Milli Qəhrəmanımız Nadir Əliyevin vəfatından 23 il keçdi...

 

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Nadir Alış oğlu Əliyevin adı Vətənin ürəyinə yazılıb. Torpaq uğrunda canını fəda edən kim varsa, o əbədi olaraq Vətən tarixində yaşayır.

N.Əliyev iyulda doğulub, iyulda da şəhidlik zirvəsinə qovuşub. Qəzetimiz Milli Qəhrəman N.Əliyev barəsində bir neçə dəfə yazı hazırlayıb. Ailəsi ilə görüşmüşəm bir neçə dəfə. Qardaş-bacısı, el-obası onunla qürur duyub hər söhbətimizdə. Qəhrəmanın döyüş gündəliyində onun və silahdaşlarının döyüş mücadiləsi anbaan qələmə alınıb. İndiyə qədər də yadımdadır, Milli Qəhrəmanın yaşıl üzlü gündəliyi ailəsində-ata evində göz bəbəyi kimi qorunur. N.Əliyevin məşhur "ermənilər mənim meyitimin üstündən keçib Ağdama girə bilər" fikri hər zaman ağdamlılar tərəfindən fəxarətlə xatırlanır.

1993-cü il iyulun 22-si N.Əliyevin şəhid olduğu gündür.

Qeyd edək ki, Əliyev Nadir Alış oğlu 1962-ci il iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində doğulub. 1977-1981-ci illərdə Bakı Politexnik Texnikumunda təhsil alıb. 1991-ci ildə DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1991-ci ildən Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-ci ilin sentyabr ayından dekabr ayınadək Azərbaycan DTK-nın (1991-ci ilin noyabr ayından MTN-nin) Ağdərə rayon bölməsində, 1992-ci ildən isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon Bölməsində baş əməliyyat müvəkkili işləyib.

Döyüşlərdə iştirakı haqqında danışarkən qeyd edək ki, 1993-cü ilin yanvar ayında MTN-nin Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili təyin olunub. Ağdərə uğrunda döyüşlərin qızğın dövründə cəbhə bölgəsinə ezam edilməsi üçün könüllü surətdə rəhbərliyə raportla müraciət etmiş, MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə rəşadət göstərmiş, Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərmiş və qəhrəmancasına həlak olub.

İki övladı qalan N.Əliyevin övladları onun adına layiq böyüyüb.

Bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli, 218 saylı Fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Milli Qəhrəman Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Suraxanı rayonundakı 282 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Milli Qəhrəmanın oğlu Şəhriyar Əliyev Modern.az saytına müsahibəsində atasını belə xatırlayıb: "...Atam könüllü olaraq hərbi hissəyə yazılanda anam hiss etdirməməyə çalışsa da, narahat olmuşdu. Çünki bilirdi ki, gedib geri dönməyə də bilər. Hər şeydən öncə bizi düşünürdü. Atam vətənini çox sevirdi və nə olursa-olsun müharibəyə gedəcəkdi. Anam bilirmiş ki, nə qədər buna mane olmağa çalışsa da, onun sözünü dinləməyəcək... Böyüdükcə atamın yoxluğunu dərk edirəm. Bəzən deyirəm ki, kaş bizim də atamız sevincli günlərimizdə yanımızda olaydı. Mən qazandığım və əldə etdiyim uğurlarımı atamla bağlayıram. Kimsə onun qəhrəmanlıqlarından danışanda mən qürur hissi keçirirəm. Düşünürəm ki, həyatımda örnək alacağım yeganə insan atamdır. Atamın döyüş dostları ilə hər zaman münasibətlərimiz olubindivar. Onlar atamın ildönümlərində də bizə gəlib-gedirlər. Mən həm də onların övladları ilə əlaqə saxlayıram. Məni atama çox oxşadırlar və deyirlər ki, "sənin timsalında sanki atanı görürük". Onlar atamla bağlı bizə çox maraqlı xatirələr danışırlar... Atam çox güclü insan olub. İçində olan güclü vətənpərvərlik hissi onu düşmənə qarşı daha da hirsli, acımasız etmişdi. Atam əsir düşməmək üçün bir çox yollara əl atıb. Amma sonda ayağından yaralanıb və ermənilər tərəfindən pusquya salınaraq öldürülüb.

Döyüş dostları danışırlar ki, o bir çox erməni hərbi bazalarını partladıb. Ona görə də ermənilər atamın başına 1 milyon pul qoymuşdular. Çünki onlara belə bir insanın həyatda olması qətiyyən sərf etmirdi".

Milli Qəhrəman N.Əliyevin ruhunu andıq, adını xatırladıq, döyüş yoluna, qəhrəmanlığına qısaca da olsa nəzər saldıq. Canını Vətən yolunda qurban verən Vətən övladları heç vaxt unudulmur!

 

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 22 iyul.- S. 11.