Azərbaycanın
dövlətçilik tarixi, milli adət-ənənələri, elm və mədəniyyətinin təbliği
Azərbaycanın dövlətçilik tarixi, milli adət-ənənələri, elm və mədəniyyətinin təbliği həlli olduqca vacib məsələlərdən biri kimi qarşıda durur. Əlbəttə, bu mövzunun geniş şəkildə araşdırılması, müxtəlif rakurslarda təhlil edilməsi önəmlidir. Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının, eləcə də elminin elə qatları var ki, onların araşdırılıb üzə çıxarılması lazımdır.
Bilirik ki, Azərbaycanın zəngin dövlətçilik tarixi, dövlətçilik ənənəsi var və biz bu ənənə ilə əsrlərdir öyünürük. Dövlət və xalq olaraq qarşıda duran əsas vəzifələrimizdən biri Azərbaycanın dövlətçilik tarixini, milli adət-ənənələrini, elm və mədəniyyətini effektli şəkildə təbliğ etməkdən ibarətdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixi, mədəniyyəti, adət və ənənələri haqqında çox qiymətli fikirlər bildirirdi: "Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir".
Tarixdən də bəllidir ki,
dünyanın ən qədim insan məskənlərindən
biri olan Azərbaycanın
əhalisi hələ qədim daş
dövründən (paleolit) başlayaraq yüksək mədəniyyət
yaradıb. Orta daş
dövrü (mezolit) və
yeni daş dövrlərində
(neolit) Azərbaycan əhalisi oturaq həyat tərzi keçirib,
əkinçilik, maldarlıq, müxtəlif sənət sahələri
ilə məşğul olmağa
başlayıb. Ona görə də həmin
dövrlərdə Azərbaycan ərazisindəki mədəni-iqtisadi
tərəqqinin təsir dairəsi getdikcə genişlənməkdə
idi. Arxeoloji qazıntılar zamanı tapılan zəngin maddi mədəniyyət nümunələri,
xüsusilə taxıl qalıqları, əkinçiliklə
bağlı əmək alətləri və məişət
avadanlığı, müxtəlif növ
sənətkarlıq məhsulları və sair
Azərbaycan xalqının dünyanın ən qədim
oturaq mədəniyyəti yaratmış
xalqlarından biri olduğunu
göstərir.
Onu
da qeyd edək ki, Azərbaycan xalqı eyni zamanda
dünyanın ən qədim dövlətçilik ənənələrinə
malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən
5 min illik dövlətçilik
tarixinə malikdir. Azərbaycan
ərazisində ilk dövlət qurumları
və ya etnik-siyasi
birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində
yaranmışdı. Orada meydana
gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi
tarixində mühüm rol
oynayırdılar. Həmin dövrdə Azərbaycanda
Dəclə və Fərat vadilərində yerləşən
və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya)
dövlətləri, habelə Kiçik
Asiyadakı Het dövləti arasında
sıx qarşılıqlı əlaqələr vardı. Fəal
xarici siyasət yeridən ən qədim
Azərbaycan dövlətləri öz
torpaqlarını xarici təcavüzlərdən
uğurla qoruyurdular. Qədim Azərbaycan tayfa birliyi olan Qutilər, hətta
özlərinin qüdrətli qonşuları olan
Akkard dövlətini məğlub etmiş, öz dövlətlərinin
sərhədlərini İran körfəzinə
qədər genişləndirmiş, bu ərazidə
yüz ilə qədər bir
müddət ərzində hökmranlıq etmişdilər.
Onlar özlərindən asılı hala saldıqları Akkard
və Şumerin dövlət idarəçiliyi
qaydalarından faydanlandıqları kimi, qədim
Azərbaycanın mütərəqqi idarəçilik mədəniyyətini
də həmin ölkələrə yaymışdılar. Urmiya ətrafından
başlayaraq, zaman-zaman,
Dəclə və Fərat vadiləri də daxil
olmaqla, İran
körfəzinə qədərki ərazilərdə
ağalıq edən qədim Azərbaycan dövlət
qurumları Lullubi və Qutilər təkcə
Azərbaycanın deyil, ümumiyyətlə
qədim Şərq dövlətçiliyinin tarixində dərin
iz qoymuşdular.
Qonşuluqdakı digər qədim Şərq dövlətlərindən
fərqli olaraq, qutilərdə
hökmdarların seçilməsi qaydası vardı. Hakimiyyət
irsi keçmirdi. Quti hökmdarları məmləkəti öz canişinləri vasitəsilə idarə
edirdilər. Canişinlər idarəçilik sahəsində
geniş müstəqilliyə malik idilər. Görünür,
bütün bunlar qədim
Azərbaycan dövlətlərinin, Dəclə və Fərat
vadiləri də daxil olmaqla,
İran körfəzinə qədərki geniş ərazilərdə uzun
müddət hökmranlıq etmələrində az rol oynamayıb. Zaman keçdikcə Azərbaycanın dövlətçilik
mədəniyyəti daha da
yüksəlib, ölkə ərazilərində daha təkmil və daha geniş əraziləri əhatə edən yeni dövlətlər yaranıb. Eramızdan əvvəl
I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan
torpaqlarında Manna, İskit
(Skit, Skif)
şahlığı, Atropatena və Albaniya kimi qüvvətli
dövlətlər mövcud olmuşdur. Bu dövlətlər
Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin
daha da yüksəldilməsində,
ölkənin iqtisadi-mədəni tarixində, eləcə də
vahid xalqın təşəkkülü
prosesində mühüm rol
oynayıblar...
Əsrlər ötür və Azərbaycan dövlətçilik tarixinin növbəti mərhələsi gəlir ki, bu da Şərqdə ilk demokratik dövlətin - AXC-nin qurulması olur. Azərbaycan Xalq Cumhuriyyəti 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoydu. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadı. XX əsrin əvvəlində Azərbaycan dövlətinin xarici siyasət prinsipləri formalaşdı və bu prinsiplər dostluq və əməkdaşlığa söykəndi. Lakin təəssüflər olsun ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində baş verən ziddiyyətli proseslər gənc dövlətimizə təsirsiz ötüşmədi. O zaman Azərbaycanda sekulyar dövlətin mövcudluğunu həzm edə bilməyən bolşevik hökuməti, təbii ki, özünün imperialist maraqlarından çıxış edərək çar Rusiyasının bütün ərazisində hakimiyyətini bərpa etməyə cəhd göstərirdi. Əfsuslar olsun ki, respublika daxilində də bu cəhdləri dəstəkləyən qüvvələr vardı. Belə durumda isə gənc dövlətin yaşaması mümkünsüz bir hala gəldi. Nəticədə yaranmış ictimai-siyasi vəziyyət fonunda sovet Rusiyası ölkəmizə hərbi təcavüz edərək 1920-ci ilin aprelində Azərbaycan Xalq Cumhuriyyətini süquta uğratdı. Azərbaycan Demokratik Respublikası milli dövlətçiliyimizin, milli ideologiyanın reallığa çevrilməsi yolunda tarixi bir addım oldu. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Demokratik Respublikası milli şüurun, milli dövlətçiliyin qərarlaşmasında mühüm əhəmiyyət kəsb etdi və 70 il sonra yenidən müstəqilliyə qovuşan Azərbaycan üçün sağlam təməl rolunu oynadı. Əsası XX əsrin əvvəllərində qoyulmuş milli dövlətçilik ənənələrinin, mədəni, elmi, iqtisadi, kadr potensialının mövcudluğu xalqımıza öz varlığını, mədəniyyətini, milli mənliyini qoruyub saxlamaq və yenidən dirçəlib 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Lakin ilk vaxtlar hakimiyyətdə olan millətçi siyasi qüvvələr hər nə qədər milli məfkurə daşıyıcıları olsalar da, dağınıq vəziyyətdə olan ölkəni toparlamaq və idarə etmək gücündə olmadıqlarını nümayiş etdirdilər. Müdrik dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi isə yaranmış böhranın aradan qalxmasına kömək oldu. Və biz Azərbaycan dövlətçilik tarixində növbəti uğurlu bir mərhələyə qədəm qoyduq. Ölkəmizi ağır günlərdən çıxarıb parlaq gələcəyə hesablanmış bir siyasət yürüdən ulu öndər tariximizi, keçmişimizi, adət-ənənələrimizi unutmamağı, hər zaman onları qoruyub qürur hissi keçirməyi hər bir vətəndaşa tövsiyə edirdi: "Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik".
Bu gün dövlətimiz və xalqımız qarşıda duran əsas vəzifələrdən biri məhz Azərbaycanın dövlətçilik tarixini, milli adət-ənənələrini, elm və mədəniyyətini yüksək səviyyədə təbliğ etməkdən ibarətdir. Çünki müasir Azərbaycanın söykəndiyi qədim dövlətçilik ənənələri var ki, bu da bizim qürur mənbəyimizdir. Müdrik dövlət xadimi, ulu öndər Heydər Əliyev dövlətçilik tarixinin, adət və ənənələrin hər bir millətin həyatında mühüm rol oynadığını qeyd edərək: "Biz nadir bir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkənin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır"- söyləyirdi. Bununla ümummilli lider ölkənin hər bir vətəndaşını fərd olaraq öz vətəninin maraqlarından çıxış etməyə, zəngin keçmişi, bu günü və işıqlı gələcəyi ilə qürur duymağa çağırırdı. Və hər bir vətəndaşda öz vətəninə məsuliyyət hissini daha da artırırdı. Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın".
Bəli, ölkəmiz sülh, əminamanlıq, təhlükəsizlik şəraitində inkişaf dövrünü yaşayır və heç şübhəsiz, bundan sonra da nailiyyətlərə imza ataraq tarixə öz möhürünü vuracaq. Təbii ki, sabitlik olmadan hansısa inkişafdan, rahat, firavan həyat tərzindən danışmaq, milli dəyərlərin təbliğindən söz açmaq qeyri-mümkündür. Bu sabitliyin, təhlükəzsizliyin qarantı isə Azərbaycan dövlətidir.
Məhəmmədəli
QƏRİBLİ
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün
hazırlanıb
Bakı xəbər.- 2016.- 9-11
iyul.- S. 13.