İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosialsiyasi fəallığının artırılması

 

Azərbaycan dövlətinin ən böyük dəyər verdiyi Azərbaycan insanıdır, vətəndaşlarımızdır. Dövlət vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi istiqamətində işlər görür, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, eləcə də siyasi fəallığın artırılması üçün maarifləndirici tədbirlər həyata keçirir. Azərbaycan o ölkələrdəndir ki, burada vətəndaşın hüquq və azadlığı lazımi səviyyədə qorunur.

Siyasi baxışından, dinindən, dilindən asılı olmayaraq, hər bir insan rahat və sərbəst yaşayır və fəaliyyət göstərir. Təbii ki, qanunu pozmadan yaşayan hər bir insan Azərbaycanda rahatlıq tapır.

Bilirik ki, ən böyük sərvətimiz ölkəmizin müstəqilliyidir. Azərbaycan Respublikası suverenliyə qovuşduqdan sonra vətəndaşlarımıza münasibətdə yeni yanaşma metodları formalaşdırıldı. Artıq Azərbaycan insanı müstəqil dövlətdə, söz, fikir azadlığının bərqərar olduğu ölkədə yaşadığının fərqində oldu. İnsanlar öz fikir və düşüncələrini azad şəkildə ifadə edir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" olduqca əhəmiyyətli bir sənəddir. Bu sənəd insanlarımızın hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiə olunduğunu göstərir. Bu sənədin qəbulu onu göstərir ki, bu məsələ Azərbaycanda dildə deyil, əməldə öz əksini tapır. Əksər ekspertlər bu sənədi yüksək qiymətləndirərək onu ideyanı reallığa çevirən sənəd adlandırır.

Bildiyimiz kimi, "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf strategiyasının qəbul edilməsi, eləcə də "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın mövcudluğu insanlara bütün tərəflərdən istiqamət verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev bu barədə qeyd edib: "...Azərbaycanın müstəqilliyini, bütövlüyünü qoruyub saxlamış, ölkədə demokratik, hüquqi, dünyəvi dövlətin qurulub bərqərar olmasını təmin etmiş ümummilli liderimiz Heydər Əliyev insan hüquqlarını "insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyar, hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyət, insan hüquqlarına hörməti, insan hüquqlarının qorunmasını müasir dünyaya qovuşmağın əsas yolu" kimi qiymətləndirərək bəyan edirdi ki, "Azərbaycan dövləti... insan hüquqlarının qorunmasını özünün əsas vəzifəsi hesab edirbu prinsiplə yaşayacaq, işləyəcək". İnsan hüquqlarının qorunmasının dövlətin vəzifəsi olması ideyası Azərbaycan Respublikasının Konstitusiyasında da ifadəsini tapıb. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Ona görə də insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinə həsr olunmuş Milli Fəaliyyət Proqramının həyata keçirilməsi ilə əlaqədar məhkəmə hakimiyyəti qarşısında da müəyyən vəzifələr durur. Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə təsdiq edilib.

İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması və cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi bilavasitə, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi isə müəyyən cəhətləri ilə məhkəmə hakimiyyəti ilə əlaqədardır. Milli Fəaliyyət Proqramının öyrənilməsi, onun ayrı-ayrı müddəalarının yerinə yetirilməsi ilə bağlı tədbirlərin müəyyənləşdirilməsi, gündəlik fəaliyyətdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə nail olunması, pozulmuş hüquqların bərpası, qanuna əsaslanan, obyektiv, qərəzsiz, ədalətli qərarlar qəbul edilməsi və hüquqi təbliğatda fəal iştirakla cəmiyyətdə hüquq mədəniyyətinin inkişafına yardım göstərmək məhkəmə orqanları qarşısında duran vəzifə kimi qiymətləndirilməlidir".

Qeyd edək ki, Azərbaycan Respublikasının sabiq Prezidenti, dövlətimizin qurucusu mərhum Heydər Əliyev çıxışlarından birində xalqa xitabən belə söyləyib: "Əmin ola bilərsiniz, - bunu sizə və sizin simanızda Azərbaycanın bu təbəqədən olan insanlarının hamısına deyirəm, - biz bundan sonra da birinci növbədə vətənin, torpağın müdafiəsində şikəst, əlil olmuş insanlaraonlara bərabər, fiziki cəhətdən çatışmazlığı olan insanların hamısına qayğını və diqqəti ilbəil artıracaq və bu, gələcəkdə proqramlarımızda daha görkəmli yer tutacaqdır. Ümidvaram ki, Azərbaycan dövlət və hökumət orqanlarının hamısı mənim bu çağırışımı layiqincə yerinə yetirəcəklər və biz əlillər, şikəst adamlar üçün, fiziki çatışmazlığı olan insanlar üçün - onların yaşaması, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq".

Qeyd edək ki, xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev milli birliyə nail oldu. Ekspertlər vurğulayır ki, Azərbaycanda "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanın, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq olunması, Azərbaycanın ən müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulması, Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun formalaşdırılması, Azərbaycan Respublikasının Konstitusiyasına yeni dövrün tələblərindən irəli gələn mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Məlum olduğu kimi, Heydər Əliyevin yaradıcısı olduğu bu islahatlar yeni əsrin başlanğıcında Azərbaycanın demokratik dəyərlərə, insan hüquqlarına sadiq ölkə kimi bölgədəki nüfuzunu daha da artırıb, respublikamızın sivil Qərb dəyərlərinə sadiqliyini sübuta yetirib.

Məlumdur ki, dövlət başçısı İlham Əliyev Prezidentlik səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən bildirib ki, demokratik dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm şərti, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin başlıca təmini vasitəsidir. Bu yolla irəliləyən dövlətlərin mütləq əksəriyyətində ictimai-siyasi sabitliyin möhkəm təmələ söykənməsi, insanların iqtisadi azadlığı, yüksək maddi rifah halı, vətəndaş-cəmiyyət münasibətlərinin ahəngdarlığı, şəxsiyyətin mənafelərinin, hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması, qanunun aliliyi prinsiplərinə bütün səviyyələrdə əməl olunması demokratiyanın optimal idarəetmə üsulu kimi dominantlığını təmin edib. Onu da vurğulayaq ki, Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsinə dair imzaladığı Sərəncamda Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Ekspertlər qeyd edir ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması ali prinsip kimi qəbul olunur. Bu məsələ ilə bağlı ölkəmizin bütün beynəlxalq konvensiyalara qoşulması dediklərimizin təsdiqidir. Azərbaycanda insan hüquqları sahəsində yeganə problem Ermənistanın işğalçı siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal altına düşməsindən sonra yaranıb. İndi respublikamızda 1 milyondan çox insan qaçqın və köçkünlük həyatı yaşayır. Onu da vurğulayaq ki, erməni əsirliyində və girovluğunda işgəncə, təhqir və zorakılıqlara məruz qalan, azad ediləndən sonra mənəvi-psixoloji sarsıntılar yaşayan soydaşlarımız az deyil. İnsan haqlarına hörmətlə yanaşan müasir dünyada Ermənistan Azərbaycan vətəndaşlarını soyqırıma və etnik təmizləməyə məruz qoyub.

Onu da bildirək ki, 2008-ci il iyulun 31-də ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi, bundan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması təqdirəlayiqdir. Xatırladaq ki, bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Yardım Şurasının da yaradılması vacib olan hər iki sektorun əlaqəli işləməsinə şərait yaratdı. Bütün bunlar cəmiyyətdə böyük əks-sədaya səbəb olub. Mətbuata bu qədər önəm vermək, ona qayğı göstərmək böyük işdir. Bu, Azərbaycan dövlətinin, ölkəmizin başçısının bizlərə qayğısının nəticəsidir. Bilirik ki, mətbuat, eləcə də QHT və hüquq müdafiə təşkilatları dövlətin həyata keçirdiyi siyasətə dəstək olmalıdır. Onlar dövlətin həyata keçirdiyi insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosialsiyasi fəallığının artırılması işinə öz töhfəsini verməlidir. Verirlər də.

Ekspertlər qeyd edir ki, Azərbaycan insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürüb. Onlar vurğulayır ki, bu öhdəliyin yerinə yetirilməsinə nəzarət mexanizmləri çərçivəsində Azərbaycan Respublikası tərəfindən təqdim olunan insan hüquq və azadlıqlarının təmin edilməsinə dair dövri hesabatlar üzrə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və digər hökumətlərarası təşkilatların ixtisaslaşmış qurumlarının rəy və tövsiyələrinin həyata keçirilməsi əhəmiyyət kəsb edir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icra edilməsi çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan bu gün azad seçkilərin keçirildiyi, insanların hüquq və azadlıqlarının müdafiə olunduğu, siyasi fəallığın, siyasi mədəniyyətin formalaşdığı bir ölkədir. Bəzi beynəlxalq qurumlar Azərbaycana müəyyən məsələlərdə irad bildirir, amma araşdırarkən görürsən ki, həmin qurumlara üzv olan digər ölkələrdə tükürpədici hadisələr baş verir, insanların hüquq və azadlıqları kobud şəkildə pozulur. Azərbaycanda isə heç bir cəhətdən insanların hüquqları pozulmur. Təbii, cinayət edən cəzasını almalıdır, cinayətkar cəzasız qalsa, böyük fəlakətlər törənər.

Azərbaycan cəmiyyətində insanların dövlətə bağlılığı, dövlət siyasətinə hər zaman dəstək olması göz önündədir. Dövlətlə cəmiyyət arasında bağlılıq güclüdür. Bu da vətəndaşlarda, insanlarımızda böyük ruh yüksəkliyi yaradır ki, onun hüquq və azadlıqları müdafiə olunur, onların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosialsiyasi fəallığının artırılması naminə işlər görülür.

 

İradə SARIYEVA

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

Bakı xəbər.- 2016.- 6-8 iyul.- S. 14.