Xarici ölkə muzeylərində saxlanan mədəniyyət incilərimiz azərbaycançılıq
nümunəsi kimi...
I yazı
Azərbaycançılıq ideyasının daşıyıcılarından olan mədəniyyət, incəsənət nümunələri, təsviri sənət örnəkləri öz qiymətini hər zaman qoruya bilir. Xalqımızın qədim sənət növləri bu gün də azərbaycançılıq örnəyi kimi diqqəti cəlb edir. Xalqımızın mədəniyyətini, dünyagörüşünü, təfəkkür və düşüncəsini, adət-ənənəsini özündə əks etdirən nümunələr zamanların sınağından keçərək günümüzə qədər gəlib çatıb.
Azərbaycançılıq nümunəsi olan, babalarımızın, nənələrimizin nəfəsini yaşadan sənət nümunələri həm yerli, həm də xarici ölkələrin muzeylərində qorunur. Bu gün xarici ölkələrdə Azərbaycana aid saysız qiymətli inci var. Bu nümunələr müxtəlif vaxtlarda, fərqli şəraitdə ölkədən çıxarılıb və muzeylərə satılıb, bəziləri isə ailə kolleksiyalarında saxlanır.
Sənətşünaslar yazır ki, Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Sənətşünaslar buna misal olaraq Qobustanın qaya təsvirlərini, Qafqaz Albaniyasının bədii keramika və metal məmulatını, bədii şüşə və oyma sənətini, orta əsrlərdə dünya şöhrəti qazanmış Təbriz miniatür sənəti nümunələrini, rəngarəng xalçaları, tikmələri, şirli saxsı qabları, kaşı sənətini, zərif oyma şəbəkələri və gözəl zərgərlik məmulatlarını göstərir. O da qeyd edilir ki, bütün bunlar bədii irsimizin çox zəngin olduğunu sübut edir.
Sənətşünaslar vurğulayır ki, xalqımızın əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş istifadə edilən el sənətlərimizin böyük və zəngin bir tarixi var.
Sənətşünasların araşdırmaları göstərir ki, Azərbaycan ərazisində yaşayan tayfalar hələ 4 min il bundan əvvəl daşdan, gildən, metaldan orijinal formalı qab-qacaq, silah və bəzək örnəkləri düzəldib öz həyat və məişətində istifadə etmişlər.
Bu sənət əsərləri öz orijinal forması, dəqiq işlənməsi və xüsusən üzərindəki bəzəkləri ilə çoxdandır sənət araşdırıcılarının diqqətini özünə cəlb edib.
Sənətşünaslar vurğulayır ki, Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Təranə Vəliyeva bizimlə söhbətində bildirdi ki, Azərbaycan xalqının qədim nümunələri olan incilər dünyada bir azərbaycançılıq örnəyi kimi qəbul edilməlidir. T.Vəliyevanın sözlərinə görə, tarixin müxtəlif dövrlərində ölkəmizdən kənara çıxarılan bu sərvətlərin sırasında dünyada tayı-bərabəri olmayan bədii keramika və metal məmulatı, bədii şüşə və oyma sənəti örnəkləri, orta əsrlərdə dünya şöhrəti qazanmış Təbriz miniatür sənəti nümunələri, rəngarəng xalçalar, tikmələr, şirli saxsı qablar, kaşı sənət növləri, zərif oyma şəbəkələr və gözəl zərgərlik məmulatları, kitablar və s. var. Onun dediyinə görə, bu nümunələr dünya muzeylərini bəzəməklə yanaşı, tamaşaçılara Azərbaycanla, Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı ilə, azərbaycançılıqla bağlı geniş informasiya verir. T.Vəliyevanın qeyd etdiyinə görə, Azərbaycan mədəniyyəti inciləri istənilən tamaşaçını öz ovsununa sala bilir. O dedi ki, təəssüf doğuran məqamlardan biri bu inciləri yenidən ölkəmizə qaytara bilməməyimizdir. Onun bildirdiyinə görə, elə sənət əsərləri, sənətkarlıq nümunələri var ki, onlar Azərbaycan muzeylərində olmalıdır. Heydər Əliyev Fondunun təşəbbüsü, dəstəyi ilə bu sahədə böyük işlər görüldüyünü vurğulayan müsahibimizin dediyinə görə, Fond tərəfindən çox böyük işlər görülüb. O vurğulayır ki, görülən işlərdən biri Azərbaycana aid nümunələrin başqa xalqların adı ilə təqdim edilməsinin qarşısının alınmasıdır. Heydər Əliyev Fondunun apardığı genişmiqyaslı təbliğat və qayğı işi sayəsində Azərbaycana aid əsərlər, incilər Azərbaycan adı ilə təqdim edilir. Bunun böyük iş olduğunu deyən T.Vəliyevanın sözlərinə görə, azərbaycançılıq ideyası bu nümunələr vasitəsilə də geniş yayılır.
Sənətşünaslar vurğulayır ki, dünya muzeylərinin bəzəyi sayılan bu nadir sənət əsərlərimizin Avropa, Asiya, Amerika qitəsindəki ölkələrin muzey və şəxsi kolleksiyalarına yayılması da böyük bir tarixə malikdir. Ekspertlərin fikrincə, onların bir çoxu ayrı-ayrı şəxslərdən alınmış, bəzilərini müxtəlif vaxtlarda ölkəmizdə olmuş əcnəbi səyyah, tacir, diplomat və alimlər gətirmiş, bəziləri isə qarət olunub.
Uzun illər aparılan elmi araşdırmalar göstərib ki, hazırda dünyanın bir çox görkəmli şəhərlərində olduğu kimi, Moskva şəhərində də Azərbaycan xalqının əsrlər boyu yaratdığı sənət nümunələrinin böyük bir qismi mühafizə olunur.
Bunlar əsas etibarilə Kremlin Silah palatasında, Şərq xalqları muzeyində, Dövlət Tarix Muzeyində, Xalq Yaradıcılığı Muzeyində, Moskva və onun ətrafında yerləşən kilsələrdə (Savvo-Storojevski, Sergiyevo kilsələri, Kiril-Belozyerski monastrı və s.) cəm olunub.
Sənətşünaslar vurğulayır ki, Moskvada Azərbaycan sənətkarlarının bədii və orijinal nümunələri hazırda Kremlin Silah palatasındadır. Burada türk, İran, hind, Fransa, İngiltərə, alman xalq sənəti nümunələri ilə yanaşı, müxtəlif zamanlarda Azərbaycanda yaradılmış bir çox orijinal sənət nümunələri də nümayiş etdirilir. Silah palatasındakı Azərbaycana aid sənət nümunələrinin böyük bir qismini zərgərlik və bədii metal məmulatları təşkil edir. Bunlardan zərif naxışlarla həkk olunub, qiymətli daş-qaşlarla bəzədilmiş başlıqları, qalxanları, qılınc, xəncər və bəzək nümunələrini xüsusilə qeyd etmək lazımdır.
Tədqiqatçıların verdiyi məlumata görə, Kremlin Silah palatasında nümayiş etdirilən Azərbaycan zərgərliyi nümunələri içərisində XVI əsrə aid bədii bir qalxan tamaşaçıların nəzərini xüsusilə cəlb edir. Sözügedən qalxanla əlaqədar olaraq Azərbaycanda düzəldilmiş bu dövrə aid iki maraqlı əsər qeyd edilməlidir. Yazılana görə, bunlardan biri müharibə zamanı zadəganlar tərəfindən istifadə edilən zirehli baş geyimi, o birisi isə bir cüt dirsəklikdir. Bu nadir sənət əsərlərinin də bədii qalxan kimi nə vaxt, kim tərəfindən Moskvaya gətirildiyi haqda dəqiq bir məlumat yoxdur.
Tədqiqatçılar Silah palatasında saxlanan metal məmulatların bəzəyindən danışarkən bəzən rəsm və naxışlar arasında olan ərəb əlifbası ilə yazılmış sözlər və kəlmələr haqqında da söhbət açır. Onlar qeyd edir ki, bunlarda hansı usta tərəfindən kim üçün, kimin sifarişi ilə və nə vaxt düzəldiyini bildirən sözlərə, bəzən Qurandan götürülmüş kəlmələrə və yaxud klassik Şərq şairlərinin şeirlərinə də rast gəlinir. Tədqiqatçılar Silah palatasında saxlanan parçalarımızı öz bədii xüsusiyyətlərinə görə iki qrupa bölür - ornamental və süjetli parçalar.
Tədqiqatçılar yazır ki, süjetli parçalarımız daha orijinal və qiymətlidir. Çünki bu tipli parçalarımız üzərində biz Şərq klassiklərinin əsərlərindən və Azərbaycan xalq yaradıcılığından götürülmüş müxtəlif mövzulu səhnəciklərə rast gəlirik.
Sənətşünasların verdiyi məlumata görə, Sankt-Peterburq muzeylərində Azərbaycan sənətkarlığı nümunələri də qeyri-adi dərəcədə maraq doğurur. Yazılanlardan məlum olur ki, Azərbaycan ustalarının yaratdığı sənət nümunələrini mühafizə edən muzeylər içərisində Sankt-Peterburq şəhərində yerləşən muzeylər görkəmli yer tutur. Belə muzeylər sırasına ilk növbədə Sankt-Peterburq Dövlət Ermitajını, Kazanski Sobor və s. yerləri aid etmək olar.
Sənətşünasların əsərlərindən xəbər tuturuq ki, Dövlət Ermitajının Şərq incəsənəti şöbəsində İran, türk, Çin, yapon və ərəb xalqlarının maddi mədəniyyəti ilə yanaşı, Azərbaycan xalqının da əsrlər boyu yaratdığı bir çox nadir sənət nümunələri nümayiş etdirilir. Burada ən qədim dövrlərdən tutmuş, əsrimizin əvvələrinədək Azərbaycan ustaları tərəfindən düzəldilmiş zərgərlik, saxsı, daş, taxta üzərində oyulmuş sənət əsərləri və müxtəlif növlü toxuculuq nümunələri var. Dövlət Ermitajı dünya muzeyləri içərisində ilk növbədə Azərbaycan sənətkarlığının ən qədim nümunələrini mühafizə edən mədəniyyət ocağıdır. Burada yığılan bürüncdən düzəldilmiş zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri qədim dövr sənətimizin maraqlı bir səhifəsini təşkil edir.
Tədqiqatçılar vurğulayır ki, Ermitajda nümayiş etdirilən e.ə. II minilliyə aid abidələrimiz içərisində öz orijinal forması və dəqiq işləməsi ilə Dağlıq Qarabağda aparılan qazıntı işləri zamanı tapılmış bürünc öküz başı fiquru xüsusilə diqqəti cəlb edir.
Dövlət Ermitajında tunc dövrə aid edilən sənət abidələri içərisində kəmər, bilərzik, müxtəlif formalı və rəngli muncuq kimi zərgərlik sənəti nümunələrinə də rast gəlinir.
Vaxtilə Qarabağın Xocalı kəndində aparılan qazıntı işləri zamanı tapılmış 3000 illik tarixi olan bu zərgərlik sənəti nümunələri öz orijinal forması və texniki icrası ilə diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, hazırda Dövlət Ermitajında tunc dövrünə aid edilən bəzi qızıl zərgərlik sənəti nümunələri də elə buradan tapılıb.
Sankt-Peterburq Dövlət Ermitajında orta əsrlərə aid olan metal sənəti nümunələrimiz də çoxdur. Bu sənət nümunələrini forma və məzmununa görə iki böyük qrupa bölmək olar:
1.Plastik sənət xarakteri daşıyan abidələr.
2.Məişət əşyaları.
Plastik sənət abidələri sırasına ilk növbədə burada saxlanan V-VIII əsrlərə aid bürüncdən tökülmüş quş, heyvan və insan fiqurlarını daxil etmək olar.
Tədqiqatçılar vurğulayır ki, Qafqaz Albaniyasının tarixi və incəsənəti ilə məşğul olan görkəmli Sankt-Peterburq alimi, akademik K.Trever bu fiqurları Mingəçevirdən tapılmış bu tipli saxsı məmulatların davamı kimi qələmə verir. Qeyd olunan fiqurlardan biri alimlərin diqqətini çoxdan özünə cəlb edir. VII əsrə aid edilən bu fiqur hələ XIX əsrin axırlarında Naxçıvandan tapılıb. 35,6 sm hündürlükdə olan bu fiqur, alimlərin fikrincə, Qafqaz Albaniyasının hökmdarı Cavanşiri (638-670) təsvir edir. Tədqiqatçılar vurğulayır ki, fiqurun dördkünc altlıq hissəsinin üz tərəfində iki şir və dağ keçisi təsvir edilib. Yan tərəfdə ovçunun şirlə mübarizəsi səhnəciyi, fil, tülkü və bitki ornamenti motivləri var. Metaldan düzəldilmiş plastik sənət nümunələrimiz içərisində 1206-cı ilə aid edilən Şirvan lüləyi Ermitajın ən maraqlı eksponatlarından sayılır.
Sənətşünaslar qeyd edir ki, Sankt-Peterburq Dövlət Ermitajında metaldan düzəldilmiş plastik sənət nümunələri ilə yanaşı, bir çox orijinal formalı, bəzəkli məişət əşyalarımız da nümayiş etdirilir. Belə sənət nümunələri sırasına ilk növbədə VI-VIII əsrlərə aid edilən bürünc məcməyiləri daxil etmək lazımdır.
Tədqiqatçılar göstərir ki, Ermitajda ilk
orta əsrlərə aid
edilən üç məcməyimiz var. Bunların ikisi süjet xarakterli təsvirlərlə
bəzədilmiş, üçüncü
isə sırf ornamental bəzəklidir. Metaldan düzəldilmiş məişət əşyaları
sırasına XIII-XIV əsrlərə aid
edilən müxtəlif forma və bəzəkli
bürünc qazanları da
aid etmək olar.
İradə
SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap olunur.
Bakı xəbər.- 2016.- 6-8 iyul.- S. 15.