Azərbaycançılığın ayrılmaz
hissəsi-tolerantlıq
Azərbaycanda bərqərar olan tolerant mühit və
multikultural ab-hava Avropada maraqla qarşılanır. Azərbaycanda
dinlərarası mövcud vəziyyət haqqında
danışan əcnəbi alimlər, siyasət və fikir
adamları bildirir ki, bu məsələdə ən ideal vəziyyət
respublikamızda müşahidə edilir. Hələ
üç əvvəl "Milli Tolerantlıq Mərkəzi"
layihəsi çərçivəsində Bakıya gələn
israilli publisist Valeri Novoselski bütün dünyaya "Azərbaycan
Avropaya dinlərarası tolerantlıq dərsi keçə bilər"
mesajını verdi.
Qeyd edək
ki, 2013-cü ildə "Milli Tolerantlıq Mərkəzi"
layihəsi çərçivəsində Bakıda səfərdə
olan dünyanın müxtəlif ölkələrindən gələn
və mədəniyyətlərarası, dinlərarası
dialoq, tolerantlıq barədə müntəzəm
araşdırmalar aparan ekspertlərdən ibarət qrupun
iştirakı ilə Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi tərəfindən keçirilən
"dəyirmi masa"da bir sıra maraqlı fikirlər səsləndirilib.
Həmin
"dəyirmi masa"da komitənin beynəlxalq əlaqələr
şöbəsinin müdiri Nicat Məmmədli bildirib ki,
xarici ekspertlərin səfərinin əsas məqsədi Azərbaycanın
tolerantlıq modeli ilə yaxından tanış olmaq,
Bakıda və Azərbaycanın regionlarında müxtəlif
dinlərin nümayəndələri ilə görüşlər
keçirmək, həmçinin, dövlət komitəsi tərəfindən
tərtib edilmiş "Tolerantlığın İpək Yolu
marşrutu"nda yer alan və ölkənin çoxəsrlik
tolerantlıq tarixini əks etdirən tarixi abidələri
ziyarət etməkdir.
Qeyd edək
ki, həmin dövrdə ekspertlər
"Tolerantlığın İpək Yolu marşrutu"
üzrə xüsusi olaraq hazırlanmış avtobusla Qubada
Qırmızı qəsəbəni, Şamaxıda Cənubi
Qafqazın ilk "Cümə" məscidini, Nicdə yerləşən
Qafqaz Albaniyasının qədim kilsəsini, Şəkidə
Qafqazın ilk kilsəsi olan Kiş kilsəsini, Oğuzdakı
yəhudi sinaqoqlarını və digər abidələri
ziyarət ediblər.
Ekspertlərdən
israilli publisist Valeri Novoselski bildirib ki, müxtəlif
mövzuları, o cümlədən dinlərarası məsələləri
işıqlandırır: "Mən Azərbaycandakı
tolerantlıq haqqında eşidib oxumuşdum. Lakin
bunu öz gözlərimlə görmək istədim. Qərb ölkələrində müxtəlif dinlərin
və millətlərin nümayəndələri birlikdə
yaşayır. Burada isə gördüm
ki, Azərbaycan Avropaya dinlərarası tolerantlıq dərsi
keçə bilər. Buradakı
tolerantlıq o səviyyədədir ki, Avropa ölkələri
buradan nümunə götürə bilər".
Şahzadə
Diananın şəxsi katibi olmuş Patrik Jefson isə Azərbaycanla
bağlı məsələləri şəxsi bloqunda və
ABC telekanalında işıqlandıracağını deyib:
"Mən buradan evə gedəndə deyəcəyəm ki,
Azərbaycan tolerantlıq sahəsində dünyanın yer
üzündəki bir mirvarisidir. Azərbaycanda
hara getməyimizdən asılı olmayaraq, bu birgəyaşayışı,
tolerantlığı gördük. Adamlar
nəinki birgə yaşayır, hətta birlikdə Tanrıya
ibadət edir. Xristian olaraq mənim
üçün maraqlı faktlardan biri budur ki, burada Alban-Udi
kilsələri gözəl şəkildə qorunub
saxlanır. Təkcə kilsələr
qorunmur, bu mədəniyyətin davamı olaraq icma da fəaliyyət
göstərir".
İngiltərədən
gələn Ömər Şahid isə qeyd edib ki, bu cür
tolerantlıq məkanı müasir dünyada çox unikal
bir şeydir: "Ümid edirəm ki, bu mühit Azərbaycanda
uzun müddət yaşayacaq. Britaniyadan fərq
ondadır ki, Azərbaycanda müxtəlif dini icmalar çox
sıx vəhdət halında yaşayır. Dini icmaların rəhbərlərinin də bir-birilə
çox yaxşı şəxsi əlaqələri var".
Milli Məclisin
deputatı, Bakı Slavyan Universitetinin prorektoru Sahibə
Qafarova isə "Azərbaycanın dünyaya mesajı:
tolerantlıq inkişaf və sabitliyin əsas formuludur"
fikrini açıqlayır. S.Qafarova bildirir ki,
multikultural təhlükəsizliyin ümumi mahiyyəti hər
hansı bir ölkədə irqindən, milliyyətindən,
dinindən, dilindən asılı olmayaraq, hər kəsin
hüquq və azadlıqlarının müdafiə
olunması, bütün xalqların, etnik qrupların mədəni
dəyərlərinin qorunması və inkişaf etdirilməsindən
ibarətdir.
Millət
vəkili qeyd edir ki, bu gün Azərbaycan xalqı yüksək
dövlət dəstəyi və qayğısının
fonunda ən yüksək mənəvi-əxlaqi
davranış nümunələrini özündə təcəssüm
etdirməkdə və örnək təşkil etməkdədir:
"Azərbaycan Respublikası müstəqillik əldə
etdikdən sonra islam ənənələrinə əsaslanan
müqəddəs bayramların qeyd olunmasının bərpa
edilməsi, hər bir vətəndaşa etiqad
azadlığından yararlanmağa maksimum şəraitin
yaradılması, eləcə də müxtəlif millətlərin
və dinlərin nümayəndələrinə istənilən
şərait və şərtlərdə yüksək səviyyəli
diqqət və qayğının göstərilməsi
ölkəmizdəki mövcud humanitar dəyərlərin,
eyni zamanda, münasibət və meyllərin inkişafına yüksək
stimul verib. Bu da, şübhəsiz, Azərbaycanı
yüksək səviyyəli dəyərlərin
daşıyıcısı olan müxtəlif xalqlar və
dinlərin nümayəndələrinin yanaşı
yaşadığı ideal və arzuedilən məmləkətə
çevirib".
Millət
vəkili bildirir ki, hazırda Azərbaycan əhalisinin 96 faizini
müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin
nümayəndələri təşkil edir. Onun
qeyd etdiyinə görə, respublikamızda 597 dini icma var,
onlardan 21-i qeyri-müsəlman icmasıdır. O
vurğulayır ki, lakin belə rəngarəngliyə
baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və
mədəniyyətlərə məxsus insanlar arasında
heç bir fərq qoyulmur: "Deyilənlərin təsdiqi
olaraq qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycanda
yeddi sinaqoq, iki yəhudi orta məktəbi, bir
"İşiva" Kolleci, üç uşaq
bağçası və Yəhudi Evi fəaliyyət göstərir.
Respublikamızda Pravoslav Dini-Mədəni Mərkəzi
açılıb. Azərbaycanda udilərə
məxsus abidələr yüksək səviyyədə bərpa
olunaraq inanclı insanların istifadəsinə verilib. Cəmi 500 nəfərlik katolik icmasının
üzvlərinə öz dini etiqadlarını qorumaları
üçün hər cür şərait yaradılıb,
onların toplaşdıqları kilsə sərbəst şəkildə
fəaliyyət göstərir. Deyilənlərdən
də aydın olduğu kimi, dünyaya yüksək
tolerantlıq, mədəni müxtəliflik, dini
dözümlülük nümayiş etdirməsi ölkəmizin
mənzərəsini fərqləndirən əsas cəhətlərdən
biridir. Əlamətdar haldır ki, Azərbaycanda
tarixi ənənələrlə milli-dini-mədəni
müxtəlifliyə münasibətdə cəmiyyətdən
gələn sosial sifarişlərlə dövlətin həyata
keçirdiyi siyasət bir-birini tamamlayır. Ölkənin ayrı-ayrı regionlarında müxtəlif
mədəniyyətlərin daşıyıcısı olan
ailələr o qədər qaynayıb-qarışıblar ki,
onları fərqləndirmək belə çox çətindir.
Birmənalı şəkildə
vurğulanmalıdır ki, müstəqil Azərbaycanda
tolerantlıq sahəsində dövlət siyasətinin əsasını
xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub.
Tolerantlığı azərbaycançılıq
ideologiyasının ayrılmaz tərkib hissəsi sayan ulu
öndər dəfələrlə bəyan edib ki, milli-dini
müxtəlifliyə dözümlü yanaşma, ölkənin
bütün vətəndaşlarına bərabər
hüquqların verilməsi Azərbaycanın demokratiya yolu ilə
inkişafının əsas prinsiplərindən birini təşkil
edir. Ümummilli lider Heydər Əliyev
böyük dövlət xadimi və praqmatik siyasətçi
kimi, Azərbaycan xalqının təhlükəsizlik
mühitində inkişafını təmin etmək məqsədilə
multikulturalizmin daha güclü əsaslarının
yaradılması və onun cəmiyyətin əsas
sütunlarından biri kimi qorunması istiqamətində
güclü hüquqi bazanın yaradılmasına nail oldu.
Belə ki, məhz ulu öndərin təşəbbüsü
və göstərişi ilə bu məsələ hüquqi
sənədlərdə, o cümlədən Azərbaycan
Respublikasının Konstitusiyasında əks olunub. Belə ki, multikulturalizm siyasətinin əsasını
təşkil edən tolerantlıq (dözümlülük)
prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir
sıra maddələrində aydın şəkildə təsbit
edilib. Bununla bağlı "Bərabərlik
hüququ" (maddə 25, bənd 3), "Milli mənsubiyyət
hüququ" (maddə 44, bəndlər 1, 2), "Ana dilindən
istifadə hüququ" (maddə 45, bəndlər 1, 2) və
başqa maddələri göstərmək
mümkündür. Ümummilli liderimizin də
ifadə etdiyi "Azərbaycan onun ərazisində yaşayan
bütün millət və xalqların ümumi vətənidir.
Ərazimizdə yaşayan azərbaycanlı da,
ləzgi də, avar da, kürd də, talış da, udin də,
kumık da, başqası da, bütünlükdə
hamısı azərbaycanlıdır" tezisi Azərbaycanın
dövlət idarəçiliyində və cəmiyyətdaxili
münasibətlərin tənzimlənməsində mayak rolunu
oynadı.
Ulu öndərin əsasını qoyduğu bu siyasət
hazırda Prezident İlham Əliyev tərəfindən də
eyni ardıcıllıqla davam etdirilir. Dövlət
başçısının siyasi iradəsinə uyğun
olaraq ölkəmizdə multikulturalizm dövlət siyasətinin
ən vacib istiqamətlərindən birinə çevrilib".
Prezident
İlham Əliyevin müvafiq Sərəncamı ilə
2014-cü ilin fevralında Azərbaycan Respublikasının
Millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət Müşavirliyi Xidməti təsis
edilməsini alqışlayan millət vəkili qeyd edir ki,
dövlət başçısının 2014-cü il 15 may
tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılıb: "Eyni zamanda, respublikamızda din-dövlət
münasibətləri ölkənin milli maraqlarına
uyğun tənzimlənir. Ölkəmizdə əhalinin
mütləq əksəriyyətini müsəlmanlar təşkil
etsə də, Konstitusiyaya müvafiq surətdə din dövlətdən
ayrıdır. Konstitusiyanın VII maddəsinin
I bəndində göstərilir ki, Azərbaycan dövləti
demokratik, hüquqi, dünyəvi və unitar respublikadır.
Azərbaycan dini-mənəvi dəyərlərin
mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda
özlərinin vicdan və etiqad azadlıqlarından istifadə
etməyə əlverişli şəraitin
yaradıldığı ölkələr sırasında yer
almaqdadır.
Ölkə daxilində belə əlverişli
tolerantlıq mühitinin təmin olunması ilə
yanaşı, Azərbaycan, eyni zamanda, qlobal miqyasda da
multikulturalizm dəyərlərinin möhkəmlənməsinə
sanballı töhfələr verir. Yeri gəlmişkən, Azərbaycan
Prezidenti İlham Əliyev fevralın 17-də Gəncəyə
səfəri çərçivəsində respublika ictimaiyyətinin
nümayəndələri və din xadimləri ilə
görüşündə bu məqamlara toxunaraq deyib: "Azərbaycanda
dövlət-din münasibətləri yüksək səviyyədə
tənzimlənir, həll olunur. Cəmiyyətimizin,
ölkəmizin dayanıqlı inkişafı
üçün dövlət-din münasibətlərinin
çox böyük əhəmiyyəti var. Azərbaycan
modeli, Azərbaycan nümunəsi bu gün dünyanın
müxtəlif ölkələrində öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq
özünü həm ölkəmizdə, həm bölgədə
və həm də dünyada təsdiq edib. Biz öz milli-mənəvi, dini dəyərlərimizə
sadiqik, onları qoruyuruq, eyni zamanda, müsəlman aləmində
həmrəyliyin möhkəmləndirilməsi
üçün səylərimizi əsirgəmirik".
Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin
inkişafı üçün də fəal rol oynayır. Bakıda Beynəlxalq
Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu,
dünya dinlərinin liderlərinin zirvə görüşləri
keçirilir. Eyni zamanda, Azərbaycanda Beynəlxalq
Multikulturalizm Mərkəzi yaradılıb, Azərbaycan
artıq dünyada multikulturalizmin mərkəzi kimi
tanınır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi:
"Azərbaycanda bütün dinlərin nümayəndələri
bir ailə kimi yaşayırlar. Bu bizim böyük sərvətimizdir...
Azərbaycanda pravoslav, katolik, alban kilsələri,
sinaqoqlar tikilir, təmir edilir. Azərbaycanda
dinlərarası münasibətlər çox sağlam zəmində
həllini tapır. Biz dünyada bu istiqamətdə
də öz rolumuzu oynayırıq. Azərbaycanda
dünya dinləri liderlərinin zirvə görüşü
keçirilmişdir. Ənənəvi
humanitar forumlar, mədəniyyətlərarası dialoq
forumları keçirilir".
Bunlarla
yanaşı, Azərbaycanda həm də islam
mədəniyyətinə xas maddi və mənəvi dəyərlər
qorunub saxlanır, genişləndirilir, inkişaf etdirilir.
Müsəlman ailəsinin bir üzvü olan Azərbaycan
xalqının milli-mədəni dəyərlərinin
formalaşmasında islam dəyərləri,
digər müsəlman cəmiyyətləri ilə tarixi-mədəni
əlaqələrin rolu böyükdür. Şərq və
Qərb sivilizasiyalarının, eləcə də milli mədəniyyətin
harmonik şəkildə qovuşduğu Azərbaycandakı
müxtəlif dövrlərə və mədəniyyətlərə,
o cümlədən islam mədəniyyətinə
məxsus tarixi abidələr, maddi-mədəniyyət
nümunələri, mənəvi irs dövlət səviyyəsində
qorunur, himayə olunur. Müstəqillik illərində
Azərbaycanda məscidlərin sayı artıb. Əgər sovet dövründə Azərbaycanda cəmi
17 məscid var idisə, bu gün məscidlərin sayı 2
mini keçib. Prezident İlham Əliyevin
təşəbbüsü ilə və birbaşa nəzarəti
altında dini abidələr, ibadət evləri yenidən
qurularaq istifadəyə verilib.
Bu gün Azərbaycanla müsəlman ölkələri
arasındakı münasibətlər bütün sahələrdə
dinamik inkişaf tendensiyasına malikdir. Qarşılıqlı
əlaqə və təmasların
sıxlaşdığı bir dövrdə Azərbaycanla digər
müsəlman ölkələri arasındakı münasibətlər,
qarşılıqlı dəstək və işbirliyi meylləri
daim inkişaf etdirilməkdədir. Ölkələr
arasında ikitərəfli və çoxtərəfli formatda
mövcud olan yüksək səviyyəli təmasların
fonunda siyasi, iqtisadi, mədəni, elmi, dini, humanitar və digər
sahələrdə möhkəm həmrəyliyin
formalaşdırılması yönündə mühüm
addımlar atılmaqdadır. Bu da, nəticə
etibarilə, ölkəmizi müsəlman ölkələrinin
etibarlı tərəfdaşına çevirməkdədir.
Beləliklə, sadalananların fonunda belə bir yekun qənaəti
ifadə edə bilərik ki, Azərbaycanın
sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin
qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Azərbaycan
elə bir məkandır ki, burada milli-dini-irqi müxtəliflik
insanlar arasında fərq yaradan, kimlərəsə
üstünlük verən və yaxud kimlərisə
ayrıseçkiliyə məruz qoyan amil kimi çıxış
etmir. Əksinə, burada tolerantlıq,
milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və
üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda
xalqların, milli və dini icmaların heç bir fərq
qoyulmadan bərabər yaşamasına, sıx inteqrasiya etməsinə
həm dövlət güclü siyasi iradə nümayiş
etdirir, həm də cəmiyyətdə buna böyük istək
var. Ölkəmizin timsalında, sözün əsl mənasında,
multikulturalizmin təntənəsi və nümunəsi
müşahidə edilməkdədir. Azərbaycan
təcrübəsi onu deməyə əsas verir ki,
multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər,
sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus
töhfələr bəxş edir".
Bəli, bu gün dünyada multikulturalizm və
tolerantlığın alternativi yoxdur. Bu dəyərlər
ölkəmizdə azərbaycançılığın
vacib tərkib hissəsi kimi mövcuddur.
İradə SARIYEVA
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
olunur.
Bakı Xəbər.- 2016.- 16-18
iyul.- S.15.