Tarixdə iz buraxanlar: Sultan I Səlim xan
Sultan I Səlim xan Osmanlı
sultanlarının doqquzuncusu, İslam xəlifələrinin
yetmiş dördüncüsüdür. Sultan I Səlim xan
1470-ci ildə Amasyada anadan olub. Atası Sultan II Bəyazid xan,
anası Dulqədirli ailəsindən olan Aişə
xanımdır. Şahzadəliyində dövrün alimlərindən
mükəmməl təhsil alıb, ərəb və fars dillərini
öyrənib, din və təbii elmlər sahəsini dövrün
tanınan elm adamlarının rəhbərliyi altında
çox ciddi araşdırmalar apararaq öyrənib.
Hərb və idarə
mövzularını öyrənmək üçün
atası Bəyazid xan tərəfindən Trabzon valiliyinə
göndərilib.
Dövlət idarəçiliyinə
Trabzonda başlayan Sultan I Səlim xanın pəhləvan
quruluşlu vücudu, dövrün silahlarından istifadə
etmə məharəti müsəlmanlara heyranlıq və
rahatlıq, düşmənlərə isə qorxu verirdi.
Sultan I Səlim xan idarəçiliyini Trabzonun xaricinə də
çıxararaq Osmanlı dövləti əleyhinə təbliğat
aparan qüvvələri təqib altına aldırıb. Beləcə,
trabzonluları rahat buraxmayan gürcülərin üzərinə
səfərə çıxmaq qərarına gəlib. 1508-ci
ildə Kutaisiyə doğru səfərə çıxan
şahzadə Qars, Ərzurum və Artvin bölgələrilə
15 məhəlləni fəth edərək Osmanlı
torpaqlarına qatıb. Buralarda yaşayan gürcülər
İslam dinini qəbul edib müsəlman olublar.
O zamanlar ölkədə yaranan vəziyyətin
qarşısını valilik səlahiyyətilə ala bilməyəcəyini
bildiyinə görə şahzadəlik məsələsindən
faydalanaraq Osmanlı taxtına namizəd olub. Atası Sultan II
Bəyazid xanın həyatda olmasına baxmayaraq, Şahzadə
Əhməd və Qorqud Osmanlı sultanı olmaq
üçün fəaliyyətə başladıqlarına
görə Şahzadə Səlim də hərəkətə
keçib. Uzun mücadilədən sonra 1512-ci il aprel
ayının 24-də Osmanlı sultanı olub. Atası II Bəyazid
xanı ildə iki milyon pul təhsisatı ilə böyük
hörmət göstərərək Dimetokaya yola salıb.
Atası 1512-ci il may ayının 26-da yolda vəfat etdikdə,
onun cənazəsini İstanbula gətirdib və Bəyazid
camisinin yanında bir türbə tikdirərək dəfn
etdirib.
Sultan I Səlim xan taxta keçdikdən
sonra 1512-1513-cü illərdə daxili məsələləri
həll etdi, şimal-qərb və cənub sərhədlərini
təhlükəsizlik altına aldı. Eflak, Boqdan,
Macarıstan, Venedik və Misirin elçilərilə
sülhün davamını təsdiq edən müqavilələr
imzaladı. Şahzadəliyindən bəri təsbit etdirdiyi
pozğunçuları və məmləkət əleyhinə
çalışanları sürgün etdirdi, bəzilərini
həbs və lazım olan cəzalarla cəzalandırdı.
Sultan I Səlim xanın dövlətə qarşı
çıxan xainləri Anadolu və Rumelidən təmizləməsi
türklüyün birlik və bərabərliyi, ölkə
bütünlüyü üçün çox doğru və
vaxtında alınan bir qərar olub.
Sultan I Səlim xana qarşı
çıxan Dulqədir oğulları bəyliyini də
Anadolunun birlik və bərabərliyi üçün
Osmanlı dövlətinə qatmaq lazım gəlirdi. Səlim
xan Rumeli bəylərbəyi Sinan paşanı 409 min nəfərlik
böyük bir hərbi qüvvə ilə Dulqədirli
ölkəsini fəth etmək üçün göndərdi.
Bir çox döyüşlərdən sonra Dulqədir
ölkəsi tamamilə fəth edildi. Bu döyüşlərdə
böyük xidmətlər göstərən Sinan paşa vəzir
vəzifəsinə təyin edildi.
Dulqədirli torpaqlarının
Osmanlı dövlətinə qatılması ilə
osmanlıların Misir məmlukları ilə qonşu
halına gəlmələri iki ölkə arasındakı
münasibətləri gərginləşdirdi. Osmanlını
bu bölgədə hakim qılmaq üçün ciddi
çalışmalar başladı. Sultan I Səlim xan
döyüşlər qəhrəmanı bığlı Məhməd
paşanı Diyarbəkiri fəth etmək üçün vəzifələndirdi.
O bölgənin mərkəzi olan bu böyük şəhər
keçilməz bir sədd halında idi, möhkəm bir
qalası vardı. Bığlı Məhməd paşa 1515-ci
ilin may ayında Diyarbəkirə qarşı hərəkətə
keçərək şəhəri mühasirə altına
aldı. Çox ciddi döyüşlər nəticəsində
1515-ci il may ayının 19-da Diyarbəkirin mərkəzi olan
Amid qalası fəth edildi. O bölgələrdə
yaşayan bəylərin əksəriyyəti sünni
olduqlarına görə Osmanlı hakimiyyətini qəbul edib
tanıdılar. Beləlikə, Harput, Silvan, Bitlis, Hıskeyfa,
Diyarbəkir, Urfa, Mardin, Cezirədən Rakkaya qədər olan
şimal-şərq bölgələri ilə Musul havalisi
Osmanlı dövlətinin idarəsi altına alındı.
Bu müvəffəqiyyətlərdən
sonra Sultan I Səlim xan istiqamətini gizli tutduğu bir səfər
üçün ordu və donanmanı hazır vəziyyətə
gətirdi. Bu, səfərin dəniz sahili olan Misir məmluklarına
qarşı olacağı ehtimalını gücləndirirdi.
Osmanlı-Məmluk münasibətləri Dulqədirli məsələsindən
sonra ortaya çıxmışdı. Sultan I Səlim
xanın ikinci sünni dövlətin xaçlılara
qarşı ortaq mücadilə etməsinin lazım
olduğunu bildirən təmasları olurdu. Səlim xan
1516-cı ilin yazında Sinan paşanı 40 min nəfərlik
bir qüvvə ilə Maraş üzərindən Fərat tərəflərinə
sövq etdi. Sinan paşa Fərat çayını keçib
Diyarbəkirə getmək üçün izn istədi. Məmluklar
Suriya sərhəddində güclü olduqlarını zənn
etdiklərinə görə osmanlıların tələbini
rədd etdilər. Bu arada Misir Sultanı Kansu Güri 50 min nəfərlik
bir qüvvə ilə Şama gəldi. Yaranan vəziyyət
Sultan I Səlim xana xəbər verildikdə o, cənub sərhədlərindən
əmin olmaq üçün Misir səfərinə
çıxmağa qərar verdi. Məmluklara qarşı səfərə
çıxmaq üçün komandanlığındakı
qüvvələrin Kayseridə toplanmalarını əmr
etdi. Beləliklə, Sultan I Səlim xan 1516-cı ilin iyun
ayında Misir səfərinə çıxdı, Osmanlı
donanmasını da Suriya sahillərinə göndərdi.
Sultan I Səlim xan Misir elçisi Moğolbayı ölkəsinə
geri göndərərkən ona: "Cənabına de ki,
Mercidabıkda qarşıma çıxsın", - dedi.
Məmluk Sultanı Kansu Güri
yanında Abbasi xəlifəsi III Mütəvəkkil
olduğu halda Mercidabıka gəldi. Sultan I Səlim xanın
komandanlığındakı Osmanlı ordusu 1516-cı il
avqust ayının 24-də Mercidabıka gəlib Kansu Güri
komandanlığındakı Məmluk ordusu ilə
döyüşə girdi. Döyüş olduqca gərgin
keçdisə də, osmanlıların
üstünlüyü ilə nəticələndi. Son Abbasi xəlifəsi
III Mütəvəkkil Sultan I Səlim xanın yanına gətirildikdə
sultan ona xəlifəyə yaraşan bir şəkildə
hörmət göstərdi.
Beləliklə, Suriya da Osmanlı
hakimiyyətinə keçmiş oldu. Suriyalılar Osmanlı ədalətinə
inandıqlarına görə xalq və qala mühafizləri
şəhərlərinin açarlarını Sultan I Səlim
xana təslim etdilər. Sultan Hələb, Hama, Humus və
Şam şəhərlərini gəzdi. Üç aya
yaxın Şamda qaldı. Məmluk sultanı Kansu Güri
Mercidabık müharibəsindən sonra vəfat etdiyinə
görə Misir kolemenləri Tomanbayı sultanlıq vəzifəsinə
gətirmişdilər. Sultan I Səlim xan Tomanbaya Osmanlı
hakimiyyətini tanıması şərtilə müqavilə
bağlamaq üçün elçilər göndərdi.
Kolemenlər Sultan Tomanbaydan xəbərsiz Osmanlı elçilərini
öldürdülər. Sultan I Səlim xan da Osmanlı
elçilərinin öldürülmələrini müharibə
səbəbi saydı. Beləcə, Sultan I Səlim xan
1516-cı il dekabr ayının 15-də Şamdan Misir səfərinə
çıxdı və yanvar ayının 22-də Ridaniyədə
Osmanlı - Məmluk döyüşü başladı. Uzun və
şiddətli döyüşlər nəticəsində
Sultan I Səlim xanın komandanlığındakı
Osmanlı ordusu qalib gəldi. Məmluk sultanı Qahirədən
çəkildi. Səlim xan 1517-ci il fevral ayının 15-də
parlaq bir mərasimlə Qahirəyə girdi. Yerli əhali
Osmanlı padşahını böyük sevinclə
qarşıladı.
1516-cı ilin avqust ayından etibarən
Sultan I Səlim xanın yanında olan son Abbasi xəlifəsi
III Əbdüləziz əl-Mütəvəkkil-əl-Allah Məhəmmədin
rizası ilə Qahirədən Osmanlı mərkəzinə
göndərilən Camiül-Ezner mədrəsəsinin alimləri
və İstanbulda tanınmış alimlərin təşkil
etdiyi məclisdə yekdilliklə alınan bir qərarla Osmanlı
padşahlarına sultanlıq ünvanı ilə birlikdə
İslam aləminin "Xilafət" məqamı da verildi.
Sultan I Səlim xanın
qazandığı Ridaniyə zəfəri ilə Misir, sonra
Ərəbistan yarımadası Osmanlı dövlətinin
hakimiyyəti altına keçdi. Daha sonra Qırmızı dənizə
və Hind okeanına enildi, Şimali Afrika yolu
açıldı və osmanlıların sərhədi
genişlənərək Atlantik okeanına
dayandırıldı. Venediklilər məmluklara verdikləri
Kipr adasının xəracını osmanlılara ödəməyə
başladılar. Hicaz və Orta Şərqdəki mübarək
məqamlar osmanlıların xidmətinə
açıldı. Mübarək əmanətlər
İstanbula gətirilərək bu şəhər şərəfləndirildi.
Buralar nadir əsərlərlə bəzədildi.
Sultan I Səlim xan 1516-cı il iyun
ayının 4-də çıxdığı Misir səfərindən
1517-ci il sentyabr ayının 10-da Qahirədən hərəkət
edərək 1518-ci il iyul ayının 25-də İstanbula
dönüb. O zamanlar Osmanlı dövlətinin ordusu
dünyanın ən böyük ordusu idi. Sultan I Səlim xan
Şərqi Anadolu, Şimali İraq, Livan, Suriya, Fələstin,
Misir və Hicazı fəth etməklə Osmanlı xanədanına
xəlifəlik qazandırıb, səkkiz il yarım kimi
qısa bir zamanda Osmanlı dövlətini ikiqat
böyüdüb. Əyyub Sultan türbəsini ziyarəti
zamanı yaxalandığı xəstəlikdən
Çorluda iki ay müalicə görüb, 1520-ci il sentyabr
ayının 22-də cümə günü Çorlunun
Sırt kəndində vəfat edib.
Sultan I Səlim xan orta boylu,
qırmızı üzlü, çatma qara qaşlı, iti
baxışlı bir şəxs idi. O danışarkən bəzi
ciddi kəlmələri dəfələrlə təkrarlayardı.
Dövlət işlərində qəti proqramla hərəkət
edən ciddi bir hökmdar idi və hər hansı bir dövlət
işini qəti olaraq yerinə yetirməzdən əvvəl
müxtəlif yollarla vəzirlərin və digər əlaqədarların
fikirlərindən istifadə edər, günlərlə
düşünər, nəhayət son qərarını
verdikdən sonra ondan dönməz və bu qərarın əleyhinə
söz söyləyənləri cəzalandırardı.
Çox mühüm işlərdə şəxsən
özü araşdırmalar aparar, istər ölkə daxilindən,
istərsə də xaricdən doğru olmayan xəbərlər
aldığı zaman vəzirlərini döyər və ya həbs
etdirərdi. Hətta İran və Misir səfərlərində
onun qərarlarına qarşı yanlış fikir söyləyənləri
edam etdirmişdir.
Bütün bu hiddət və şiddətinə
baxmayaraq, Sultan I Səlim xan haqq olan sözü qəbul edərdi.
Onun şiddət və qəzəbindən qorxan və hər
an ölüm təhlükəsi keçirən Piri paşa
bir gün: "Hörmətli Padşahım, sonunda bir bəhanə
ilə məni öldürəcəksən, bunu bir gün əvvəl
etsəydin mənim canım qurtarardı" sözlərilə
öz düşüncələrini və qorxusunu bildirdikdə,
Sultan I Səlim xan bir xeyli gülərək: "Mənim dahi
paşam, sənin yerini tutan bir adam tapılmaz, yoxsa səni
muradına qovuşdurmaq çox asandır" sözlərilə
dəyərli adamlarına etimadını, qədirbilənliyini
göstərmişdir.
Sultan I Səlim xanın xüsusi məclislərində
dəyərli alimlər və şairlər də iştirak
edərdi. O, alimləri və şairləri çox sevər,
onları mühafizə edərdi. Boş vaxtlarını
mütaliə ilə keçirərdi. Osmanlı
hökmdarları arasında elmi baxımdan ən yüksək
səviyyədə olan hökmdarların başında gəlir.
Önun fars və ərəb dillərində şeirləri
vardır. Çox sayda əlyazmaları Topqapı
Sarayının arxivlərində mövcuddur.
Mükəmməl bir divanı Alman
İmperatoru II Vilhelm adından Paul Horn tərəfindən nəşr
etdirilmişdir.
Sultan I Səlim xan dəbdəbəyə
əhəmiyyət verməz, sadəliyi sevər və sadə
geyinərdi. Özü üçün artıq pul sərf
edib köşk tikilməsi və qeyri-adi, təmtəraqlı
işlər görülməsini istəməzdi. Onun
bütün fəaliyyəti dövlətin sahəsini
genişləndirmək və xəzinəsini zənginləşdirməkdən
ibarət olub. Nəticədə, Osmanlı dövlətini
dünyanın ən böyük və ən zəngin
dövlətlərindən biri olaraq gələcək nəslə
buraxıb.
Fazil QARAOĞLU,
Professor
Bakı xəbər.- 2016.- 23-25 iyul.- S.
11.