Tarixdə iz buraxanlar: Sultan II Mustafa
xan
Sultan II Mustafa xan Osmanlı sultanlarının iyirmi
ikincisi, İslam xəlifələrinin səksən
yeddincisidir. Sultan II Mustafa xan 5 iyun 1664-cü ildə İstanbulda
anadan olub. Atası Sultan IV Məhməd
xan, anası Rəbiə Gülnuş sultandır. Şahzadəliyində dövrün alimlərindən
yüksək təhsil alıb, dövlət idarəsini və
hərb əməliyyatlarını mükəmməl öyrənib,
məharətli bir oxçu və qılıncoynadan olub.
Sultan II Əhməd xanın 1695-ci il fevral
ayının 6-da vəfat etməsilə II Mustafa xan otuz bir
yaşında taxta çıxıb.
Sultan II
Mustafa xan taxta çıxdıqda Osmanlı dövləti 12
il idi ki Avstriya, Polşa, Rusiya və venediklilərlə davam
edən müharibə halında idi. Qeyrətli və qəhrəman
ruhlu bir hökmdar olan Sultan II Mustafa xan taxta
çıxışının üçüncü
günü vəzirə göndərdiyi fərmanda: "Cənab
Haqq bu aciz və günahkar quluna cahan padşahlığı
nəsib etdi. Hansı padşah zövq və səfaya,
öz nəfsinin rahatlığına
çalışıbsa, əli altındakı məmləkətlərinin
rahatlığı və hüzuru pozulub. Biz
bugündən etibarən zövq və səfanı
özümüzə haram qıldıq. Düşmənə
qarşı Qanuni Sultan Süleyman kimi özüm səfərə
çıxmağa niyyət etdim. Siz ey elm
adamları, vəkillər və ocaq ağaları,
hamınız bir yerə gəlib bu xətti-hümayunumu oxuyub
düşünün, mənim qəzaya getməyimmi məqbuldur,
yoxsa Ədirnədə oturub qalmağımmı münasibdir?
Din, dövlət və xalq üçün
hansı faydalıdır, Allah xatirinə doğru olanı mənə
bildirin, vəssalam..." - buyuraraq vəzifəsini yerinə
yetirməyə başlayıb. Padşahın
bu yazısı dövlət adamlarını, alimləri,
komandanları, əsgərləri və əhalini çox məmnun
edib coşdurdu. Padşah müəllimi
Seyid Feyzullahı yanından ayırmayıb sultanlıq
zamanında da ondan istifadə etdi. Ordunun başında səfərə
çıxmağa qərar verdi, sevindirici
zəfərlər qazandı. 1695-ci il
fevral ayının 18-də Sakız adasının Venedik
işğalından qurtarılmasını təmin edən
Koyun adalarını fəth etdi.
Venediklilər Sakıza təkrar hücum etdikdə
onların səkkiz hərb gəmisini və bir cəbhə
sahəsini zəbt edən və Koyun adaları zəfərini
qazanan kalyonlar kapitanı Hüseyn paşa 15 sentyabr 1695-ci ildə
düşməni geri çəkilməyə məcbur etdi. Venedik
donanmasını təqib edən Hüseyn paşa sentyabr
ayının 18-də Midillinin Zeytunburnu
açıqlarındakı dəniz müharibəsində
parlaq zəfərlər qazanaraq düşmənin 13 gəmisini
təxrib etdi.
Sultan II
Mustafa xan 1695-ci il iyun ayının 30-da
Avstriyanın işğalındakı Macarıstanı azad etmək
üçün ilk Avstriya səfərinə
çıxdı. Avqust ayının 9-da
topladığı hərb divanında Janova-Lippa, Luqos və həvalisinin
işğaldan qurtarılmasına qərar verildi. Sentyabr ayının 9-da Lippa qalası fəth edildi.
Sentyabr ayının 22-də isə Krım
xanı Səlim Girayın da iştirak etdiyi Luqos müharibəsində
Osmanlı ordusu qalib gəldi. Luqos zəfərindən
sonra Sultan II Mustafa xan səfər mövsümü
keçdiyinə görə noyabr ayının 18-də
İstanbula döndü.
Rus çarı dəli Pyotr Qara dənizə enmək
üçün Azov qalasını üç aydan artıq
mühasirə altında tutmuşsa da bir şey əldə edə
bilməmişdi. 13 oktyabr 1695-ci ildə 50 min ölü verərək
Azovdan çəkilən dəli Pyotr Kefe bəylərbəyi
Mustafa paşa və Krım komandanı Qaplan Girayın təqibi
nəticəsində çox sayda itki verdi,
odlu silahları zəbt edildi.
Azov məğlubiyyətinin əvəzini çıxmaq
istəyən dəli Pyotr Venedik, Avstriya, Hollandiya və
Prussiyadan texniki mütəxəssislər və yardım
alaraq 1696-cı ildə qalanı təkrar mühasirə
altına aldı. Azov qalasına nəzarət etmək
üçün ayrılan 500-ə yaxın əsgər Pyotrun
100 min nəfərlik ordusuna qarşı dörd gün dayana
bildi. Yardım üçün göndərilən
qüvvələrin zamanında yetişə bilməmələri
nəticəsində Azov qalası 1696-cı il
avqust ayının 6-da təslim olmaq məcburiyyətində
qaldı. Yaranmış vəziyyət Sultan II
Mustafa xanın və bütün ölkənin böyük kədərinə
səbəb oldu. Azov qalasının
müdafiəsinə yetişə bilməyən komandanlar cəzalandırıldılar.
1696-cı
ilin yazında ikinci Avstriya səfərinə çıxan
Sultan II Mustafa xanın komandanlığındakı Osmanlı
ordusu Saksoniya kralı Fridrix Nalqıranlf General Heysler
komandanlığındakı düşmən qüvvələrilə
1696-cı ilin yay aylarında qarşılaşdı. Avqust ayının 27-də Olasch
yaxınlığında baş verən döyüşlərdə
osmanlıların şiddətli hücumlarına qarşı
dayana bilməyən düşmən ordusu məğlub oldu.
Beləcə, Tameşvar təkrar zəbt edildi.
Müzəffər padşah Avstriyaya son və qəti bir
zərbənin vurulması üçün yeni bir səfərin
təşkil edilməsinin vacibliyinə inanırdı. Ancaq 1697-ci il
iyun ayının 17-də bu məqsədlə
çıxılan səfər vəzir Elmas Məhməd
paşa ilə Tameşvar mühafizi Qoca Cəfər
paşanın padşahı yanlış yola sövq etmələrilə
Zenta pozuqluğuna səbəb oldu. Baş verən
döyüşlərdə vəzir Elmas Məhməd paşa
ilə 13 bəylərbəyi və minlərlə əsgər
şəhid oldu. Sultan II Mustafa xan
süvari qüvvələrilə Tameşvara çəkildi,
vəzirliyə Hüseyn paşanı gətirdi.
Zenta qarışıqlığının təsirilə
Osmanlı ordusunda nizam-intizam pozulmuşdu. Bundan faydalanan
Avstriya qüvvətləri Sava çayını keçərək
Bosniya əyalətinə qədər irəlilədilər.
Ancaq Bosniya bəylərbəyliyinə gətirilən
Daltaban Mustafa paşa Bosniyada olan avstriyalılara hücum edərək
onları öz məmləkətlərinə qədər
qovdu.
Zenta hadisəsi Osmanlı dövlət adamlarını
sülhə tərəfdar olmaq vəziyyətinə gətirdi. Avstriya da hərbə
tərəfdar olmadığına görə ingilis və
Flemenk (Hollandiya) elçilərinin vasitəçilik etmək
təklifləri hər iki dövlət tərəfindən qəbul
edildi. Karlofçada müqavilə görüşmələri
davam edərkən Sultan II Mustafa xan sərhəd təcavüzlərinə
qarşı sərdar təyin edilən vəzir Hüseyn
paşa komandanlığındakı 100 min Osmanlı və 30
min Krım əsgərini Belqrada göndərdi. Aralıq dənizi, Qara dəniz və Dunay
donanmaları yeni gəmilər əlavə edilərək hərəkata
hazır hala gətirildi. Samandra və
Belqrad yaxınlıqlarında gözləyən Osmanlı
ordusu uzun sürən görüşlərdən sonra 1698-ci
ilin noyabr ayında geri döndü. Uzun görüşlərdən
sonra Avstriya, Venedik və Polşa 1699-cu il
dekabr ayının 26-da "Karlofca müqaviləsi"ni
imzaladılar.
Buna görə Macarıstanla Erdel Avstriyaya tərk edilərək
Sava və Unna çayları sərhəd kəsildi. Mora,
Dalmaçya və Aya Mavri adaları venediklilərə, Ukrayna
və Podolsk Polşaya verildi. Rusiya ilə müqavilə
1700-cü il iyul ayının 14-də
imzalandı. Azov qalası ruslara verildi.
Bu itkilər
nəticəsində Sultan II Mustafaya asi olan qüvvələr
Silivri mövqeyinə gəldikləri zaman orada bir neçə
gün qalaraq Sultan Mustafanın yerinə onun qardaşı
Əhməd bəyi gətirmək istədilər və bu
mövzuda bir iclas keçirib ən böyük şahzadə
olan Əhmədin seçilməsinə qərar verdilər.
Şahzadə Əhmədin seçilməsindən sonra hər
tərəfə əmrlər göndərərək
Şahzadə Əhməd adına xütbə
oxunması istənildi.
O zaman
Ədirnədə olan Sultan II Mustafa ordugahda qalaraq vəzir
Yörük Həsən paşanı sərəsgər təyin
etdi və onu Rumeli valisi İbrahim və Arnavut qüvvələrinin
komandanı Xudaverdi paşanın qüvvələri ilə
birlikdə asilər üzərinə göndərdi. Eyni
zamanda asi olan qüvvələrə nəsihət
etmək üçün alim və ilahiyyatçılardan bəzilərini
də onlara qoşdu.
Sərəsgər Yörük Həsən paşa avqust
ayının 17-də səkkiz min nəfərlik qüvvə
ilə Çorluya gəlib özündən sonra oraya gələn
İstanbul qüvvələrilə qarşılaşdı. İstanbul
qüvvələrinin çoxluğunu, öz qüvvələrinin
isə azlığını görən sərəsgər
Yörük Həsən qarşılaşdığı
qüvvələrlə bacara bilməyəcəyini anladı
və Saray adamlarından bir miqdar qüvvə istədi. Bu istək üzərinə keçmiş Saray
baltaçıları ilə ərz ağaları bir miqdar
qüvvə göndərdilər. Fəqət Ədirnə
ordusundakı nəsihətçilər qarşı tərəfə
gedib onların vəziri-əzəmi Əhməd
Paşanın çadırında İstanbul qüvvələrinin
rəhbərləri ilə görüşdülər və
hər dediklərinin yerinə yetirildiyini, özü təyin
etdiyi məmurların Padşah tərəfindən qəbul
edildiyini, cəmiyyətlərin dağılmasından sonra
Padşahın İstanbula gedəcəyini və bu hərəkatın
düşmənlərə fürsət verəcəyini
söylədilərsə də, verilən qərardan dönmədilər.
Şeyxülislam İmam Məhməd gələn heyətə:
"Bizim kimsəyə qarşı bir qəsdimiz yoxdur. Sultan II Mustafa xan ittifaqla kürsüdən endirilib və
biz iclas keçirərək Sultan Əhmədi İstanbula gətirmək
istəyirik" dedikdən sonra aldıqları qərarı
Ədirnədən gələn Sultan II Mustafa xanın heyətinə
bildirdilər. İstanbul qüvvələri
Çorluda ilk dəfə yeni hökmdar elan etdikləri yeni
hökmdar Sultan Əhməd naminə xütbə oxudub namaz
qıldılar.
Sultan II
Mustafanın halına dair fətvaları görən
Yörük Həsən paşa yaranan vəziyyəti
paşaları ilə müzakirə etdikdən sonra bunları
Ədirnəyə Sultanla görüşmək
üçün göndərib cavabını gözləmək
istədi, fəqət qarşı tərəf bunu Həsən
paşa tərəfindən bir hiylə kimi qəbul edərək
ona ya yolları üzərindən çəkilməsini, ya
da hərbə başlamasını təklif etdilər. Yörük Həsən paşa vuruşmağa cəsarət
etməyib geri çəkildi. Belə
olduqda İstanbul qüvvələri Ədirnə üzərinə
yürüdü.
İşin ciddiləşdiyini görən II Mustafa əsgərin mənəviyyatını artırmaq üçün ordugaha gəlib dəftərgah Bakkaloğlu Hacı Məhmədə xəbər göndərərək, avqust ayının 21-də onu Ədirnə ordugahına gətirtdi. İstanbul qüvvələri də Babaevski qəsəbəsi civarına gəldiyindən, hər iki tərəf arasında çox az məsafə qalmışdı. Ədirnə qüvvələri burada sipərlər qazaraq mövqe aldılar. İki tərəfin qarşılaşıb çarpışmasından əvvəl İstanbuldan gələnlər əl altından Ədirnə qüvvələrilə anlaşmış və Ədirnə qüvvələrinin İstanbul qüvvələrinə qatılmasına qərar verilmişdi. Bu haldan xəbərdar olmayan Sultan II Mustafa xan əsgərlərin şəxsən özünə göstərdikləri sədaqət andına inanaraq özü də qüvvələrin başında gəlmişdi. Fəqət hər iki qüvvənin son mərhələyə gəldikləri günün axşamı aralarındakı parol ilə hamısı birdən atəş açaraq Babaevski tərəfindəki İstanbul qüvvələrinə qatılmaq üçün çıxıb getdilər. Heyrət içində qalan paşalar və digər dövlət adamları öz başlarının qayğısına qalaraq: "Əsgərlərimiz vəfadarlıq etməyib xainlik etdilər və bizdən üz döndərib bizimlə vuruşmağa gələn əsgərlərə qatıldılar. Bundan sonra burada durmaqdan bir fayda olmaz. Gəlin Ədirnəyə dönək, görək sabah necə bir vəziyyət yaranacaq" deyə sultanı xəbərdar etdilər. Yaranan vəziyyət nəticəsində Sultan II Mustafa xan Ədirnəyə döndü.
Sultan II Mustafa xan saraya gəldikdə Validə Sultan fəryad edərək onu qarşıladı. Padşah Validəsinin əlini öpdükdən sonra, Validə: "Səni taxtdan endirdilər, yerinə qarındaşın Əhmədi padşah seçdilər. Allah mübarək eyləyə. Övladlarım Allaha əmanət olsun" sözlərilə oğlu Əhmədin şahlığını qəbul edir. Beləcə, bəzi dövlət adamlarının təhrikilə başlayan üsyan nəticəsində Sultan II Mustafa xan 1703-cu il avqust ayının 22-də taxtdan endirilir.
Sultan II Mustafa xanın xidmətləri ortada ikən qarşılaşdığı bu vəziyyət onu çox kədərləndirir. Tac və taxtdan ayrılmasının təsirilə xəstələnib yatağa düşür və 29 dekabr 1704-cü ildə vəfat edir. Onun nəşi Yeni camidə atasının yanında dəfn edilir.
Doqquz ilə yaxın Osmanlı sultanlığı edən II Mustafa xan dəyərli bir padşah olub. O, orduların başında səfərə çıxan son Osmanlı sultanıdır. Alimlərə və müəlliminə hər zaman böyük hörmətlər edib. Onun dövründə çox sayda alim yetişib, ədəbiyyata və kitaba olan böyük sevgisi çox sayda kitabxananın tikilməsinə səbəb olub.
Fazil QARAOĞLU
professor
Bakı xəbər.- 2016.- 27 iyul.-
S. 13