Ağır itki - dəyərli insan,
böyük insansevər Hacı Ağamirzə Əhədovun
əziz xatirəsinə
Azərbaycanın müstəqilliyə
qovuşması, digər sahələrdə olduğu kimi, dinə
münasibətdə də böyük dəyişiklik
yaratdı. Qadağalardan əziyyət çəkən,
öz dini baxışlarını açıq ifadə etməkdən
çəkinən insanlar kütləvi şəkildə dinə
üz tutdular.
Bunun nəticəsində Allahın
göndərdiyi müqəddəs Quranı öyrənib həyatını
onun tələblərinə uyğun quran insanlarla
yanaşı, insaf, mürvət, ləyaqət, halallıq
kimi keyfiyyətlərdən məhrum olan, namaz qılmaqla, oruc
tutmaqla özünə cənnəti təmin etdiyini
düşünən hacılar(hacı xanımlar) peyda oldu və
bu adamlar Allahın kitabını gözdən salmaq
üçün hər şeyi etdilər. Bütün bu
yaramaz xislətlərdən çox-çox uzaq olan, 1937-ci
ilin ağır illərində Ucarın Çiyn kəndində
doğulan, min bir əziyyətlə oxuyub təhsil alan, gənclik
həyatından ömrünün sonunadək - 2016-cı ilin
Ramazan ayına qədər gənclik şəhəri
Sumqayıtda yaşayan Hacı Ağamirzə Əhədov isə
belə insanları bədbəxt adlandırırdı,
onları islah etməyə, doğru yola qaytarmağa
çalışırdı. O, həyatda rast gəldiyim ən
səmimi, Allaha bağlı insan, dostluğu ilə fəxr
etdiyim, xeyirxahlığı ilə məni heyrətləndirən
dəyərli iş adamı idi. Heyrətlənməyimin səbəbi
onunla bağlı idi ki, çox böyük imkanlara malik
adamlar qazanclarının cüzi hissəsini xeyriyyəçiliyə
ayırmadıqları halda, Hacı Ağamirzə
özünün və yaxınlarının maddi
ehtiyaclarının olmasına, sahibi olduğu ticarət mərkəzinin
iki dəfə müəyyən hissəsinin yanmasına
baxmayaraq, az qala gəlirinin hamısını xeyriyyəçiliyə
sərf edirdi.
Əsl Allah adamı idi Ağamirzə
kişi. Dinin tələblərini cənnəti təmin etmək
üçün yerinə yetirənlərə şeytan
deyirdi. Ölümündən bir qədər qabaq
görüşmüşdük onunla. Elə bil hiss
etmişdi bu fani dünyadan köçəcəyini. Hansı
məsələdən danışsa da sözü gətirib
dinimizi gözdən salan saxta dindarlara çıxarır və
qəzəbini gizlətmirdi. "Bunlar o qədər bədbəxt
adamlardır ki, Allahı da aldatmağa, ona da kələk gəlməyə
çalışırlar"-deyirdi. "Sən əgər
namaz qılıb ləyaqətsizliyi ilə şəhərdə
məşhur olan, mərdüməzar, kələkbaz adamlarla
yaxınlıq edirsənsə, dünyanın ən
allahsız adamısan və cəhənnəm odunda yanmaqdan
canını qurtara bilməyəcəksən. Sən əgər
var-dövlət naminə kəmağıllığı ilə
yanaşı içki, qumar düşkünü, narkoman olan
cinayətkar kəsləri dürüst, halal,
ağıllı, ləyaqətli, ədalətli insanlardan
üstün tutursansa, tamah məqsədilə yaramaz adamlardan
istifadə etməyə çalışırsansa, Allahın
verəcəyi ağır cəzadan qurtula bilməyəcəksən.
Belələri hər yerdə, elə mənim
yaxınlarım arasında da var, Təəssüf ki,
onları seçmək imkanımız yoxdur. Şəhərdə
hamıya kələk gələn, hamıdan tamah məqsədilə
istifadə edən bir yaxınımı islah etmək
üçün çox çalışdım. Başa
düşmədiyini görüb evimdən
uzaqlaşdırdım. Övladlarıma da
tapşırmışam ki, elə ləyaqətsiz adamlardan
uzaq dursunlar, evlərinə yaxın buraxmasınlar. Dinsizlər
o qədər də təhlükəli deyil, çünki
onlar onsuz da Allahı tanımırlar və heç kim belə
adamları ciddi qəbul eləmir. Ancaq özünə dindar
deyib hər cür ləyaqətsizliyi edənlər müqəddəs
dinimizi hörmətdən salırlar və mən belə
adamların dinsizlərdən daha ağır cəzaya
"ayiq olduğunu düşünürəm" - deyirdi.
Övladlarını bir-birindən ayırmasa da, belə
söhbətlər zamanı mükəmməl dini təhsil
almış oğlu Nemandan böyük heyranlıqla
danışırdı. "Sevinirəm ki, o, "Quran-Kərim"in
86 surəsini əzbər bilir, özü də Quranın tələblərinə
təkcə əməl etmir, hamıdan bunu tələb də
edir. Çox xoşladığım bir yaxşı
sözü var - "məni vursan dözərəm, amma dinimə
sataşsan, Qurana xəyanət etsən, səni
bağışlamaram". Bir neçə dəfə təkid
etdim ki, elmi iş yazsın, ilahiyyat üzrə müdafiə
eləsin, razı olmadı. "Mən Ziya Bünyadov, Vasim Məmmədəliyev,
Sabir Həsənli kimi elm adamı ola bilmərəm,
yarımçıq alimlərin cərgəsinə isə
qoşulmaq istəmirəm. Onsuz da saxta alimlər
ilahiyyatçılığı pis günə qoymaq
üçün əllərindən gələni edirlər"
- dedi. Allah hamıya belə oğullar qismət eləsin!".
Uzun illər şəhərdə
yaşamasına baxmayaraq, o, doğulduğu kəndə, elinə-obasına
vurğun bir insan idi. Kəndində gözəl bir məktəb
tikdirmişdi Ağamirzə müəllim. "Elm çox
vacibdir" - deyirdi. Nemanın sözlərinə haqq
qazandıraraq Azərbaycan elminin indiki durumundan
narahatlığını da gizlətmirdi.
"Xalqımıza şərəf gətirən
böyük alimlərimiz var. Elm müqəddəs sahədir,
onun zibillənməsinə imkan verilməməlidir, bu məbədə
müxtəlif yollarla şan-şöhrət xətrinə
elmə daxil olmuş, elmdən uzaq adamlar ifşa
olunmalıdır. Bu adamların elmi işləri vicdanlı,
dürüst alimlər tərəfindən yoxlanmalı, elmi
işlərini özü yazmayan, doktoru olduğu sahədən
anlayışı olmayanların alim adı əllərindən
alınmalı və belələri ali məktəblərdən
küçəyə atılmalıdırlar. İmkan verməməliyik
ki, saxtakar, bisavad "alimi-biəməllər"
övladlarımızı bədbəxt eləsin. Elm təmizlənməsə,
müəllimlər savadlı olmasa, Mehriban xanımın
yüzlərlə tikdirdiyi, iş adamlarının və mənim
də tikdirdiyim məktəbin heç bir əhəmiyyəti
olmayacaq".
Möhtəşəm məscid
tikdirmişdi Çiyni kəndində Hacı Ağamirzə.
Həmişə deyirdi ki, insanlar Allahın qoyduğu hidayət
yoluna gəlməlidir, Quranda bizə necə buyrulubsa, elə də
yaşamalıyıq. Bəzi dar düşüncə sahibləri
"Qurani-Kərim" 1400 il əvvəl nazil olub, bu
günün tələblərinə cavab vermir deyirlər.
Yalandır. Allahın kitabı bütün dövrlər
üçün göndərilib, orda bütün sualların
cavabı var. Əgər sən dürüst adamsansa, Allaha
sidqi-ürəkdən bağlısansa, istənilən
sualının cavabını Quranda tapacaqsan və ona uyğun
hərəkət edəcəksən. Yox, halal insan deyilsənsə,
tamah, var-dövlət hərisliyi gözünü tutubsa,
Allahın qoyduğu yolu unudub, şeytana uyub, əyri yollara düşəcəksən,
şərəfsiz adamlarla birləşib axirət
üçün gördüyün yaxşı işlərin
üstündən xətt çəkəcəksən. Mənim
79 yaşım var, səhhətim də o qədər
yaxşı deyil, min bir əziyyətlə
yaratdığım bu mərkəzin taleyi məni çox
narahat edir. Əvvəlcə düşünürdüm ki, mərkəzə
rəhbərliyi oğlanlarımdan ən bacarıqlısı
və ədalətinə inandığıma (rəhbərlikdə
varisi kimi görmək istədiyi oğlunun adını dedi.
Müəyyən səbəblərdən mənim də
yaxşı tanıdığım, insanlığına və
bacarığına böyük hörmətlə
yanaşdığım oğlunun adını çəkmirəm)
həvalə edim. Özü bilmədən şəxsiyyət
vəsiqəsini aldım, notariusla danışdım, sonra ona
bu barədə fikrimi təklikdə çatdırdım.
Ancaq bu məsələyə etiraz etdi və bildirdi ki, mən
bərabərlik istəyirəm. Ailəmizi yığib mənim
haqqımda fikirlərini çatdırmağın kifayətdir.
Mən bu haqqında geniş düşündüm, sonda
"Qurani-Kərimə" müraciət etdim. Qərara gəldim
ki, belə etməyim. Balalarımın hamısı mənimçün
eynidir, hamısının qabiliyyəti, bacarığı,
insani keyfiyyətləri eyni olmasa da! Mənim bir ata kimi
xoşbəxtliyim ondadır ki, mənim qurduğum işi daha
da böyüdəcək, irəliyə aparacaq
ümidgahım var. Fikrim budur ki, yaxın zamanlarda bütün
övladlarımı toplayıb öz qərarımı
açıqlayım və onun ətrafında birləşməyi
vəsiyyət edim. Belə olsa, mən missiyamı başa
çatmış sayaram və dünyadan rahat köçə
bilərəm. Bu söhbətdə
danışdığı ovladının ış yerində
və cəmiyyətdə də çox hörmət, mədəniyyət
və nüfuz sahibi olduğunu söylədim və dedim ki,
ataların əbədiliyi övladı və ya
övladlarının onun adını, şərəf, ləyaqətini
qoruyub yaşatmasındadır. Bu sarıdan narahat olmayın, o
övladınız sizin adınızı yaşadacaqdır. Təbii
ki, birlik olan yerdə güc, ədalət olan yerdə bərəkət
olar. Bu söhbətdən çox məmnun oldu və dedi:
- Miras barədə vəsiyyətnamə
də yazmayacağam. Əgər Allah Quranda, Nisa surəsinin
11-ci ayəsində (Allah, sizə cocuklarınız
haqqında, erkəyə(oğlana),
qadının(qızın) hissəsinin iki misli (miras verməyinizi)
əmr edər) hər şeyi müəyyənləşdiribsə,
mən niyə onun buyruğundan kənara çıxım,
Allahın iradəsinə müdaxilə edim".
Doğulduğu kənddə yüksək
səviyyədə Bayraq meydanı saldırmışdı.
"Bayrağımız müstəqil dövlətimizin rəmzidir
və biz insanlar da ona hörmət tərbiyə etməliyik.
Bu bayrağı yenidən qaldıran Ulu Öndəri
unutmamalıyıq, onun bizim bu günümüz naminə
çəkdiyi əzabları yaddan
çıxarmamalıyıq" - deyirdi. Ulu Öndər Heydər
Əliyevdən danışanda gözləri dolar, onunla
görüşlərindən heyranlıqla
danışardı.
Son vaxtlar çox kövrək
olmuşdu. Bəzən çəkdiyi çətinliklərdən,
bəzən övladlarından, bəzən də
böyük heyranlıq duyduğu Ulu Öndərdən
danışanda kövrəlirdi.
Ayrıldıq. Bu mənim onunla son
görüşüm oldu. Telefonuna dəfələrlə zəng
etsəm də cavab verən olmadı. İş yerinə
getdim, əvvəl Türkiyəyə, sonra İsrailə
müalicə üçün getdiyini dedilər.
Sonra ölüm xəbərini
eşitdim. Mən müdrik məsləhətlərinə,
söhbətlərinə böyük ehtiyac duyduğum əziz
dostumu, Azərbaycan isə böyük xeyriyyəçini,
dövlətçiliyə, Heydər Əliyev kursuna sadiq dəyərli
bir şəxsiyyəti, əsl Allah adamını itirdi. Həyatı
bir nümunə məktəbi olmaqla bu cismani gedişi,
sayını bilmədiyim insanlara maddi, mənim mənəvi
dünyama isə çox ağır bir itgi oldu. Allah rəhmət
eləsin!
Sarvan KƏRİMOV
Bakı xəbər.- 2016.- 23-25 iyul.- S.
13.