Genişmiqyaslı multikulturalizm tədbirləri azərbaycançılıq təbliğatının bir istiqaməti kimi...

III yazı

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan edilib. 2016-cı il 11 yanvar tarixində isə "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında ölkə başçısı Sərəncam imzalayıb.

Qeyd edək ki, 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planında multikulturalizm və azərbaycançılığın vəhdətinə geniş yer ayrılıb. Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi bir sıra sahələrdə görülən işlərin intensivliyini artırdı. Tədbirlər Planında Azərbaycanda mövcud olan bütün ənənəvi dinlərin nümayəndələri, onların mədəniyyəti, dini dəyərləri ilə bağlı müddəalar yer alıb. Bu müddəalar azərbaycançılıqla multikulturalizmin vəhdətinin daha dərin olmasından xəbər verir.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planı"nı şərh edərkən qeyd edir ki, bu sənəd olduqca əhəmiyyətli və dəyərlidir. Akademik Tədbirlər Planında təqdim edilən mövzuların aktuallığından danışarkən bildirir: "Burada elə mövzular var ki, onlarla bağlı il ərzində tədbirlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan Prezidentinin təsdiq etdiyi Tədbirlər Planı, həmçinin, orta ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində mədəniyyətlərarası kommunikasiya bacarıqları və bilgilərinə həsr olunmuş seminarların və "Azərbaycanda multikulturalizm" mövzusunda kütləvi mühazirələrin təşkilini nəzərdə tutur. Burada qeyd etməliyəm ki, AMEA-nın elmi müəssisələrində məktəblilər üçün "Açıq qapı" günləri keçirilir. Belə tədbirdə institutelmi müəssisələrlə yanaşı, Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri yaxından iştirak edirlər. Ümumiyyətlə, elmi nailiyyətlərin təbliği, yeniyetmələr arasında elmə marağın artması daim AMEA rəhbərliyinin diqqət mərkəzindədir. Bu məqsədlə Rəyasət Heyətində xüsusi şöbə yaradılıb, 2014-cü ildə ilk dəfə və postsovet məkanında Rusiyadan sonra ikinci olaraq Bakıda "Elm festivalı" keçirilib. Festivalın cəmiyyətimizdə oyatdığı marağı nəzərə alaraq qərara alınıb ki, bu il elm bayramı Bakının hüdudlarını aşaraq, həmçinin, Gəncədə, Sumqayıtda, Naxçıvanda və Lənkəranda keçirilsin.

Gənc nəslin diqqətini çəkən tədbirlərimizdən biri də AMEA-nın əsas binasında daimi fəaliyyət göstərən sərgidir. Elmi nailiyyətləri əks etdirən ekspozisiya ilə artıq respublikanın bir sıra məktəblərinin şagirdləri tanış olub və elmi-tədqiqat müəssisələrinin əldə etdiyi göstəriciləri nümayiş etdirən stendlərin qarşısında onları institut direktorları, görkəmli alimlər qarşılayır, maraqlı ekskursiyalar aparırlar. Şübhəsiz ki, ölkəmizdə "Multikulturalizm ili"nin elan olunmasına müvafiq olaraq bu sərgi gənc nəslə multikultural dəyərlərimizlə tanışlıq üçün əlavə bir vasitə olacaq. Oxuculara daha iki layihəmizdən - Alimlər Evindən və Elm Tarixi Muzeyindən də xəbər vermək istərdim. Artıq bu iki yeni müəssisənin fəaliyyət göstərəcəyi yerlər müəyyən olunub, muzeyin mövzu-ekspozisiya planı isə hazırlanmaqdadır".

A.Əlizadə vurğulayır ki, Milli Elmlər Akademiyasının "Elm" qəzeti, "Elm və həyat", "Xəbərlər məcmuəsi" və digər çoxsaylı nəşrləri multikulturalizm mövzusunu daim diqqət mərkəzində saxlayır, elmi-publisistik məqalələr dərc edir, Akademiyanın institut və müəssisələri müsabiqələr keçirir, məqalələr toplusundan ibarət kitab nəşr edirlər.

Onun bildirdiyinə görə, bu gün Azərbaycan elminin coğrafiyası, demək olar ki, ölkəmizin bütün bölgələrini əhatə edir, istər torpağın, yaxud Xəzərin altındakı təbii sərvətlərimiz olsun, istərsə də yerin üzərindəki tarixi abidələrimiz, onların hamısı elmin süzgəcindən keçir, onlarla, yüzlərlə alimin həyatının məqsədinə çevrilərək elmi tədqiqatların nəticəsi olaraq xalqımıza xidmət edir: "Demək olar ki, əsrlər boyu əcdadlarımızın ucaltdığı daşınan və daşınmaz hər bir abidə haqqında alimlərimizin əziyyətli əməyi barədə kitab deyil, kitabxanalar yazılıb və buna görə "Beynəlxalq abidələr və tarixi yerlər günü", "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda "Azərbaycan memarlığında dini tolerantlıq", "Alban Apostol Kilsəsi: dünənimiz və bu günümüz" çərçivələrində konfransın və tolerantlığı əks etdirən digər tədbirlərin keçirilməsi Akademiya, onun müvafiq institut və qurumları üçün müntəzəm gördükləri işin məntiqi davamı olacaq. Onu da qeyd etməliyəm ki, bu il Rəyasət Heyətinin ilk iclaslarından birində ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamının icrası məsələləri müzakirə edilib. Ölkəmizin aparıcı alimlərinin iştirak etdiyi həmin iclasda Prezidentin müxtəlif elmi-pedaqoji, siyasi-ictimai qurumlarla yanaşı, AMEA-nın qarşısına qoyduğu mühüm vəzifələrin icra yolları, məsul qurumlar və şəxslər müəyyən edilib. İclasda səslənən "Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri" mövzusunda məruzədə vurğulanıb ki, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçibbu siyasət sayəsində ölkəmiz çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni müstəviyə keçirib. Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasının demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Müdrik dövlət xadiminin rəhbərliyi ilə demokratik inkişaf yolu seçmiş Azərbaycan Respublikası, Heydər Əliyevin qeyd etdiyi kimi, dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik olmasını təmin etməli idi. Buna uyğun olaraq Konstitusiyanın yeni bəndləri üzə çıxır və yaxud yeni sosial-siyasi münasibətlər rakursundan işıqlanırdı.

Prezident İlham Əliyevin dediyi kimi, "leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib".

Hər bir ölkə özünün enerji, iqtisadi, milli təhlükəsizliyini qoruduğu kimi, multikultural təhlükəsizliyini də təmin etməlidir. Multikultural təhlükəsizliyin ümumi mahiyyəti, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunmasından ibarətdir. Ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər yönəlməsi mexanizminin qurulması, ölkədəki milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısı, burada yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsi multikulturalizmin əsas prinsipləridir. Bu prinsiplər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin AMEA-nın intellektual dəstəyi ilə hazırladığı "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları", "Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları", "Azərbaycan multikulturalizminin siyasihüquqi qaynaqları" əsərlərində geniş yer alıb, demək olar ki, multikulturalizmi elmi fənn səviyyəsinə gətirib".

AMEA prezidenti vurğulayır ki, dövlət başçımızın bu sahədə apardığı məqsədyönlü və əzmkar işlərin nəticəsi olaraq bu sahəyə dünyanın diqqəti daha da artır və Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul etməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsinin daha bir təsdiqi oldu: "Eyni zamanda, Azərbaycan dünyanı alternativi olmayan multikulturalizm siyasətindən daha səmərəli faydalanmağa dəvət edir.

Sərəncamda AMEA-nın qarşısına qoyulan mühüm vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmək üçün Akademiyanın güclü potensialı var və görüləcək işlərlə bağlı artıq müfəssəl və uzunmüddətli tədbirlər planı hazırlanıbicra olunmaqdadır. Bunların arasında AMEA-nın Rəyasət Heyəti yanında Multikulturalizm problemləri üzrə elmi-tədqiqat mərkəzinin və institutlararası multikulturalizm virtual mərkəzinin təsis edilməsi, 2016-cı ildə AMEA-da "Dünya multikulturalizm modelləri" mövzusunda silsilə beynəlxalq konfransların keçirilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə "Multikulturalizm ensiklopediyasının" tərtib edilməsi və "Multikulturalizm" adlı jurnalın nəşri yer alıb. Göründüyü kimi, görüləsi işlərimiz çox, onları həyata keçirmək üçün dövlətimizin, əsası isə Prezident İlham Əliyevin dediyi kimi, ictimaiyyətin dəstəyi var. Mühacir dalğası ilə üzləşən aparıcı Avropa dövlətləri liberal demokratiya prinsiplərinə əsaslanaraq mədəni azlıqları "milli qazanda" əridərək onları assimilyasiya etmək istədiyi halda, fərqli yol seçmiş gənc Azərbaycan dövləti öz sözünü deyib onu əməli işlərlə təsdiq etməkdədir".

Azərbaycanda mövcud olan multikulturalizm mühiti bütün sahələrdə özünü göstərə bilir. Tədbirlər Planından da göründüyü kimi dövlət bu məsələyə xüsusi diqqət yetirirmultikulturalizm ənənəsinin cəmiyyətimizin bütün sferalarında özünə yer tutmasını təmin edir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi, 2016-cı il 11 yanvar tarixində isə "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında ölkə başçısının Sərəncamı cəmiyyətdə, elmi ictimaiyyətdə, azsaylı xalqların icma və təşkilatlarında yüksək səviyyədə qarşılanıb. Hesab edirik ki, Azərbaycanın dünyaya təqdim etdiyi bu ənənədən nümunə götürən dövlətlər çox olacaq.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 15 iyul.- S. 15.