Tarixdə iz buraxanlar: Sultan Əbdüləziz
xan
Sultan
Əbdüləziz xan Osmanlı sultanlarının otuz
ikincisi, İslam xəlifələrinin doxsan yeddincisidir. Sultan Əbdüləziz xan
7 fevral 1830-cu ildə anadan olub. Atası
Sultan II Mahmud xan, anası Pertevniyal sultandır. Sultan
Əbdüləziz xan mükəmməl təhsil alaraq
yetişib, Sultan Əbdülməcid xanın 1861-ci il iyun ayının 25-də vəfat etməsilə
32 yaşında taxta çıxıb.
Sultan
Əbdüləziz xanın üzərində durduğu ən
mühüm məsələ ordu və donanmanın yeni
üsullarla yenidən tənzim edilməsi olub. Avropadan əldə edilən
kreditlərin çox hissəsi bu sahədə sərf olunub.
Nəticədə, Osmanlı donanması
dünyanın ən məşhur donanmalarından birinə
çevrilib, ordu sıralarındakı əsgərin sayı
700 minə çatdırılıb. Bunların top və
tüfəng ehtiyacları üçün də modern təsislər
qurulub.
Sultan Əbdüləziz xan
anlayışlı və dünya siyasətinə vaqif
olduğuna görə, səltənətinin ikinci ilində
(1863-cü il) Misiri ziyarət edib. Çoxsaylı bir heyətlə Misirə edilən
bu səyahət çox təntənəli olub. Yavuz Sultan Səlim xandan sonra Misirə gələn
ilk Osmanlı sultanına xalq sevgi nümayiş etdirib. Sultan Əbdüləziz xan Qahirəni at
üstündə dolaşıb. Bu ziyarət
Misir xalqının xəlifəlik məqamına olan
bağlılığının güclənməsini təmin
edib.
Sultan
Əbdüləziz xan 1867-ci ildə Parisdə açılan
böyük bir sərgini görmək üçün
imperator III Napoleonun dəvətini qəbul edərək
Fransaya gedib.
Oradan İngiltərə, Belçika, Almaniya,
Avstriya, Macarıstan yolu ilə məmləkətinə
dönüb. Bu səyahətlərində Fransa imperatoru
III Napoleon, İngiltərə kraliçası Viktoriya,
Belçika kralı II Leopod, Prussiya kralı I Vilhelm, Avstriya
imperatoru və Macarıstan kralı I Fransua-Jozef, Rumıniya
şahzadəsi I Korol ilə görüşüb.
Rusiyanın və
digər dövlətlərin dəstəkləmələri
ilə çıxan üsyanlar o dövrün ən
mühüm hadisələrindən olub. Rumeli və Giritdəki
qeyri-müsəlmanların törətdiyi üsyanlar dövlətin
başına böyük bəlalar açdı. Serbistan,
Bolqarıstan və Girit üsyanları ilə hökumət həm
nüfuz, həm də maliyyə baxımından çox
böyük itkilər verdi. Qaradağda
aparılan döyüşlər qazanılaraq məsələ
bir müddət qapandı. Serbistandakı
bəzi qalalardakı əsgərlərin geri çəkilməsilə
müqavilə bağlandı. Giritdəki
üsyan bir hərbi hərəkatla yatırıldı.
Mahmud Nedim
paşanın sədarəti həm xaricdə, həm də
daxildə dövlətin etibarının sarsılmasına səbəb
oldu. Tərəfdarı olduğu rus səfiri
İqnatyevin tövsiyəsilə hərəkət edən
Mahmud Nedim paşa aldığı qərarlarla Avropa dövlətlərinin
narazılığını yaratdı. Bu dövlətin
ödədiyi illik borcu beş il ödəməyəcəyini
bildirməsi isə Avropada osmanlıların əleyhinə
nümayişlərin keçirilməsinə səbəb
oldu. Rusiyanın istədiyi də bu idi. Belə ki, ruslar bu qarışıqlıqlardan
faydalanaraq Balkanlarda panslavizm təbliğatını yayıb
böyük qanunsuzluqlar törətdilər. 1875-ci ildə Bosniya-Herseqovinada üsyanlar oldu. Bunun ardından Rusiyanın təşviqi ilə
Serbistan 1876-cı ildə Osmanlı dövlətinə
qarşı müharibə elan etdi. Osmanlı
dövləti, sıxıntılar içərisində
olmasına baxmayaraq, Serbistanı məğlub etməyi
bacardı. Bu zamanlar Bolqarıstanda da
üsyanlar baş verdisə də, bu
qarışıqlıqlar məhəllə qüvvələrilə
yatırıldı.
Sultan Əbdüləziz xan Balkanlarda
yaranan təhlükəli vəziyyətin
qarşısını almağa çalışarkən,
daha əvvəl vəzifəsindən qovulan Hüseyn Avni,
Mithat, Mütərcim Rüşdü paşalarla Həsən
Xeyrullah bəy ixtilaf hazırlığı
görürdülər. Hüseyn Avni paşa
Mahmud Nedim paşa tərəfindən azad edilib sürgün
olunduğuna görə qəlbində padşaha kin bəsləyirdi.
"Kinim keçmir" deyən bu adam
padşahı taxtından endirib öldürməyə qərar
verdi. O, Londona gedib ingilislərlə bu işi
planlaşdırdı. İkinci adam olan
Mithat paşa isə Qərb mədəniyyətindən və
din bilgilərindən tamamən yoxsul biri idi. Dunay
valiliyi zamanında gördüyü işlər bilavasitə
ingilislər tərəfindən reklam edilərək
şişirdilmişdi. İçki
masalarında dövlətə aid qərarlar alırdı.
Məmləkəti qurtaracaq tək insanın
özü olduğuna inanırdı.
Hüseyn Avni, Mithat, Mütərcim
Rüşdü və Süleyman paşalar padşahın
taxtdan endirilməsi üçün geniş təbliğat
işinə başladılar. Sultanı
xalqın gözündə kiçiltmək məqsədilə
müxtəlif iftiralar yaydılar. Onlar 1876-cı il may ayının 30-da cümə günü
səhər saat 4.30-da hərəkətə keçib
Daşqışladan gəmilərlə gələn hərb məktəbinin
300-ə yaxın tələbəsilə Dolmabağça
sarayını mühasirə altına aldılar. Donanma da dəniz tərəfini nəzarət
altına almışdı. Sultan
Əbdüləziz xan Topqapı sarayına aparılaraq Sultan
III Səlim xanın şəhid edildiyi otağa həbs edildi.
Avni paşa çoxdan
planlaşdırdığı cinayəti saraydan
götürdüyü adamları ilə 1876-cı il iyun ayının 4-də yerinə yetirdi.
Əlcəzairli Mustafa pəhləvan, Məbəyinci Fəxri
bəy, Yozqatlı Mustafa pəhləvan çavuş və
Boyabatlı Hacı Məhməd pəhləvan zorla Sultan
Əbdüləziz xanın qaldığı otağa girdilər,
böyük mübarizədən sonra onun iki biləyini kəsib
qaçdılar. Avni paşa
çığırtıları eşidər-eşitməz
Quzğuncuqdakı imarətindən Fəriyyə sarayına gəldi.
Hələ ölməmiş olan Sultan
Əbdüləziz xan pəncərədən
çıxarılan adi bir pərdəyə bükülərək
yaxın bir nəzarət yerinə aparıldı. Avni paşa ölüm rəyini imzalamaq istəməyən
iki həkimdən birini Trablusqarba sürgün etdi.
Üç pəhləvana maaş kəsilərək
həqiqətləri açıqlamalarının
qarşısı alındı. Sultan
Əbdüləziz xanın nəşini yuyan imamlar sonradan
verdikləri ifadələrdə sultanın iki dişinin
sınıq olduğunu, saqqalının sol tərəfinin
yolunduğunu, sol döşünün altında böyük
bir yaranın olduğunu bildirmişlər. Pəhləvanlar da sonralar əməllərini etiraf
etmişlər. İsmayıl Hamdi Danışmend 5
cildlik "Osmanlı tarixinin izahlı xronologiyası"
adlı kitabında sultanın ölüm səbəbinin,
qocalıq olmayıb, bir cinayət olduğunu 31 dəlillə
izah etmişdir. İntihar edən birinin iki biləyini
kiçik bir qayçı ilə özünün kəsməsi,
ədliyyə tibbinə görə mümkün deyildir.
Sultanın cənazəsi 1876-cı il iyun
ayının 5-də böyük bir mərasimlə
qaldırıldı və atası Sultan II Mahmud xanın
Çəmbərlidaşdakı türbəsində dəfn
edildi.
Sultan
Əbdüləziz xan 15 illik səltənət
dövrünü Dolmabağça sarayında keçirib. Onun zamanında yeni əsgər forması
qəbul edilib; ilk dəfə poçt markasından istifadə
olunub; Süveyş kanalı açılıb; sahillərə
dəniz fənərləri qoyulub; ilk dəfə tramvaylardan
istifadə edilib; Osmanlı bankı fəaliyyətə
başlayıb; Çırağan və Bəylərbəyi
sarayları ilə yanaşı müxtəlif qəsrlər və
tarixi memarlıq abidələri tikilib.
Sultan
Əbdüləziz xanın dövrü 15 illik bir sülh
dövrü olub.
O zamanlar İmperatorluğu parçalanmaq təhlükəsindən
qurtarmaq üçün tək tədbir qərbləşməkdən
ibarət olub. İmperatorluğun müəssisələri
köhnəlmiş, öz dövrünü
tamamlamışdı. Bu müəssisələrin
Qərbin inkişafına müqavimət göstərə
bilməyəcəyi aydın olmuş və qərbləşmə
yolunda bir islahat mərhələsi başlamışdı.
Fəqət aparılan islahat pərakəndə
və səthi idi. Halbuki, Qərb bir
bütün idi və bir mədəniyyət olaraq ifadə
edilirdi. Bu bütünlə
qarşı-qarşıya qalmaq İmperatorluğu daha
böhranlı bir vəziyyətə salardı.
Osmanlı
imperatorluğu bir milləti deyil, tarixi inkişafları fərqli
olan xalqları ehtiva edirdi. Bu xalqların hər birində
müxtəlif ənənələr hökm
sürürdü. Bu xarakterdə və
çox geniş hüdudlar içində yaşayan bir xalq
üçün bir mülki idarə qurmaq çox çətin
idi. Buna görə hələ Sultan
Əbdülməcid xan dövründə Mustafa Rəşid
paşa tərəfindən bərabərlik və idarə sahəsində
Fransanı nümunə alaraq dəyişikliklər edilməyə
başlanmışdı. Fransa milli bir
dövlət idi. İmperatorluğu
zamanında ana vətəninin mülki idarəsindən fərqli
bir idarəni təqib edirdi. İngiltərə
və Rusiya da belə hərəkət edib. Osmanlı dövləti isə İmperatorluğu
idarəsi altında olan bütün bölgələrə
bir mülki idarə sistemi qurmağa təşəbbüs
edirdi.
Sultan
Əbdüləziz xan dövründə hökuməti belə
bir təşəbbüsə sürükləyən
başlıca səbəb böyük dövlətlərin
xristian vətəndaşların lehinə etdiyi müdaxilələr
oldu. Bu dövlətlərə görə, xristian vətəndaşlar
mülki idarədə iştirak etdirilmədiyi
üçün zülm görməkdə idi. Nəticədə, onların ayrılma fikrində
olduqları bir həqiqət idi. Fəqət
pis idarə edildiyinə gəlincə, bu, xristian xalqa aid bir
keyfiyyət deyildi. Çünki xristianlar
qədər türk və müsəlman xalq da pis idarədən
mütəəssir idi. Bəzi bölgələrdə
dərəbəylik hökm sürürdü. Bu səbəblə Əbdülməcid
dövründə ədalət sistemində başladılan dəyişikliklər
Əbdüləziz dövründə də davam
etdirilmişdir. Nəticədə, şəriət məhkəmə
sahələrinin daraldılmasına, bu məhkəmələrin
xaricində cins və məzhəb fərqi güdmədən
bütün vətəndaşlara şamil olunan "Nizamiyyə
məhkəməsi" adı ilə Avropa üsulunda bir
mühakimə sisteminin qurulması və xalqın təmsilçilər
seçmək surətilə bu məhkəmələrdə
təmsil edilməsi kimi önəmli xüsuslar qərara
alınmışdır.
Sultan
Əbdüləziz xan dövründə, hər cür yenilik
hərəkətlərində olduğu kimi, təhsil sistemində
də ciddi bir inkişaf görülüb. Sultan Əbdüləziz xan
öz ölkəsində Avropa təhsil sisteminin qurulması
üçün dövlət adamlarını təşviq
edib. Əbdüləzizə görə,
yüksək təhsil dövlətin davamı
üçün birinci dərəcədə önəmli
idi. 1869-cu ildə meydana gətirilən
Maarifi Ümumiyə nizamnaməsi ilə təhsil sisteminin əsasları
və dərəcələri təsbit edildi. Beləcə, təhsil sistemində bir irəliləmə
başlamış oldu.
Sultan
Əbdüləziz xan dövrü böyük ümidlərlə
qarşılanmışdı. Fəqət ümidsizlik
içində sona çatdı. Xüsusilə
1867-ci ildən sonra padşaha və Babialiyə qarşı
ümumi bir müxalifət əmələ gəldi. Kimsə öz halından məmnun deyildi. Hər kəs məmnuniyyətsizliyi öz səviyyəsinə
görə ifadə edirdi. Mədrəsə
adamları camilərdə, xalq qəzetlərdə idarəni
tənqid edirdi. Xarici dövlətlər də
bu tənqidlərdən faydalanaraq hökumətə islahat
aparmağı tövsiyə edirdilər. Yaranmış
vəziyyət ilk dəfə olaraq Osmanlı
İmperatorluğunda siyasi bir müxalifətin ortaya
çıxmasına səbəb oldu. Avropada
fəaliyyətdə olan Gənc Osmanlılar Cəmiyyətinin
üzvləri Avropa dövlətlərinin təsiri altında
qalaraq Osmanlı dövlətində də konstitusiya idarəsinin
qurulması üçün mücadiləyə başladılar.
Qərbdə təhsil görmüş və Qərb
üsulundakı Osmanlı məktəblərində
yetişmiş kəslər arasında bu yeni fikir hərəkatı
böyük narazılıqlara səbəb oldu.
Beləcə,
İmperatorluğun seçkin zümrəsi ilə padşah və
Babiali arasında böyük bir siyasi baxış fərqi
meydana gəldi.
Padşah konstitusiya tərəfdarı
deyildi və ola bilməzdi. Padşahın
razılığıyla sədarət məqamına gələn
dövlət adamlarından böyük bir qismi konstitusiya tərəfdarı
deyildi. Bu səbəblə onlar rejimi
müdafiə etməyə çalışdılar. Onlara görə, Gülhanə Hattı Humayunun və
islahat fərmanının prinsipləri dairəsində meydana
gətiriləcək idarə tərzi mükəmməl bir tərz
idi. 1867-ci ildən sonra Dövlət
Şurasını qurmaqla, Nizamiyə Məhkəməsini təsis
etməklə və bu müəssisələrdə türklərlə
yanaşı xristianlara da yer verməklə səltənət
idarəsini gücləndirəcəklərini zənn etdilər.
Fəqət, böyük dövlətlər
islahat işlərinə müdaxilə etməklə məşrutiyyət
istiqamətində tərəqqilərə səbəb
olurdular. 1871-ci ildən sonra Sultan
Əbdüləziz xanın özünə məxsus bir idarə
qurmaq təşəbbüsünə girişməsi
inkişafda olan hürriyyət və məşrutiyyət cərəyanlarının
sərtləşməsinə və yayılmasına səbəb
oldu. Nəticədə, Sultan Əbdüləziz
xan bu cərəyanların təsirilə taxtından
atıldı. Beləcə, Sultan
Əbdüləziz xanın dövrü sona çatdı.
Fazil
QARAOĞLU,
Professor
Bakı
xəbər.- 2016.- 21 iyul.- S. 13.