Azərbaycan həm neft, həm də qeyrineft sektorundan böyük gəlir ərəfəsində...
Son günlərdə dünya neft bazarında ciddi dəyişikliklər qeydə alınır. Buna əsas
səbəb neftin qiyməti ilə bağlı Neft İxrac edən Ölkələr Təşkilatının
(OPEK) mənzil-qərargahında OPEK və qeyri-OPEK ölkələrinin görüşündə
konkret razılıqların
əldə olunmasıdır.
Məhz bu razılıqlardan sonra neft qiymətlərində
yüksəliş qeydə
alınır və gələn ildən etibarən neftin qiymətinin daha yüksək hədlə
ifadə olunması
gözlənir. Son məlumatlara
görə, artıq
"Brent" markalı neftin
qiyməti 21 iyul
2015-ci il tarixindən bu yana ilk dəfə olaraq bir barrelə
görə 57 dolları
ötüb. Qeyd olunduğu kimi,
buna əsas səbəb Vyanada OPEK və qeyri-OPEK ölkələrinin hasilat
səviyyəsilə bağlı
razılıq əldə
etmələridir. Belə ki,
qeyri-OPEK ölkələri
gündəlik neft hasılatını 600 min barreldən
çox olmaqla azaldacaqlarına dair
OPEK ölkələri ilə
razılığa gəlib.
Hələ noyabrın 30-da OPEK-in Vyanada keçirilən
toplantısında gündəlik
neft hasilatının
1,2 milyon barrel azaldılması qərara
alınaraq, qeyri-OPEK
ölkələrinin də
öz hasilat proqramlarında dəyişiklik
etməsi üçün
məsləhətləşmələr
aparılmışdı. Artıq qeyri-OPEK ölkələri,
o cümlədən Azərbaycan
da bu təşəbbüsə
qoşularaq, dünya
bazarlarında neftin
qiymətinin sabitləşməsi
və tələb-təklif
mütənasibliyinin qorunması
məqsədilə hasilatın
azalmasına dair qərar qəbul edib. Bu razılaşma
hər iki tərəf arasında
15 ildən bəri qəbul edilmiş ilk birgə paktdır. Razılaşma ümumilikdə 25 ölkə tərəfindən
dəstəklənir.
Həm
OPEK, həm də qeyri-OPEK ölkələri
gələn il yanvarın 1-dən
etibarən razılaşmaların
tətbiqinə başlayacaq.
Bildirək ki, OPEK-ə üzv
olmayan ölkələrin
neft hasilatını
azaltmasına dair dəqiq məlumatlar da açıqlanıb.
Razılığa əsasən,
Malayziya neftin səviyyəsini sutkada
20 min, Ekvatorial Qvineya
12 min, Bəhreyn isə
10 min barrel azaldacaq. Cənubi Sudan hasilatı sutkada 8 min
barrel, Sudan və Bruney
isə hər biri 4 min barrel aşağı
salacaq. Azərbaycan,
Rusiya, Meksika, Qazaxıstan və digər ölkələr
üçün hasilatın
azaldılması həcmləri
barədə də məlumatlar bəllidir.
Belə ki, Rusiya sazişə görə hasilatı
300 min, Meksika 100 min, Oman 45 min, Azərbaycan 35 min, Qazaxıstan
isə 20 min barrel azaldacaq. Ümumilikdə kartelə daxil
olmayan 11 ölkə
neft hasilatını
sutkada 558 min barrel azaltmış
olacaq.
Azərbaycanın energetika naziri Natiq Əliyev bütün bunları yüksək qiymətləndirir. Onun sözlərinə görə,
görüşdə OPEK ölkələri gündəlik
neft hasilatını
32,5 milyon barrel həcmində saxlamaqla
bağlı öhdəliklərini
bir daha təsdiqləyərək, bu
həcmdən çox
neft istehsal etməyəcəklərini bəyan ediblər: "Görüşdə OPEK-ə üzv olmayan 11 ölkə də iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən
gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə
razılıq əldə
olunub. Razılaşmaya əsasən, Azərbaycan
üçün bu göstərici sutkada
35 min barrel müəyyənləşdirilib".
Nazir bildirib ki, qəbul edilən qərarın icrasına
nəzarət məqsədilə
Rusiya və Küveytin rəhbərliyi
ilə Monitorinq Komitəsinin yaradılması
məqsədəuyğun hesab edilib. OPEK və təşkilata
daxil olmayan ölkələr razılığa
gəliblər ki, neft bazarında qiymətlərin sabitliyinin
uzunmüddətli olması
üçün mütəmadi
görüşlər keçirilsin.
Eyni zamanda, tədbirdə iştirak etməyən
digər qeyri-OPEK ölkələri də
bu sazişə qoşulmağa dəvət
olunub. Bütün bunlar neft gəlirlərinin, digər
ölkələrdə olduğu
kimi, Azərbaycanda
da artmağa doğru gedəcəyini
təsdiq edir. Amma Azərbaycan, buna paralel olaraq, həm də qeyri-neft sektorunu sürətlə
inkişaf etdirməyə
xüsusi diqqət yetirir. Vaşinqtonun
"Frontier Strategy Group" konsaltinq şirkəti məhz bu fonda
Azərbayanda davamlı
iqtisadi artımın
olacağını bəyan
edir. Qurumun analitik hesabatında
qeyd olunur ki, 2017-ci ilin büdcəsi neftin bir barrelinin orta illik qiyməti
40 dollar nəzərdə tutulmaqla konservativ
model üzrə formalaşdırılıb.
Həmçinin bildirilir
ki, hökumət hər il
öz xərclərini
5 faiz səviyyəsində
azaltmağa başlayacaq.
"Frontier Strategy Group"un
proqnozuna görə,
daxili və idxal məhsullarının
cəmləşdirilməsi Azərbaycan iqtisadiyyatının
artımına səbəb
olacaq və bu çərçivədə
artıq bir sıra idxal mallarının rüsumu
artırılıb. "Azərbaycan Respublikasının
milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi" fonunda
isə qeyri-neft sahəsi üzrə iqtisadi artım daha dinamik xarakter ala bilər.
Burada nəzərdə
tutulan planlar hesabına Azərbaycan
hökuməti Azərbaycan
Dövlət Neft Fondunun (ARDNF) dövlət
büdcəsi gəlirlərindəki
payını təxminən
3 dəfə azaltmağı
planlaşdırır: "Bu gün dövlət sektorunda xərclənən
hər ikinci manat (təqribən 50%-i) ARDNF-dən edilən transfertlərin
hesabına maliyyələşdirilir.
Bu rəqəm 2025-ci ilə qədər 15%-ə
endirilməlidir. ARDNF-in
transfert edə biləcəyi məbləğ
onun gəlirləri
ilə, yəni neftin qiymətləri ilə sıx əlaqələndirilib. Bu asılılıq Azərbaycan iqtisadiyyatına
neft qiymətlərindəki
dəyişikliklərin ciddi təsirinin əsas səbəblərindən
biridir. İqtisadiyyatda özəl investisiyaların
payını artırmaq
üçün sabit
artım tempinin olması çox vacibdir və dövlət büdcəsinin
Fondun transfertlərindən
daha az asılı olmasını
tələb edir".
Bütün bunlar o deməkdir
ki, neft gəlirlərinin artması
ilə yanaşı,
Azərbaycan qeyri-neft
sektorundan da böyük həcmdə
gəlir əldə
edəcək.
Tahir TAĞIYEV
Bakı
xəbər.- 2016.- 13 dekabr.- S.10