İctimai və dövlət
maraqlarının müdafiəsi
Milli dövlətçilik maraqları hər zaman, hər yerdə qorunmalıdır. Bu, müzakirə olunmayan və etirazsız qəbul edilməli bir konsepsiyadır. Təkcə minillik dövlətçilik tarixinə malik ölkələrdə deyil, adı dünya xəritəsinə cəmi bir neçə yüz il əvvəl həkk olunmuş məmləkətlərdə də bu məsələyə münasibət birmənalıdır. Elə bu yaxınlarda Avropa ölkələri ilə müqayisədə gənc dövlət sayılan ABŞ-da milyonlarla insanın şəxsi telefon söhbətlərinin dinlənilməsi məsələsi gündəmə gəldi.
Bu informasiya məni təəccübləndirmədi. Çünki əvvəllər də bu tip xəbərlərə mediada rast gəlmişdim. Mənə daha çox sadə vətəndaşların reaksiyası maraqlı gəldi. İnsanlar bu informasiyanı KİV-ə ötürənləri qınayır, hətta bəziləri onları satqın adlandırmaqdan belə çəkinmirdi. Bu məsələ əslində vətəndaşın şəxsi hüquqlarını pozmağa yönəlsə də, terrorizmlə səmərəli mübarizənin təşkili naminə onlar buna etiraz etmirdilər. Mən bu sorğu zamanı milli dövlətçilik maraqlarının qorunmasında əsl vətəndaş təəssübkeşliyinin şahidi oldum.
Qədim Yunanıstan və Roma da daxil olmaqla, ən qədim dövrlərdən indiyə qədər dövlət və ictimai maraqlar olub. Ancaq qədim dövrlərdə yaranan dövlətlərdə insanların hüquq və azadlıqlarının olmadığı, insanlar maddi və mənəvi sərvətlərdən bəhrə götürmədiyi üçün dövlət və ictimai maraqlar bir-birini tamamlamayıb. Dövlət və ictimai maraqların bir yerdə olması, bir-birini tamamlaması kapitalizm münasibətlərinin yarandığı XIV-XV əsrlərdən başlayıb və bu, vətəndaşlıq məsuliyyəti formasında üzə çıxıb. İnsanın fərdi azadlıqlarının, hüquqlarının təminatçısı rolunda dövlət çıxış etməyə başlayıb. Biz Azərbaycanda yaşayırıq, dövlət hüquq və azadlıqların həyata keçməsinə, maddi və mənəvi sərvətlərdən bizə pay düşməsi üçün şərait yaradır. Ona görə də fərd də dövlət maraqlarını nəzərə almalı, lazım gələndə özünün şəxsi hüquq və azadlıqlarını dövlət maraqları naminə qurban verməyi bacarmalıdır. Tutaq ki, dövlət maraqları işğal olunmuş torpaqların azad edilməsi naminə mitinq keçirilməməsini, sərbəst hərəkətin məhdudlaşdırılmasını tələb edirsə, vətəndaş bunu etməlidir. Vətəndaşın marağı heç bir halda dövlətin marağından üstün ola bilməz.
Bəzən biz milliliklə millətçilik, dövlətlə iqtidar arasında fərqi düzgün qiymətləndirmirik. Halbuki, millilik xalqa, millətçilik kütləyə xas anlayışdır. Dövlət öz vətəndaşlarına məxsusdur. İqtidar isə dövləti təmsil edir. İqtidarla müxalifətdə olmaq normaldır. Dövlətə müxalif olmaq isə ictimai və milli maraqlara qarşı çıxmaq deməkdir. Milli maraqları şəxsi maraqlardan öndə tutmaq vətənpərvər insanlara xas sifətdir. Çernışevski yazırdı ki, insanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür. Başqa bir rus mütəfəkkiri Belinski isə hesab edirdi ki, öz vətəninə mənsub olmayan adam bəşəriyyətə də mənsub ola bilməz. Bu fikir günümüz üçün də aktuallığını itirməyib.
Vaxtilə marksistlər dövlətin xəyali "mədəni təkamül" prosesinin nəticəsi kimi sonradan ortaya çıxan mexanizm olduğunu iddia edirdilər. Onların məntiqinə görə, ilkin cəmiyyətlərdə dövlət və ya buna bənzər quruluş olmayıb, insanlar yalnız təkamül nəticəsində belə bir quruluşun yaranmasına nail olub. Lakin bu iddia özünü qətiyyən doğrultmayıb. Belə ki, arxeoloji tapıntılar heç bir halda bu qənaəti bölüşmür və bunun tam əksi olaraq, hətta ən qədim mədəniyyətlərin belə dövlətçilik ənənəsinin olduğunu faktlarla təsdiq və sübut edir. Bütün bu nəticələrə dayanaraq dövlətçiliyin bəşər tarixi ilə həmyaşıd olduğunu əminliklə söyləyə bilərik. Əslində bu bir qanunauyğunluqdur. Yəni insanın mahiyyətində ona məxsus olanı qoruma instinktinin də az qala bəşər tarixi ilə həmyaşıd olduğu faktdır. Bu halda dövlətinin təəssübkeşi olmaq kimi yüksək insani keyfiyyətin də mayasında məhz bu instinktin durduğunu demək mübaliğə sayılmamalıdır. Təsadüfi deyil ki, hətta ən qatı iqtidar-müxalifət barışmazlığı yaşanan ölkədə belə, dövlətin təhlükəsizliyi, milli maraqların müdafiəsi və ya digər bu kimi ölkə üçün taleyüklü məsələlər gündəmə gəldikdə onlar arasındakı baryer sanki arxa plana keçir, cəmiyyət iqtidarlı-müxalifətli problemin üzərinə gedərək onu çözməyə çalışır. Öz növbəsində dövlət də ölkənin asayişi, cəmiyyətin sağlamlığı, təhsili, mədəniyyəti kimi sahələri özünün prioritet vəzifəsi elan edib xalqın mənafeyi naminə çalışır ki, bu sahədə yüksək nəticələrin əldə olunması onun vətəndaşında milli təəssübkeşlik, öz dövlətinə minnətdarlıq hissi formalaşdırır və razılaşaq ki, dövlətin idarə olunmasında sözügedən məsələ çox önəmli faktor kimi çıxış edir. Bu faktın nəzərə alınması əslində dövləti idarə edənlərin başlıca vəzifəsi olmalıdır. Çünki istənilən ölkədə sabitliyin qarantı xalqdır və sabitliyin daimi olması üçün ilkin şərt onun mövcud hakimiyyətin yürütdüyü istər daxili, istərsə də xarici siyasətdən razı qalması və onu dəstəkləməsidir. Dövlət hər iki istiqamətdə xalqın maraqlarını təmin edən, onun gələcəyinə təminat verən siyasət yürüdürsə, ölkədə asayiş bərqərar olur. Bu işdə isə təkcə ayrı-ayrı fərdlərin və ya toplumların deyil, ümumən vətəndaş cəmiyyəti institutlarının üzərinə ciddi məsuliyyət qoyulur. Çünki reallıqda birbaşa toplumla işləyən dövlət deyil, məhz belə institutlardır. Bu institutlar isə fəaliyyətini elə istiqamətdə qurmalıdır ki, həm dövlətin, həm də cəmiyyətin maraqları təmin olunsun. Lakin bu zaman təəssüf ki, bəzi hallarda bu maraqlardan yan keçmələr də özünü göstərir. Bu da əslində təbii prosesdir. Qloballaşan dünyamızda dünya ağalığı uğrunda savaşın müasir texnologiyalar əsrinin gəlişi ilə daha geniş miqyas aldığı faktdır. Bu güclər isə xırda dövlətlərin güclənməsində qətiyyən maraqlı olmadığından, belə ölkələrin daxilində pozuculuq fəaliyyəti göstərmək, beləliklə də onun başını daxili problemlərinə qatmaqla inkişafının önünü kəsməyi, beləliklə də onu, bir növ, özlərindən asılı vəziyyətə salmağı hədəfləyir ki, bu missiyalarının həyata keçməsində də onların köməyinə müxtəlif beynəlxalq təşkilatlardan maliyyələşən qeyri-hökumət təşkilatları gəlir.
Çağdaş dövrün elmi nailiyyətləri içərisində ən əhəmiyyətlisi internetdən istifadə imkanlarıdır. Dövrümüz həm də informasiya bolluğu ilə fərqlənir. İnformasiya mübadiləsi milyonların maraqlarını təmin etməklə insanların həyatında önəmli rol oynayır. Azərbaycanın işğalçı dövlət olan Ermənistanla müharibə şəraitində olması virtual məkanda da özünü açıq büruzə verir. Başqa sözlə desək, informasiya müharibəsi gedir. Əgər əvvəllər Ermənistan dezinformasiya siyasətindən məharətlə istifadə edərək uğur əldə edirdisə, artıq Azərbaycanın bu müharibədə önəmli nailiyyətlər əldə etdiyini əminliklə söyləmək olar. Çünki bu müharibədə bizim "silahımız" dezinformasya yox, həqiqətdir. Sevindirici haldır ki, virtual rəqabət məkanında sadə vətəndaşlarımız da fəal iştirak edərək milli maraqların qorunması işinə öz töhfələrini verir. Amma elələri də tapılır ki, bilərək və ya bilməyərəkdən erməni mənbələrin qəsdən ötürdükləri dezinformasiyaları mediada yayır və beləliklə də əhali arasında gərginlik, ümidsizlik və xaosa şərait yaradır. Milli dövlətçilik maraqlarının qorunmasında vətəndaş təəssübkeşliyi vacib amildir və bu həqiqəti hamı dərk etməlidir. Bu hisslər körpəlikdən insanlara aşılanmalıdır. Bu baxımdan müəllimlərin və valideynlərin üzərinə böyük məsuliyyət düşür. Platonun müdrik bir kəlamı var: vətən hüquqları valideyn hüquqlarından daha genişdir. Vətənpərvərlik, milli və ictimai maraqların qorunması ilə bağlı mövzular - inşa yarışmaları, debatlar və digər tədbirlər kampaniya xarakteri daşımamalı, davamlı olmalıdır. Unutmamalıyıq ki, insanın xarakteri məhz kiçik yaşlarda formalaşır. Xarakter isə prinsipial olmaq bacarığından ibarətdir. Vətəni sevməyi, bu dövlətin vətəndaşı olmaqla fəxr etməyi, milli və ictimai maraqların mahiyyətini öyrətmək hər bir müəllimin borcudur. Keçmiş ABŞ prezidenti Vilson da vaxtilə ölkə pedaqoqlarının belə bir vəzifə daşıdığını qeyd edərək vətənin böyüklüyünün onun sıravi vətəndaşlarının böyüklüyü ilə müəyyən olunduğunu bildirmişdi. Gəlin biz də böyük olmağa və vətənimizi də böyük tutmağa çalışaq. Fəxr edək ki, bu vətənin övladları, bu dövlətin vətəndaşlarıyıq.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc mövzu ilə bağlı açıqlamasında bildirdi ki, əslində dövlət maraqlarının müdafiəsi və təhlükəsizlik məsələləri illər keçdikcə daha fərqli müstəviyə keçməkdədir:
"Sovet dövrünün təhlükəsizlik məsələsi ilə hazırkı dövr başqadır. Yəni o zamanlar böyük dövlət var idi. İstənilən təhlükəsizlik tədbirləri də həmin dövlətin yaratdığı qurumlar hesabına reallaşdırılırdı. Hazırda Qərb dövlətlərində təhlükəsizliyə münasibət çox fərqlidir. Onlar hesab edir ki, təhlükəsizlik dövlət ünsüründən ibarətdir.
Birinci fərdi maraqlar önəm daşıyır. Sonra cəmiyyət və ardınca dövlət.
Bu isə o deməkdir
ki, dövlətimizə qarşı hər
hansı müdaxilə varsa, bu hər kəsi
qayğılandırmalıdır. Bu təkcə
hökumət məmurlarının işi
deyil. Vətəndaş və cəmiyyət
də bu işdə iştirakçı
olmalıdır. Azərbaycanda da
hazırda vətəndaş hökumətin ətrafında
sıx birləşərək, dövlətçiliyimizin
qorunmasında yaxından iştirak edir. Hesab edirəm ki, bu belə də
olmalıdır".
Məhəmmədəli
QƏRİBLİ
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
olunur.
Bakı xəbər.- 2016.- 12 iyul.-
S. 12.