Azərbaycançılığın ayrılmaz keyfiyyəti-tolerantlıq...

II yazı

(I yazı qəzetimizin 16.07.2016-cı il tarixli sayında dərc olunub)

Azərbaycan Respublikası Cənubi Qafqazda seçilən bir dövlətdir. Çoxmillətli palitraya sahib olan Azərbaycan dövləti bütün vətəndaşlara eyni münasibət bəsləyir. Keçən yazılarımızda da qeyd etmişik ki, ölkəmizdə heç kəs dini, milli, irqi mənsubiyyətinə görə ayrıseçkiliyə məruz qalmayıb. Məlumdur ki, Azərbaycan Respublikası çoxmillətli və çoxdinli bir ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Əsas Qanunu-Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə, "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır".

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında sözügedən mövzu ilə bağlı dəyərli qeydlər, fikirlər var. Saytda qeyd edilir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsindən göründüyü kimi, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqlara malikdir. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının vətəndaşlığı, onun əldə edilməsi əsaslarından asılı olmayaraq, hamı üçün bərabərdir: "Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir. Bununla belə, Azərbaycan Respublikasında heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə və ya onlardan olan qrupa milli xüsusiyyətlərinə və ya dini mənsubiyyətinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq, çox fəal təəssübkeşlik göstərmək, hətta, bu ideyaların həyata keçirilməsində fiziki təzyiqlərdən istifadə edilməsi qanunla məhdudlaşdırılır, bu sahədə sui-istifadə hallarına yol verən şəxs və ya qrup cinayət məsuliyyətinə cəlb edilməklə müvafiq qanunlar çərçivəsində cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin "Təqib" adlı 109-cu maddəsinə görə, "Siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi, və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə, bəşəriyyət əleyhinə digər cinayətlərlə əlaqədar olduqda - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Azərbaycan Respublikasında dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində də müstəqillik əldə edildikdən keçən son illər ərzində dövlət çox mühüm və ciddi addımlar atıb. 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilib və zaman keçdikcə, şəraitə uyğun olaraq, həmin qanuna 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilib. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan "Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir". Azərbaycan Respublikası dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun hesab etdi. Azərbaycan Respublikasının sabiq prezidenti cənab Heydər Əliyev 21 iyun 2001-ci il tarixli, 512 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasını təsdiq etdi. Həmin fərmanla müəyyən edildi ki, yeni yaranmış Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir".

Saytda qeyd edilir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini durumda gərginlik yaranmaması, dini ayrıseçkilik meyllərinin milli münasibətlər səviyyəsinə yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meylli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil edir və bu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir: "2002-ci il oktyabr ayının 10-11-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən Azərbaycan Hökumətinin dəstəyi ilə Bakıda "Demokratik cəmiyyətdə din və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda ATƏT-ə üzv olan 55 dövlət, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Bununla yanaşı, Dövlət Komitəsi dini məsələlərə dair müxtəlif seminar, "dəyirmi masa"lar təşkil edir, ölkəmizdə mövcud dini icmaların nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir. Azərbaycanda yüksək tolerantlıq nümayiş etdirildiyi və burada mövcud olan dözümlülük münasibətlərinin bir çox ölkələr üçün yaxşı nümunə ola biləcəyi dəfələrlə ölkəmizə səfər etmiş müxtəlif din xadimləri və rəsmi şəxslər tərəfindən bəyan edilib. Belə ki, 2006-cı il fevral ayının 28-dən mart ayının 5-dək Azərbaycanda səfərdə olmuş BMT-nin İnsan Hüquqları Komissiyasının din və əqidə azadlığı üzrə xüsusi məruzəçisi Asma Cahangir cəmiyyətdə mövcud olan dözümlülük səviyyəsinin xoş təəssürat yaratdığını qeyd edib. Səfər zamanı xüsusi məruzəçi Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilib, bir sıra rəsmi şəxslərlə görüş keçirib, 1 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib. Xüsusi məruzəçi Gəncə və Naxçıvana da səfər edib, Bərdədə qaçqın və məcburi köçkün düşərgəsinə baş çəkib.

1999-cu ildən etibarən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Tolerantlıq günü (16 noyabr) xüsusilə qeyd edilir. 2006-cı ildə də Tolerantlıq günü ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları Ruhani İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası və yəhudi dini icması ilə birgə "Tolerantlıq örnəyi-Azərbaycan" mövzusunda "dəyirmi masa" təşkil edib. Tədbirdə Bakıda akkreditə olunmuş səfirliklər, eləcə də beynəlxalq təşkilatların nümayəndələri, ictimai və dini xadimlər və digər şəxslər iştirak edib".

Ölkəmizdəki mövcud konfessiyalar və dini qruplar haqqında məlumat verilən saytda qeyd edilir ki, hazırda Azərbaycan Respublikası ərazisində 510-dan artıq dini icma qeydiyyatdan keçib. Məlumatlara görə, bunlardan 32-si qeyri-islam təmayüllü dini icmalardır. Burada həm ənənəvi konfessiyalar, həm də ortodoks konfessiyası fəaliyyətdədir.

Saytda verilən bilgiyə görə, 1991-ci ildə "Cen Mironosets" kilsəsinin (1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilib) binası Rus Pravoslav Kilsəsinə verilib. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu verib. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 Rus Pravoslav Kilsəsi fəaliyyət göstərir.

Saytda qeyd edilir ki, 1999-cu ildə Azərbaycanda katolik icması qeydiyyatdan keçib. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi üçün bu icmaya xüsusi bina alınıb və kilsəyə çevrilib. 2007-ci ildə Azərbaycan Hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Roma Katolik Kilsəsinin inşası tamamlanıb.

2002-ci ilin may ayında Roma Katolik Kilsəsinin başçısı II İohann Pavel Bakıda səfərdə olmuş və dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri ilə görüşüb.

2003-cü ilin aprel ayında Rum patriarxı II Varfolomey Azərbaycanda rəsmi səfərdə olmuş, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi dini icmalarının rəhbərləri ilə görüşlər keçirmiş, Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev tərəfindən qəbul olunub.

2003-cü ildə alban-udi dini icması dövlət qeydiyyatına alınıb. Şəkinin Kiş kəndində inşa edilən və Qafqazda, eləcə də bütün dünyada ən qədim məbədlərdən biri sayılan alban kilsəsi 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilib.

2006-cı ilin may ayında Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey qədim alban kilsəsinin yerində Çotari alban-udi kilsəsinin açılış mərasimi keçirilib.

Protestantlıq cərəyanı, Yevangel-lüteran kilsəsi, Yevangel xristian baptist icması, 7-ci gün adventistləri, "Şərqdə ulduz" xristian incil dini icması, Molokan ruhani xristianların dini icması, Alban-udi xristian dini icması kimi dini qurumlarla birgə yəhudilərə aid dini təşkilatlar da ölkəmizdə fəaliyyət göstərir. Bunlar Avropa yəhudilərinin dini icması "Aşkinazi", Dağ yəhudiləri icması-sefartlar, Gürcü yəhudiləri icmasıdır.

Qeyd edilənə görə, yəhudilər Azərbaycanda 2500 ildən artıqdır məskunlaşmışlar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrıseçkiliyə məruz qalmayıb. Hazırda 7 yəhudi dini icması dövlət qeydiyyatına alınıb. Saytın verdiyi məlumata görə, Bakıda 3, Oğuzda və Qubada 1 sinaqoq fəaliyyət göstərir. 2003-cü ilin mart ayında Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilib.

2003-cü ilin sentyabr ayında Bakıda "Od-Avner" Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başlayıb: "Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 222 saylı, 5 oktyabr 2006-cı il tarixli Qərarına əsasən, Quba rayonu Qırmızı qəsəbədə yerləşən 1 nömrəli məktəbə İsaak Abramoviç Xanukovun adı verilib.

Ölkədə mövcud olan yüksək tolerantlıq mühiti və yəhudilərə qarşı heç bir ayrıseçkiliyin olmadığı 2006-cı il fevral ayının 9-14-də Azərbaycana səfər etmiş Amerikanın başlıca yəhudi təşkilatları prezidentlərinin konfransı təşkilatının nümayəndə heyəti tərəfindən də vurğulanıb. Nümayəndə heyətinə təşkilatın sədr müavini M.Hönlayn, Avro-Asiya yəhudi konqresinin prezidenti A.Maxkevitç və digər şəxslər daxil idi".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytında qeyri-ənənəvi din və təriqətlər haqqında da məlumat verilir.

Qeyd edilənə görə, burada "Yehova şahidləri", Nehemiya Mədh kilsəsi, "Həyatverici lütf", "Beynəlxalq Krişna şüuru", Bəhai, Novoapostol kilsəsi, "Yevangel xristianları" icması mövcuddur. Saytda qeyd edilir ki, Azərbaycanda mövcud olan dini mərkəz və idarələr xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqə saxlayır, beynəlxalq dini tədbirlərdə yaxından iştirak edirlər: "Belə ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Beynəlxalq İslam Konfransı Təşkilatı və digər xarici müsəlman və qeyri-müsəlman ölkələrinin dini təşkilatları arasında sıx əlaqələr mövcuddur. Bakıdakı Rus Pravoslav Kilsələrinin Yepiskopluğu Xəzəryanı bölgələrin xristian-pravoslav kilsələrinə rəhbərlik etməklə yanaşı, ölkədaxili və ölkəxarici dini mərkəzlərlə geniş əməkdaşlıq əlaqələrinə malikdir.

Azərbaycanın yəhudi icmaları "Soxnut", "Aqudit İsrail" və "Tşuva İsrail" kimi beynəlxalq təşkilatlarla, eyni zamanda ABŞ, İngiltərə və digər dövlətlərin yəhudi icmaları ilə sıx əlaqə saxlayırlar. Respublika ərazisində xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri, yevangel-xristian protestant icmalarının Bibliya kursları, "Həyatverici lütf" icmasının Bibliya institutu, yəhudilərin ivriti, yəhudi dini və mədəniyyətini öyrədən kursları və s. fəaliyyət göstərir.

Mərkəzləri əsasən ABŞ-da, İsveçdə və Almaniyada olan dini icmalar xarici ölkələrdəki dini mərkəzlərlə qanun çərçivəsində maneəsiz əməkdaşlıq edir, onlardan maddi və mənəvi, o cümlədən dini ayinlərin icrası üçün metodik yardım alaraq fəaliyyət göstərirlər".

Azərbaycanda tolerantlıq, multikulturalizm azərbaycançılığın bir hissəsi kimi özünü göstərə bilir. Vahid ideologiya ətrafında birləşən vətəndaşlarımızın münasibəti başqa ölkələr üçün əsl nümunədir.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 26 iyul.- S. 15.