Azərbaycan
multikulturalizmi və teatr sənəti...
Multikulturalizm artıq həyatımızın
bir parçasına çevrilib. Mədəniyyətin
ayrı-ayrı sahələrində özünü
göstərən, ifadə edən multikulturalizm ruhu
teatr sənətində də mövcuddur.
Azərbaycan teatrı olduqca zəngin bir yol
keçib və bu yolda tərəqqini,
ucalığı, qardaşlığı, dostluğu,
multikultural dəyərləri təbliğ edib.
"Azərbaycan multikulturalizmi və teatr"
mövzusu son illər araşdırmaya cəlb edilən
mövzulardan biri kimi diqqətçəkəndir.
Sənətşünaslıq
üzrə elmlər doktoru, professor Məryəm
Əlizadə eyni adlı elmi məqaləsində qeyd
edir ki, multikulturalizm bir neçə icmanın mədəniyyətinin
eyni bir toplumda yan-yanaşı yaşamasını və
birgə mövcudluğunu bildirən bir
anlayışdır: "Termin iki mənada işlədilir:
təsviri və normativ.
Təsviri
məqsədlə istifadə olunan terminə adətən
adi mədəni müxtəliflik faktı aid olur: o,
ümumilikdə konkret məkanın demoqrafik
quruluşuna, bəzən məktəb, biznes, məhəlli,
şəhər və yaxud millət səviyyəsində
təşkilatlanmağa tətbiq edilir.
Normativ termin olaraq, o, bu təyinatı və ya onun
institusionallaşdırılmasını dəstəkləyən
ideologiya və siyasətə aiddir; bu mənada,
multikulturalizm insan həyatının zəngin
naxışları ilə bol və insanların öz
şəxsiyyətlərini istədikləri şəkildə
ifadə etmək arzusunun yer tapdığı sərbəst
bir cəmiyyətdir. Multikulturalizm çox vaxt mədəni
assimilyasiya anlayışları ilə müqayisə
edilir və "metal əridilən soba" deyil,
"salat qabı", yaxud "mədəni mozaika"
kimi təsvir olunur. Multikulturalizm tərəfdarları
multikulturalizmi tolerant cəmiyyətdə insanlara
öz yerlərini tapmağa icazə verən və
sosial məsələlərə daha yaxşı
uyğunlaşan ədalətli sistem kimi görürlər.
Onlar deyirlər ki, mədəniyyət vahid bir irq,
yaxud vahid bir din üzərində qərarlaşmayıb;
o, dünya kimi dəyişkən çoxsaylı amillərin
nəticəsidir. Multikulturalizm əleyhdarları
tez-tez mübahisə edirlər ki, multikulturalizm
idealı müxtəlif mədəniyyətlərin
birgəyaşayışıdır, onların
bir-birinə qarşılıqlı təsir göstərib
bir-birini inkişaf etdirməsidir, yoxsa bu, arzunun
reallıq kimi təqdim olunmasıdır. Çünki multikulturalizmi qəbul etməyənlər
deyirlər ki, mədəniyyətlər arasında fərqlər
var, qalır və qalacaq və bu mədəniyyətlərin
paradoksları da qalacaq. İddia olunur
ki, əvvəlcə özlərinin başqalarına bənzəməyən
mədəni dərkinin sinonimi kimi qavranılan milli
dövlətlər tətbiq etdikləri
multikulturalizmə uduzur və nəticə olaraq da
"sahib millət"in mədəniyyətinə ziyan
dəyir".
Professor Əlizadə qeyd edir ki, dünya və
multikulturalist universal dəyərlər sistemi
prinsipi başqasının mövcudluğunu qəbul
etməyə əsaslanır. Onun bildirdiyinə
görə, belə ki, çoxmədəniyyətli dəyərlər
sistemi min illər ərzində harmoniya şəraitində
yaşayan müxtəlif irqlərin, etiqadların, fərqli
kasta və etnosların olduğu cəmiyyətlərdə
uzun əsrlər boyu çiçəklənir. "Bu, müxtəlif etnosların, müxtəlif
dillərin və müxtəlif inancların harmoniya
şəraitində birgəyaşayışıdır
ki, burada zəif təbəqələr və
azlıqlar əhalinin çoxluq təşkil edən
hissəsilə tamamilə təhlükəsizlik şəraitində
ömür sürürlər. Bu,
varlılarla yoxsulların birgəyaşayışıdır.
Əslində, multikulturalizm hər bir millətə
özünəməxsus sima və xarakter verir. Beləliklə, bu birgəyaşayış bəzi
dəyərləri ümumiləşdirərək
gündəlik həyatda əridir. Bu dəyərlər
insanların həyatda qalmasını təmin edəcək
mübarizə və arzulardan ibarətdir. Bu
mübarizələrdən keçərək cücərən
dəyərlər toxuma bənzəyir: o,
qadağaları, inancları, həmçinin dilləri
özündə cəmləşdirərək
bütün qalan dünya ilə də öz içi və
məzmunu ilə paylaşır. Multikulturalizm
müxtəlif torpaqlardan gələn çoxlu
axınların bəşəriyyətin böyük
mirasını yaratmaq üçün
töküldüyü ümumi bir çayı
xatırladır. Buna görə də
qatqısız mədəniyyətə xas millət,
xalis millət, yaxud xalis irq tədricən
yayğınlaşır və mədəniyyətin səciyyəsinin
özü başqa təyinat qazanır, daha geniş
anlam kəsb etməyə başlayır.
Teatr mədəniyyət çarxını
fırladan millərdən biridir. Əgər teatr multikulturalist
universal dəyərlər sistemi çərçivəsində
nəzərdən keçirilirsə, onda biz əvvəlcə
fikrimizi mədəniyyətlə bağlı bu
mühüm tezisdə cəmləməliyik, sonra isə
konkret olaraq diqqətimizi teatra yönəltməliyik:
çünki teatr mədəniyyətlə bağlı
müzakirələrdən kənarda qala bilməz. Bu fikri daha da genişləndirsək, qeyd
olunmalıdır ki, mədəniyyət özü
siyasi nəzəriyyə və siyasi təcrübədən
təcrid oluna bilməz" - deyə qeyd edən
teatrşünasın vurğuladığına görə,
bu mədəniyyət çarxının milləri
çoxdur və onlardan hər biri çarxın müəyyən
istiqamətdə müəyyən məqsədə
doğru hərəkət etməsi üçün
güc və impuls verir. Onun yazdığına
görə, çarxın müxtəlif milləri dillər,
sənətlər, memarlıq, musiqi, rəngkarlıq,
folklor tarixi, teatr, məişət və s. kimi qəbul
edilə bilər. Bütün bu müxtəlif
millər çarxı irəli apararkən bəşəriyyətin
ən önəmli xüsusiyyətlərini
multikulturalist dəyərlərə qovuşdurur.
Alim bildirir ki, multikulturalizm anlayışının
Azərbaycan elmi dairələrində aktivcəsinə
işlədildiyi tarix təqribən son on ili
özündə ehtiva edir: "Lakin bu anlayış
olmadan da, onun ətrafında diskussiyalar aparılmadan
da azərbaycanlılar hələ çox-çox illər
bundan öncə mədəniyyətin multikultural bir
durumunda yaşayırdılar və indi də
yaşayırlar. Azərbaycan çoxsaylı
xalqların məskunlaşdığı bir ölkədir:
yəhudilər, ruslar, yəhudilərdən dönmə
tatlar, talışlar, tatarlar, türklər, ləzgilər,
avarlar, udinlər, gürcülər burada həmişə
sərbəst ömür sürüblər, özlərinə
güzəran qurublar, öz mədəniyyətlərini,
yəni öz dillərini, inanclarını, adətlərini,
mətbəxlərini qoruyub saxlayıblar. Bu ölkədə
milli azlıqlardan, onların hüquqlarından və
problemlərindən danışılsa da, əslində,
heç bir azsaylı xalqın nümayəndəsi
özünü azlıqda olan birisi kimi dərk etməyib,
hiss etməyib. Adi bir misal çəkim: biz əksər
hallarda ünsiyyətdə olduğumuz adamın
hansı millətdən olduğuna, əgər milli
nişanələr qabarıq tərzdə nəzərə
çarpmırsa, fikir vermirik, heç bunu bilmirik də
və bunu soruşmuruq da. Çünki Azərbaycanda
böyük əksəriyyət sərbəstcəsinə
azərbaycanca danışır və bu dili öz ana
dili kimi qavrayır. Talış, ləzgi,
tat, tatar Azərbaycan ədəbiyyatını öz ədəbiyyatı,
Azərbaycan teatrını öz teatrı bilir və
bundan narahatlıq keçirmir. Lakin
bununla belə, Azərbaycanda yaşayan azsaylı
xalqların teatrları da mövcuddur. Qaxda
Azərbaycan Dövlət Gürcü Dram Teatrı,
Qusarda Azərbaycan Dövlət Ləzgi Dram Teatrı,
Bakıda hələ 1921-ci ildən Azərbaycan Dövlət
Rus Dram Teatrı fəaliyyət göstərir. Hətta Azərbaycanda 80-ci illərdə
"Beserer" eksperimental yəhudi teatr-studiyası
da teatr prosesinə qoşulmuşdu. Ancaq həqiqət
budur ki, bu teatrların heç birinin, təbii ki, Rus Dram
Teatrını çıxmaq şərtilə, Azərbaycan
teatr mühitinə, Azərbaycan teatr prosesinə
mühüm təsiri olmayıb və yoxdur da:
onların heç biri öz yaradıcı aktivliyi,
yaradıcı energetikası, axtarış potensialı
ilə seçilmir. Mən bu barədə,
bunun səbəbləri haqqında çox
düşünmüşəm, cavabını müxtəlif
sosio-kulturoloji problemlərin müstəvisində
axtarmışam və problemin mahiyyətinə əməllicə
yaxınlaşmışam.
Sovet dönəminə qayıtsaq, görəcəyik
ki, əslində, Azərbaycan Dövlət Rus Dram
Teatrı bütün millətlərin teatrı olub. Rus Dram
Teatrı həm yəhudilərə, həm ləzgilərə,
həm də türklərə, eləcə də digər
milli azlıqların nümayəndələrinə
eyni dərəcədə açıq və doğma
olub, birləşdirici funksiya daşıyıb. Hətta
bu gün Rus Dram Teatrında çalışan etnik rus
tapmaq çətindir: orada yaradıcı fəaliyyətlə
məşğul olanlar etnik yəhudilər, etnik ləzgilər,
etnik türklər, etnik avarlardır ki, sərbəst
şəkildə rusca danıışırlar. Əgər
elə isə onda Rus Dram Teatrı kimin teatrıdır: bəlkə
bu, rus teatrı yox, artıq rusdilli teatr
kateqoriyasına aiddir? Bəlkə elə
bu səbəb ucbatından milli azlıqlar öz
teatrlarına münasibətdə təşəbbüssüzdürlər?
Axı bu milli azlıqların əksəriyyəti
özünü daha çox rus dilində tanıyıb
tapa bilir, əlbəttə ki, keçmiş SSRİ-dən
qalmış bir miras, bir yadigar kimi".
Alim qeyd
edir ki, hərçənd problemin başqa bir tərəfi
də var. Məsələn, müasir ləzgilər,
talışlar Azərbaycan ədəbiyyatını, Azərbaycan
teatrını elə öz ədəbiyyatları,
teatrları sayırlar və bu sahələrdə də
aktiv məşğul olurlar. Belə
olduğu zaman milli azlıqların öz
teatrlarını yaratmasına ehtiyac qalırmı?
"Mənə elə gəlir ki, qloballaşma
dövründə bu artıq o qədər də aktual
deyil. Və multikulturalizm, əslində, XX əsrin
XXI yüzilə ötürdüyü sınaqdan
çıxarılma bir problemdir. Hər
halda bu mənim hissi qavrayışımdır və
multikulturalizm bir problem kimi teatrdan o illərdə də,
indi də yan ötüşüb gedir" - deyə
professor qeyd edir.
Azərbaycan teatrı, sözün əsl mənasında,
Azərbaycan miqyaslı işlər görür. Professorun
qeyd etdiyi kimi, ölkəmizdə hər bir xalqın mədəniyyətinin
inkişafına dəstək verilir, şərait
yaradılır.
Azərbaycanda hər bir xalqın folklor ənənəsi,
xalq teatr sistemi işləkdir. Hər bir xalq öz mədəniyyətini
təqdim edə bilər. Dövlətimiz
vaxtaşırı olaraq azsaylı xalqların adət və
ənənələrinin, dəyərlərinin təbliği
üçün festivallar, sərgilər təşkil
edir. Azsaylı xalqların teatr təmsilçiləri
müxtəlif tamaşalarla öz teatrlarını
yaşadır.
Azərbaycan hamımızın evidir və burada
bütün xalqların nümayəndəsi
özünü azad, sülh və əminamanlıq
içində yaşayır. Teatr ən
böyük mədəni qovuşma sistemidir-insanları,
xalqları bir-birinə qovuşdurub bütöv edir.
Bütöv xalq isə azərbaycançılıq
ideologiyasına bağlıdır.
İradə
SARIYEVA
Bakı xəbər.- 2016.- 24-26 dekabr.- S.15.