Xarici ölkə muzeylərində saxlanan mədəniyyət incilərimiz azərbaycançılıq nümunələri kimi...

 

III yazı

 

Azərbaycançılıq ideyasının daşıyıcılarından olan mədəniyyət, incəsənət nümunələri, təsviri sənət örnəkləri öz qiymətini hər zaman qoruya bilir. Xalqımızın qədim sənət növləri bu gün də azərbaycançılıq örnəyi kimi diqqəti cəlb edir. Xalqımızın mədəniyyətini, dünyagörüşünü, təfəkkür və düşüncəsini, adət-ənənəsini özündə əks etdirən nümunələr zamanların sınağından keçərək günümüzə qədər gəlib çatıb.

Tədqiqatçılar qeyd edir ki, İsveçrənin Bern, Cenevrə, Surix, Bazel, Lozanna şəhərlərindəki muzeylərdə, şəxsi kolleksiyalarda və əntiq mallar mağazalarındakı sənət örnəklərimiz Azərbaycan incəsənəti tarixinin gözəl bir səhifəsi sayıla bilər.

Bern tarix muzeylərində AvropaAmerika maddi mədəniyyəti ilə yanaşı, Azərbaycan sənətkarlığının da bir çox gözəl nümunələri nümayiş etdirilir. Muzeyin ekspozisiyasının mərkəzini göy və qırmızı rənglər vəhdətində stilizə edilmiş, ornament motivləri ilə toxunmuş böyük bir mafraşonun altına sərilmiş kilim təşkil edir. Bu toxuculuq sənəti nümunələrinin yanında böyük bir etiketdə alman dilində onun XVIII əsrdə Azərbaycanda toxunduğu qeyd olunub. Bədii və texnoloji xüsusiyyətlərinə görə Qarabağ xalçalarının icra üsulunu xatırladan bu el sənəti nümunəsi Şərq incəsənəti şöbəsinin ən gözəl eksponatlarından sayılır.

Sənətşünaslar vurğulayır ki, Bern tarix muzeyində saxlanan maraqlı xalçalardan biri də 1830-cu ildə Qubada toxunmuş "Qollu çiçi" xalçasıdır. XVIII-XIX əsrlərdə Şamaxı, Göyçay, Gəncə, Şəki, Bakı, Təbriz, Ərdəbil şəhərlərində düzəldilmiş xəncər, qılınc, tapança və barıt qabları tamaşaçıların diqqətini xüsusilə cəlb edir. Say etibarilə Bern tarix muzeyində Şirvan ustalarının adı ilə bağlı əsərlər üstünlük təşkil edir. Sənətşünasların yazdığına görə, muzeydə nümayiş etdirilən silahlarımızın bədii tərtibatı arasında biz təkcə nəbati, həndəsi naxışlara, heyvanat aləmindən götürülmüş rəsmlərə deyil, həm də kiçik məzmunlu süjet xarakteri daşıyan kompozisiyalara rast gəlirik.

Yeri gəlmişkən, bu silahların müxtəlif biçimli naxışları arasında arabir təsadüf edilən ərəb əlifbası ilə yazılmış sözlər və kəlmələr haqqında da danışmaq lazımdır. Onlar mahir sənətkar əli ilə əşyada olan naxış və rəsmlər arasında elə bacarıqla yerləşdirilib ki, gözəl bəzəyi andırır, ümumi kompozisiyanın qırılmaz hissəsini təşkil edir. Bu yazılar bəzəkdən savayı həm də qiymətli tarixi məxəzlərdir. Məsələn, döymə, qarasavad üsulu ilə bəzədilmiş gözəl bir gümüş barıt qabı üzərində biz "Şamaxılı Seyidzadə" (inventar 832), qundağı və lüləsinin yatağa bərkidilən yerləri qara savadla naxışlanmış gümüş hissəciklərlə örtülən tapança üzərində isə "əməli Əli" (inventar 766), dəstəyi fil sümüyündən, tiyəsi nəbati ornament motivləri ilə bəzədilmiş, 38,2 sm uzunluğunda olan kiçik bir xəncər üzərində "əməli Məhəmməd Ərdəbili" (inventar 1178) sözlərini, uzunluğu 51,1 sm, tiyəsi əyri bir xəncər üzərində isə həm sənətkarın, həm xəncər sahibinin adını oxuyuruq.

Sənətşünasların verdiyi məlumata görə, Bern tarix muzeyində saxlanan Azərbaycan silahları üzərində "Bakı", "Quba", "Əməli Səməd", "Ömər" sözlərinə və digər adlara da rast gəlirik. Bundan əlavə, Bern tarix muzeyinin Şərq bölməsində XVIII-XIX əsrlərdə xalqımızın məişətində geniş istifadə edilən mis ev avadanlıqları nümunələri də var. Bu orijinal formalı mis qab-qacaqlarımız muzeyin divarına bənd edilmiş böyük bir stenddə taxçanı andıran çərçivələr içərisində nümayiş etdirilir.

Almaniya Federativ Respublikasında Azərbaycan el sənətkarlığını yeganə bir növ - xalça sənətimiz təmsil edir. Hazırda Bonn, Hamburq, Münhen, Köln, Düsseldorf, Frankfurt-Mayn, Manheyms. şəhərlərdə yerləşən muzey, əntiq mallar mağazalarında və şəxsi kolleksiyalarda minlərlə xalça sənəti nümunələrimiz saxlanır. Tədqiqatçılar məlumat verir ki, bu ölkədə adi kütləvi xarakter daşıyan xalçalarımızla yanaşı, yüzlərlə müxtəlif əsrlərdə yurdumuzda toxunmuş çox nadir sayılan nümunəvi xalçalara da rast gəlmək olur. Bildirilənə görə, orijinallıq baxımından 1960-cı ildə Münhen şəhərindəki əntiq mallar mağazasında nümayiş etdirilən XVIII əsr Qazax xalçası da diqqəti cəlb edir. Məlumatlara görə, öz konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış, ucları dörd müxtəlif tərəfə ayrılan svastikanı andıran bu bəzəklər elə real səpkidə toxunub ki, sanki onlar bir nöqtə ətrafında fırlanaraq hərəkət edir. Bu ornament elementinə biz təkcə "Damğalı" adını almış bu tipli Qazax xalçalarında deyil, dekorativ-tətbiqi sənətimizin başqa növlərində də rast gəlirik.

Tədqiqatçıların yazdığına görə, qardaş Türkiyə Cumhuriyyətində də Azərbaycan sənətkarlığı nümunələri var. Türkiyə şəhərləri içərisində Azərbaycanın dekorativ-tətbiqi və təsviri sənət nümunələri ən çox İstanbulda cəmlənib.

Məlumatlara görə, İstanbulda Azərbaycan sənətkarlığının ən qədim və gözəl nümunələri əsasən üç böyük muzeydə cəmlənib. Bunlar Topqapı sarayı muzeyi, Türkİslam əsərləri muzeyi və Xalqı muzeyidir.

Sənətşünaslar yazır ki, İstanbul muzeylərində saxlanan sənətkarlıq nümunələrimiz içərisində say etibarilə ən görkəmli yeri müxtəlif metallardan (qızıl, gümüş, polad, miss.) düzəldilən ev əşyaları, zərgərlik nümunələri və silahlar təşkil edir. Metaldan düzəldilmiş sənətkarlıq nümunələrimiz içərisində İstanbulun Topqapı sarayı muzeyində saxlanan qızıl kəmər xüsusilə diqqəti cəlb edir.

Topqapı sarayı muzeyində saxlanan, 1528-ci il tarixli polad başlıq da orta əsr Azərbaycan zərgərliyi haqda təsəvvür verən qiymətli abidələrdən sayılır. İstanbulun muzeylərində saxlanan metal sənəti nümunələrimiz sırasına vaxtilə Təbriz və Ərdəbildə düzəldilmiş bürünc ələmləri də daxil etmək olar. Bürünc ələmlər keçmişlərdə məscid, mədrəsə kimi tikinti və minarələrin təpəliklərinə sancılaraq dini bir mahiyyət kəsb edirdi. Ələmlərin gövdə hissəsi tikintilərin təpəsindəki qutaracağa taxıldığı üçün içərisi boş, üzəri isə bəzəksiz olurdu. Ələmlərin ən gözəl hissəsini onların yuxarı qurtaracağı təşkil edir. Elə bil mahir zərgər əlindən çıxmış ələmlərin bu hissəsində həm dini xarakter daşıyan yazılar, həm də rəmzi mahiyyətli təsvirlər verilirdi. Hazırda Türkiyə muzeylərində saxlanan ələmlərimiz əsasən iki biçimdədir: buynuzarmudvari şəkildə. Onların bəzilərinin üzərində bədii bir səpkidə işlənmiş Allah, Məhəmməd, Əli sözlərinə, başqalarında isə rəmzi mahiyyətli təsvirlərə rast gəlirik.

Tədqiqatçılar məlumat verir ki, Türkiyə muzeylərində Azərbaycan toxuculuq sənətinin də bir çox nadir nümunələri saxlanmaqdadır. Bunlardan vaxtilə Şamaxıda, Gəncədə, Şəkidə, Şuşa və Təbrizdə istehsal olunmuş parçaları, bədii tikmələri və xalçaları xüsusi qeyd etmək lazımdır.

Hazırda Türkiyə muzeylərində parça və tikmə sənətimizi təmsil edən bir neçə yüksək səviyyəli əsərimizin olduğunu deyən tədqiqatçıların yazdığına görə, bunlar əsas etibarilə İstanbulun Topqapı sarayı muzeyində cəmlənib. Bu görkəmli muzeydə saxlanan parça və tikmə sənətimiz içərisində ikisinin xüsusilə diqqəti cəlb etdiyini vurğulayan tədqiqatçılar qeyd edir ki, onlardan biri XVI əsrə aid süjetli parça tikəsidir, o birisi isə gülbətin tikməli xələtdir. Dünya miqyasında geniş şöhrət tapmış Azərbaycan xalçaları da Türkiyə muzeylərinin gözəl incilərindən sayılır. Azərbaycan xalçaları Türkiyədə dörd böyük muzeydə cəmlənib. Bunlar İstanbulda Türkİslam əsərləri muzeyində, Topqapı sarayı muzeyində və Xalça muzeyində, Koniya şəhərindəki Mövlanə muzeyindədir.

Türkiyədə saxlanan ən qədim Azərbaycan xalçası XIII əsrə aiddir. Uzunu 254, eni 170 sm ölçüdə olan bu nadir toxuculuq sənəti əsəri, türk sənətşünaslarının verdiyi məlumatlara görə, əvvəllər Bəyşəhərdə Əşrəf oğlu camesinin nəzir verilmiş xalçalarından olub. 1932-ci ildə isə Koniya şəhərindəki Mövlanə muzeyinə gətirilib.

Tədqiqatçılar yazır ki, Türkiyədə saxlanan orijinal sənət nümunələrimiz sırasına İzmirdə arxeoloji muzeydə nümayiş etdirilən mürəkkəb boyalı vazı da aid edə bilərik.

Hazırda İranın muzey, məscid və şəxsi kolleksiyalarında Azərbaycan xalqının əsrlər boyu yaratdığı minlərlə nadir sənətkarlıq nümunəsi mühafizə olunur. Bu baxımdan ölkənin paytaxtı Tehran şəhərində yerləşən Basitan, Gülüstan, Arxeolojixalça muzeyinin eksponatları xüsusilə diqqəti cəlb edir.

Tehranın Arxeoloji muzeyində nümayiş etdirilən sənət abidələrimiz içərisində Həsənli təpəsindən tapılmış bədii metal məmulatları xüsusilə diqqəti cəlb edir.

Tədqiqatçılar yazır ki, Həsənli təpəsi İran Azərbaycanının Sulduz mahalında yerləşir. Gözəl təbii şəraitə malik olan bu məntəqə hələ eramızdan min il əvvəl Yaxın Şərqdə zəngin mədəniyyət mərkəzlərindən biri olub. Tarixi mənbələr göstərir ki, Böyük Midiya dövlətinin tərkibinə daxil olan Manna tayfası vaxtilə bu ərazidə yaşayıb. 1956-1957-ci illərdə Həsənli təpəsindən tapılmış sənət abidələri içərisində hazırda Tehranın Arxeoloji muzeyində nümayiş etdirilən qızıl cam dünya alimlərinin diqqətini xüsusilə özünə cəlb edib. Tədqiqatçılar göstərir ki, aşağıdakı cərgədə də diqqəti cəlb edən bir çox səhnəciklər var. Burada başına ilan dolanmış ovçu, onun yanında iki qoç üzərində dayanmış lüt qadın, üçbaşlı əjdahanın caynağından xilas olunmaq üçün əllərini kənarda dayanmış pəhləvana uzadan bir kişi təsvir edilib. Bu səhnəciklər camın orta hissəsində yerləşib. Camın nisbətən aşağı hissələrində kiçik səndəldə oturmuş qoca bir kişi təsvir olunub. Bir qadın onun qarşısında duraraq kiçik yaşlı uşağı ona tərəf uzadır. Bu səhnənin üstündə üzü səndələ tərəf olan kişi əlində naməlum qab tutaraq dayanıb. Yuxarıda bəhs etdiyimiz şəkillərdə başına ilan dolanan ovçu təsviri arasında üç başqa rəsm də var.

Tədqiqatçılar qeyd edir ki, Azərbaycan mədəniyyətinin bu dövrlərdə qonşu dövlətlərlə qarşılıqlı əlaqəsini Urmiya gölü ətrafında Ziviyə mahalından tapılmış, e.ə. VIII-VII əsrlərə aid olan qızıl döşlük də əyani şəkildə təsdiq edir.

Sənətşünasların tədqiqatlarına nəzər salsaq görərik ki, onlar bu sahədə xeyli işlər görüb. Onlar üzə çıxarıb ki, İran muzeylərində Azərbaycanda toxunmuş xalçalar da saxlanır. Bunların içində Qubanın Pirəbədil kəndində toxunmuş xalçanı qeyd etmək olar.

Azərbaycan mədəniyyətinin inciləri dünyanın hər bir yerində azərbaycançılıq nümunəsi kimi xarakterizə olunur. Cəmi Azərbaycan ellərində yaradılan, ərsəyə gətirilən bu füsunkar sənət nümunələri dünya muzeylərində zəngin mədəniyyətimizin, monolit ideologiyamızın tərənnümçüsü rolunu oynayır. Azərbaycançılıq ruhunu özündə yaşadan hər bir eksponat xalqımızın mənəvi dünyasının tərcümanıdır.

 

İradə SARIYEVA

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı xəbər 2016.- 12 iyul.- S. 10.