"İki
od arasında"...Və "yenə"...
Elçin Hüseynbəylinin
"Yenə iki od arasında" romanı böyük söz adamı Yusif Vəzir
Çəmənzəminlinin xatirəsinə həsr olunub və "Azərbaycan"
jurnalının builki sentyabr-oktyabr saylarında nəşr edilib. Roman ədəbiyyat
çevrələrinin və zövqlü oxucuların
diqqətini çəkib.
İndi
sizə professor Nizami Cəfərovun əsər barədə
ədəbi-tənqidi qeydlərini təqdim edir və
inanırıq ki, onun bu məqaləsi geniş oxucu
dairəsi üçün diqqətələyiq izlər
qoyacaq...
...Elçin
Hüseynbəylinin "böyük yazıçı, tədqiqatçı
və fikir adamı Yusif Vəzir Çəmənzəminlinin
xatirəsinə ehtiramla" (və "Səkkizinci
qarabağnamə" iddiası ilə!) qələmə
alınmış "Yenə iki od arasında"
romanı yalnız tanınmış
yazıçının yaradıcılığı
deyil, bütövlükdə müasir ədəbi-ictimai
təfəkkür prosesi miqyasında həm
böyük maraq doğuran, həm də bir sıra əhəmiyyətli
məsələlər ətrafında səmərəli
mübahisələrə rəvac verən əsərlərdəndir.
Və belə bir əsərin meydana çıxması təsadüfi
deyil... Hər şeydən əvvəl ona görə ki,
bu mövzu artıq neçə illərdir ən müxtəlif
səviyyələrdə hisslərimizi,
düşüncələrimizi tarıma çəkib,
nəinki regionda, eləcə də onun
hüdudlarından çox-çox kənarlarda
"Qarabağ problemi"nin köklərini,
səbəblərini, günahkarlarını
axtarırlar. Və axtardıqca, problem
aydınlaşmaq əvəzinə get-gedə daha da
mürəkkəbləşərək belə bir təsəvvür
yaradır ki, onu ağılla həll etmək, sadəcə
olaraq, mümkün deyil.
Xalq yazıçısı Elçinin zəngin
tarix faktlarına (və ondan da zəngin intellektual-fəlsəfi
ümumiləşdirmələrə) əsaslanan
"Baş" romanı mövzunun interpretasiya
miqyasını xeyli genişləndirdi. Düşünürəm
ki, belə bir cəhd "Yenə iki od arasında"nın müəllifində də uğurlu
alınıb... Və öz böyük
müasiri kimi Elçin Hüseynbəyli də problemin
kökünü "tarix"də axtarır. Hər iki halda bu, ictimai-siyasi proseslərin,
biri digərini əvəz edən münaqişələrin
tarixindən (bunlar məsələnin görünən
tərəfidir) daha çox, cəmiyyət-insan ruhunun
tarixidir. Elə bil zaman-zaman incidilmiş, xəyanətə,
şər-böhtana məruz qalmış insanların
ruhları bu dünyadakı xələflərini
"normal" yaşamaq imkanından məhrum edirlər.
Dünya müasirləşir, ictimai münasibətlərdə
modern etiketlər, yeni komplimentarlıq
texnologiyaları yaranır, ancaq elə bir təhtəlşüur
metafizika mövcuddur ki, o əbədidir, dəyişməzdir...
Elçin Hüseynbəylinin yazıçı
üslubu, ümumiyyətlə, polifonik və ya
çoxsəslidir. Bu xüsusiyyət özünü
yeni romanında, fikrimizcə, həm daha gen-bol
nümayiş etdirir, həm də daha təfsilatlı,
daha təfərrüatlı bir şəkildə təzahür
edir. Həmin təfsilat-təfərrüatı hələlik
nəzərə almasaq, romanda biri digərilə məzmunca
sıx assosiativ əlaqədə olan ən azı
üç süjet xətti mövcuddur ki, onlardan
birincisinin qəhrəmanı "Səkkizinci
qarabağnamə" müəllifinin-yazıçının
özüdür... O, əgər belə demək
mümkünsə, tərcümeyi-halının,
düşüncə- yaradıcılıq irsinin
axtarışına çıxdığı Yusif Vəzirin
- Ustadın varisidir. Və bütün süjet boyu can
atır ki, Ustadı daha dərindən anlamaq
üçün onun yaşamış olduğu həyatın
xırdalıqlarına qədər enə bilsin. Odur ki,
"Yusif Vəzirin izi ilə" onun - "on üç
nömrəli dustağ"ın cəza çəkdiyi
Nijni Novqorod vilayətinə yollanır... Doğrudur, Yazıçının
arxivçi Yevdokiya Prokofyevna ilə görüşlərindən,
söhbətlərindən başlamış ta
Suxobezvodnaya qəsəbəsində Yusif Vəzirin
son günlərini keçirdiyi əlillər evinə baş
çəkməsinə qədərki əhvalatların
təsviri çox müfəssəldir və məncə
əsərin ümumi polifoniyasına xələl gətirmir.
Hər şeydən əvvəl ona görə
ki, bu əhvalatlar bir tərəfdən romanın bədii
intonasiyasındakı mistikliyi, psixoloji
ağırlığı müəyyən qədər
neytrallaşdırır, digər tərəfdən,
tarixlə müasirlik arasında özünəməxsus
bir dialoq yaradır. Və ən
azından o məlum olur ki, Qarabağın taleyinin həll
olunduğu nə XVIII əsrin sonu, XIX əsrin əvvəllərinin,
nə də sonrakı dövrlərin tragik mənzərələri
heç də hamı üçün maraqlı deyil.
Hərə öz işində- gücündə, gündəlik
həyatını yaşamaqda, imkan düşəndə
kefini çəkməkdədir.
Yalnız özünü hər cür dünya "nemətlər"indən
məhrum etmiş sentimental bir Yazıçının
ağlına gələ bilər ki, Yusif Vəzirin
dustaqlıq paltarlarını əyninə keçirib
onun ayağı dəyən yerləri dolaşsın...
Ancaq orası da var ki, ətrafdakı insanlar, dost-tanışlar
bu "bədbəxt" Yazıçıya nəinki
mane olur, əksinə, keflərini çəkə-çəkə
ona bütün zəruri köməklikləri də
göstərirlər. Qarabağın, yaxud Yusif Vəzirin
taleyi ilə maraqlandıqları üçün yox, elə-belə,
yoldaşlıq xatirinə! Yazıçı
da incimir, gördüyü işin əhəmiyyətini
böyüdüb ictimai problemə çevirmir, hətta
axtarışlarına qəribə bir şəxsi-subyektiv
(intim!) məhdudiyyət qoyur. Və elə bunun nəticəsidir
ki, axtardığını tapa, Ustadla daxili, ruhi
mükalimə, təmas yarada bilir:
"...1769-cu
ildə Rusiya imperatriçası, at ehtiraslı
İkinci Yekaterina saray məmurlarına buyurdu ki,
Qafqazın yeni xəritəsini hazırlayıb ona təqdim
etsinlər...
...Bəlalarımızın
kökü də ordan başladı...
...Qarabağlı
İbrahimxəlil xanın dediyi sözlər çin
oldu: "Mən ruslarla dostluğun əleyhinə deyiləm,
ancaq qorxuram ki, bura gələndən sonra erməniləri
şirnikləndirə, onları üstümüzə
qaldıra bilərlər..."
Sonra...
Sonrası sonra oldu...
- Elə
deyil, ustad? - deyə xəbər aldım.
Ustad solğun və bulanıq gözlərilə mənə
baxdı və təsdiq əlaməti olaraq
başını tərpətdi. Sonra gözlərini yumdu"...
"Yenə
iki od arasında"nın ikinci
süjeti Yusif Vəzirin kifayət qədər elmi dərinlik
və bədii təfsilatlarla işlənmiş həyat
yolundan ibarətdir. Əgər buna "həyat" demək
olarsa...
Təbiidir ki, Elçin Hüseynbəylinin məqsədi
Yusif Vəzirin tərcümeyi-halını təqdim
etmək deyil. Tez-tez konkret faktlara müraciət edib
yazıçı-mütəfəkkirin ömür
yolunun bir sıra məqamlarını geniş təhlil
eləsə də, əsas məqsədi onun tarixi şəxsiyyətini
(ruhunu!) bərpa etməkdən ibarət olmuşdur ki,
bu da əsərin ümumi ideya-estetik məramından irəli
gəlir... Hissləri, düşüncələri
etnogenetik yaddaşın ən dərin qatlarına
nüfuz etmiş Ustadın həm keşməkeşli, hər
cəhətdən faciəli məişəti, həm də
mənsub olduğu milli varlığın tarix fəlsəfəsini
bütün tərəfləri ilə dərk etməyin
təzahürü olan mənəvi dünyası
Elçin Hüseynbəylinin yazıçı-tədqiqatçı
təfsirində kifayət qədər mükəmməldir.
Və fikrimizcə, bu zaman "İki od arasında"
romanına istinad edilməsi yalnız mövzunun tələbi
deyil, eyni zamanda Yusif Vəzirin həmin romanda daha
sıx, daha sistemli suxurlaşmış milli ruhu,
Qarabağ (və ümumiyyətlə Azərbaycan) tarixinə
verdiyi aydın analitik şərh, sonu görünməyən
etnik-siyasi münaqişələrin mənbələrini
dəqiq müəyyənləşdirməklə gələcək
nəsillərə ünvanladığı əsaslı
ibrət dərsləridir.
"Yenə
iki od arasında" müəllifi bu fikirdədir ki,
"İki od arasında" müəllifi sürgün
illərində də mövzu üzərindəki
araşdırmalarını davam etdirmiş,
ağır, məşəqqətli həyat- məişət
şəraitində belə roman üzərində
işləmiş, ömrünün sonuna qədər
romana nöqtə qoymamışdır... Oxucusu
isə həbs düşərgəsinin nəzarətçisi
Lyubov Petrovna idi.
"Lyubov Petrovna həmişə təzə gətirilən
dustaqların şəxsi işilə
maraqlanırdı. Görünür, ona xüsusi xidmət
idarələri gizli tapşırıq vermiş, hər
dustaqla fərdi davranmağı
tapşırmışdılar.
Qış günlərinin birində o, təsadüfən
on üç nömrəli dustağın işinə
rast gəlmiş və onun ömürlüyü Lyubov
Petrovnanı bərk maraqlandırmışdı. Məlum olmuşdu ki, bu yaraşıqlı
qafqazlı kişi yazıçıdır, altı dil
bilir, o cümlədən də fransız dilini..."
Nəzarətçi xanım Yusif Vəziri həm
himayə edir, həm də təbii ki, onun nə
yazdığını, nə dediyini mövcud şərtlər
daxilində yuxarılara çatdırırdı. Ondan nəyisə gizlətmək
barədə düşünməyin belə əhəmiyyəti
yox idi... "Yusif Vəzir qeydlərini
dayandırdı və onu təkrarən oxuyandan sonra
Lyubov Petrovnaya apardı. O, təəssüf edirdi
ki, birinci romanda bütün bu hadisələri təfsilatı
ilə yaza bilməyib. Amma ondan da rahat idi ki, istəyinə
yavaş-yavaş çatır, həm özünün, həm
də əsərinin ömrünü uzadır..."
On üç nömrəli dustağın həyatı
romanda ustalıqla təsvir olunmuşdur desək, yəqin
ki, səhv etmərik... Soyuq, ac- susuzluq, dözülməz iş şəraiti,
xəstəlik, ailə-uşaqlardan daimi narahatlıq,
hər biri yüz cür mənəvi əzab verən
ağrılı xatirələr... Və
düşünmək, yaratmaq eşqi!..
Reallıqla irreallıq arasında keçən
günlərin üzücü vəziyyətinə
Yusif Vəzir idi ki, dözür, nəyəsə ümid
bəsləyirdi...
"Haradasa at kişnədi, kirşə
cırıltısı gəldi. Yusif Vəzir bu
qarmaqarışıq səslərin altında yuxuya
getdi. Nə qədər yatdığını
bilmədi. Yuxuda gördü ki, mələklər
göydən endilər, onun qarşısında durdular
və dedilər: "Hazırlaş, gedirik". "Hara gedirik?" - deyə
təəccüblə soruşdu. "Sənin
nazil olduğun yerə!" Sevindi.
O sevinən kimi mələklər yox oldu. Sonra
tufan qopdu. Soyuq iliyinə işlədi.
Hardansa nəzarətçilər peyda oldu, onu
soyundurub, qarın üstündə
çılın-çılpaq saxladılar... Hövlnak yuxudan ayıldı. Adyal
üstündən sürüşüb yerə
düşmüşdü. Otaq yoldaşları yuxudyadılar. Görünür, növbədən
qayıdanda onu oyatmayıblar. Soba
çoxdan keçmişdi. Adyalı
yerdən qaldırıb büründü. Yuxusunu xatırladı. Ev yadına
düşdü..."
Dustaqların
Yusif Vəzirə, onun da dustaq yoldaşlarına
münasibəti real boyalarla rəsm edilmiş, səciyyəvi
detallar verilmişdir...
"...On
üç nömrəli dustağı otaq yoldaşı
Vasya oyatdı.
- Nə olub? - deyə
Yusif Vəzir key-key ətrafa baxdı.
Vasya
dostunun tərləmiş alnını silə- silə:
- Sən
sayıqlayırdın, - dedi.
Yusif Vəzir
yuxudan yarımçıq oyanmasına heyfsiləndi, hətta
acığı da tutdu, amma Vasyanın xətrinə dəyəcəyindən
çəkindi və :
- Mən
sayıqlamırdım, yaşayırdım, -
dedi..."
Elçin
Hüseynbəyli Ustadın sürgün həyatını
canlandırmağa, "bərpa etməy"ə
çalışır...
"Axşama doğru hava soyuyurdu və mən
yenidən gözlərimi tilova yox, sıx meşələrə
tuşladım. Bir zamanlar orda taxta hasarların,
tikanlı məftillərin arasında əyninə
sırıqlı geymiş, başına qulaqlı papaq
qoymuş dustaqlar yaşayırdılar. Nəzarətçilərin
əmrlərindən, ovçarkaların
hürüşündən, dustaqların
qışqırığından qulaq tutulurdu...
Diqqətlə baxdım, həm də
qulaqlarımı şəklədim, sanki onların
arasından nəsə eşitməli və görməliydim. Eşitdim də,
gördüm də..."
Elçin
Hüseynbəyli, ədalət naminə demək
lazımdır ki, Ustadı həm görür, həm də
eşidir... Onun tərcümeyi-halını ilk mənbədən
alırmış kimi heç bir tərəddüdə
yol vermədən, heç bir mübahisəyə yer
qoymadan yazır...
"...İstanbulda
səfirlik fəaliyyəti başa çatandan sonra
Yusif Vəzir Bakıya qaytmadı. Müsavatçılarla
fikir ayrılıqları olsa da, o, yeni qurulmuş
hökuməti də qəbul etmirdi. Ona
görə də məcbur olub Parisə, qardaşı Mirinin
(Mirdamətin) yanına getdi. Bakıdan
xaricə getmək mümkün deyildi. Yeni hökumət hər kəsdən və hər
şeydən şübhələnirdi, hərəyə
bir damğa vururdu".
Paris
Yusif Vəziri elə problemlər, çətinliklərlə
üz-üzə qoyur, onsuz da doğulandan bəri kədəri
sevincindən qat-qat çox olan ömür kitabına elə
dərdli səhifələr əlavə edir ki, həmin səhifələrin
təsvirində "Yenə iki od arasında" müəllifinin
istifadə elədiyi sərt realizm metodu, görünür,
özünü tamamilə doğruldur. Və
qardaşı Mirinin ölümünü, özü də
çətinlik içərisində olan yerlisi Ceyhun
Hacıbəylidən kömək umması xəcalətini,
Lev Nissenbaumun böyük, Xristoferin kiçik dələduzluqlarını,
"həkimləri Şuşa dəlləklərindən
də sırtıq" olan Parisin həyatını
görəndən sonra Yusif Vəzirin Sovet Azərbaycanına
dönməkdən başqa çarəsi qalmır.
Vətən
o vətən olmasa da, ilk illər hər halda normal
keçir... Bacılarının evlənmək təkidi,
Bilqyeis xanımla tanışlıq, ailə həyatı,
uşaqları Fikrətin, Orxanın, Gülarənin
dünyaya gəlməsi... Ancaq bu xoşbəxtlik ondan
ötrü imiş ki, sonra onun həsrətini çəkə-çəkə
qürbətdə can versin.
"...Yusif
Vəzir otağına qayıtdıqdan sonra qeydlərini
nəzərdən keçirməyə başladı. O,
indiyə kimi Qarabağ tarixilə bağlı
yazdıqlarını Lyubov Petrovnaya dilicu
anlatmışdı. Bununla da onun Azərbaycan
və Qarabağ tarixinə marağını
artırmışdı. Hazırda İbrahim
xanın özünün və ailəsinin müsibətindən
bəhs edən hadisəni qələmə
alırdı..."
"Yenə
iki od arasında"nın
üçüncü süjeti "İki od
arasında"nın süjetinin, bir növ, təfsirindən
ibarətdir. Və bu təfsir maraqlıdır... Ağaməhəmməd
şah Qacarın Şuşanı tutması, Molla Pənah
Vaqifin, Məhəmməd bəy Cavanşirin şah
hüzuruna gətirilməsi, eləcə də
Qacarın, Vaqifin, Məhəmməd bəyin,
İbrahim xanın qətlləri "Qarabağnamə"lərdən
bu günə qədər müxtəlif əsərlərin
mövzusu olsa da, "İki od arasında" müəllifi, yəqin ki,
tarixi həqiqətə daha çox sadiq olmağa
çalışmaqla yanaşı, həmin tarixin (və
həqiqətin!) fəlsəfəsinə də daha
çox nüfuz etmişdir... Elçin Hüseynbəyli
bu fəlsəfəni, təbii ki, yeni dövrün
faktlarına istinad etməklə daha da zənginləşdirməyə
çalışaraq Ustadla, birbaşa olduğu kimi,
dolayısı ilə də mükalimə aparır ki, həmin
mükalimələrin ən maraqlı təzahürləri
Qarabağ uğrunda mübarizə ətrafında
baş vermiş hadisələrin təcəssümüdür...
"...Nə
ağır cinayət, nə pis rəzalət. Oğulun
başını atanın sinəsi üstündə kəsmək!?
Özü də o ata ki, Qarabağ camaatına
nə qədər xeyri dəyib, çoxunu zindandan
qurtarıb, vətəninin birliyini istəyib.
Qadınlara gələndə isə - şair qəlbi sevgiyə acdır
- yaxşı, onu keçək Molla Pənahın
şairliyinə. Düzmü dedim,
ustad? Amma onu qətlə yetirdilər! Özü
də necə?!
- Danışma, - deyə ustad
bağırdı və əli ilə ağzımı
yumdu.
Mən susdum. Qəfil gəldiyim kimi, qəfil də
yox oldum. Mən onu
danışdırmalıydım. Danışdı
da..."
"Yenə
iki od arasında" müəllifinin elə ehtimalları
var ki, Ustadın özünü də düşünməyə
məcbur edir..
"- Bəlkə, Mehdiqulu ağanın
qarşıdakı müsibətdən xəbəri
vardı?
Axı, sonradan Rusiya imperatoru ona xan titulu, general
rütbəsi vermişdi - deyə hövsələsizlik
eləyib ustaddan soruşdum...
Ustad
çaşqın halda üzümə baxdı:
-
Orasını fikirləşməmişəm,
çünki inanmıram...
Bir az fikirləşəndən sonra:
- Bəlkə
də... nə bilmək olar, - deyə
yarıpıçıltıyla səsləndi..."
Əlavə
təfərrüatları nəzərə almasaq,
roman Ustadın ölüm ayağında bacısına
yazdığı məktubla başa çatır...
"Bacısı
Əzətə məktubunda Yusif Vəzir
yazırdı: "Əziz bacım!
Mən
sağ və salamatam. Lakin sizdən heç
bir məlumatım olmadığı üçün
nigarançılıq keçirirəm. Mənə tez-tez məktub yazın. Məndən isə tez-tez məktub gözləməyin.
Çünki başım çox
qarışıqdı, işləyirəm. Boş vaxtlarımda yazıram. Yazdıqlarım əsasən Qarabağ
tarixilə bağlıdır. Ötənlərdə
buraxdığım boşluqları doldururam. Mənim
barəmdə qadınıma xəbər et.
Bacı, mənim əvəzimdən ərizə verib
xahiş et ki, məni başqa bir yerə
azad sürgünə göndərsinlər. Mən xəstələnmişəm,
qocalmışam. Zənnimcə icazə
verərlər. Artıq yazmağa elə
bir şey də qalmayıb. Sənin
göndərdiyin bağlamalar biləsən mənə
necə kömək etmişdi. Əgər
mümkünsə, yenə bağlama göndər. Dəftər-qələmlə birgə.
Yaz görüm, mənim ailəm necə
yaşayır? Onlar sağdılarmı? Çoxdandır ki, mənim onlardan heç bir xəbərim
yoxdur. Keçən ilin iyun ayında
onların yazdıqları məktubu bu ilin fevral
ayında almışam.
İndi məktublar vaxtında gəlir. Mənə
tez-tez məktub yazın.
Ünvan:
Qorki dəmir yolu. Suxobezvodnaya
stansiyası. Poçt qutusu 242/9.
Vəzirov Yusifə. 13.11.1942."
* * *
...Məktub
ünvanına çatanda Yusif Vəzir bu dünyada yox
idi. O, 1943-cü il yanvarın 3- də, qışın
oğlan çağında nahaq dünyaya əlvida
demişdi: ürək tutmasından və onlarca xəstəlikdən..."
Elçin
Hüseynbəyli "Yenə iki od arasında"
romanı ilə sübut etdi ki, o, doğrudan da,
böyük bir Ustadın Şagirdidir... Və yeni
"Qarabağnamə" yazmağa da həm mənəvi,
həm də intellektual haqqı varmış...
Nizami Cəfərov
Bakı xəbər.- 2016.- 8 dekabr.- S.12