Mətbuata
dövlət qayğısının müasir
kamil modeli-azərbaycançılığın
praktik nümayişi kimi...
I
yazı
Azərbaycançılıq
ideologiyasının formalaşmasında, təbliğində,
yayılmasında önəmli rolu olan Azərbaycan milli mətbuatı
bu müqəddəs ideologiyanın ən
güclü
daşıyıcısıdır. Milli mətbuatımız və
azərbaycançılıq yüz ildən
artıqdır yol gəlir. 141 ildir milli mətbuatımız
azərbaycançılıq ideologiyasının yorulmaz tərənnümçüsü, təbliğatçısı
kimi özünü
göstərə bilir.
Azərbaycançılıq
ideologiyasının, milli məfkurəçiliyin
media vasitəsilə cəmiyyətə,
ictimaiyyətə aşılanması olduqca
əhəmiyyətli fəaliyyətdir.
Azərbaycan
mətbuatının keçdiyi yol uzundur və bu yolda mətbuatımız
çox çətinliklərdən keçib. Buna baxmayaraq, əsas işini-azərbaycançılığın
təbliğini, dövlətçiliyin qorunmasını yaddan çıxarmayıb. Bilirik
ki, mətbuatımız dövlət
qayğısı ilə hərtərəfli təmin olunub. Dövlət
qayğısından danışarkən bura
qəzetlərin maddi-texniki
bazasının yenilənməsindən tutmuş,
media orqanlarına göstərilən
maliyyə yardımlarına, jurnalistlərin sosial
müdafiəsinə, onların əməyinin
stimullaşdırılmasına, mənzil-məişət
şəraitinin yüksəldilməsinə qədər
bir sıra məsələləri qeyd etməliyik. Real vəziyyət
budur ki, dövlət
tərəfindən jurnalistikanın inkişafına kifayət
qədər diqqət, qayğı göstərilir.
Bilirik
ki, Azərbaycan mətbuatına
qayğı siyasətinin əsası Azərbaycan
Respublikasının sabiq prezidenti
mərhum Heydər Əliyevin adı ilə
bağlıdır. Heydər Əliyevin mediaya
göstərdiyi misilsiz qayğı bu sahədə maddi-texniki
problemlərin aradan
qaldırılmasına, həll edilməsinə səbəb olub. Bilirik ki, keçən əsrin
90-cı illərinin əvvəllərində Azərbaycan mətbuatı
dərin böhranla üz-üzə
qalırdı. Heydər Əliyev mətbuata arxa-dayaq
duraraq onu uçuruma düşməyə qoymadı. Azərbaycan
mediası Heydər Əliyevin dövründə özünün yeni inkişaf mərhələsinə qədəm
qoydu və azərbaycançılıq
ideyasının, bu ideologiyanın
daşıyıcısı kimi özünü təqdim edə bildi. Azərbaycan
Konstitusiyasında azad sözün
müdafiəsi ilə bağlı təsbitlərin yer alması, müfəssəl müddəaların
qeyd edilməsi, o
cümlədən 1998-ci ildə senzuranın ləğvi,
KİV haqqında qanunun qəbulu Azərbaycanın
mətbuat tarixində mühüm hadisələrə
çevrildi. Ekspertlər
haqlı olaraq qeyd edir ki, milli
mətbuatımız Heydər Əliyevin timsalında öz himayədarını, dostunu
tapdı. Milli mətbuatımızın tarixini, keçdiyi yolu incəliyinə qədər bilən Heydər
Əliyevin 2000-ci ildə Azərbaycan milli
mətbuatının 125 illik yubileyinin keçirilməsi haqqında
imzaladığı Sərəncam bu gün də minnətdarlıq hissi
ilə xatırlanır. Bu onu
göstərirdi ki, Azərbaycan mətbuatı
dövlətin diqqət mərkəzindədir. Milli mətbuatın
müstəqillik dövründə ilk
yubileyi-125 illiyi Heydər Əliyevin Sərəncamı
ilə qeyd edildi.
Əlbəttə, mətbuat hər bir cəmiyyətin
inkişafında xüsusi rol
oynayır, dövlətin, dövlətçiliyin möhkəmlənməsində
iştirak edir.
Elə buna görə də mətbuat "dördüncü hakimiyyət"
adlandırılır. Azərbaycan mətbuatının
yaradılması, onun irəliləməsi
dövlətin qarşıya qoyduğu əsas
məqsədlərdəndir.
2000-ci
il 22 iyul tarixində
"Azərbaycanda milli mətbuatın
yaradılmasının 125 illiyi münasibətilə
Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev jurnalistlərlə
görüşüb, onlarla
maraqlı söhbət edib.
Rəsmi
sənədlərdə qeyd edilir ki, Azərbaycanda milli mətbuatın yaranmasının 125 illiyi münasibətilə jurnalistlərlə
görüşdə çıxış edən Heydər
Əliyev demokratik, hüquqi,
dünyəvi, qanunlarla yaşayan
dövlətdə jurnalistikanın çox
vacib peşə olduğunu,
mətbuatın çox vacib
sahə olduğunu
qeyd edib. O hər zaman mətbuatın yanında
olacağını da
iştirakçıların nəzərinə
çatdırıb.
Məlum
olduğu kimi, 22 iyul 1875-ci ildə Azərbaycanda görkəmli
ictimai-siyasi xadim, jurnalist Həsən bəy Zərdabinin
"Əkinçi" qəzeti nəşr olunmağa
başlayıb. Azərbaycanın ilk milli qəzetinin işıq üzü
gördüyü həmin gün
hazırda respublikada Milli
Mətbuat Günü kimi
qeyd edilir.
Azərbaycan
dövlətində insan hüquqlarının,
siyasi plüralizmin, vətəndaş
cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik
institut kimi
formalaşmış kütləvi informasiya
vasitələrinin müstəqil fəaliyyətində,
onların inkişafı üçün
yaradılmış hüquqi təminatlarda
tapır. O da bildirilir ki, Azərbaycan
Respublikası Konstitusiyasının 50-ci maddəsində
ölkə vətəndaşlarının söz,
məlumat toplamaq, öz
rəyini sərbəst ifadə etmək və digər
azadlıqları təsbit olunub. Bu azadlıqlar ölkə vətəndaşlarının
qanuni üsullarla informasiya axtarmaq, əldə
etmək, hazırlamaq, ötürmək və yaymaq
hüququna dövlət tərəfindən
verilən təminata əsaslanır.
Bəllidir
ki, Azərbaycan Respublikası söz və mətbuat
azadlığının təmin edilməsi sahəsində bir sıra beynəlxalq konvensiya
və sazişlərə qoşulub. Ümummilli lider Heydər
Əliyevin "Azərbaycan Respublikasında söz,
fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində tədbirlər
haqqında" 16 avqust
1998-ci il tarixli Fərmanı
ilə ölkədə kütləvi informasiya
vasitələri üzərində senzura
ləğv edilib. Mərhum Prezidentin bu Fərmanı
kütləvi informasiya vasitələrinin
sürətli inkişafına ciddi təkan
verməklə yanaşı, cəmiyyət həyatında
onların səmərəli rolunun
artırılması sahəsində geniş
dövlət proqramının əsas istiqamətlərini
müəyyənləşdirib. Mətbuatımızın
inkişafına böyük töhfə
verən digər bir mühüm
amil Azərbaycanın nüfuzlu
beynəlxalq təşkilat olan Avropa Şurasına üzv
qəbul edilməsi olub. Təşkilata
üzvlükdən sonra ölkədə
aparılan demokratik islahatlar
söz və mətbuat
azadlığının daha geniş bərqərar olmasına imkan yaradıb. Rəsmi məlumatlara
görə, Mətbuat və İnformasiya
Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis
olunmasını və onlardan istifadə
qaydalarını qat-qat
asanlaşdırıb, bu sahədəki bürokratik əngəlləri tamamilə aradan qaldırıb. Ölkədə ictimai televiziyanın yaradılması da adıçəkilən sahələrdə
irəliyə atılmış addımlardan biridir.
Məlum
olduğu kimi, respublikada mətbuatın problemlərini həll
etmək, mətbuatla cəmiyyət, eləcə də
dövlət arasında münasibətləri tənzimləmək
məqsədi daşıyan Mətbuat Şurası
yaradılıb. Şura yaradılarkən
Avropa standartlarına önəm verilib, Avropa təcrübəsindən
istifadə olunub. Qurumun
tərkibində hüquq, dil,
təhsil və şikayətlərlə bağlı komissiyalar fəaliyyət göstərir.
Qeyd
edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin sektor müdiri
Vüqar Əliyev
çıxışlarından birində Azərbaycan
mediasına dövlət qayğısından
danışıb. O qeyd edib
ki, milli mətbuatımız
şərəfli tarixi yol
keçib: "Azərbaycan milli mətbuatının yubiley
tədbirlərinin qeyd olunması ənənəsi
ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulub. Mətbuatın
125 illik yubileyinin qeyd edilməsi barədə ulu
öndərin Sərəncamı ilə əsası qoyulan bu iş
bu gün də davam etdirilir. Azərbaycan
mətbuatının intibah dövrü müstəqillik dövrünə
təsadüf edir. Həmin illərdə
mətbuat ciddi problemlərlə üzləşmişdi.
Heydər Əliyevin hakimiyyətə gəlişindən
sonra senzuranın və 2000-ci ildə Mətbuat
və İnformasiya Nazirliyinin
ləğvi, dünya standartlarına uyğun KİV haqqında qanunun
qəbulu, 2001-ci ildə bu qanunun
təkmilləşdirilməsi, Azərbaycan Mətbuat
Şurasının yaradılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən
işlər sonda Azərbaycanda güclü, peşəkar medianın
formalaşmasına gətirib çıxardı. Bu prosesin davamı olaraq görülən işlər mətbuata
dövlət qayğısının təzahürüdür...".
Qeyd
edək ki, Azərbaycan mətbuatının
inkişafına xüsusi qayğı
göstərən Heydər Əliyev mətbuatın maddi-texniki bazasının təkmilləşdirilməsinə
daim böyük əhəmiyyət
verib. Bununla
bağlı 2001-ci ildə KİV-lərə dövlət
qayğısının artırılması üçün
iki mühüm sənəd
imzalanıb. KİV-lər əlavə dəyər vergisindən
azad edilib. Onlara uzunmüddətli kreditlərin verilməsi
qərara alınıb. Qəzetlərin "Azərbaycan"
nəşriyyatına olan borcları beş il müddətinə
dondurulub.
Heydər
Əliyevdən sonra onun
qoyduğu ənənələri Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev davam etdirib. 2005-ci ildə Prezident
İlham Əliyev milli
mətbuatımızın 130 illiyinin geniş miqyasda
keçirilməsi haqqında sənəd imzaladı.
2000-2005-ci illərdə qəbul olunan
dövlət sənədlərində və
həyata keçirilən əməli işlərdə
dövlətin mətbuata qayğısı özünü
aydın göstərir. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın
130 illiyi münasibətilə
imzaladığı Sərəncama əsasən, ölkənin
aparıcı KİV-lərinin böyük
bir qrupuna maddi yardım göstərilib. Eyni zamanda 140-dan artıq jurnalist orden, medal və digər fəxri adlara layiq görülüb. Mətbuata dövlət qayğısından
danışarkən vurğulamalıyıq
ki, görülən işlər sırasına
"İnformasiya əldə
etmək haqqında"
Azərbaycan Respublikasının
Qanunu da daxildir. Bu qanunun
qəbul olunmasının
əhəmiyyəti olduqca
böyükdür.
Rəsmi sənədlərə
istinadən onu da qeyd edək
ki, Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il
iyulun 31-də Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Konsepsiyasının
təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət
orqanları ilə kütləvi informasiya vasitələri arasında
səmərəli əməkdaşlıq
münasibətlərinin inkişaf
etdirilməsi, kütləvi
informasiya vasitələrinin
iqtisadi müstəqilliyinin
və jurnalistlərin
peşəkarlığının artırılması məqsədilə
Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Konsepsiyası təsdiq
edilib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli
Həsənov çıxışlarından
birində Azərbaycan
dövlətinin mətbuata
göstərdiyi qayğıdan
danışarkən mətbuatımızın
yubiley tarixlərinə
də toxunub: "Azərbaycan dünyada keçmiş mədəniyyəti
yaşadan və bu gün də
onu bəşəri dəyərlərlə zənginləşdirən,
inkişaf edən bir dövlət kimi tanınır. Bu tanınmada da
bizim ziyalılarımız,
mətbuat orqanlarımız,
onların apardığı
təbliğat fəal
rol oynayır. Həsən bəy Zərdabi də öz dövründə, zamanında o dövrdə
ən ali
məqsədli, ali təfəkkürlü ziyalının
edə biləcəyi
işləri görürdü.
Ona görə də haqlı olaraq ümummilli liderimiz Heydər Əliyev 1995-ci ildə Azərbaycanda milli mətbuatın ilk yubiley ənənəsini qoyaraq Həsən bəy Zərdabinin xatirəsini faktiki olaraq dövlət siyasəti səviyyəsində
əbədiləşdirdi. 1995-ci ildə ilk dəfə
Azərbaycanda milli mətbuatın yubiley tədbiri keçirildi.
İlk dəfə Milli Mətbuat Gününün
22 iyul olmasının
təsdiqlənməsi ilə
bağlı Prezident Sərəncamı oldu və ondan sonra
Azərbaycanda milli mətbuatın yubileylərinin
keçirilməsi ənənəsi
qoyuldu. 1995-ci ildə, 2000-ci ildə,
2005-ci və 2010-cu ildə
yubiley tədbirlərini
keçirdik. Prezidentin xüsusi
Sərəncamı ilə
bir neçə mətbuat nümayəndəsi
təltif olundu".
Qeyd edək ki, 2005-ci il 20 iyun tarixində Azərbaycan milli mətbuatının 130 illik
yubileyinin keçirilməsi
haqqında Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı milli
mətbuatımıza göstərilən
qayğının bariz
nümunəsidir.
2005-ci ildə zəngin tarixi, mütərəqqi və şanlı ənənələri
olan Azərbaycan milli mətbuatının
130 illiyi ilə bağlı Sərəncamda
vurğulanırdı: "1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin
nəşrə başlaması
ilə böyük maarifçi, naşir Həsən bəy Zərdabi tərəfindən
əsası qoyulmuş
Azərbaycan milli mətbuatı ölkəmizdə
həmişə qabaqcıl
ideyaların carçısı,
dövrün, ictimai-siyasi
həyatın güzgüsü
olmuşdur. XIX əsrin sonu-XX əsrin əvvəlində
milli azadlıq ideyalarının, milli şüurun, mədəniyyətin,
maarifçiliyin inkişafında
Azərbaycan mətbuatının
rolu danılmazdır.
İctimai fikrin digər
ifadə vasitələrinin
kifayət qədər
inkişaf etmədiyi bir zamanda mətbuat
qabaqcıl ideyaları
cəsarətlə təbliğ
etmiş, xalqın geniş dairələrini düşündürən, zehnini
məşğul edən
problemləri diqqət
mərkəzinə gətirmiş,
ictimaiyyətin müzakirəsinə
çıxarmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında
və zənginləşməsində,
Azərbaycan ədəbi
dilinin inkişafında
milli mətbuat müstəsna xidmətlər
göstərmişdir. Azərbaycan Respublikasının müstəqillik
qazandığı və
suveren dövlət quruculuğu prosesini yaşadığı müasir
dövrdə kütləvi
informasiya vasitələri,
o cümlədən milli
mətbuatımızın qarşısında
tamamilə yeni vəzifələr durur.
Bu gün mətbuat müstəqil dövlət,
sivil, demokratik vətəndaş cəmiyyəti
quruculuğunda, iqtisadi
və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə
sosial ədalət və şəffaflığın
təmin edilməsində,
insan hüquqlarının
müdafiəsində, həmrəylik
və tolerantlıq mühitinin yaradılmasında,
milli şüurun, siyasi mədəniyyətin
və bütövlükdə
sağlam mənəvi
dəyərlərin formalaşmasında
mühüm rol oynamalıdır. Hazırda ölkəmizdə
həyata keçirilən
bütün bu proseslərin mətbuatın,
kütləvi informasiya
vasitələrinin iştirakı
olmadan reallaşdırılması
təsəvvür edilə
bilməz.
Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşmasından,
onun hüquqi-normativ bazasının yaradılmasından,
azad sözün, fikir və məlumat
azadlığının təmin
edilməsindən danışarkən
ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini ayrıca
qeyd etmək lazımdır".
İradə
SARIYEVA
Bakı
xəbər.- 2016.- 21 iyul.- S. 15.