Bişkek də Rəşid Behbudovun 100 illiyinə
və Müslüm Maqomayevin
yaradıcılığına həsr olunmuş
qalakonsert keçirilib
.
2016-cı
dekabrın 17-də Bişkek şəhərində
Abdılas Maldıbayev adına Qırğız Milli
Akademik Opera və Balet teatrında Rəşid
Behbudovun anadan olmasının 100 illiyinə və
Müslüm Maqomayevin yaradıcılığına
həsr olunmuş "Göy əbədiyyət"
adlı qala-konsert keçirilib.
Tədbirin əvvəlində teatrın foyesində qonaqları Qırğızıstanda yaşayan azərbaycanlıların İctimai Birliyi olan "Azəri"nin musiqi ansamblı Azərbaycanın milli mahnıları ilə qarşılayıb.
Ağzınacan tamaşaçılarla dolu nəhəng salonda Qırğız Respublikasının rəsmiləri, görkəmli ziyalılar - elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri, soydaşlarımız iştirak edib.
A.Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının baş direktoru Bolotbek Osmonov gecəni açaraq, rəhbərlik etdiyi teatrda növbəti dəfə Azərbaycan mədəniyyətilə bağlı belə böyük tədbirin keçirilməsinə görə böyük fəxr və həyəcan duyğusu yaşadığını, qala-konsertin dahi sənətkarlar Rəşid Behbudov və Müslüm Maqomayevə həsr olunmasının xüsusi önəm daşıdığını, qırğız xalqının onlara böyük rəğbət və sevgi bəslədiyini qeyd edib.
Baş direktor belə tədbirlərin hazırlanmasında və keçirilməsində verdiyi ardıcıl dəstəyə görə Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyinə minnətdarlığını bildirib.
Sonra Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Hidayət Orucov çıxış edərək, qırğız xalqının Azərbaycanın dahi sənətkarlarını qiymətləndirdiyinə görə təşəkkürünü bildirib.
Səfir son zamanlar həm Azərbaycanda, həm də Qırğızıstanda bir çox vacib tədbirlərin keçirildiyini qeyd edib.
Hidayət Orucov xüsusilə vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Qırğızıstan Prezidenti Almazbek Atambayevin apardıqlarıı siyasətin nəticəsi olaraq dövlətlərimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq daha da möhkəmlənib. Bu müddət ərzində ölkələrimiz arasında mədəni mübadilə gücləndirildiyini deyən səfir son illər humanitar sahədə çoxsaylı tədbirlərin bəzilərini xüsusilə qeyd edib. H.Orucov qısa müddət ərzində Azərbaycan və Qırğızıstan respublikaları və xalqları arasında əməkdaşlığın dərinləşməsi və möhkəmlənməsi, genişlənməsi, sonrakı inkişafı üçün möhkəm təməllərin qoyulduğunu qeyd edib. O, belə tədbirlərin təşkil olunmasının iki qardaş xalqı daha da yaxınlaşdırdığını deyib.
Səfir Rəşid Behbudovun səsinin Azərbaycan xalqının milli sərvəti olduğunu və onun öz xalqına möhkəm bağlılığını vurğulayaraq, Rəşid Behbudovun Sovetlər İttifaqında ən məşhur ifaçılardan biri olduğunu, həmçinin o vaxtlar Azərbaycanın müstəqil ölkə olmamasına baxmayaraq, Rəşid Behbudovun Azərbaycanın yüksək mədəniyyətini layiqincə təmsil etdiyini qeyd edib, Rəşid Behbudovun hərtərəfli istedadlı insan olduğunu və onun aktyor kimi fəaliyyətinin də hər zaman sevildiyini, filmlərdə oynadığı rolların qızıl fonda daxil olduğunu deyib.
Səfir H.Orucov ulu öndər Heydər Əliyevin həm Rəşid Behbudovun, həm də Müslüm Maqomayevin yaradıcılığına böyük dəstək və qayğı göstərdiyini, onlarla isti münasibətinin olduğunu qeyd edib.
Müslim Maqomayevin əsrin qızıl səsi kimi qəbul edilməsinin tamamilə düzgün olduğunu deyən səfir onun hər yerdə özünü böyük fəxrlə azərbaycanlı kimi təqdim etdiyini, vətəndaşlıq milliyyətini soruşduqda isə Azərbaycanı atası, Rusiyanı isə anası kimi qəbul etdiyini söylədiyini qonaqların diqqətinə çatdırıb.
Prezidentİlham Əliyevin Sərəncamları və birbaşa tapşırıqları ilə ölkəmizdə iki korifey sənətkarın adına prospektlərin, incənət mərkəzlərinin, məktəblərin olduğunu, onların adlarına gəmilərin istifadəyə verildiyini xüsusilə vurğulayan səfir sonra Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinə, Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının istedadlı kollektivinə, unudulmaz gecənin keçirilməsində zəhmət çəkən bütün şəxslərə, Qırğızıstanda yaşayan həmyerlilərimizə Rəşid Behbudov və Müslüm Maqomayevə göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Sonda səfir 31 dekabrın Dünya azərbaycanlılarının həmrəyliyi günü barədə məlumat verərək, Qırğızstanda yaşayan 20 minə yaxın azərbaycanlını bu bayram münasibətilə təbrik edib. Hidayət Orucov bütün tamaşaçıları qarşıdan gələn Yeni 2017-ci il münasibətilə də təbrik edərək, Azərbaycanı, Rəşid Behbudov və Müslüm Maqomayev kimi azərbaycanlıları unutmadıqları üçün onlara təşəkkür edib.
Konsertdə Rəşid Behbudovun repertuarından, Müslüm Maqomayevin, Üzeyir Hacıbəyovun əsərlərindən, həmçinin Sevil Əliyevanın, Gövhər Həsənzadənin musiqilərindən nümunələr səslənib. Qala-konsertdə Qırğızstanın populyar opera müğənniləri: Qırğız Milli Akademik Opera və Balet teatrının baş konsertmeysteri Yuliya Babiç və solistlər Almaz İstambayev, Ayzirek Momunova, Yelena Ovçinnikova, Elnura Kanatbekova, Said Bekmuratov, Aleksandr Donis, Kamçıbek İsenbayev, Anton Leshov ilə yanaşı həmyerlimiz Faiq Baxışev, "Almaz-studio" adlanan qrupun uşaqları, "Bişkek Biq-bend" rəqs qrupu çıxış edib. Bir çox mahnıların Azərbaycan dilində səsləndiyi konsert Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə bitib.
Qırğızıstan mediasında geniş işıqlandırılan Qala-konsert yaxın günlərdə göstərilmək üçün ölkənin əsas dövlət kanalı olan İctimai Televiziya (KTRK) vasitəsilə lentə alınıb.
Bakı
xəbər.- 2016.- 20 dekabr.- S.10