Heydər Əliyev azərbaycançılıq məfkurəsi

 

Bu gün xalqımızda yaşanan və yaşadılan azərbaycançılıq məfkurəsi dünya azərbaycanlılarının bir ideya, eləcə də ideologiya istiqamətindəki fəaliyyətində olduqca zəruri və həssas amil kimi dəyərləndirilməkdədir. Azərbaycançılıq vahid və bölünməz Vətən, birlik və həmrəylik, dünyanı tanımaq və dünyaya öz milli "mən"inlə tanınmaq deməkdir. Belə ki, dünyaya səpələnmiş 50 milyonluq Azərbaycan xalqının bu ideya, bu məfkurə ətrafında birləşməsi milli həmrəyliyin yaranmasında ümdə rola malikdir. Təsadüfi deyil ki, azərbaycançılıq amili eyni zamanda birləşdirici bir məfhum kimi qəbul olunur. Bu faktor da ondan irəli gəlir ki, azərbaycançılıq məfkurəsi ətrafında, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdəki bütün insanlar birləşib və Azərbaycanda yaşayan bütün xalqlar azərbaycançılığı birləşdirici, vəhdət yaradıcı bir ideya kimi dəyərləndirirlər. Bu baxımdan, azərbaycançılıq ideologiyası demək olar ki, xalqımızın bütün spektrini əhatə edir. Lakin burada tarixi faktlar da mövcuddur ki, onları səhifələdiyimiz zaman bir çox maraqlı məqamlara və dəlillərə istinad etmək mümkün olur. Belə ki, qədim dövrlərdən başlayaraq bugünümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq məfkurəsi özündə əhəmiyyətli təşəkkülünü tapmışdır.

Birmənalı şəkildə qeyd edə bilərik ki, azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən idealogiyaya, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi məhz xalqımızın dahi şəxsiyyəti Heydər Əliyevin tarixi xidmətidir. Belə ki, uzun illərdən bəri müxtəlif təzyiqlərə, müdaxilələrə ən çox məruz qalan xalqlardan olan Azərbaycan xalqı ərazi bütövlüyünü, siyasi birliyini itirsə də, tarixi təfəkkürünün bütövlüyünü, monolitliyini heç bir vaxt itirməyib. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin yaranmasında, inkişafında və ən nəhayət, yeni tarixi şəraitə uyğun interpretasiya edilməsində - modern səviyyədə təsvirində və həmin ideologiyanın tarixdə ilk dəfə əbədi olaraq həyata keçirilməsində mənsub olduğu millətlə birlikdə apardığı mübarizə, ən nihilist "dostlarımızın" belə inkar edə bilməyəcəyi bir hadisədir.

Ulu Öndər Heydər Əliyevin hansı səviyyədə azərbaycançı olması, milli ideologiyamızın inkişafı, həyata keçirilməsi tarixindəki rolu barədə fikirləri araşdırarkən, eyni zamanda daha bir mühüm gerçəkliyi xatırlamaq kifayət edər ki, O, məfkurə olaraq meydana çıxandan bəri azərbaycançılıq ideallarına bir millətin müqəddəratını təyin edəcək qədər rəsmi məzmun- mündərəcə vermiş dahi kimi tariximizdə müstəsna yerini tutub. Azərbaycançılığın tarixi isə, əslində, Azərbaycan xalqının tarixi qədər qədimdir. Hər şeydən əvvəl ona görə ki, bu və ya digər xalq, etnos özünün ümummilli məfkurəsini - həyat fəlsəfəsini bütün mövcudluğu boyu formalaşdırır. Bu zaman tarixin elə bir dövrü gəlir ki, xalqın böyük mütəfəkkirlərində təmsil olunan idrakı uzun əsrlər ərzində təbii şəkildə formalaşmış həmin özünəməxsus məfkurəni formulə edir. Bu baxımdan, qənaətə gəlmək mümkündür ki, Ulu Öndər Heydər Əliyevin ümummilli lider mövqeyinə yüksəlməsi ilə tariximizdə yeni dövr - azərbaycançılıq ideologiyası təməlində milli məfkurə dövrü başladı.

Dahi şəxsiyyət Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim - azərbaycançılıq ideologiyasını da yaratdı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanda keçmiş kommunist ideologiyasından imtina edilmişdi. Lakin xalqı səfərbər edən, onun kimliyini, yaratdığı dövlətin xarakterini, milli-mənəvi dəyərlərini qoruyub saxlayacaq, yönəldəcək milli sistem və ideya da ortaya qoyulmamışdı. Keçmişin bütün varlıqlarından, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən total imtina meyili Azərbaycanda, sözün həqiqi mənasında, ciddi ideoloji boşluq yaratmışdı. Əlbəttə, cəmiyyətin ideyasızlaşdırılması meyili, bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən 1991-1993-cü illərdə Azərbaycanı idarə edənlərin aydın məqsəd və məramının yoxluğundan, idarə etdikləri dövlətin siyasi, iqtisadi, mədəni və mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamasından irəli gəlirdi. Məhz bu kimi amilləri nəzərə alaraq qeyd etmək mümkündür ki, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın, milli konsepsiyanın yaradılması dövlət siyasəti səviyyəsinə qaldırıldı. Məhz Heydər Əliyevin tarixi xidmətləri fonunda azərbaycançılıq məfkurəsinin formalaşması Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn davamlı təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Çünki azərbaycançılıq məfkurəsi bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir.

Bir faktı da xüsusi vurğulamaq mümkündür ki, başqa sahələrdə olduğu kimi, milli-ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini saxladı və vaxtilə məhz onların birləşdirici ideya kimi irəli sürdüyü azərbaycançılıq ideologiyasına müraciət etdi. Heydər Əliyev qeyd edirdi ki, milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Azərbaycançılıq ideologiyası bir məfkurə kimi, məhz Ulu Öndər Heydər Əliyevin dövründə mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasətinə çevrildi.

Ümummilli Lider Heydər Əliyev öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması xalqımızın böyük sərvətidir və Azərbaycan xalqı bu önəmli amili qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təbliğ etməlidir: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib".

Azərbaycanda vətəndaş sülhünü, ümumxalq vəhdətini, milli və dini tolerantlığı təmin edən ideologiya olaraq azərbaycançılığın digər tarixi missiyası dünya azərbaycanlılarının, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin təmin olunmasından ibarətdir. Ulu Öndər Heydər Əliyev xarici dövlətlərə ilk səfərlərindən başlayaraq, getdiyi hər bir ölkədə yaşayan həmvətənlərimizlə - oradakı azərbaycanlı icmasının böyük və ya kiçikliyindən asılı olmayaraq - görüşlər keçirir, onların problemləri, qayğıları ilə maraqlanır, tövsiyyələrini verirdi. Onun məqsədi və idealları sayənidə xarici ölkələrdə yaşayan soydaşlarımızda müqəddəs məfkurə faktoru əsas xətt kimi öndə tutuldu.

Bu baxımdan Dahi Öndər Heydər Əliyevin 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I qurultayında bəyan etdiyi tezislər əslində azərbaycançılıq məfkurəsinin, Azərbaycan təəssübkeşliyinin ən lakonik, ən bariz və özündə tarixi möhtəşəmliyi ehtiva edən ifadəsi idi: "Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq".

Artıq tam əminliklə qeyd etmək olar ki, nəcib, milli təəssübkeşliyə söykənən müqəddəs arzu bu gün uğurla həyata keçməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi altında, dövlət siyasətinin bütün sahələrində olduğu kimi, azərbaycançılıq məfkurəsinin ümummilli ideologiya timsalında möhkəmlənməsi istiqamətində ardıcıl addımlar atılır. Hazırda qeyd edilən nöqteyi-nəzərdən bir daha qənaətə gəlmək mümkündür ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq məfkurəsi amili Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideoloji əsasını təşkil edir. Biz Vətənini, dövlətini, xalqını sevən vətəndaş olaraq, bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün bu ideologiya, bu məfkurə mədəniyyətlərarası dialoqa mühüm bir körpüdür.

Odur ki, azərbaycançılıq fəlsəfəsini vahid Azərbaycanın ideya əsası, dünya azərbaycanlılarını birləşdirən ortaq dəyər və Azərbaycanı dünyaya tanıdan milli-mənəvi irs olaraq öyrənmək və təbliğ etməklə yanaşı, onu milli-dövlətçilik ənənəsinin mühüm postulatı kimi də diqqətdə saxlamaq gərəkdir. Bu baxımdan əminliklə qeyd etmək olar ki, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, sürətlə dünyaya inteqrasiya olunduğu indiki vaxtda Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş azərbaycançılıq məfkurəsinin milli-ideoloji plast olaraq dərindən tədqiqi, onun dünya azərbaycanlıları arasında və bütövlükdə beynəlxalq miqyasda təbliği təkcə bugünün deyil, həm də sabahın tələbidir.

 

İradə Sarıyeva

Bakı xəbər.- 2016.- 13 dekabr.- S.15