Sadıqcan
irsi və azərbaycançılıq...
Azərbaycançılıq ideologiyasını
yaşadan, ifadə edən məfhumlar sırasında
milli musiqi alətlərimiz, onların
ifaçıları xüsusi yer tutur. Tar deyəndə
yaddaşımızda tariximizin neçə-neçə
səhifələri vərəqlənir, dahi sənətkarlar
yada düşür. Təbii ki, burada
müasir Azərbaycan tarının atası
Sadıqcanın adını xüsusi qeyd etməliyik.
Sadıqcan-Mirzə Sadıq (əsl adı Mirzə
Sadıq Əsəd oğlu Sadıqcan) görkəmli Azərbaycan
musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən
sənətkar kimi tarixə düşüb. Bu qüdrətli
şəxsiyyət virtuoz tarzən kimi Qafqazda və
İranda geniş şöhrət qazanıb. Tədqiqatçıların
yazdığına görə, tarı təkmilləşdirərək
ona cingənə və kök simləri əlavə edib,
simlərin sayını 5-dən 11-ə
çatdırıb. Sadıqcan ilk dəfə
tarı sinədə (əvvəllər tarı diz
üstündə çalardılar) çalmağa
başlayıb. Tədqiqatçılar
yazır ki, məhz onun təkmilləşdirdiyi Azərbaycan
tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq Azərbaycanın
musiqi simvoluna çevrilib.
Mirzə
Sadıq Əsəd oğlu Sadıqcan 1846-cı ildə Şuşa şəhərində kasıb
bir ailədə anadan olub. Məlumatlara
görə, bütün şuşalılar kimi,
Sadıq da kiçik yaşlarından öz
gücünü xalq mahnılarının və
muğamlarımızın ifası sahəsində
sınayır. Tədqiqatçıların
bildirdiyinə görə, məhərrəmlik təziyələri
zamanı teatrlaşdırılmış şəbih
tamaşalarında iştirak etmək və mərsiyələr
oxumaq savab sayıldığından, evlərinə
tanınmış mərsiyəxan və xanəndələr
dəvət edə bilməyən kasıb ailələr
öz övladlarını uşaq yaşlarından
oxumağa öyrədirdi. Yazılanlara
görə, hətta bundan ötrü Şuşada məxsusi
musiqi məclisləri və məktəblər də
vardı. Tədqiqatçıların
yazdığına görə, demək olar ki,
bütün tanınmış xanəndə və
musiqiçilər şagird götürüb öyrədirdi.
Həmin məclis və məktəblərdən
çıxan məzunların bir çoxu sonralar
bütün Şərqdə məşhurlaşıb,
toylarda, konsertlərdə, el şənliklərində
hörmət qazanıb.
O vaxt
Şuşada seçilib-sayılan müəllimlərdən
biri də Xarrat Qulu Məhəmməd oğlu idi. O, Şərq
musiqisini gözəl bilirdi, yaxşı yaddaşa
malik idi, şeir yazır, musiqi bəstələyirdi,
vokal sənətinin tədrisi üçün
özünəməxsus effektli bir metodika
yaratmışdı. Mirzə Sadıqı
da Xarrat Quluya şagird verirlər. On səkkiz
yaşında səsini itirsə də, ustadının
yanında qazandığı biliklər Mirzə
Sadıqın gələcək fəaliyyətində
müstəsna rol oynayır. Bundan sonra o, tütək,
ney, kamança və tar
çalmağı öyrənir. Bunların
hamısında öz gücünü sınayandan sonra
tarın üzərində dayanır. Görkəmli
Şuşa tarzəni Mirzə Əli
Əsgərin rəhbərliyi altında bu alətdə
çalğının bütün incəliklərinə
yiyələnir. Firudin bəyin
yazdığına görə, "İri əlləri,
uzun və güclü barmaqları olan Sadıq tez bir
zamanda bu sənəti tamam-kamal mənimsəyir və hətta
ustalıqda müəllimini də keçir".
Tədqiqatçılar
yazır ki, bəzən Sadıq çalanda Əsgər
ah çəkib deyərmiş: "Allahın altında
mənim var-dövlətim Sadıqda, onun barmaqları məndə
olaydı".
Mirzə Sadıq Mirzə Əli Əsgərin
ansamblında ikinci rolda olan kamança çalır. Lakin bir dəfə
müəllimi xəstələnir və Sadıq tarda
çalıb öz fenomenal bacarığını
nümayiş etdirmək imkanı tapır. Bu
uğurdan ruhlanan Sadıq bundan sonra özünü
bütövlükdə tara həsr edir
və öz ustalığını get-gedə daha da
artırır. Onun ifaçılıq
texnikası bütün imkanların
hüdudlarını aşırdı.
Mirzə Sadıqın
yaradıcılığı haqqında yazan tədqiqatçılar
qeyd edir ki, o, Şuşadakı məşhur ədəbi
və musiqili məclislərin işində fəal
iştirak edir. Onun məşhur musiqişünas Mir Möhsün
Nəvvabın yaratdıqı "Məclisi-Fəramuşan"
və "Məclisi-xanəndə"nin,
habelə Xurşidbanu Natəvanın məclislərinin
yığıncaqlarına daha tez-tez gəldiyi söylənir.
Tədqiqatçılar yazır ki, həmin
yığıncaqlarda müğənni və
musiqiçilər sınaqdan keçirilir, musiqi nəzəriyyəsinə
dair problemlər müzakirə olunur, poetik əsərlərin
ilk oxunuşları keçirilir, müsabiqə və
yarışlar olurdu. Mirzə
Sadıqın adı artıq qonşu ölkələrə
də yayılırdı. Onu xalq
arasında Sadıqcan çağırırdılar.
Belə bir şərəf Mirzə
Sadıqdan başqa bir də məşhur müğənni
Əbdülbaqi Zülalova müyəssər olub. Belə ki, onu da Bülbülcan
çağırmışlar.
Mirzə Sadıq əvvəlcə
kamançaçalan Ata Bağdagül oğlu ilə
birlikdə Şərqin böyük müğənnisi
Hacı Hüsünü müşayiət edir, sonra isə
şuşalı xanəndə Məşədi
İsinin üçlüyünə keçir. 1880-ci ildə
onu üçlüyün tərkibində Təbrizə,
Nəsrəddin şahın oğlu Müzəffərəddin
Qacar Mirzənin toy məclisinə dəvət edirlər.
Toyda çox sənətkar
çalıb-oxuyur. Lakin Hacı
Hüsü ən yaxşı xanəndə, Sadıqcan
isə ən gözəl tarzən sayılaraq, fəxri
"Şiri-Xurşid" ordeni ilə təltif olunur.
Təbrizdə ikən bir məşhur tarzən
Sadıqcanı yarışa çağırır.
Sadıq bir şərtlə razı olur ki,
tarın qolundakı bütün göstəriciləri
kəssinlər. Bunu görən rəqibi
yarışdan imtina edir və onun sehrli barmaqlarından
öpür.
Bakıdakı
musiqi məclisinin rəhbəri Məşədi Məlik
Mansurovun oğlu, tanınmış tarzən Məşədi
Süleyman Mansurov öz xatirələrində
yazır: "Mirzə Sadıq o dövrün ən məşhur
tarzəni idi. Onun möcüzəvi
çalğısı insanları ahənrüba kimi
özünə cəlb edirdi. Təcrübəli
virtuoz çox vaxt mizrabsız çalır, tarı
çənəsinə sıxırdı. Sol əlinə ağırlıq düşməsin
deyə, o tarı mümkün qədər yuxarı
qaldırırdı. Bəzən də
coşaraq, tarı boynunun ardına qoyub
çalırdı. Onun
çalğısının səsinə quşlar də
gəlirdi".
Musiqi həvəskarı
Əbdülhəmid Babayev öz xatirələrində
belə yazır: "Mən Sadıqcanı ilk dəfə
1897-ci ildə bizim Bakı qalasında gördüm. Bütün Qafqazda belə gözəl bir tarzən
yox idi. Sadıq özü də gözəl görkəmli
bir kişi idi: hündürboy,
enlikürək, möhkəm bədəni vardı. Məclislərdə özünü təmkinli
və nəcib aparırdı. Adamlar da
ona çox böyük hörmət bəsləyirdi.
Onun sol əli o qədər güclü idi ki,
Sadıqcan çox vaxt mizrabsız
çalırdı".
Məlumatlara
görə, sənətkar toylarda, konsertlərdə, qəbullarda,
ziyafətlərdə, həmçinin Bakı və
Şuşada Azərbaycan və İran
qastrolçularının qoyduqları
tamaşaların fasilələri zamanı
çalır, özü də Qafqaza, Orta Asiya və
İrana tez-tez qastrol səfərlərinə gedir, bu
ölkələrdəki musiqi məclislərində
iştirak edirdi. Bir dəfə onu xanəndə
Hacı Hüsünün üçlüyü ilə
birlikdə Şamaxıya, Mahmud ağanın burada fəaliyyət
göstərən məclisinə dəvət edirlər.
Qonaqlar məclis üzvləri və şəhər
ziyalıları tərəfindən böyük bir təntənə
ilə qarşılanır. Ancaq müəyyən
səbəblər ucbatından Mirzə Sadıq tezliklə
Şuşaya qayıtmalı olur.
Qafqazın
birinci tarzəni kimi xarakterizə edilən sənətkar
haqqında "Kafkazskoye obozreniye" qəzeti
yazırdı: "Onun çalğısı səlis,
artistik baxımdan dəqiqdir. Sənətkarın
cazibə qüvvəsi isə güclüdür. Əgər Tiflisdəki bəstəkarlar onun
burada olmasından istifadə edib Sadıqdan Şərq
motivlərini mənimsəsə idi, onların yeni bəstələri
üçün yaxşı materiala çevrilə bilərdi".
Tədqiqatçılar vurğulayır ki, Mirzə
Sadıq artıq özünün tarzənlik
bacarığının ən yüksək zirvəsində
olduğunu anlayaraq ciddi-cəhdlə bu qədim aləti
təkmilləşdirmək və onda çalğı
manerasını dəyişdirmək üçün
yollar axtarmağa başlayır. Onu nahaq yerə Mirzə
Sadıq, yəni alim Sadıq adlandırmamışlar.
Sənətkarın analitik ağlı bir neçə
ildə həmin işin də öhdəsindən gəlməsi
üçün ona imkan verdi. Sadıqcana qədər tarı diz
üstündə çalırdılar. O
özünün virtuoz bacarığından istifadə
edərək ilk dəfə tarı sinəsinə
qaldırdı. Mirzə Sadıq həmçinin
tarın simlərini çoxaldaraq, onların yerləşməsini
dəyişdi. Bundan başqa o həm də
tarın çanaq quruluşunu dəyişərək,
onun möhkəmliyini artırmaqla alətin ümumi
çəkisini azaltmış oldu. Sadıqcanın
rekonstruksiyasına qədər tarın 5 simi vardı.
O, simlərin sayını on birə
çatdırdı, artıq tonları
götürüb tarda cəmisi 17 ton saxladı. Musiqiçilər bundan sonra yeniləşmiş
tarı "möcüzə", Sadıqcanı isə
"tarın atası" adlandırmağa
başladılar. Sənətkarın gətirdiyi
yeniliklər tar ifaçılığı mədəniyyətini
daha yüksək səviyyəyə qaldırdı, onun
səslənməsini daha şirin və parlaq etdi.
Tədqiqatçılar yazır ki, Mirzə
Sadıq həm də istedadlı bir bəstəkar idi. O, "Orta Segah" və
"Bayatı Şiraz" muğamlarına bir neçə
rəng bəstələmişdi. Bu və
digər muğamların tərkibinə daxil olmuş
musiqi pyesləri onların dolğunlaşmasında
mühüm rol oynayıb. Mirzə
Sadıq həm də 1897-ci ildə Şuşada dini
"şəbeh" üslubunda musiqili "Leyli və
Məcnun" tamaşasının qoyulmasında
yaxından iştirak edib. Sonralar
Üzeyir Hacıbəyovun da yazdığı kimi, həmin
tamaşa da "şəbeh"lər kimi dünyada bənzəri
olmayan Azərbaycan muğam operasının
yaranmasında əhəmiyyəti olub. Elə buradaca qeyd olunmalıdır ki, XVII-XVIII əsrlərdə
Azərbaycanda olmuş Avropa səyyahları xan
saraylarında belə tamaşaları gördükdən
sonra onların öz kompozisiya və quruluşu
etibarilə Avropa operalarına bənzədiyini
göstərib.
Tədqiqatçılar yazır ki, onun Azərbaycan
musiqisinin inkişaf tarixindəki rolu əvəzedilməzdir. Əfrasiyab Bədəlbəyli
sənətkar haqqında deyirdi: "Əgər nəzərə
alsaq ki, muğamların ifasında tar çalğı
alətləri içərisində əsasdır, onda
Mirzə Sadıqın tarının son nəticədə
Azərbaycan musiqi sənətinin inkişafında
dönüş yaratdığını inamla demək
olar. Mirzə Sadıqdan başlayaraq, Azərbaycan
muğamlarının mahiyyəti, onların ifadə
vasitələri, təsir gücü və ifa
üsulları yeni bir mərhələyə qalxıb.
Mirzə Sadıq Azərbaycan musiqisi
tarixində yeni bir səhifə açıb".
Sadıqcan 1901-çi ildə Şuşada təşkil
olunmuş Birinci Şərq konsertində iştirak edir. Orada ilk dəfə
tarda "Mahur" muğamını tək, solo ifa edir.
Üstündən bir il keçəndən
sonra isə doğma şəhəri Şuşada
dünyasını dəyişir.
Görkəmli
musiqişünas Firudin Şuşinski tarzən
Sadıqcana həsr etdiyi yazısında qeyd edirdi ki, gənc
Sadıqın adı hər yanda - Azərbaycanın bir
çox şəhərlərində, hətta
Gürcüstanda və İranda Hacı Hüsü, Məşədi
İsi, Keştazlı Həşim, Mirzə Məhəmməd,
Həsən, Əbdülbaqi (Bülbülcan) və
Cabbar Qaryağdı oğlu kimi görkəmli xanəndələrlə
yanaşı çəkilib: "Sadıq Cənubi
Qafqaz xalqları arasında böyük şöhrət
qazanmış bir sənətkar idi. Onun
"Sadıqcan" adlanması da bu şöhrət və
məhəbbətlə əlaqədardır. Xalq rəssamı
Lətif Kərimovun "Musiqi lüğətinin
izahı"na aid əlyazmalarından məlum olur ki,
XVIII əsrdən etibarən
Yaxın Şərq ölkələrində, o cümlədən
Azərbaycanda xalq tərəfindən yüksək dərəcədə
sevilən və qiymətləndirilən xanəndə
və sazəndələrə "can" kimi yüksək
ad və yaxud təxəllüs verilərdi. Bu tərifli adı qazanmaq şərəfi
Sadıqa və məşhur xanəndəmiz
Əbdülbaqi Zülalova (Bülbülcana) müyəssər
olub".
Sadıqcan Azərbaycan milli musiqisində misilsiz
rol oynayan dahi sənətkar kimi tarixdə iz qoyub. Tarı dizdən sinə
üstünə qaldıran Sadıqcan böyük bir azərbaycanlı
kimi milli ideologiyamıza, mənəvi dəyərlərimizə
misilsiz xidmət
göstərib. Tarixdə adı qalan sənətkar
Sadıqcan neçə əsr sonra da xatırlanacaq.
Çünki onun ömrü tarda davam edəcək.
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.- 22
dekabr.- S.5