Azərbaycanda islam dini abidələrinə
dövlət dəstəyi, tolerantlıq və azərbaycançılıq
ifadəsi...
I yazı
Dini, milli tolerantlığı, multikulturalizmi, birgə yaşayışın sivil formasını Azərbaycanda görmək olar. Qeyd edək ki, burada həm islam, islama qədərki dini məbədlər, həm də xristian abidələri, qeyri-islami inanc yerləri mövcuddur. Azərbaycanda islam dininin uzun əsrlik tarixi var və ölkə əhalisinin 96 faizi bu dinə tapınır.
Azərbaycanda dini abidələr xalqımızın dini, mənəvi dünyagörüşünü özündə ehtiva edir. Azərbaycançılığın, tolerantlığın yaşadığı bu ocaqlar müqəddəs məkanlardır. Keçən yazılarımızda qeyd etmişdik ki, Azərbaycanda islam və qeyri-islam din ocaqları var və onlara çox yüksək dövlət qayğısı göstərilir. Bildiyimiz kimi, Azərbaycan islamiyyəti qəbul etdikdən sonra çoxlu məscidlər, müqəddəs evlər, ziyarətgahlar mövcud olmağa başlayıb. Azərbaycanın elə bir yeri yoxdur ki, orada məscid olmasın.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında ölkəmizdə mövcud olan məscidlər, ziyarətgahlar, müqəddəs yerlər haqqında müfəssəl məlumat verilir. Eyni zamanda da bu abidələrə sonsuz dövlət qayğısından söhbət açılır.
Qurumun rəsmi saytında qeyd edilir ki, dini abidələr hər hansı bir bölgənin din tarixi, həmin ərazidə yaşayan insanların mənəvi aləmi haqqında müəyyən məlumat əldə etməkdə önəmli rol oynayır: "Həmçinin, dini memarlıq abidələri insanların mənəviyyatına, əxlaqına, mədəniyyətinə, sosial həyatına da böyük təsir göstərir. Ən çox yayılmış dini abidələr "Allahın evi" deyə anılan məscidlərdir. Ümumiyyətlə, müsəlmanların cəm halda ibadət, vəz (dini məsələlər barədə danışaraq nəsihət etmək) və məşvərət mərkəzi hesab olunan məscidlərin sayı respublikamızda 1750-dən çoxdur. Bakıda isə 114 məscid var, bunlardan 64-ü fəaliyyət göstərməkdədir. Həmçinin hazırda ölkədə 40 kilsə, sinaqoq və digər ibadət yerləri, 500-dək pir və ziyarətgah fəaliyyət göstərir".
Komitənin saytında ölkəmizdə günümüzə qədər salamat qalmış məscidlərin bəzisi haqqında qısa məlumatlar təqdim edilir.
Məşhur Təzəpir məscidi haqqında hər birimizin məlumatı var. Saytda verilən məlumata görə, Təzəpir məscidi Abşeron ərazisində yerləşən, nadir gözəlliyi ilə diqqəti cəlb edən, yaşı bir əsrdən çox olan ziyarətgah timsallı memarlıq abidəsidir: "Bu abidə təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Qafqaz Müsəlmanları İdarəsi burada yerləşir. Buranın müqəddəsliyinə tapınan insanlar zaman-zaman bu yeri ziyarət edib. Ziyarətgahın tarixi olduqca qədimlərə, XIV-XV əsrlərə gedib çıxır. Tədqiqatçılar təsdiq edir ki, məscidin dərin suxur qatları altında mövcud olan türbəsi, zəmanəsinin görkəmli alimi və övliyası Əbu Seyid Abdullaya məxsus olub. Ziyarətgahın yerləşdiyi məkan ötən əsrin ortalarına qədər "Xəlfədam" adı ilə tanınırdı. Hazırda isə bu yer Təzəpir məscidinin yerləşdiyi ərazidir. Zaman keçdikcə Əbu Seyid Abdullanın türbəsi dağıntılara məruz qalıb. Lakin pirin kəramətinə böyük etiqad göstərən insanlar onun tamamilə dağılmasına imkan verməyib. Ziyarətgah zaman-zaman Bakı əsilzadələri tərəfindən təmir olunub. 1817-ci ildə sonuncu Bakı xanı Hüseynqulu xanın kürəkəni Qasım bəy məscidi əsaslı bərpa etdirib. İbadətgahın əsl tikintisi isə XX əsrinəvvəllərində başlayıb. Belə ki, məscidin əsaslı bərpasından təxminən 90 il sonra zəngin möminlərdən sayılan Nabat xanım Xocabəy qızı Aşurbəyli-Rzayeva birmərtəbəli məscid binasının yerində yeni ibadətgahın tikintisinə başlayır. Deyilənlərə görə, Seyid Yəhya Bakuvinin nəslindən olan bu qadın belə bir məscid tikdirməyi əhd edibmiş və əhdinə sadiq qalaraq, sonuncu zinət əşyasına qədər satıb binanı inşa etdirir. Türbə üzərində yeni məscid tikildiyinə görə xalq arasında bu günə qədər də bu tikili Təzəpir məscidiadlanır. Məscid Nabat Aşurbəyli-Rzayevanın vəsaiti ilə Zivər bəy Əhmədbəyovun layihəsi əsasında 23 iyul 1905-ci ildə tikilib".
Bildiyimiz kimi, ölkə başçısının din abidələrimizə qayğı və sayğısı yüksəkdir. Vurğulayaq ki, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə məsciddə aparılan əsaslı təmir-bərpa işlərindən sonra abidə daha da gözəlləşərək əsl memarlıq incisinə çevrilib. Saytda qeyd edilir ki, məscidin ən cəlbedici yeniliyi onun interyeridir. Burada ümumi sahəsi 1400 kvadratmetr olan divarlarda və günbəz altındaAzərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentinin nadir nümunələrindən istifadə olunub: "Mehrab kaşı və mərmərdən yığılmış günbəzin pəncərə konstruksiyaları təzələnərək şəbəkəli taxta pəncərələrlə əvəzlənib. Qeyd edək ki, günbəzə ağırlıq gətirən iki tonluq çilçıraq əvəzinə müasir texnologiyalı işıqlandırma sistemləri quraşdırılıb. Eyni zamanda, əsas zalda 52, qadınların ibadət etdiyi hissədə 5 divar çilçırağı asılıb. Məscidin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Günbəzin üstü isə Qızılqaya daşı ilə üzlənmiş, burada dekorativ elementlərlə bərabər, yuxarı hissədə "La İlahə İlləllah" kəlməsi 6 dəfə təkrar olunub. Dekorativ oyma detallarının və yazılı kəlmələrin üzəri yüksək əyarlı qızıl təbəqə ilə örtülüb. Günbəzin üstü isə hündürlüyü 1,6 metr olan daş sancaqla tamamlanıb. Təzəpir məscid kompleksinin ərazisindəki birmərtəbəli yöndəmsiz tikililər sökülərək yerində Qafqaz Müsəlmanları İdarəsi üçün beşmərtəbəli inzibatı bina inşa edilib. Ümumi sahəsi 4100 kvadratmetr olan inzibati binada xidməti otaqlar, 50 yerlik kiçik konfrans zalıyerləşir. Birinci mərtəbədə sahəsi 340 kvadratmetr olan kitabxana var. Ərazidə 900 kvadratmetr sahəsi olan 250 yerlik müasir tipli konfrans zalı inşa edilib. Bu abidə özünün həcm-məkan memarlıq həllinə görə Abşeronun dini tikililəri arasında xüsusi yerlərdən birini tutur".
Ölkə rəhbərliyinin qayğısı ilə təmin edilən digər məscid isə Bibiheybət məscididir. Dini Qurumlarla İş üzrə Komitənin rəsmi saytında vurğulanır ki, burada şiəlikdə VII imam olan İmam Kazımın qızı Həzrəti Həkimə xanımın, imamın iki oğlan və bir qız nəvəsinin məzarı yerləşir. Bu tarixi dini-memarlıq abidəsi XIII əsrdə Şirvanşah II Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib. Məscidin divarında tarixi faktlar yazılan kitabə yerləşir. Saytda qeyd edilir ki, bu kitabədə qeyd edilib ki, 1281-1282-ci illərdə tikilən məscidin memarı Mahmud ibn Səyiddir: "Məşhur tarixçilər Bakıxanov, Beryozin, Dorn və Xanukov da bu kitabə haqqında yazıblar. VII İmam Museyi-Kazımın (ə) qızlarından Həzrəti Həkimə xanım Bibiheybətdə, Həzrəti Məsumə xanım İranın Qum şəhərində, Həzrəti Rəhimə xanım Bakının Nardaran, Həzrəti Leyla xanım isə Bilgəh kəndində dəfn edilib. VII İmam Museyi-Kazım(ə) zəmanəsinin imamı olsa da, çox kasıb olub. Hətta onun evində bir ədəd köhnə, yamaqlı çarşab olduğu üçün namaz vaxtı qızlar növbə gözləmək məcburiyyətində qalıb. 1257-ci ildə dünyasını dəyişən Həzrəti Həkimə xanım heç vaxt ailə həyatı qurmayıb, bütün ömrünü qardaşı uşaqlarına həsr edib. Bu məscidin adını eşidəndə hamıya maraqlı gəlir ki, bura niyə məhz "Bibiheybət" adlanır. Düşmənlərinə xəbər çatmasın deyə, Hacı Bədir Həzrəti Həkimə xanımın əsl adını gizlədir, ona "bibi" deyə müraciət edir. Hacı Bədir "Hacı" sözünün 1-ci hərfi "hey" və "bədir" sözünün 1-ci hərfi "bə" adından istifadə edərək Həzrəti Həkimə xanıma "Bibiheybət", yəni "Heybətin bibisi" deyə müraciət edir. O, imamın nəvələrini və Həzrəti Həkimə xanımı bütün qalmaqal, dedi-qodu, təqib və zülmlərdən qorumağı bacarır. Hacı Bədir öz arzusu ilə xanımın məzarının ayaq tərəfində və hündürlük baxımından aşağı səviyyədə dəfn edilib. Bu onun Həzrəti Həkimə xanıma olan hörmət və sayğısından irəli gəlir. İmamzadələrin adları nə qədər gizli saxlansa da, sonradan bu sirr Bakı əhalisinə, Şirvan şahına aşkar olur. Həzrəti Həkimə xanımı tanıyan yaxın çevrəsi bütün olaraq onun ziyarətinə gəlir, biliyindən, mənəviyyatından bəhrələnirdilər. Həzrəti Həkimə xanımın türbəsini Quba xanı Fətəli xan da tez-tez ziyarətedərmiş. Bu ziyarətlərin birində dünyasını dəyişən Fətəli xan elə bu məzarlıqda öz arzusu ilə torpağa tapşırılıb.
XIX əsrin ən görkəmli şəxsiyyətlərindən biri olan Xurşudbanu Natəvan da övladı olmadığı üçün ziyarətgaha gəlib və Allahdan övlad diləyib. Nəzir olaraq isə bu ziyarətgaha yol çəkəcəyini əhd edib. Oğlu dünyaya gələndən sonra öz əhdini yerinə yetirən Xurşudbanu Natəvan övladını qolları üstünə alıb çəkdirdiyi yolla ziyarətgaha gəlib. Bu xidmətilə xan qızı Xurşudbanu Natəvan Azərbaycanın Yaxın Şərq və qonşu ölkələrlə ticarət və ziyarət yolunu xeyli asanlaşdırıb.
1934-cü ildə bu ziyarətgah dinamitlə partladılıb. Məscid və minarə yerlə-yeksan olunaraq üzərindən yol çəkilib. Lakin müstəqillikdən sonra Bibiheybət məscidi yenidən bərpa olunub. Məscidin bərpasına 1998-ci ildən başlanıb. 2008-ci il iyulun 12-də yenidən qurulmuş Bibiheybət məscidinin açılışı olub. Klassik Şərq üslubunda tikilən əzəmətli Bibiheybət ziyarətgahının daxili bütünlüklə ağ mərmərdən ibarətdir. Müqəddəs ayələr mərmər divarlara gözəl xəttatlıq nümunələri ilə həkk olunub. Məscidin hündürlüyü 5 m-dir və bu ibadətgahda 3000 nəfər eyni vaxtda namaz qıla bilər. Həmin uşaqların da məzarı Həzrəti Həkimə xanımın məzarı ilə yanaşıdır. Bəzi rəvayətlərə görə, VII İmam Museyi Kazımın(ə) oğlu İmam Rza (ə) Bağdad xəlifəsi Harun ər-Rəşidin oğlu xəlifə Məmun tərəfindən Xorasan şəhərində zəhərləndirilir. Bu hadisədən sonra imamın övladları müqəddəs Mədinə şəhərinə buraxılmır. Bu hadisədən sonra imamın 3 nəvəsi ilə birgə Həzrəti Həkimə xanım İranın Ənzəli şəhərinə yollanır. Burada Baba Sucəd adlı mömin bir şəxsin vasitəsilə Bakı limanına gəlir. Baba Sucəd Bakını onlar üçün təhlükəsiz hesab edir və xanımı Hacı Bədir Heybət adlı varlı bir dostuna tapşırır. Hacı Bədir ədəbli, sadiq bir insan olduğundan, bütün ömrü boyu Həzrəti Həkimə xanıma xidmət edir. Həzrəti Həkimə xanımın vəfatından sonra bu yer pir kimi şöhrət qazanır".
Saytda Nardaran məscidi haqqında da məlumat verilir. Qeyd edilənə görə,
Nardaran məscidi (və ya Rəhimə
xanım məscidi) Abşeronda Səfəvilər
dövrünə aid möhtəşəm,
4 minarəli məsciddir.
XV əsr Şirvan memarlıq ənənələrinin
XVII əsrdə də
davam etdiyini göstərən abidələrdən
biri Abşeron rayonunun Nardaran kəndində 1663-cü ildə
tikilmiş məsciddir:
"Binanın üzərindəki
kitabədə abidənin
memar Muradəli tərəfindən tikildiyi
göstərilir. İstər quruluşca,
istərsə texniki cəhətdən Nardaran məscidi XV əsr Şirvan məscidlərinə
oxşayır. Burada xüsusən
daşların incə
zövqlə, xüsusi
şəkildə yonulmasını
qeyd etməliyik.
Nardaran məscidi Şirvanşahlar
saray kompleksi binalarının səviyyəsində
duran yüksək keyfiyyətdə tikilib.
Nardaran məscidinin quruluşunda orijinal cəhətlər də var. Məscidin əsas düzbucaqlı hissəsinə bitişik tikilmiş yeni bir hissə dəhliz vəzifəsini görür. Məscidə gələnlər burada ayaqqabılarını çıxartdıqdan
sonra ibadət salonuna daxil olur".
Naxçıvan Came məscidi haqqında bilgi verən saytda qeyd edilir ki, bu, Naxçıvan şəhərində memarlıq abidəsidir. Memarlıq-konstruktiv quruluşuna görə məscid XVIII əsrə aid edilir. Giriş qapısının baş tərəfində kitabə qoyulub. Əvvəli dini mətndən ibarət olan gözəl nəstəliq xətti ilə ərəb və fars dillərində mərmər lövhə (87x57 sm) üzərində həkk edilmiş kitabədə deyilir ki, bu Cəfəriyyə məscidi 1311-ci ildə (1894) naxçıvanlı mərhum Hacı Novruzun oğlu Xeyrül-Hacı Məhəmməd Cəfər ağanın səyi ilə bərpa edilib: "Həmçinin, kitabədə Hacı Məhəmməd Cəfər ağanın məscidin məsrəflərini ödəməkdən və mücavirlərdən ötrü çay yuxarısında 2 dükan ayırdığı da qeyd olunub. "Çay yuxarısında" deyərkən vaxtilə şimal-şərqdən axaraq, cənub-qərbdə Araza qovuşan və Naxçıvan şəhərinin ortasından keçən Bazar çayı nəzərdə tutulur. Bu çay 20-ci yüzilliyin 60-cı illərinədək Naxçıvan şəhərinin içərisindən axırdı. 60-cı illərdə çayın üstü beton plitələrlə örtüldü və görünməz oldu. Kitabədə məscidin memarı özünü "əgər məndən sonra məscidin memarını axtarsalar, səkkizinci imamdan sonrakı adla adlanıram"-deyə təqdim edib. Məlumdur ki, şiələrin səkkizinci imamı Rza, doqquzuncu imamı isə Məhəmməd Təqidir. Deməli, məscidin memarının adı Məhəmməd Təqi imiş. Kitabə vasitəsilə başqa mənbələrdən məlum olmayan iki görkəmli sənətkarın adı elmi dövriyyəyə daxil edilib. Onlardan biri məscidin memarı Məhəmməd Təqi (həmçinin, o, kitabənin mətnini mərmər lövhə üzərində yazıb), ikincisi isə kitabəni həkk edən Məhəmməd Salehdir. Məscidin ümumi sahəsi təqribən 1000 kv. m-dir, bir minarəlidir. 1918-ci ildə ermənilər Naxçıvanda yerli əhaliyə qarşı soyqırım tətbiq edərkən top atəşi ilə minarəni zədələmişlər. Sonralar minarə bərpa olunub. Sovet hakimiyyəti illərində Naxçıvan şəhərində, ümumiyyətlə, muxtar respublikada fəaliyyət göstərən yeganə məscid olub. 2007-ci ildə məsciddə əsaslı bərpa işləri aparılıb".
İradə
SARIYEVA
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
Bakı xəbər.- 2016.- 27 iyul.-
S. 15.