Ermənilər "Köçəri" rəqsimizə iddiaları yenidən ortaya qoyur

Telman Ələkbərov: "Köçəri" rəqsi Azərbaycan xalqının sevimli rəqsləri silsiləsinə daxildir"

"Milli rəqslərimizə Azərbaycan damğasını vurmaq, onları yaşatmaq və təbliğ etmək hər birimizin borcudur"Azərbaycan qədim milli rəqslərdən olan "Köçəri"nin və yallı rəqsinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi məqsədilə müvafiq sənədləri həmin quruma təqdim etməyə hazırlaşır. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli media nümayəndələrinə açıqlamasında deyib.

A.Əhmədli onu da bildirib ki, ermənilər "Köçəri" rəqsini özününküləşdirmək istəyir. Ermənistan hətta bu rəqsin erməni milli dəyəri kimi Qeyri-maddi irs siyahısına daxil edilməsinə də çalışır: "Ermənistan mədəniyyət naziri Azərbaycanın qədim milli rəqslərindən olan "Köçəri"nin erməni milli dəyəri kimi Qeyri-maddi irs siyahısına daxil edilməsi üçün UNESCO qarşısında məsələ qaldırıb".

Məlumdur ki, "Köçəri" rəqsi Azərbaycanın qədim milli rəqslərindən biridir.

Sənətşünas Telman Ələkbərov bizimlə söhbətində bildirdi ki,

Azərbaycan milli rəqsləri dünyanın ən gözəl və incə rəqsləridir. Milli rəqslərimiz toxunulmazdır: "Milli rəqslərimizə Azərbaycan damğasını vurmaq

bizə məxsus olduğunu bütün dünyaya göstərmək üçün onu yaşatmaq və təbliğ etmək hər birimizin borcudur. Rəqs sənəti konkret olaraq azərbaycançılıq məfhumu ilə bağlıdır. Bunları yaşatmaq və gələcək nəsillərə ötürmək çox əhəmiyyətlidir. Məlumdur ki, düşmənlərimiz olan ermənilər bizə sadəcə torpaq iddiası irəli sürmürlər. Eyni zamanda mədəniyyətimizə, tarixi abidələrimizə, mədəni sərvətimizə əl uzadırlar. Təbii ki, Qafqaz xalqlarının ortaq musiqisi, rəqsləri də olub. Amma bu o demək deyil ki, onlar bizim rəqsləri öz adına çıxarsınlar".

Həmsöhbətimizin sözlərinə görə, ermənilər "Köçəri" rəqsini özününküləşdirmək üçün dəfələrlə beynəlxalq qurumlara müraciət ediblər: "Onlar bildirir ki, guya "Köçəri" rəqsi onların qədim oyun havalarından biridir. Məlumat üçün deyim ki, Azərbaycanın milli rəqsi "Yallı"nın bir növü olan "Köçəri" sözünün azərbaycanca mənası bir yerdə qərar tutmayan, tez-tez yerini dəyişən deməkdir. Bu amil rəqsin gedişində də özünü göstərir. Belə ki, rəqs edənlər bir-birinin kəmərlərindən tutaraq dairəvi yallı gedirlər. Rəqs ritmikdir, əsasən balabannağara çalınır. Bu rəqs Naxçıvanda və Qərbi Azərbaycanda geniş yayılıb. Azərbaycanlılar oradan tamamilə deportasiya edilməzdən əvvəlki zamanlarda onların ifa etdiyi populyar rəqs idi".

T.Ələkbərov onu da əlavə etdi ki, "Köçəri" rəqsi Azərbaycan xalqının sevimli rəqsləri silsiləsinə daxildir: "Bu rəqs, elə adından da göründüyü kimi, köçəri tayfaları ilə bağlı rəqsdir. Ermənilərdə ümumiyyətlə "köçəri" sözü yoxdur, bu bizim türk sözüdür".

Günel CƏLİLOVA

Bakı xəbər.- 2016.- 28 fevral.- S.14