Cek kəndi və ceklilər azərbaycançılıq ideologiyasının daşıyıcıları kimi...
ı yazı
Azərbaycan tarixində izi olan toplumlardan biri kimi ceklilərin özünəməxsus yeri var. Ceklilər Azərbaycanda yaşayan etnik toplumlardan biri kimi ölkəmizin həyatında mühüm rol oynayıb.
Keçən yazımızda ceklilərin tarixdə qoyduğu izləri araşdırdıq. Bu dəfə də fikrimizi davam etdiririk. Bildiyiniz kimi, bu işdə bələdçim Sumqayıt Təhsil İdarəsinin metodisti, "Cek Cəmiyyəti" İctimai Birliyinin sədri Əlhəddin Cekli Paşayev oldu. Ə.C.Paşayev fikrini davam etdirərək qeyd etdi ki, cek dili Dağıstan qrupuna daxil olan əksər dillər kimi yazısızdır və şifahi dildir: "Müasir dövrdə tədricən silinməkdə olan dillər sırasına daxil edilən bu dilin gediş-gəlişi çətin olan ucqar Cek kəndində indiyə kimi mövcudluğunu qoruyub saxlamasının əsas səbəbi cek dilinin başqa dillərin təsirinə məruz qalması olub. Lakin son zamanlar bu dildə gedən güclü dəyişikliklərə əsaslanaraq gələcəkdə onun canlı dillər sırasından çıxacağını ehtimal etmək olar. Məhz buna görə də bu dilin quruluşunu qeydə almağa, hərtərəfli öyrənməyə çox böyük ehtiyac var. Xüsusilə də cek dilinin ceklilərin özləri tərəfindən tədqiq edilməsinə daha böyük ehtiyac var. Çünki hər bir dilin onun öz nümayəndələri, həmin dili bütün incəlikləri ilə bilən savadlı dilçilər tərəfindən tədqiq olunması daha mükəmməl elmi nəticəyə gətirib çıxara bilər. Əfsuslar olsun ki, hələlik ceklilərin bu sahədə çalışan bir peşəkar nümayəndəsi olmayıb. Heç bir əlifbaya malik olmasa da, ceklilər bu dildə yazıdan istifadə edib və indinin özündə də istifadə edir. Lakin onlar bu zaman əvvəllər ərəb əlifbasından istifadə edirdisə, hazırda yaşlı nəsil daha çox kiril, gənc nəsil isə latın əlifbasından istifadə edir. Ancaq qeyd etmək lazımdır ki, cek dilində olan fonemləri olduğu kimi yazıya köçürmək üçün həm ərəb, həm kiril, həm də latın əlifbasının imkanları olduqca məhduddur. Bu əlifbalardan heç birinin cek dilinin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmaması bunda maraqlı olan mütəxəssisləri cek dilinin əlifbasının tərtibi problemi üzərində düşünməyə vadar edir. Bu problemin həlli məqsədilə Tarxan Paşazadə də müəyyən təşəbbüslır göstərib ki, bunlardan da gerçəkləşməsi daha real görünən, hələlik şərti olaraq "Xana əlifbası" adlandırılan cek dilinin əlifbası layihəsidir. Bu əlifba layihəsi üzərində iş tamamilə yekunlaşdıqdan sonra cek dili də dünyanın yazılı dilləri sırasına qatılacaq. Lakin hələ də bu dilin vahid əlifbasının olmamasına baxmayaraq, dilini mükəmməl bilən ceklilər bu dildə müxtəlif əlifbalarla - əsasən kiril və latın əlifbalarında yazılmış yazıları tam olaraq başa düşür və anlayır. Bir məqamı da qeyd etmək istəyirəm ki, artıq latın əlifbası ilə ilk "Cekcə-Azərbaycanca lüğət"in hazırlanma prosesi üzərində işləri yekunlaşdırmaqdayam.
Sovet dövründə şahdağlılar və onların dilləri həm də mərkəzi şəhərlərdəki alimlərin, respublika ziyalılarının diqqətini cəlb edib".
O vurğulayır ki, bu dövrün dilçilik ədəbiyyatında tez-tez Xınalıq, Buduq, Qrız, Haput, Cek, Əlik, Yergüc kəndlərinin hər birində bir müstəqil dilin mövcudluğundan söhbət gedib (bu kəndlərin hər birinin özünün ana dili var və onlar dillərini yaşadır - Ə.C.P). Müsahibimizin bildirdiyinə görə, hətta N.Marr, N.Yakovlev, R.Şor, L.Jirkov və başqa mütəxəssislər dünya dillərini təsnif edərkən Şahdağ dillərinin yeddi dildən ibarət olduğunu göstərib: "Qeyd edək ki, 7 Şahdağ dilindən biri olan cek dili barədə bizə məlum olan ilk məlumat R.Fon Erkertin 1895-ci ildə Vyanada alman dilində nəşr olunan "Qafqaz köklü dillər" əsərində verilib. İki hissəli həmin əsərin birinci hissəsində 545 almanca sözün Qafqaz dilində səslənməsi əksini tapıb. Müəllif Qafqazda yaşayan 30 xalqın dilindən, o cümlədən Buduq, Xınalıq, cek dillərindən (Qrız, Haput, Əlik və Yergüc dilləri göstərilməyib - Ə.C.P) istifadə edərək maraqlı lüğət tərtib edib. Belə ki, hər hansı söz başlıqda alman, ingilis və fransız dillərində göstərilir və sonra Qafqazdakı 30 dildə onun qarşılığı verilir. Cek dili hər yerdə 18-ci qrafada, Buduq 17-də, Xınalıq 19-da əks olunub. Şahdağın ətəklərində yayılmış dilləri bildirən "Şahdağ dilləri" termini elə həmin müəllifə məxsusdur. Dilçi alimlərin fikrincə, R.Erkertin əsəri bir sıra qüsurlara malikdir və müəyyən elmi əhəmiyyət kəsb etmir. Kitabda Qafqaz dillərinə aid verilmiş materialda nəzərə çarpan uyğunsuzluqlar bunu bir daha sübut edir. Cek dili barədə bəzi mülahizələrə bir sıra digər müəlliflərin əsərlərində də təsadüf olunur. N.Y.Marrın cek dilini digər Şahdağ dilləri ilə birlikdə Qafqaz dillərinin "Şərq (ləzgi) qrupu"nun Kürə qəbilələri bölməsinə daxil etməsi, N.Yakovlevin cek dilini Qafqaz dillərinin Şərq qrupunun "Ləzgi-Samur yarımqrupu"na aid etdiyi Samur qismi hesab etməsi, A.Qleyerin isə ötən əsrin əvvəllərində "cek-buduq dili" terminini işlətməsi və digər bu kimi mülahizələr mühüm elmi əhəmiyyət kəsb etməsə də, fakt olaraq dilçilik ədəbiyyatına daxil olunub.
Cek dilinin türk dillərindən xeyli fərqlənməsinə baxmayaraq, tarix boyu türk dünyasına inteqrasiyaya meylli olan ceklilər özlərini "Qafqaz türkü" hesab edir. Azərbaycanlıların tərkib hissəsi olan ceklilər özlərini "azərbaycanlı" kimi qeyd edir. Onlar digər xalqlarla, xüsusən də Azərbaycanda yaşayan milli etnik qruplarla, daha çox isə "Şahdağ qrupu" xalqları olan buduqlular, əliklilər, haputlular, xınalıqlılar, qırızlılar, yergüclülər, həmçinin qalayxudatlılarla qaynayıb-qarışıb və çox geniş qohumluq əlaqələrinə malikdir. Onlar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində mümkün olduğu qədər yaxından iştirak edir. Hazırda ceklilər arasında çoxlu sayda ali təhsilli mütəxəssis var. Ceklilərin əksəriyyəti isə, xüsusilə Quba-Xaçmaz bölgəsində yaşayanlar əsasən kənd təsərrüfatı ilə məşğul olur.
Ceklilərin adət və ənənələri daha çox oğuz türklərinin adət-ənənələri ilə yaxındır. Onların əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və toxuculuq olub. Kişilər əsasən qoyunçuluqla, qadınlar yundan müxtəlif məmulatlar - xalça, palaz, kilim, şal, corab toxumaqla məşğul olurdu. Cek kəndi Quba xalçalarının ən parlaq kompozisiyalarından biri olan "Cek xalçaları"nın mərkəzləşmiş məntəqəsi hesab olunur. Qeyd edim ki, "Cek xalçaları" Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir.
Ənənəvi olaraq Azərbaycan mətbəxinin zəngin nümunələrindən bəhrələnən Cek mətbəxi bu müstəvidə də özünəməxsusluğu ilə fərqlənir. Cek mətbəxini Azərbaycan mətbəxindən fərqləndirən əsas cəhət isə budur ki, burada xüsusi hazırlanan bəzi mətbəx nümunələri mövcuddur. Bunlara misal olaraq curum, qiləc, çama-fu, sərgil-afar və boqortc-halva kimi nümunələri sadalamaq kifayətdir".
Ə.S.Paşayevin qeyd etdiyinə görə, son bir neçə əsrdə ceklilərin kütləvi şəkildə kəndi tərk edərək aran ərazilərə axışması onların məşğuliyyətinin də xeyli dəyişməsi ilə nəticələnib. Onun verdiyi məlumata görə, Cek kəndinin hələ sovet dönəmində qonşu kəndlərlə birləşdikləri K.Dmitrov adına sovxozu təxminən 50 min baş, sovxozun sakinləri isə 25 min baş qoyuna sahib olub, Azərbaycanın ən böyük qoyunçuluq təsərrüfatı sayılırdı: "1991-ci ildə sovxoz iki yerə -X.Səfərəliyev adına və Xınalıq kənd kolxozlarına bölündü. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu kolxozlara məxsus əmlak bölgü əsasında camaata paylanıb. Cek kəndində məskunlaşan ceklilərin müasir nümayəndələrinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə yalnız heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqda, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1-15-i arası yaylağa çıxarırlar. Lakin vaxtilə əkin yerləri olmuş dağ yamaclarından ibarət olan bu ərazilər uzun illər mal-heyvan və qoyun-quzuların bu sahədə otarılması nəticəsində orta və şiddətli sel və külək eroziyasına məruz qalıb. Uzun illər əkilmədiyi üçün hazırda buralarda heyvandarlığı inkişaf etdirmək çox çətinləşib. Yaylaqların otvermə qabiliyyəti ilbəil azalır".
Bu gün digər yerlər kimi, Cek kəndinin də simasının xeyli dəyişdiyini vurğulayan Ə.C.Paşayev bildirdi ki, kəndin əlverişli coğrafi mövqeyi, xüsusilə də son illər Azərbaycanın iqtisadi inkişafının surətlə artması bu regionda turizmin inkişafına doğru ilk addımların atılmasına səbəb olub: "Bu amil ceklilərdə turizm sektoruna çox böyük maraq yaradıb. Hazırda Cek kəndi Quba-Təngəaltı-Xaltan və Quba Qəçrəş-Minarə istiqamətləri ilə birlikdə rayonda turizmin inkişafının üç əsas istiqamətindən biri olan Quba-Cek-Xınalıq istiqamətinin mərkəzində yerləşir.
Əsl səyahət, istirahət, turizm məskəni olan Cek kəndinin əhalisinin əvvəllər rayon mərkəzi, aşağı kəndlərlə əlaqəsi payız-qış vaxtı tamamilə kəsilir, yaz-yay aylarında isə çox çətinliklə mümkün olurdu. Həmin dövrdə ceklilər nəqliyyat vasitəsi kimi əsasən "QAZ-66", "QAZ-53", "ZİL","UAZ" "Niva" markalı avtomobillərdən və xüsusilə də atdan istifadə edirdi.
Gediş-gəlişi yaxşılaşdırmaq məqsədilə hələ 1987-ci ildə Quba-Qəçrəş-Qrızdəhnə-Xınalıq adlandırıan bu avtomobil yolunun tikintisi cənab Prezident İlham Əliyevin göstərişi ilə başa çatdırılıb. Nəticə olaraq dövlət başçısı 2006-cı il oktyabr ayının 7-də özü şəxsən 57 kilometrlik Quba-İspik-Xınalıq yolunun istifadəyə verilməsi mərasimində iştirak edib, "Leksus" markalı avtomobilin sükanı arxasında əyləşərək, xanımı Mehriban Əliyeva ilə birlikdə Xınalıq kəndinə gedib və yolüstü Cek kəndində də olub.
Həmçinin, 2006-cı ilin əvvəllərində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına əsasən, Cek kəndində hələ 1928-ci ildə yaradılan məktəbin son illərdə tamamilə yararsız vəziyyətə düşmüş binası yenidən inşa edilərək istifadəyə verilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Xınalıq kəndində konteyner formasında olmaqla 128 nömrəlik, Əlik kəndində isə 64 nömrəlik elektron ATS-lərin quraşdırılmasını, yeni ATS-lərin keyfiyyətli işini təmin etmək üçün Söhüb və Əlik kəndləri arasında 10 km-lik, Əlik və Xınalıq kəndləri arasında 16 km-lik fiberoptik kabel xətlərinin çəkilişini, Qrız kəndində 4 ədəd, Qırızdəhnə kəndində 8 ədəd peykdən qəbul üsulu ilə telefonun verilməsini, Bostankeş yaşayış məntəqəsinə, Cek, Haput, Qalayxudat kəndlərinə telefon çəkilşini, Əlik kəndində yeni televiziya stansiyasının və FM vericisinin quraşdırılmasını, sakinlərin müraciətlərinə əsasən Xınalıq kəndində AzTV və İTV-dən başqa "Lider" TV-nin də yayımını, Xınalıq kəndində "Azərcell" mobil telefon rabitəsinin yayılmasını təmin edib. Bununla da Şahdağ platosunda yerləşən ən ucqar yaşayış məntəqələrinin sakinləri dünyanın istənilən nöqtəsi ilə telefon və internet rabitəsi yaratmaq imkanı əldə edib.
Bir məqamı da qeyd edim ki, hələ mərhum prezident Heydər Əliyevin sovet dövründə respublikamıza rəhbərliyi vaxtında da ölkədəki mədəni quruculuq işləri şahdağlılardan da yan keçməyib. Belə ki, 1974-cü ildə Qrız, Buduq, Xınalıq, Haput, Əlik və Cek kəndlərinə elektrik enerjisinin verilməsi bu əhalinin həyatında, məişətində mühüm hadisə oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli, 2563 nömrəli Sərəncamına əsasən, qədim tarixi olan, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən, özünəməxsus coğrafi mövqeyə və unikal memarlığa malik Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilməsi isə "Şahdağ qrupu"na daxil olan milli etnosların mədəni həyatında ən yeni səhifələr açıb. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli, 220 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi təsdiq edilib.
Dövlətimizin rəhbərliyi tərəfindən həyata keçirilən bu kimi tədbirlərin siyahısı daha da zənginləşməkdədir. Bütün bunlar xalqımızın milli özünüdərk prosesini gücləndirir, azərbaycançılıq ideologiyasının vasitəsilə dövlətçiliyimizin möhkəmlənməsinə zəmin yaradır. Ceklilərlə birlikdə bütün "Kiçik yeddilər" Azərbaycanımızın digər xalqları ilə yanaşı, ölkəmizin zəngin mədəniyyətinin bərpasına və onin qorunub saxlanmasına öz dəyərli töhfələrini verir, böyük və güclü Azərbaycan uğrunda inamla addımlayır".
Cek kəndini və ceklilərin tarixini, həyat tərzini, məşğuliyyətini, demoqrafik gedişatını araşdırlıq. Açığı, o qədər maraqlı faktlarla qarşılaşdıq ki, bu bizi təəccübləndirdi, sevindirdi. Nə yaxşı ki, Azərbaycan var, onun möhtəşəm azərbaycançılıq ideologiyası və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, bu ideologiya ətrafında birləşən azərbaycançılar var.
İradə SARIYEVA
Bakı xəbər.- 2016.- 20 dekabr.- S.15