Tarixdə iz buraxanlar: Sultan II Səlim
xan
Sultan II Səlim xan Osmanlı sultanlarının on
birincisi, İslam xəlifələrinin yetmiş altıncısıdır. Sultan II Səlim xan 28 may
1524-cü ildə anadan olub. Atası Qanuni Sultan
Süleyman xan, anası Hürrem Haseki sultandır. Şahzadəliyində o dövrün
tanınmış alimlərindən mükəmməl bir təhsil
alaraq yetişib və tərbiyə görüb. Dövlət idarəçiliyi və təşkilatçılğını
yaxşıca öyrənməsi üçün Anadolunun
müxtəlif vilayətlərində bayraq bəyliyi vəzifəsində
çalışıb.
Valilik illərində təhsilinə davam edərək
elm və mədəniyyət sahəsində yüksək bir
mədəniyyət səviyyəsinə sahib olub.
Qanuni Sultan Süleyman xan Macarıstan səfərinə
çıxıb Zigetvar qalasının fəthindən əvvəl
vəfat etdikdə padşahın vəfat etməsini gizli tutan
Vəzir Sokullu Məhməd paşa vəliəhd Səlimə
xəbər göndərərək səltənətə dəvət
etdi. Bu zaman
Kütahya bayraq bəyliyində olan Səlim xan İstanbula gələrək
1566-cı il sentyabr ayının 30-da taxta
çıxdı.
Sultan II Səlim xan Osmanlı padşahı olması ilə
dövlət idarəsinə və orduya əsl dövlət
adamlarını və komandanları təyin edib, vəzifə
başında olanlardan bir qismini də tutduqları vəzifədə
saxlayıb. Vəzir Sokullu Məhməd paşanı vəzifəsində
saxlaması dövlət idarəsi və inşaat fəaliyyətləri
üçün doğru bir qərar olub.
1567-ci il iyun ayının 22-də Ədirnəyə
keçən Səlim xan müxtəlif dövlətlərin
elçilərini qəbul etdi. Bu elçilərdən,
xüsusilə zamanın qüdrətli dövlətləri
sayılan və çox dəyərli hədiyyələrlə
gələn Avstriya və Almaniya elçiləri diqqət
çəkirdilər. Çünki
Osmanlı dövləti Qanuni Sultan Süleyman xan
dövründə bu iki dövlətlə davamlı
mücadilə halında olmuş və hər iki dövlət
Osmanlı dövlətinin hərbi qüvvət və qüdrəti
qarşısında itib əzilmişdi. İndi
isə yeni bir hökmdar taxta çıxırdı. Bu iki dövlətin ən böyük şübhəsi
və marağı yeni hökmdarın güdəcəyi siyasət
idi. Babası Yavuz Sultan Səlim xan kimi bir
Şərq siyasəti təqib edərək İran üzərinəmi,
yoxsa atası kimi Avropa qitəsinə yüklənəcəkdi?
Hər iki dövlət də ən azından
yeni Sultanın siyasəti bəlli oluncaya qədər türk
ordularını öz ölkələrindən
uzaqlaşdırmaq üçün Osmanlı dövləti ilə
imzalayacaqları sülh müqaviləsinə böyük əhəmiyyət
verirdilər. Sultan II Səlim xan uzun
görüşlərdən sonra 17 fevral 1567-ci ildə Avstriya
ilə səkkiz illiyinə müqavilə imzaladı.
İmzalanan bu müqaviləyə görə, Qanuni Sultan
Süleymanın Zigetvar səfərində fəth etdiyi yerlər
Osmanlı dövlətində qalacaq, Avstriya imperatoru hər il
Osmanlı dövlətinə 30 min macar qızılı vergi
verəcəkdi. Avstriya ilə müqavilə
imzalayan Sultan II Səlim xan bir neçə gün sonra
İran elçisi Şahqulu xanın Qanuni Sultan Süleyman
xanın dövründə imzalanan Amasya sülhünün
yenilənməsi üçün xahişini qəbul etdi.
1569-cu ilin iyun ayında İsgəndəriyyə
yaxınlıqlarında Nil gəmilərinin yolunu kəsən
Venedik dəniz quldurlarının müsəlmanları əsir
alıb Kiprdə satmaları hadisəsinə çox hirslənən
Sultan II Səlim xan dərhal Venedikə bir elçi göndərərək
Kiprin Osmanlı dövlətinə verilməsini istədi. Bu istəyin
Venedik tərəfindən rədd edilməsinə
qarşı səfər hazırlıqlarına
başladı. Əslində Kiprin
Osmanlı dövləti tərəfindən fəth edilməsini
məcburi qılan bir çox səbəblər vardı.
Osmanlı dövlətindən Orta Şərq və
Şimali Afrika ölkələrinə olan torpaq yollarıysy
uzun və yorucu olmasına qarşılıq Kipr üzərindən
bu ölkələrə daha tez və rahatlıqla çatmaq
mümkün idi. Ancaq Kiprin böyük dəniz
gücünə sahib Venedik ölkəsinin əlində
olması bu imkandan istifadə etməyə yol vermirdi. Bundan əlavə, Kipr və ya oralardan keçən
Osmanlı dövlətinin ticarət gəmiləri və
hacıları daşıyan sərnişin gəmiləri
Aralıq dənizində xristian dəniz quldurları tərəfindən
saxlanaraq soyulur, Venedik də bu quldurları himayə edirdi.
Sultan II Səlim
xan hazırlıqları bitirdikdən sonra Kipr sərdarlığına
Mustafa paşanı təyin etdi və 1570-ci il
may ayının 15-də donanma İstanbuldan ayrıldı.
Mustafa paşa bütün Avropa dövlətlərinin Venedikə
yardım etməcinə baxmayaraq, sentyabrın 8-də
Lefkoşanı, 1571-ci il avqust
ayının 1-də isə Maqosanı alaraq Kiprin fəthini
tamamladı. Fəqət müttəfiq dövlətlər
boş durmadılar, hey aranı qarışdırmağa
çalışdılar. Hətta bir ara
xristianlar zəfər qazandılar və qazanılan zəfərin
şərəfinə oralarda heykəllər tikməyə
başladılar. Xaçlılar bu cür
işlərlə məşğul ikən şəxsən
Sultan II Səlim xanın əmri ilə ciddi bir fəaliyyətə
başlayan Osmanlı gəmiqayıranları 1571-1572-ci illərdə
İnebatıda itirdikləri donanmadan daha böyük bir
donanma yaratdılar. Beləcə, Qılınc Əli
paşa 1572-ci il iyun ayının 13-də
böyük bir donanma ilə İstanbuldan ayrıldı. İneboluda xeyli əsgər itirmələrinə
baxmayaraq, müttəfiqlər qalibiyyətin meyvələrini
toplamaq niyyətində ikən Osmanlı donanmasının
Aralıq dənizində görünməsi böyük
çaşqınlıqla qarşılandı. Müttəfiqlərin donanması Osmanlı
donanmasının qarşısına çıxmağa cəsarət
edə bilmədi. İttifaqdan ayrılan
Venedik Fransanın vasitəçiliyi ilə sülh müqaviləsi
bağlamaq istədi. Nəticədə, 1573-cü il mart
ayının 7-də imzalanan müqavilə ilə Kiprin
Osmanlı dövlətinə aid olduğunu qəbul etdi və
500 dukat olan qızıl xərac 1550-yə
qaldırıldı.
Kiprin fəthindən
sonra Krım xanına əsgər və top göndərən
Sultan II Səlim xan 1569-cu ildə Həştərxan səfərinin
müvəffəqiyyətsizliyinin
qarşılığını ödəmək və daha
artıq genişlənməmələri üçün
gözdağı vermək üzrə Rusiyanın üzərinə
bir səfər hazırlanmasını əmr etdi. Beləcə, çox ciddi bir qərarla 1571-ci ilin
yazında hərəkətə keçən Dövlət
Giray xan 120 min nəfərlik süvaridən ibarət möhtəşəm
ordusu ilə Rusiyaya qarşı səfərə
çıxdı. Çox sürətlə
hərəkət edən Dövlət Giray xan
başlatdığı döyüşlərdə rus
ordularına 10 minlərlə itki verdirərək onları
darmadağın edib Moskvaya girdi. 150 min əsirlə
Krıma dönən Dövlət Giray xan bu zəfərilə
"Taxtalan" ləqəbilə anıldı.
Sonrakı il səfərə
çıxan Dövlət Giray xan Oka çayına qədər
irəlilədi. Bu müvəffəqiyyəti
qeyd edən Sultan II Səlim xan qiymətli daşlarla bəzədilən
bir qılınc göndərərək bu tarixi qələbəsi
ilə Dövlət Giray xanı təbrik etdi. Çar Osmanlı dövlətinə bağlı
Krım xanlığı ilə ildə 60 min ədəd
qızıl vergi verməyi qəbul edərək sülh
müqaviləsi imzaladı.
1574-cü ildə Boqdan voyevodası Loan Cumplit üsyan edərək
Polşanın da yardımı ilə Dunay çayının
qərb sahilindəki İbrail, Dnestr çayının
sahilindəki Bender və Ağkerman kimi mühüm
qalaları ələ keçirdi. Bunların üzərinə
göndərilən və kiçik türk birliklərilə
dəstəklənən Eflak voyevodası da məğlub
edildi. Belə olduqda Sultan II Səlim xan
üçüncü vəzir Əhməd paşa və
Krım xanı Adil Girayı bu üsyanı yatırtmaqla vəzifələndirdi.
Qısa bir zamanda bölgəyə gedən
Əhməd paşa və Adil Giray xan Dunay çayının
cənubunda üç gün davam edən qanlı
döyüşlər nəticəsində bu
üsyançıları və onlara yardım edən
Polşa qüvvələrini 9 iyun 1574-cü ildə məhv
etdilər. Üsyançıların rəhbərini
də cəzalandıraraq yerinə Petr Şiopulu təyin etdilər.
Sultan II Səlim xanın maraqlandığı işlərdən
biri də Tunis məsələsi idi. İspaniyanın Tunisdən
əl çəkməməsi bu dövlətlə hərb
halının davam etməsinə səbəb olurdu.
Osmanlı donanması Kipr səfərinə
çıxdığı zaman Əlcəzairin bəylərbəyi
olan Qılınc Əli paşa da Tunisin üzərinə
hücum etmiş və 30 min nəfərlik qüvvə ilə
qarşısına çıxan Hafsi sultanı Mevlay Həmidi
məğlub edib ikinci dəfə Tunisi fəth etmişdi. Fəqət öz yanında artıq bir qüvvə
olmaması ilə yanaşı, Kipr səfərinə də
qoşulma əmrini aldığına görə Ramazan bəyi
Tunisdə qoyaraq donanması ilə birlikdə Kipr səfərinə
qatılmışdı. Bu böyük
paşanın bölgədən uzaqlaşmasından istifadə
edən İspaniya kralı Don Juan böyük bir donanma ilə
Tunisin üzərinə hücum etdi. Qarşı
çıxacağı zaman ispaniyalıların pis niyyətlə
xalqa qarşı qətliama başlayacaqlarını anlayan
Ramazan bəy Kayrəvana çəkildi və nəticədə
1573-cü ilin oktyabr ayında Tunis bir dəfə daha
ispaniyalıların əlinə keçmiş oldu. Don Juan Tunisin hökmdarlığını öz tərəfdarı
olan Mevlay Məhəmmədə verib, orada bir miqdar da əsgər
saxlayıb İspaniyaya döndü.
Əlcəzair və Trablusqarb Osmanlı dövlətinin
əlində olduğu halda, ikisinin arasında yerləşən
və strateji əhəmiyyəti böyük olan Tunisin
İspaniya hakimiyyəti altında xalqa zülm edən oyuncaq
bir hökumətin əlində olması Aralıq dənizində
hakimiyyəti əlində tutan türk donanması
üçün bir təhlükə sayılırdı. Buna görə
Sultan II Səlim xan Tunis məsələsinin kökündən
həll edilməsini əmr etdi. Qılınc Əli
paşa, yanında ordu sərdarı Qoca Sinan paşa olduğu
halda, 15 may 1574-cü ildə Tunisə tərəf hərəkət
etdi. Navarin üzərindən Siciliya sularına
keçən donanma Messina bölgəsini də vurduqdan sonra
Tunisin üzərinə hücum etdi. İki
yüz əllidən artıq hərb gəmisi və qırx-əlli
minə yaxın əsgərdən ibarət möhtəşəm
Osmanlı donanması Tunis yaxınlarına gələr-gəlməz
Xalq-ul-Vəd qalasının yaxınlığına
çıxdı. Qoca Sinan paşa
özü Xalq-ul-Vədini mühasirə altına alarkən
Trablusqarb bəylərbəyi Mustafa paşa ilə
keçmiş Tunis bəylərbəyi Heydər paşanı
Tunis gölü ilə şəhər arasında olan Bastion
qalasını fəth etməklə vəzifələndirdi.
Tunisin illərdən bəri ispaniyalılar tərəfindən
təhkim edilərək heç bir zaman zəbt edilə bilməz
deyə öyündükləri Xalq-ul-Vəd Osmanlı
ordusuna ancaq 33 gün müqavimət göstərə bildi. Avqust
ayının 24-də qala fəth edilərək, Mövlay Məhəmmədlə
qala komandanı Don Petro Cerrera əsir alınıb İstanbula
göndərildilər.
Sentyabr ayının 13-də Bastion qalasının da fəthi
ilə Tunis tamamilə ələ keçirildi. Tunis də
eyni Əlcəzair və Trablusqarb kimi bir əyalət
halına gətirildi və buranın bəylərbəyliyinə
Ramazan paşa təyin edildi. Beləcə,
Tunisdə üç əsrdən artıq davam edəcək
Osmanlı idarəsi başlamış oldu.
Osmanlı dövləti ilə Almaniya arasında Zigetvar səfərindən sonra 1568-ci il fevral ayının 17-də imzalanan müqavilə 1574-cü il dekabrın 4-də yenilənərək səkkiz il daha uzadıldı. Bağlanan bu müqavilədən sonra xəstələnən Səlim xan dekabrın 15-də vəfat etdi. Sultan II Səlim xan Ayasofya camisinin həyətində memar Sinana tikdirtdiyi türbədə dəfn edildi.
Sultan II Səlim xan ortaboylu, açıq alınlı, ala gözlü, sarışın bir insan idi. Ovçuluq və ox atmada fövqəladə məharətli olub, zamanında ondan daha yaxşı ox atan olmayıb. Atası Qanuni Sultan Süleymanın dövründə bir çox döyüşlərə qatılmaqla bərabər, taxta keçdikdən sonra səfərə çıxmadı. Onun dövründəki səfərlər dəniz səfərləri olub. O zamanlar dəniz səfərlərində padşahın komandanlıq etməsi adət deyildi. Sultan II Səlim xan təcrübəli və bilikli bir vəzir olan Sokullu Məhməd paşanı hökumət işlərində tamamilə sərbəst buraxmaqla yanaşı, uyğun gördüyü bir neçə məsələyə müdaxilə edib. Alimlərə böyük hörmət göstərən Sultan II Səlim xan çox istədiyi böyük alim Əbüssüüdü vəfatına qədər şeyxulislamlıq vəzifəsində saxlayıb.
Sultan II Səlim xan Qanuni Sultan Süleyman xanın bütün şahzadələri kimi yaxşı təhsil almışdı. O, "Divan" sahibi, çox qiymətli bir şair idi və yazdığı şeirlər hər kəs tərəfindən bəyənilir, oxunurdu. Memarlıq işini də çox sevərdi. Qısa sürən səltənət dönəmində türk və dünya sənətinin şah əsəri sayılan Ədirnə Səlamiyyə camisini inşa etdirib. Bundan əlavə, Məkkə-i-mükərrəmənin su yollarının təmiri, Məscidül-Həramın mərmər qübbələrini, Lefkoşa Səlamiyyə camisini və bir çox tarixi əsərləri bizlərə yadigar qoyub.
Fazil QARAOĞLU
professor
Bakı xəbər.- 2016.-12 iyul.-
S.15.