Azərbaycan
multikulturalizmi respublikamızdan dünyaya necə yayılır?
Multikulturalizm ölkəmizdə dövlət
siyasətidir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamı ilə
2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi
buna əyani misaldır. "Multikulturalizm
ili" çərçivəsində
respublikamızın müxtəlif bölgələrində
tədbirlər, konfranslar, görüşlər
keçirilir.
Sevindirici haldır ki, Azərbaycan cəmiyyətinin
multikulturalizm anlayışına yanaşması tam
olaraq səmimidir. Məlumdur ki, bu gün Azərbaycanda
çox güclü gənclik yetişib. O gənclik
milli-mənəvi, dövlətçilik, azərbaycançılıq,
multikulturalizm və tolerantlıq dəyərlərinə
sahiblənməyə çalışır. Azərbaycan gəncliyi o qədər inkişaf
edib ki, ölkəmizdəki mövcud mühiti
bütün dünyada təbliğ edə bilir.
Bildiyimiz kimi, Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi (BBMM) multikultural ənənələrin
cəmiyyətdə oturuşması üçün
kifayət qədər işlər görür, tədbirlər,
layihələr gerçəkləşdirir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
(BBMM) mətbuat xidmətindən "Bakı-Xəbər"ə
mütəmadi olaraq maraqlı xəbərlər,
müsahibələr daxil olur.
Xəbərlərdən biri də Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin (BBMM) müşaviri,
professor Aytən Qəhrəmanın müsahibəsidir. "Azərbaycan
multikulturalizmi fenomeninin dəyərlərini beynəlxalq
gənc nəslə çatdırmaq
lazımdır"-fikrini irəli sürən A.Qəhrəman
BBMM-in mətbuat xidmətinə Mərkəzin indiyədək
həyata keçirdiyi layihələr, gələcəkdə
görüləcək işlər, eləcə də bu
günlərdə UNESCO-da keçirdiyi
görüşləri ilə bağlı geniş
açıqlama verib.
O, BBMM-in
həm ölkədə, həm də onun
hüdudlarından kənarda "Azərbaycan
multikulturalizmi" fənninin tədrisi layihəsindən
söz açıb, qurumun yaxın gələcəkdə
görəcəyi işlərdən danışıb:
"Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
"Azərbaycan multikulturalizmi" fənninin tədrisinə
böyük diqqət yetirir, hazırda 38 yerli və
dünyanın tanınmış 15 universitetində Azərbaycanın
multikultural dəyərləri təbliğ və təşviq
edilir. 2017-ci ildə Mərkəz Azərbaycan
multikulturalizmi fənninin tədrisi layihəsi
çərçivəsində Fransa və
İtaliyanın daha 3 universiteti ilə saziş
imzalamağı nəzərdə tutur.
Mərkəzin böyük diqqət yetirdiyi nəşrləri
də qeyd etmək vacibdir. Bu sıraya qədim "Kitabi-Dədə
Qorqud" dastanının "Basat boyu"nun nəfis
kitabçalar şəklində Azərbaycanda
yaşayan etnik qrupların, eləcə də
dünyanın 25 dilinə tərcüməsi,
"Multikulturalizm" jurnalı və
"Multikulturalizmin qaynaqları" seriyasından
olan nəşrlər aiddir. Sonuncunun "Azərbaycan
multikulturalizminin ədəbi-bədii
qaynaqları" adlı birinci cildi artıq rus və Azərbaycan
dillərində nəşr edilib. Nəşrin
ingilisdilli versiyası da artıq hazırdır və
çap prosesindədir".
Professor
A.Qəhrəman həmçinin bu yaxınlarda
Fransanın Müluz şəhərinin Yuxarı Elzas
Universitetinin Nizami Gəncəvi adına
kafedrasında keçirilən "Qafqazın
timsalında multikulturalizm və mədəniyyətlərarası
münasibətlər" adlı Beynəlxalq Ədəbiyyat
Kollokviumunda adıçəkilən nəşrlərin
təqdimatları ilə çıxış etdiyini
qeyd edib: "Tədbirin sonunda adını çəkdiyim
nəşrlər kafedranın kitabxanasına hədiyyə
olunub. Auditoriya əsasən minillik tarixə malik
klassik ədəbiyyatımızın multikultural dəyərlərin
daşıyıcıları olmaqla yanaşı, həm
də bu ali ideyaların ötürücüləri, yəni
bu ümumbəşəri dəyərləri öz
dünyaya baxış prizmasından keçirən
Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə
Fətəli Axundov, Seyid Əzim Şirvani, Hüseyn
Cavid, Abdulla Şaiq kimi görkəmli nümayəndələrinin
əsərlərindən parçaların yer
aldığı "Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları" nəşrə böyük maraq
göstərib. Tədbirdə iştirak edən, uzun illər
dahi Nizami irsini araşdıran və XII əsr Azərbaycan
şairinin yaradıcılığının eksperti
olan Prinston Universitetinin professoru Maykl Barri Nizami
yaradıcılığının tolerantlıq və
multikulturalizm kimi dəyərlər prizmasından
öyrənilməsi ideyasının vacibliyini və
qeyri-adiliyini qeyd edib".
A.Qəhrəman
BBMM-in mətbuat xidmətinə bildirib ki, hazırda Mərkəz
tərəfindən UNESCO-nun Təhsil üzrə Beynəlxalq
Bürosunun dəstəyi ilə kurrikulumun tərtib
edilməsi prosesinə tolerantlıq üzrə dərsliyin
qoşulması məsələsinə baxılır:
"Xatırladım ki, bu yaxınlarda UNESCO-nun Təhsil
üzrə Beynəlxalq Bürosunun baş direktoru
xanım Mantsetsa Marope ilə görüşümüz
olub. Görüş zamanı Mərkəzin
və Büronun gənc nəslin maarifləndirilməsi
sahəsində birgə görüləcək işlərinə
dair müvafiq sənədlərin imzalanması
üzrə tərəflərin razılaşması əldə
olunub. Hesab edirəm ki, Azərbaycan
multikulturalizmi və tolerantlığı fenomeninin
özündə daşıdığı dəyərləri
beynəlxalq gənc nəslə çatdırmaq
lazımdır".
A.Qəhrəman
bugünlərdə UNESCO-nun Parisdə yerləşən
mənzil-qərargahında Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı
və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin
texniki dəstəyi ilə "Multikulturalizmin əhəmiyyəti
və Azərbaycanın uğurlu modeli"
mövzusunda keçirilən və xüsusi təqdimatla
çıxış etdiyi konfransla bağlı fikirlərini
bölüşüb: "Konfransda UNESCO-nun sosial və
humanitar elmlər şöbəsinin rəhbəri
Ann-Belinda Preis başda olmaqla sözügedən
qurumun katibliyinin məsul əməkdaşları, Azərbaycanın
UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov,
xarici diplomatik heyətlərin UNESCO yanında
akkreditə olunmuş başçıları,
diplomatik korpusun üzvləri, Fransa ictimaiyyətinin
nümayəndələri iştirak edib.
Azərbaycanda
2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi ilə
bağlı, buna uyğun olaraq, Prezident İlham
Əliyevin sərəncamı ilə 2016-cı il üçün 49 bənddən ibarət
"Tədbirlər Planı" imzalanıb.
"UNESCO-da baş tutmuş bu tədbir 2016-cı il
üçün nəzərdə tutulan tədbirlər
planının "Mədəni müxtəliflik,
tolerantlıq, münaqişələrin həllində
mədəniyyətlərarası dialoqun rolu, Azərbaycanın
multikulturalizm modeli və dünyadakı
multikulturalizm modelləri mövzularında
respublika və beynəlxalq miqyaslı elmi-nəzəri
və elmi-praktik konfransların, seminarların, "dəyirmi
masa"ların, mühazirələrin və ədəbi-bədii
məclislərin təşkili və keçirilməsi"
məzmunlu 10-cu bəndinə uyğun olaraq
keçirilib.
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail
filialının rəhbəri, siyasi ekspert Arye Qut da
konfransda çıxış edərək Azərbaycanın
tarixi həqiqətləri barədə ətraflı
məlumatlara malik bir şəxs kimi ölkəmizdə
yaşayan yəhudi icmasının həyatı
timsalında sənədlərə əsaslanan ətraflı
təqdimatla Avropa auditoriyasına müsəlmanların,
yəhudilərin və xristianların birgə
yaşamasına dair dünyanın diqqətinə
çatdırılmalı olan nadir təcrübə
barədə danışıb. Çıxışda
sülhün, əminamanlığın və cəmiyyətimizin
ahəngdar inkişafının rəhni olan, millətlərarası
və dinlərarası münasibətlərin effektiv
şəkildə tənzimlənməsini təmin edən,
dostluq və mehriban qonşuluq şəraitində
yaşamaq imkanı verən Azərbaycanın
multikulturalizm fenomeninin xüsusi əhəmiyyəti
vurğulanıb. Arye Qut qeyd edib ki, multikultural
münasibətlərin unikal modelini təqdim edən
Azərbaycan oxşar mədəni, etnik və dini
müxtəlifliyin rast gəlindiyi ölkələr
üçün nümunə ola bilər.
Azərbaycanın müsbət təcrübəsi,
həm də zamanın inkişaf edən şərtlərinə
uyğunluq belə geniş diqqət cəlb edir. Azərbaycan tolerantlıq və mədəni-tarixi
müxtəliflik ənənələrinə həmişə
sadiq olub. Bu da, öz növbəsində,
ölkənin əsrlər boyu bu ərazilərdə
yaşayan tərkibinin etno-mədəni və etno-dini
inkişafında öz əksini tapıb. Mərkəzin
İsrail filialının rəhbəri həmçinin
son iki il ərzində qurum tərəfindən
bu münasibətlərə yeni təkan verən tədbirlərin
həyata keçirildiyini konfrans
iştirakçılarının diqqətinə
çatdırıb.
Hesab edirəm ki, mədəni və humanitar sahələrdə
düşünülərək atılmış
addımlar etibarlı münasibətlər
platformasının möhkəmlənməsinə
üzvi surətdə kömək edir, mənəvi
yaxınlıq amili isə qarşılıqlı cazibə
üçün əlverişli imkanlar açır. 2016-cı ilin
"Multikulturalizm ili" elan edilməsi qərarı
bir daha cəmiyyətimizdə mövcudluğunu
qoruyan, etibar və qarşılıqlı hörmət
kimi mühüm mənəvi-etik dayaqlar üzərində
qurulmuş multikultural münasibətlərin mahiyyətini
nümayiş etdirdi. Həmçinin
Mərkəzin filial sədri Arye Qutun Azərbaycan və
yəhudi xalqlarının nadir birgə yaşama təcrübəsi
və Azərbaycan multikulturalizminin tərkib hissələrindən
biri olan köhnə dostluğu timsalında ölkəmizin
həqiqətlərini parlaq şəkildə əks
etdirən çıxışı da buna parlaq
nümunə oldu".
A.Qəhrəman qeyd edib ki, Azərbaycan
tolerantlıq və mədəni-tarixi müxtəliflik
ənənələrinə hər zaman sadiq olub və bu
yalnız ölkədə dominantlıq təşkil edən
millətin deyil, həm də əsrlər boyu qədim
ölkənin ərazisində yaşamış
bütün milli və dini qrupların ruhunu əks
etdirir.
A.Qəhrəman
konfransın auditoriya tərəfindən böyük
maraqla qarşılandığını bildirib:
"Konfrans böyük coşqunluqla keçdi, auditoriya
maraqla qulaq asırdı və bu da müzakirələr
bölməsində fəallığa təkan verdi. Konkret olaraq Zərdüştilər və
köhnə təriqətçilərin nümunəsində
ölkənin dini tərkibi ilə bağlı, eləcə
də şəhərin "qotik", "klassik",
"modern" və ən nəhayət, "müsəlman"
üslublarını özündə birləşdirən
qeyri-adi memarlığı ilə bağlı maraqlı
suallar səsləndirildi, bundan sonra auditoriya müxtəlif
dinlərin və ya cərəyanların nümayəndələrini
hansı bayram və tədbirlərin birləşdirməsi
ilə maraqlandı. Birlikdə qeyd edilən bayram
nümunəsi kimi Azərbaycanda yaşayan xristian və
müsəlman dinlərinin nümayəndələrinin
Gürmük bayramı, daha sonra cümə günlərində
məscidlərdə sünni və şiələrin
birgə vəhdət namazı, Respublika Prezidentinin
Pasxa, Hanuka, Roş Haşana, Qurban, Ramazan, Milad və
digər bayramları qeyd edən icmaları təbrik
etməsi, dini bayramlarda bütün dini konfessiya
nümayəndələrinin birgə iştirakı ilə
bağlı fikirlər dilə gətirildi, sülhpərvər
sənətçi, xanım Hedva Ser də həmçinin
Azərbaycanda hökm sürən mənəvi gözəllik,
qonaqpərvərlik, azadlıq ruhuna toxunaraq öz
maraqlı təəssüratlarını
bölüşdü və Bakıda beynəlxalq
forumların tez-tez qonağı olmasından dərin məmnunluğunu
ifadə etdi. Hedva Ser Azərbaycanla əyani
şəkildə tanış olmayan hər kəsə
mütləq ölkəni ziyarət etməyi məsləhət
gördü".
BBMM-in
müşaviri həyata keçirilən belə tədbirlərin
effektivliyini yüksək qiymətləndirib: "Mərkəzimizin
həm Azərbaycan multikulturalizmi fenomeninin elmi təməlinin
işlənməsi sahəsində, həm də onun
yayılması və tədrisi sahəsində həyata
keçirdiyi işi barədə
danışmağı və onu bölüşməyi
çox vacib hesab edirəm. Həmçinin
Mərkəz tərəfindən mütəmadi olaraq
aparılan real və virtual "dəyirmi
masa"ların, konfransların, müxtəlif
mövzular və istiqamətlər üzrə
kollokviumların materialları və həm ölkədə,
həm də xaricdə alimləri, elmi və mədəni
elitanın nümayəndələrini narahat edən
qloballaşmanın çağırışları
yerli və beynəlxalq ictimaiyyətin geniş dairələrinin
diqqət mərkəzində olmalıdır. Bu
tipli tədbirlər tanışlıq xarakteri
daşıyır, eləcə də dünya miqyaslı
ekspertlərin və alimlərin Mərkəzin işinə
cəlb edilməsi üçün maksimum imkan
yaradır, həmçinin insanları Azərbaycan
multikulturalizmi modelini daha dərindən öyrənməyə
və ölkəni ziyarət etməyə, eşitdikləri
və öz gözləri ilə gördüklərinin
obyektiv müqayisəsini aparmağa cəlb edir".
Əlbəttə, BBMM-in bu sahədə
gördüyü işlər çoxdur və bu işlərin
hər biri Azərbaycan dövlətinin həyata
keçirdiyi uğurlu multikulturalizm siyasətinə
söykənir.
İradə SARIYEVA
Bakı xəbər.-
2016.- 23 dekabr.- S.15