Vergi təbliğatı: dövlət
tərəfindən müəyyən edilmiş
vergiləri ödəmək hər kəsin konstitusiya
borcudur
Sivil cəmiyyətlərdə dövlətin bel sütununu təşkil edən vergi sisteminin tarixinin elə dövlətçilik tarixi qədər qədim olduğu faktdır. Hələ eramızdan əvvəl IV - III əsrlərdə Roma dövləti inkişaf etdikcə yeni koloniyalar yaranırdı ki, bunun da əsasını kommunal təsərrüfat təşkil edirdi. Həmin dövrdə imperator Auqusto Oktavian (e.ə. 63-cü il - eramızın 14-cü ili) dövlətin saxlanması üçün bütün əyalətlərdə vergitutmanın həyata keçirilməsinə nəzarət məqsədilə maliyyə təşkilatlarını yaradır.
Eyni zamanda onun həyata keçirdiyi islahatlar nəticəsində tribut adlı pul şəklində ödənilən ilk ümumi vergi yaranır.
Vergi tarixi...
Maraqlıdır ki, Roma imperiyasında, birbaşa vergilərlə yanaşı, dolayı vergilər də mövcud olub. Bu vergilər arasında ən önəmliləri 1%-li dövriyyə vergisi, 4%-li qul satışından alınan xüsusi dövriyyə vergisi, bazar qiyməti ilə qulların azad olunmasından alınan 5%-li vergi, 5%-li vərəsəlik vergisi və s. idi. Avropa ölkələrində isə həmin dövrdə ən geniş yayılmış vergi növləri torpaq vergisi, tikililərə görə vergi, can vergisi və ya adambaşına vergi, aksizlər, gömrük rüsumları, kommunal və ya yerli vergilər idi. Ən qədim və geniş yayılmış vergilərdən biri isə "tüstü vergisi" idi. Tikililərdən tutulan bu vergi növü XX əsrə qədər mövcud olub. Orta əsrlərdə İngiltərədə tikililərdən onlardan çıxan tüstünün sayına görə 2 şillinq vergi tutulardı. O dövrün vergi sisteminin torpaq və ya mülk sahibi olmayanlar üçün nəzərdə tutduğu vergi növləri isə can vergisi və ya adambaşına düşən vergi idi, lakin maraqlıdır ki, bu sistem humanizm prinsiplərindən də xali deyildi. Belə ki, Roma istilası dövründə Avropada dullar və yetimlər bu vergini ödəməkdən azad olunmuşdu. Həddi-büluğa çatmayanlar üçün vergini valideynləri, təhkimli kəndlilər üçün isə feodallar ödəyirdi.
Azərbaycanda da vergi sisteminin
tarixi çox qədimlərə dayanır. Bu da təbiidir. Çünki vergi sisteminin
tətbiqi dövlətçiliyin
əsas atributlarından
sayıldığından, qədim dövlətçilik
ənənələrinə malik Azərbaycan bu sistemə müraciət etmədən
özünün əsaslı
dövlətçilik konsepsiyasını
hazırlayıb işlək
hala gətirə bilməzdi. Lakin maraqlıdır ki,
ilkin dövrlərdə
vergilər bütün
əhali kateqoriyasını
əhatə etmirdi.
Tarixi mənbələr göstərir
ki, III-IV əsrin I yarısında, bütün
Sasani dövlətində
olduğu kimi, Adurbadaqanda da (Azərbaycanda) əhali sinfi strukturuna görə dörd zümrəyə bölünürdü:
1) kahinlər, 2) döywşçülər,
3) katiblər, 4) vergi verənlər. Vergi verənlər
zümrəsi özündə
zəhmətkeş kütləni
- əkinxiləri, sənətkarları,
eləcə də ticarətlə məşğul
olanları birləşdirirdi.
Vergi verən zümrənin başında isə vastarioşan-salar dururdu.
Vergi və mükəlləfiyyətlər
sırasında ən
önəmliləri "qazidağ",
"maraq" və
"xaraq" idi.
I Xosrovun vergi
islahatından sonra qazidağ termini "can vergisi"
mənasında işlənməyə
başladı. "Xaraq" isə torpaq vergisini nəzərdə tutsa da, sonradan ümumiyyətlə
vergi anlamında işlədilib (III-IV əsrlər).
Vergi sisteminə nəzarət edən şəxsə isə xarqbed deyilirdi və o, Sasani dövlətinin idarə aparatında yüksək mövqe tuturdu.
Torpaqların vergi məqsədilə siyahıya alınması
I Xosrovun adı ilə bağlıdır. Həmin dövrdə
üzərinə vergi
qoyulmuş torpaqlar siyahıya alınırdı.
Vergi vahidi olaraq isə
1/10 hektara bərabər
"qarib" termini leksikona
daxil oldu. Maraqlıdır ki, torpaq vergisinin miqdarı əkilən bitkinin xarakterindən asılı
olaraq müxtəlif idi. Məsələn,
bir "qarib" buğda və ya arpa sahəsində
bir drahma, bir "qarib" üzümlükdən 8 drahma,
bir "qarib" qarayonca sahəsindən 7 drahma alınırdı. Dörd xurma palmasından və altı zeytun ağacından isə 1 drahma vergi tutulurdu. Azərbaycan ərazisində yaşayan
qeyri din mənsubları
üçün də
ayrıca vergi nəzərdə tutulurdu.
Belə ki, bu sahibkarlar yerli müsəlman icmasının himayəsində
qalır, torpaq vergisi - xəracla yanaşı, qeyri-müsəlmanların
verdiyi can vergisi - cizyəni də ödəyirdilər. Lakin
Xəlifə Hişam
dövründə (724-743) ərəblərin
Azərbaycan və Arrandakı vergi siyasəti köklü dəyişikliyə məruz
qaldı: buradakı Əməvi hakimləri cizyəni xəzinəyə
böyük gəlir gətirən vergilərdən
biri kimi fərqləndirməyə başladılar.
Həmin
dövrdə, torpaq və can vergisindən əlavə bir sıra vergilər də tətbiq olunurdu. Bu sıraya xüms - mülkiyyətdən
və əmlakdan alınan, gəlirin 1/5 bərabər olan vergi; zəkat - yoxsulların xeyrinə varlı müsəlmanların
əmlakından tutulan
vergi; zəkat əl-fitr - orucluğun başa çatması münasibətilə verilən
pay - fitrə; sədəqə
- yoxsullara verilən ianə; uşr - məhsulun 1/10 bərabər
vergi daxil idi. Şirvanda (Bakıda) isə,
bunlardan başqa, neft və duz
mənbələri üzərinə
də vergi qoyulmuşdu.
Azərbaycanın vergi sistemi...
Müasir dövrümüzdə vergi
siyasəti vətəndaşın
və eləcə də şirkətlərin
əldə etdiyi vəsaitlərin müəyyən
hissəsinin ictimai maraqlar naminə dövlət fondlarına ödənilməsi kimi başa düşülür. Lakin eyni zamanda, dövlət
vergilər tətbiq etməklə büdcə
vəsaitlərini formalaşdırır
və bu vəsaitlər vətəndaşların
daha təhlükəsiz
mühitdə yaşayıb
fəaliyyət göstərməsi,
ölkənin müdafiəsi,
sosial problemlərin həlli, xalqın hətta ölkə hüdudlarından kənarda
da maraqlarının təmin edilməsi kimi bir çox
əhəmiyyətli məsələlərin
həlli üçün
istifadə edilir. O da faktdır ki, inkişaf etmiş ölkələr
digərləri ilə
müqayisədə vergilərin
tətbiqi və vəsaitlərin yığılmasında
daha az
problemlərlə üzləşir.
Buna səbəb isə
həmin ölkələrdə
dövlət maliyyəsinin
uzunmüddətli inkişafı, iş adamlarının vergilərin ödənilməsi
ilə bağlı köklü ənənələrinin
olmasıdır.
Azərbaycanda vergi sisteminin formalaşması əsasən
ölkəmizin müstəqillik
dövrünə təsadüf
etsə də, ötən zaman kəsiyində bu sahədə adətən
uzun bir dövr tələb edən ciddi uğurlara imza atılması bu sistemin möhkəm təməl üzərində
qurulmasından xəbər
verir. Üstəlik danılmaz faktdır
ki, vergi sisteminin inkişafı respublikanın prioritet elan etdiyi qeyri-neft
sektorunun irəliləməsini
stimullaşdıran əsas
vasitələrdən biri
olmaqla, həm də liberal iqtisadiyyatın
fundamental əsaslarını qoruyur. Görünür bunun nəticəsidir
ki, Azərbaycan özünün vergi sistemində apardığı
istər struktur, istərsə də institutsional islahatlar nəticəsində postsovet
məkanında lider ölkəyə çevrilə
bilib. Bu deyilənlərin təsdiqini
isə beynəlxalq təşkilatların qiymətləndirmələrində
də görmək olar. Son belə
qiymətləndirməyə görə, Azərbaycan vergi sistemində tətbiq edilən elektronlaşma səviyyəsinə
görə MDB ölkələri
arasında liderliyini artıq illərdir qoruyub saxlayır. Prezident İlham Əliyev bununla bağlı bildirir: "Ölkə iqtisadiyyatı
üçün çox
vacib olan sahədə - vergilər sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər,
"bir pəncərə"
təşəbbüsü - bütün bunlar müasir Azərbaycanın
inkişafına xidmət
göstərir. Vergilər Nazirliyində
tətbiq edilmiş
"bir pəncərə"
prinsipi indi başqa qurumlarda da tətbiq olunur. Bu prinsip
əslində həm müasir səviyyəni göstərir, eyni zamanda, Azərbaycanda iqtisadi sahədə şəffaflığın təmin
edilməsi üçün
də çox vacib rol oynayır.
Biz indi "elektron
hökumət" qaydalarını
tətbiq etməyə
çalışırıq. Vergilər Nazirliyində toplanan təcrübə çox
qiymətlidir. Mən çox
şadam ki, bu nazirlik müasir
əsaslarla idarə olunur, müasir menecment tətbiq edilir, dünya praktikası öyrənilir.
Biz elə etməliyik
ki, dünya praktikasını, onun ən qabaqcıl nümunələrini Azərbaycanda
tətbiq edək".
Lakin təbii ki, vergi sistemini bugünkü yüksək səviyyəyə qaldırmaqdan ötrü Azərbaycan çox uzun bir yol qət etməli olub. Hələ müstəqilliyin ilk ilində - 1991-ci ilin oktyabr ayında vergi qanunvericiliyinə nəzarət sisteminin təkmilləşdirilməsi, onun müstəqil fəaliyyətinin və obyektivliyinin təmin edilməsi məqsədilə Respublika Baş Dövlət Vergi Müfəttişliyi yaradıldı. 2000-ci ildə isə Prezidentin 11fevral tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyətinə tabe olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yaradıldı. Bundan iki il sonra isə Vergi Məcəlləsi qəbul edildi. Ümumiyyətlə isə, vergi sistemi daim yenilənməyə ehtiyac duyan orqan olduğundan, ötən illər ərzində bu sahədə bir çox addımlar atılıb. Yeni qanunların qəbul edilməsi və vergi sisteminin texniki aktivliyinin artırılmasında əsas məqsəd isə sabit iqtisadi artıma nail olmaq, əmtəə və xidmətlərin qiymət sabitliyinin qorunması, əhalinin yüksək məşğulluğunun təmini və gəlirlərin yenidən bölgüsündə sosial ədalətin maksimum səviyyəyə çatdırılması, o cümlədən, vətəndaşların sosial müdafiə sisteminin təkmilləşdirilməsidir. Bütün bu məqsədlərə eyni zamanda nail olunması müasir vergi sisteminin əsas prioriteti sayılır.
Vergi ödəmək hər kəsin konstitusiya borcudur...
Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən, hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Konstitusiyanın 72-ci maddəsinə əsasən isə, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Eyni zamanda heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilən həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Bütün bu deyilənlər nəzərə alınarsa, Azərbaycanın vergi sisteminin də humanizm prinsiplərinə əsaslandığını əlavə şərh etməyə ehtiyac qalmır. Eyni zamanda bu humanist mövqe vətəndaşların üzərinə çox ciddi vicdan məsuliyyəti də qoyur. Yəni vətəndaş dərk etməlidir ki, onun hüquq və mənafelərini qoruyan dövlətin büdcəsi, qismən də olsa, ödədiyi vergilərdən formalaşır.
Bu sıraya əməkhaqqı və pensiyalardan tutmuş ən müxtəlif təyinatlı müavinətlər daxildir ki, onların zamanında təyinatı üzrə ödənməsi vətəndaşların vergi ödənişində vicdanlı davranmasından çox asılıdır. Odur ki, vətəndaş vergi öhdəliyinə münasibətdə bunun həm də mənəvi tərəfini nəzərə alarsa, ümumi prosesdən həm dövlət, həm də özü qazanclı çıxar.
Samirə
SƏFƏROVA
Yazı Mətbuat
Şurasının və Vergilər Nazirliyinin "Azərbaycanın
vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində"
mövzusunda fərdi yazı müsabiqəsinə təqdim
olunmaq üçün verilir
Bakı xəbər.- 2016.- 9-11
iyul.- S. 10.