deyil, həyatda
da sevgili həmdəminə, vəfalı
ömür-gün dostuna çevrildi.
Ötən
əsrin 20-ci illərindən sonra Azərbaycan səhnəsində
Fatma Muxtarova, Şövkət Məmmədova, Həqiqət
Rzayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli
kimi müqtədir aktrisalar çıxış edirdi. Tədqiqatçıların
yazdığına görə, onların
sırasına həvəslə qoşulan Mərziyyə
xanım Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında əvvəlcə
Gülçöhrə, sonra isə Cahan xala
rollarında çıxış edib. Bununla
da özünün aktrisa kimi nəyə qadir
olduğunu məharətlə təsdiqləyib. Hüseyn Cavidin "İblis" əsərinin
tamaşasında Abbas Mirzə Şərifzadə ilə
tərəf müqabili olmaq onun səhnə
yaradıcılığında yeni səhifələr
açıb. Çox keçmir ki,
M.Davudova mürəkkəb, ziddiyyətli, bir-birinə
bənzəyən və bənzəməyən müxtəlif
qadın obrazlarının, xüsusilə də
qüdrətli xarakterlərin yaradıcısı kimi
parlayıb. Azərbaycan
teatrının aktrisalarla bağlı yeni səhifəsinin
yazılması şərafəti məhz Mərziyyə
xanımın qismətinə düşdü. Böyük dramaturqumuz Cəfər
Cabbarlının "Sevil" pyesi yalnız səhnədə
deyil, həyatda da böyük əks-sədaya, təlatümə
səbəb olmuşdu. Mərziyyə
xanımın böyük ustalıqla can verdiyi Sevil
obrazı o qədər parlaq, təsirli, təbii
alınmışdı ki, tamaşa salonundakı
qadınlar öz çadralarını elə oradaca
atmışlar. Mərziyyə xanım əslində
qaranlıq bir mühitdə qəfildən şimşək
kimi doğmuşdu. Onun səhnədə göstərdiyi
təbii oyunu və sənət yanğısı
haqqında C.Cabbarlı yazırdı: "Mərziyyə
yetkin bir sənətkardır, ustaddır. Aktrisa
səhnədəki əhval-ruhiyyəsi ilə
bütün tamaşa salonuna təsir edən heyrətamiz
bir istedada malikdir".
Tədqiqatçılar yazır ki,
M.Davudovanın teatra gəlişi ilə çox şey
dəyişdi. Bu aktrisa səhnədə yalnız Azərbaycan
qadınlarının surətini deyil, Qərb
teatrından gələn dezdemonalar, amalyalar, ofelyalar,
violalar kimi neçə-neçə mürəkkəb
obraz yaratdı. Onun obraza girmək məharəti
o qədər güclü idi ki, heç bir mübaliğə
olmadan bu qüdrətinə görə aktrisa H.Ərəblinski,
A.Mirzə kimi nəhənglərlə bir sırada fəxarətlə
dayanırdı. Mərziyyə xanım
C.Cabbarlı, H.Cavid, Səməd Vurğun, Mirzə
İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı
kimi Azərbaycan dramaturqlarının əsərləri
ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin
də tamaşalarında bir-birindən fərqli və mürəkkəb
qadın obrazları yaradıb.
Yazılanlara
görə, Mehdi Məmmədov M.Davudovanın
yaradıcılığını dəyərləndirərək
yazırdı: "1937-ci ildə M.İbrahimovun "Həyat"
dramı ilk dəfə tamaşaya qoyulmuşdu. Tamaşa gurultulu müvəffəqiyyət
qazandı. İfaçılar
ansamblı, xüsusilə də əsas rolların
ifaçıları - M.Davudova (Həyat) və Ülvi
Rəcəb (Süleyman) yüksək qiymətləndirilib.
Tədqiqatçıların
yazdığına görə, əsasən klassik
repertuarda romantik səpkili rollar oynayan bu aktyorlar indi
"Həyat" tamaşasında həyati cizgilərlə,
məişət boyaları ilə zəngin olan realist
xarakterlər yaratmaqla böyük qələbə əldə
etdilər. Yekdilliklə təsdiq
olundu ki, bədii siqləti böyük olan bir tamaşa,
onun nəzdində və mərkəzində isə
M.Davudova kimi sənətkarın ifasında Həyat
obrazı yarandı".
Tədqiqatçıların
bildirdiyinə görə, xalq artisti Hökümə
Qurbanova öz xatirələrində yazırdı:
"Bu da taleyin qismətidir. Mərziyyə
xanımın ilk dəfə yaratdığı
obrazları sonralar mən oynadım. Həmişə
həyəcan keçirirdim ki, o bu məsələyə
necə baxacaq. Böyük ürək
və istedad sahibi idi. Həmişə
tamaşadan sonra məni ilk təbrik edib oyunumu bəyəndiyini
söyləyən Mərziyyə xanım olardı.
Bu aktrisa əsl sənət fədaisi kimi gənclərə
xüsusi qayğı göstərərdi".
Qeyd edilənə görə, geniş
yaradıcılıq diapazonuna malik olan M.Davudova Azərbaycan
kinosunun inkişafında da müəyyən xidmətlər
göstərib. "Hacı Qara", "Bir ailə",
"Bakının işıqları", "Bir məhəllədən
iki nəfər", "Koroğlu" və digər
filmlərə çəkilib. 1956-cı ildən
ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə
rəhbərlik edən Mərziyyə xanım əslində qaranlıq
bir mühitdə parlayan ulduz idi.
Tədqiqatçıların yazdığına
görə, bəllidir ki, 1937-ci ilin repressiyası sənət
adamlarının taleyindən izsiz keçmədi. Müşfiqi,
Cavidi, Ülvi Rəcəbi, Əhməd Cavadı
aparanların növbəti hədəfi Azərbaycan səhnəsinin
azman aktyoru Abbas Mirzə Şərifzadə oldu. Görkəmli teatr ustasının hansı
şəkildə qətlə yetirildiyi uzun müddət
qaranlıq qaldı. Bu ailənin
çəkdiyi zillətin təsvirini vermək indi
çox çətindir. Yalnız
1955-ci ildə məlum oldu ki, A.M.Şərifzadə
1938-ci ildə güllələnib. Səhnədə
faciə qəhrəmanlarının mahir
ifaçısı A.M.Şərifzadə heç vaxt
ağlına gətirməzdi ki, yaratdığı
obrazların taleyi onu da gözləyə bilərmiş.
O, həyatda da faciə qəhrəmanına
çevrildi. Tədqiqatçıların
yazdığına görə, taleyinə, həyatına
vurulan zərbələrin ağrı-acısını
çəkənlərdən birincisi həyat
yoldaşı, səhnəmizin qüdrətli nümayəndəsi,
xalq artisti Mərziyyə xanım oldu.
Yazılanlara görə, M.Davudovaya xalq artisti fəxri
adı 1936-cı ildə verilib. Buna baxmayaraq, 1937-ci
ildə Ülvi Rəcəbi, Abbas Mirzəni "xalq
düşməni" elan edənlər aktrisanı da
çək-çevirə salmaqla qəlbini
didib-parçalayırdılar. O illərin xofunu
Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində
yaşatdı. Tədqiqatçılar
yazır ki, o ağır repressiyalar aktrisanı çox
incitsə də, dərdlərini gizlətməyi, səhnədə
həmişəki qüdrətini, həyatda isə
qürurunu, məğrurluğunu saxlamağı
bacardı. O, 61 yaşında dünyasını dəyişəndə
çox şeydən narahat getsə də, bir məsələdən
ürəyi arxayın idi. Böyük məhəbbətin
nişanəsi olan qızı Firəngiz Şərifova
onların yolunu çox ləyaqətlə davam
etdirirdi.
Keçən
ayın 28-də Azərbaycan Teatr Xadimləri
İttifaqında (ATXİ) xalq artisti M.Davudovanın
115 illiyinə həsr olunmuş "Sənətkar və
zaman" mövzusunda elmi-praktik konfrans keçirilib. Elmi-praktik konfransda əməkdar incəsənət
xadimi, professor Məryəm Əlizadənin "Milli
aktyor sənətində M.Davudova fenomeni",
ADMİU-nun müəllimi Elçin Cəfərovun
"M.Davudova yaradıcılığı
teatrşünas müstəvisində", sənətşünaslıq
üzrə fəlsəfə doktoru Vidadi Qafarovun
"M.Davudova yaradıcılığına tədqiqatçı
baxışı" mövzularında məruzələri
dinlənib.
Vurğulanıb ki, M.Davudova Azərbaycan səhnəsinin
ən qüdrətli aktrisası sayılırdı, onun
tamaşaçı ilə qəribə münasibət
qurmaq bacarığı vardı.
Teatr
Xadimləri İttifaqının sədri, Akademik Milli
Dram Teatrının bədii rəhbəri və
direktoru, xalq artisti Azərpaşa Nemətov M.Davudova
ilə bağlı xatirələrini
bölüşüb: "Mərziyə xanımın
bizim ailə ilə yaxın əlaqələri var idi. Bu səbəbdən evimizə gələrdi.
Atam, Zəfər Nemətova gənc rejissor
kimi böyük hörmətlə yanaşardı.
Mənim də xətrimi çox istəyirdi.
Hətta mənə o dövrdə heç
kimdə olmayan motosiklet oyuncağı
bağışlamışdı. Həmin oyuncaqla
bir neçə il oynamışdım.
Bu mənim uşaq yaddaşımda
qalanlardır.
Mərziyə xanım Teatr Xadimləri
İttifaqının sədri olub. Amma öz ərizəsi
ilə bu işdən getdi. Çünki Mərziyə
xanımın kişi xarakteri var idi. Bəzi məsələləri qəbul etmirdi
və haqsızlığı
bağışlamırdı. M.Davudovanı
sevməyən, onunla hesablaşmayan yox idi. Mərziyə xanım hündür,
yaraşıqlı qadın idi. O dövrdə hər
kəsdə olmayan boz rəngdə makentoşu da var idi. Heç vaxt başıaçıq gəzməzdi.
Hər zaman başına kələğayı
və ya yaylıq bağlayırdı. Çox
təəssüf ki, mən onu səhnədə görməmişəm,
həyatda görmüşəm, mənə hədiyyələr
verib, üzümdən öpüb. Mərziyə
xanım çox sadə, amma sərt xarakterli insan olub.
Problemi olan adamlar ona rahatlıqla
yaxınlaşa bilirdi və Mərziyə xanım
öz nüfuzundan istifadə edib hamıya kömək
edirdi. Bu gün onun 115 yaşı tamam
olur. Hazırda əyləşdiyimiz
binanı bizə Mərziyə xanım, Mustafa Mərdanov
və Zəfər Nemətov miras qoyub. İndi isə bizlər bu yolu davam etdiririk.
Zaman gələcək, biz də
olmayacağıq, amma Teatr Xadimləri İttifaqı
qalacaq".
Bəli, M.Davudova Azərbaycan mədəniyyətinə,
seçdiyi sənətə ləyaqətlə xidmət
edib. Yaradıcılığının ilk
dövrü romantik aktyor məktəbinin nümayəndəsi
kimi xarakterizə edilən aktrisa böyük fəaliyyət
göstərib.
Azərbaycanın görkəmli səhnə
ustadı M.Davudovanın fəaliyyəti azərbaycançılığa
xidmət olub.
Böyük səhnə xadiminin fəaliyyəti
bir örnəkdir.
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.- 7 dekabr.- S.15