Mətbuata dövlət
qayğısının müasir kamil modeli - azərbaycançılığın
praktik nümayişi kimi...
III yazı
Azərbaycançılıq
ideologiyasının formalaşmasında, təbliğində,
yayılmasında önəmli rolu olan Azərbaycan milli mətbuatı
bu müqəddəs ideologiyanın ən güclü
daşıyıcısıdır. Milli mətbuatımız və
azərbaycançılıq yüz ildən artıqdır
yol gəlir. 141 ildir milli mətbuatımız azərbaycançılıq
ideologiyasının yorulmaz tərənnümçüsü,
təbliğatçısı kimi özünü göstərə
bilir.
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması müasir mətbuat tariximizdə mühüm
bir hadisə kimi dəyərləndirilir. Həqiqətən də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3
aprel 2009-cu il tarixli Sərəncamı ilə yaradılan qurum
mətbuata, jurnalistlərin sosial-iqtisadi vəziyyətinə
müsbət təsir göstərdi. Mübaliğəsiz demək
lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətə
başlaması media qurumlarının, eləcə də
jurnalistlərin həyatını dəyişdi. Fondun
davamlı olaraq həyata keçirdiyi layihələrin
sayı çoxdur, eyni zamanda da keyfiyyəti ilə
seçilir. Ölkəmizin aparıcı KİV-nin fəaliyyətində
hissediləcək qədər rol oynayan Fond mütəmadi
olaraq mətbuat orqanlarını qayğı ilə əhatə
edir. Azərbaycan dövlətinin media ilə bağlı siyasətini,
mətbuat nümayəndələrinin sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılmasını bu qurum həyata
keçirir desək yanılmarıq. Azərbaycançılığın
təbliğində, dövlətçilik maraqlarının
qorunmasında, vətəndaş mövqeyini mətbuatda əks
olunmasında mediamız sözsüz ki, böyük işlər
görür. Fondun həyata keçirdiyi layihələrin də
ana xəttini azərbaycançılıq, dövlətçilik,
milli maraqlar, dövlət rəhbərinin həyata
keçirdiyi uğurlu siyasətin təbliği təşkil
edir. Ölkə başçısı yerli mediaya kifayət qədər
dəstək göstərir.
Həqiqət bundan ibarətdir ki,
İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə
belə bir mühüm dövlət qurumunun yaradılması
dövlət orqanları ilə kütləvi informasiya vasitələri
arasında səmərəli əməkdaşlıq
münasibətlərinin inkişaf etdirilməsi, kütləvi
informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və
jurnalistlərin peşəkarlığının
artırılması, vətəndaş cəmiyyəti
quruculuğunda medianın rolunun gücləndirilməsi məqsədindən
irəli gəlib. Məlumdur ki, Fond ölkədə fikir
plüralizminin, söz və məlumat
azadlığının inkişaf etdirilməsi, kütləvi
informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi,
jurnalistlərin sosial müdafiəsinin səmərəli təşkili
sahəsində həyata keçirilən dövlət siyasətinə
müvafiq olaraq öz fəaliyyətini "Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına Dövlət Dəstəyi
Konsepsiyası"na uyğun qurub və bu mühüm sənəddən
irəli gələn vəzifələri uğurla
reallaşdırır. 7 il müddətində kütləvi
informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi,
redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi
və səmərəli fəaliyyətinə zəruri şəraitin
yaradılması, jurnalist peşəkarlığının
yüksəldilməsi, habelə KİV-lərin dövlət
və cəmiyyət üçün əhəmiyyətli
problemlərin həllinə cəlb edilməsi məqsədilə
redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə
dəstəyi göstərilib.
Gizlin deyil ki, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması günün tələblərinə
cavab verən mühüm addım olaraq dəyərləndirilir.
Məlumdur ki, bu, ölkəmizdə KİV-lərə
göstərilən qayğının təzahürüdür.
Ekspertlər qeyd edir ki, yarandığı vaxtdan bu günə
qədər Fond qarşısına qoyulan əsas məqsədləri,
o cümlədən Azərbaycanda vətəndaş cəmiyyəti
quruculuğu prosesində fikir, söz və məlumat
azadlığını inkişaf etdirmək, kütləvi
informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək,
redaksiyalara yardım etmək, informasiya sektorunda yeni
informasiya-kommunikasiya texnologiyalarının tətbiqini
stimullaşdırmaq, cəmiyyət və kütləvi
informasiya vasitələri arasında səmərəli əməkdaşlığı
gücləndirmək, jurnalistlərin peşəkarlığının
və məsuliyyətinin artmasına şərait yaratmaq,
sosial müdafiəni gücləndirmək, dövlət və
cəmiyyət üçün prioritet təşkil edən məsələlərin
həllində kütləvi informasiya vasitələrinin
potensialından səmərəli istifadə etmək vəzifələrini
layiqincə yerinə yetirib, ölkəmizin informasiya məkanında,
jurnalist birliyində nüfuz qazana bilib. Ekspertlər
vurğulayır ki, Fondun həyata keçirdiyi mühüm
layihələr, çoxsaylı tədbirlər, müxtəlif
təşkilat və qurumlarda media rəhbərləri ilə
mütəmadi görüşlər, aktual mövzularda
müsabiqələr kütləvi informasiya vasitələri
ilə bağlı qarşıya çıxan problemlərin
həll olunmasına xidmət edib, Azərbaycan
jurnalistikasının inkişafına böyük fayda verib.
Qeyd edək ki, Fondun gördüyü
çoxsaylı işlər sırasında fərdi jurnalist
yazıları müsabiqəsi xüsusi yer tutur. Bu müsabiqələrdə
jurnalistlər iştirak edir. Fond həm dövlət
qurumları ilə, həm də müstəqil şəkildə
fərdi jurnalist yazı müsabiqələri keçirir.
Ayrı-ayrı qəzetlərin, sayt və portalların əməkdaşları
bu müsabiqələrə qatılır. Fondun keçirdiyi
müsabiqələrdən jurnalistlərə böyük
sevinc payı düşür. Bilirik ki, ayrı-ayrı
kütləvi informasiya vasitələrinin layihələrinin
maliyyələşdirilməsi ənənəsi də Fond tərəfindən
formalaşdırılıb.
Qeyd edək ki, mətbuata göstərilən
çoxşaxəli qayğının müəllifi Azərbaycan
dövlətinin başçısı İlham Əliyevdir.
Bildirək ki, milli mətbuatımızın
135 illik yubileyi ərəfəsində dövlət
başçısı İlham Əliyevin mətbuat tarixində
ilk dəfə olaraq jurnalistlərin sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri haqqında Sərəncamı
bu sahədə çalışanların ürəyindən
xəbər verdi. Məlum olduğu kimi, Sərəncamda Azərbaycan
mətbuatının keçdiyi inkişaf yolu, daim dövlətin
diqqət və qayğısı ilə əhatə
olunması, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə bağlı ardıcıl tədbirlərin həyata
keçirilməsi xüsusi qeyd edilirdi. Sənədə əsasən,
mətbuat işçilərinin mənzil şəraitinin
yaxşılaşdırılması və onlar
üçün yaşayış evlərinin tikilməsi məqsədilə
2010-cu il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fonduna vəsait ayrılmışdı.
Artıq o bina bir neçə ildir həmkarlarımızın
ixtiyarına verilib. Birinci binanın açılış mərasimində
ölkə başçımız ikinci jurnalist
binasının da təməlini qoydu. Bildirək ki, jurnalistlər
üçün tikilən ilk binanın
açılış mərasimi 2013-cü ilin 22 iyul tarixində
baş tutdu. Həmin mərasimdə ölkə
başçısı İlham Əliyev geniş nitq söylədi:
"...Mən bir daha, əziz dostlar, sizi bu gözəl hadisə
münasibətilə təbrik etmək istəyirəm. Qeyd
etmək istəyirəm, bəlkə də siz bunu bilirsiniz ki,
burada yaşayacaq jurnalistlərin sayı kifayət qədərdir,
150-dən çoxdur. Ancaq dövlət tərəfindən
mükafata layiq olan jurnalistlərin sayı hələ də
var. Bunu nəzərə alaraq, yenə jurnalist ictimaiyyətindən
təşəbbüs, yəni təklif irəli
sürüldü ki, bu layihə davam etdirilsin. Mən də
buna müsbət baxıram. Bu evdə mənzil ala bilməyən,
ancaq buna layiq olan jurnalistlərin mənzillərlə təmin
edilməsi üçün əlavə tədbirlər
görüləcək. İstisna etmirəm ki, gələcəkdə
bu yerə "Jurnalistlər şəhərciyi" deyəcəklər...".
Sözsüz ki, bu böyük diqqət
və qayğıdır. Prezident İlham Əliyevin jurnalistlərin
sosial müdafiəsinin gücləndirilməsinə xidmət
edən bütün sərəncamları mətbuat
işçilərini sevindirir. Bu da sirr deyil ki, dövlət
qayğısını jurnalist yaxından hiss edir.
Bu il iyulun 21-də ölkə
başçısı mətbuata növbəti
qayğısını göstərib. Belə ki, Prezident qəzetlərə
1 milyon, jurnalistlər üçün yaşayış evinin
tikintisinə isə əlavə 3 milyon manat ayırıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr
olunan qəzetlərə birdəfəlik maliyyə
yardımı ayrılması haqqında Sərəncam
imzalayıb. Əlbəttə, bu sənəd böyük əhəmiyyətə
malikdir. Ölkə başçısının mətbuata hərtərəfli
qayğısı sayəsində jurnalistlərin, media mənsublarının
sosial vəziyyəti yaxşılaşmağa doğru gedir.
Dövlət qayğısını öz üzərində
hiss edən jurnalist həm vətəndaş mövqeyindən
çıxış edəcək, həm də peşəkarlıqla
fəaliyyətini davam etdirəcək. Çünki dövlət
jurnalistlərə qayğı göstərir. Bu qayğı
isə 141 yaşlı milli mətbuatımızın dizlərini
bərkidir, onu ayaqda saxlayır. Mübaliğəsiz deyərdik
ki, dünyanın heç bir yerində bizim ölkədə
oluğu kimi mətbuata dövlət qayğısı yoxdur.
Mətbuatımıza dövlət
qayğısı mətbuatımızı çox
böyük bəlalardan xilas etdi desək, bizə irad bildirən
olmaz. Bu gün milli mətbuatımız Cənubi Qafqazda
yüksək səviyyədə inkişaf etmiş media kimi
tanınır. Azərbaycan mətbuatı 141 ildir regionda
öz çəkisi, səviyyəsi ilə seçilir.
İradə SARIYEVA
Bakı xəbər.- 2016.- 23-25 iyul.- S.
15.