Tarixdə iz buraxanlar: Sultan IV Məhməd xan

 

Sultan IV Məhməd xan Osmanlı sultanlarının on doqquzuncusu, İslam xəlifələrinin səksən dördüncüsüdür. Sultan IV Məhməd xan 1642-ci il yanvar ayının 1-dən 2-nə keçən gecə İstanbulda anadan olub. Atası Sultan İbrahim xan, anası Xədicə Turhan sultandır. Şahzadəliyində İmami-Şami Yusuf bəy, Şami Hüseyn bəy və bir çox dəyərli müəllimlərdən dərs alıb, 8 avqust 1648-ci ildə, 7 yaşında ikən sultan olduqdan sonra da təhsil, tərbiyə və təliminə davam edib.

Sultan IV Məhməd xanın uşaqlığından istifadə edən bəzi idarəçilər dövlətin maliyyə, mülki və hərbi vəziyyətini sarsıdıblar. Bu xoşagəlməz daxili və xarici hadisələr 15 iyun 1656-cı il tarixində Köprülü ailəsindən Məhməd paşanın sədarət vəzifəsinə təyin edilməsinə qədər davam edib. Köprülü Məhməd paşanın sədarətə gəlməsilə Sultan IV Məhməd xan dövründə əsaslı islahatlar aparılıb, İstanbulda və ölkə daxilində asayiş təmin edilib, ordu və donanma qüvvətləndirilib, Çanaqqala boğazının girişinə qədər gələn Venedik və digər xristian dövlətlərinin gəmiləri 1657-ci il iyul ayının 19-da alınıb. Bozca ada və Limni düşmən işğalından qurtarılıb, Asi Erdel şahzadəsinə qarşı səfərə çıxılaraq 1658-ci il sentyabr ayının 1-də Yanova qalası ələ keçirilib. Erdel hərb təzminatı verməyi və 15 min ədəd qızıl xəracının 40 minə çıxarılmasını qəbul edib. Krım xanı Məhməd Giray 1659-cu il iyul ayının 12-də rusları Konotopda məğlub edərək 50 min nəfəri əsir alıb, 120 minə yaxın rusu məhv edib.

Sultan IV Məhməd xan Köprülü Məhməd paşanın daxili və xarici işlərindəki müsbət icraatlarını təqdir edib, onun vəfatından sonra oğlu Köprülüzadə Fazil Əhməd paşanı 1661-ci il oktyabr ayının 30-da vəzir təyin edib. Osmanlılar 1663-cü il aprel ayının 12-də Fazil Əhməd paşanın rəhbərliyində Osmanlı sərhədlərini pozan avstriyalıların üzərinə səfərə çıxdılar. Bu tarixdə başlayan hərbi hərəkat 1664-cü il avqust ayının 10-da "Vasvar müqaviləsi"nin imzalanması ilə nəticələndi. Ərazi və siyasi baxımdan karlı çıxan osmanlılar Fazil Əhməd paşanın rəhbərliyində 1666-cı ildə Girid səfərinə çıxdılar və Girid adasının Kandiye qalasını mühasirə altına aldılar. Fəthin gecikməsilə Sultan IV Məhməd xan 18 avqust 1668-ci ildə səfərə çıxıb, Giridə keçmək məqsədilə Əyriboza gedərkən Kandiyenin fəth xəbəri gəldikdə ordusu ilə geri dönüb.

Polşa kralının Osmanlı himayəsini qəbul edən Ukrayna kazaklarına hücum etməsi nəticəsində Sultan IV Məhməd xan 1672-ci il iyun ayının 4-də Polşa üzərinə səfərə çıxır. Və avqust ayının 27-də Kamaniçənin təslim alınması nəticəsində ordusu ilə birlikdə Podolyaya girir. Polşa kralı müqavilə bağlanmasını istədi. Beləcə, 1672-ci il oktyabr ayının 18-də imzalanan "Bucaş müqaviləsi"nə görə, Podolya Osmanlı dövlətinə, Ukrayna isə türk himayəsini qəbul edən kazak bəyliyinə veriləcəkdi. Polşa ildə 220 min ədəd qızıl xərac verməyi qəbul etmişdi. Lakin Papa və Almaniyanın yardım təklifilə təsir altında qalan polyaklar "Bucaş müqaviləsi"ni pozdular. Fəqət, 1673-cü il avqust ayının 7-də ikinci Polşa səfərinə çıxan Sultan IV Məhməd xanın Ukraynaya girməsilə polyaklar təkrar müqavilə bağlamaq istədilər. Nəticədə, 1676-cı il oktyabr ayının 27-də imzalanan "Zoravno müqaviləsi" ilə Podolya və Ukrayna Osmanlı dövlətinə qatıldı.

Sultan IV Məhməd xan Köprülüzadə Fazil Əhməd paşanın 1676-cı ilin noyarb ayında vəfat etməsilə Merzifonlu Qara Mustafa paşanı vəzir təyin etdi. 1677-ci ildə Ukraynanın rus istilasına uğraması ilə Polşa sərdarı İbrahim paşa ilə Krım xanı Səlim Giray kazakların mərkəzi olan Çehrin qalasını mühasirə altına aldılar. 1678-ci ilin yazında Rusiya səfərinə çıxan Sultan IV Məhməd xan yol üzərindəki Silistredən sonra yerinə vəzir Mustafa paşanı göndərdi. 200 min rus, alman, kazak və digər millətlərdən meydana gələn müttəfiq düşmən qüvvələrinin müdafiə etdiyi Çehrin qalası Osmanlı ordusunun şiddətli hücumlarına davam gətirə bilməyib 1677-ci il avqust ayının 20-dən 21-nə keçən gecə məğlub oldu.

1680-ci ildə rusların hərb hazırlıqları xəbərini alan Sultan IV Məhməd xan 1680-ci il oktyabr ayının 29-da ikinci rus səfərinə çıxdı. Osmanlı səfərindən çox qorxan ruslar sultanın Ədirnəyə gəlməsilə Krım xanı Murad Giray vasitəsilə müqavilə bağlamaq istədilər. Və 11 fevral 1681-ci il tarixində imzalanan Osmanlı - Rusiya müqaviləsilə Özi çayı iki dövlət arasında sərhəd olaraq qəbul edildi.

Avstriya kralının macar millətçilərini yox etmək hərəkətinə qarşı macarlar osmanlılardan yardım istədilər. Sultan IV Məhməd xan da 1682-ci il yanvar ayının 9-da macar millətçilərinin lideri Tökeli İmrəni Orta Macarıstan kralı kimi tanıdı və Tökeli İmrəyə cəvahiratla bəzənmiş bir toppuz, Budin bəylərbəyliyinə də xətti-hümayun göndərərək yardım edilməsini və yeni krallığın avstriyalılardan qurtarılmasını əmr etdi. Budin bəylərbəyi İbrahim paşa Tökeli İmrənin yardım istəməsilə 1682-ci il iyul ayının 12-də Orta Macarıstan səfərinə çıxdı. Avqust ayının 15-də Orta Macarısanın mərkəzi olan Qaşa qalası fəth edilərək Töke İmre macar millətçilərindən 12 min könüllü əsgərilə krallıq taxtına oturduldu.

Avstriyanın dəfələrlə müqavilə istəməsinə baxmayaraq, davamlı təcavüzkar bir siyasət izləməsinə görə Sultan IV Məhməd xan 1682-ci il oktyabr ayının 12-də Avstriya səfərinə çıxdı. Bu səfər zamanında sultanın Belqradda qalması ilə Vəzir Qara Mustafa paşaya sərdar vəzifəsi verildi. Papanın Avstriyaya yardım edərək Polşa ilə ittifaq qurduğuna görə 27 iyun 1683-cü il tarixində keçirilən hərb məclisində Vyananın fəthinə qərar verildi. Beləcə, 1683-cü il iyul ayının 14-də Avstriyanın mərkəzi Vyana mühasirə altına alındı. Sərdar Qara Mustafa paşanın Vyana mühasirəsini qaldırıb geri çəkilməsilə 15 dekabr 1683-cü ildə vəzir vəzifəsinə Qara İbrahim paşa təyin edildi.

Sultan IV Məhməd əsgərin fikrini və özünün sultanlıq kürsüsündən uzaqlaşdırılacağını xəbər almamışdı. Bir gün o, vəziri Moralı Həsən ağadan ocaqların nə üçün gəldiklərini soruşuh, o da onun padşahlıqda qalmasının istənmədiyini bildiyi halda həqiqətləri demir. Sultan IV Məhməd xan ova aşırı dərəcədə vurğun olduğuna görə yeniçərilərin ona küskün olduqlarını təxmin edirdi. Buna görə irəli gələn söz sahiblərinə qızıl göndərərək bu üsyan hərəkatını dayandırmaq istəyirdi. Padşah artıq bütünlüklə Yeni saraya (Topqapı sarayına) köçüb ovçuluqdan tamamilə əl çəkərək tövbə etmiş, ov sursatlarını əldən çıxarmış, ov zamanı gecələdikləri yerləri sökdürmüşdü. Özü üçün yüz at ayıran padşah, mindən çoxunu bazarlarda ucuz qiymətə sattırdığı kimi, beş yüzünü də suvarilərinə verdi. Sarayın daxili və xarici məsrəflərini azaltmaq məqsədilə harəmi-hümayundan beş yüzə yaxın cariyəni xidmətdən ayırdı. Sultan IV Məhməd xan bütün bunlarla özünə qarşı olan hərəkətlərin qarşısını almaq istəyirdi, fəqət iş-işdən keçmişdi.

Siyavuş paşa Sultanın göndərdiyi son xətti-humayuna uyaraq Ədirnədə qışlamaq istər kimi göründü, fəqət əl altından İstanbula hərəkatda israr etmələri üçün zorba başçılarını və bu arada Əbüsseyf oğlu Əhməd, Kiçik Məhməd, Dəli Piri, Təkəli ağa kimi silahdar bölümləri kəndxuda yerlərini və yeniçərilərdən Fitvaçı Hüseyn çavuş ilə Hacı Əli Ağanı təhrik edərək İstanbula getmə qərarını verdi və padşaha: "İradələri üzrə Ədirnədə qışlamağa ittifaq olunmuşkən qul tayfası otağıma hücum edib burada qışlamağa və ətrafımızı İstanbuldan alıb şər ilə davamızı görürük və otağını başına uçurarıq" deyərək, aradakı pərdələri qaldırdılar və Yeğen paşa qulunuz nə qədər çalışdısa da bir çarə tapa bilməyib onların tərəfinə keçdiyini bir ərizə ilə bildirdi. Doğrusu, Yeğen Osman paşa sultandan aldığı qızıllar qarşılığında İstanbula girilməsinin qarşısını almaq istəmişsə də, bu istəyinə müvəffəq ola bilməmiş və ocaqlılarla aralarında qanlı bir hadisə çıxmasının qarşısını çətinliklə almışdı. Bundan əlavə, Ocaq ağaları ordu Silivriyə çatan zaman padşahın qardaşı Şahzadə Süleymanın taxtını hazırladılar.

Vəziri-əzəm Siyavuş paşa Ədirnədə qalmayıb İstanbula gəlmək üçün yola çıxdığını bildirən məktubu sədarətdən alıb oxuduqda Sultan IV Məhməd xan "Nəticə məlum oldu" deyərək, 6 noyabr 1687-cu ildə vəzirə aşağıdakı ağır və ümidsiz xətti-humayunu göndərdi: "Sən ki, vəziri-əzəm Siyavuş paşasan. Bütün ağalara və ixtiyar qullarıma salam və dua edirəm. Əsla məlumatsız olmayıb xətti-şərifimə itaət etmədiyinizdən fikriniz bəlli oldu. Arzunuz məni taxtdan endirməkdirsə, oğlum Mustafa sizə Uca Allahın əmanəti olsun. Onu yerimə keçirib məni öz halıma buraxsanız, kiçik Əhmədi sizə əmanət etdim. Hamınızın qəhr olmasını Uca Allahdan diləyirəm!." Bu xətti-humayun Silivrədə vəzirə verildi. Ocaq ağaları və işi idarə edən zorbaların hüzurunda oxundu, əhəmiyyət vermədilər.

Vəziri-əzəm 7 noyabr 1687-cu ildə Silivridə ağalarla görüşərək Süleymanın seçiləcəyinə qərar verib ümumi ağızdan yazılan müştərək ərizəni sədarət rəhbəri Fazil Mustafa paşaya göndərdilər. O da Şeyxülislamla bütün səlahiyyətlilərlə görüşərək ittifaq etdi. Sonra Fazil Mustafa paşa, Şeyxülislam Debbağzadə Məhməd və hərbi rəhbərlərlə Ayasofiyada toplanıb aralarından Mustafa Ağanı Hacı İbrahim ağaya göndərib Şahzadə Süleymanın sultanlığı üçün olan ittifaqı bildirdilər. Qapı ağası Əli ağa Şahzadə Süleymanı Şimşirlik deyilən dairədən çıxarmaq üçün getdi və baş verənləri ona bildirdi. Şahzadə öldürüləcəyini zənn edərək çıxmaq istəmədi. Çünki Sultan IV Məhməd xan kişi cinsindən olduğuna görə səltənəti ona təmin etmək üçün qardaşlarını öldürmək istəmişsə də, valideyni Sultan Turhan oğlunun bu hərəkətinin qarşısını almışdı. Şahzadə Süleyman bu dəfə də bir fəlakətə uğrayacağını zənn etdi. Belə olduqda Əli ağa: "Mənim şəfqətli padşahım, qorxmayın. Vallahi mən zərər məqsədilə gəlmədim. Bütün vəzirlər və üləma sizi padşah seçib, təşrifinizi gözləyirlər" - dedisə də, yenə Şahzadə Süleyman əmin olmayıb: "Mənim yox edilməyim əmr olundusa söylə, iki rükət namaz qılım, ondan sonra əmri yerinə yetir. Mən uşaqlığımdan bəri qırx ildir həbsdəyəm. Hər gün ölməkdənsə, bir gün əvvəl ölmək daha yaxşıdır..." - deyərək ağlamağa başlamışdı. Ağa təkrar onun ayağını öpüb: "Əstəğfürullah, Allah qorusun ki sizə bir qəsd ola. Taxt qurulmuşdur, bütün qulların sizə baxır" - deyincə, yanında olan kiçik qardaşı Şahzadə Əhməd də ona cəsarət verərək: "Buyur, qorxma, ağa yalan söyləməz" - deməsi üzərinə çölə çıxdı, öz otağında başına bir əmmamə və sorquc taxıldıqdan sonra taxta çıxarıldı və ağalar ona beyət etdilər (9 noyabr 1687-ci il). O zaman Sultan Süleyman xan 47 yaşında idi.

Sultan IV Məhməd xanın, alınan tədbirlərə görə, Sultan Suleymanın taxta çıxıncaya qədər heç bir şeydən xəbəri olmayıb. Əli ağa ona Sultan Suleymanın xətti-humayununu verib "Muradullah bu imiş, buyurun həbsxanaya" dedikdə IV Murad: "Bizə qətl varmı" sorduqda, ağa ona "Həbs olundunuz" cavabını verib. Nəticədə, keçmiş hökmdar iki oğlu Mustafa və Əhmədlə bərabər Sultan Süleymanın qırx il yaşadığı Şimşirlik otağına aparılıb.

Sultan IV Məhməd xan Osmanlı dövlətini ən geniş sərhədlərə qovuşdurub. 1687-ci il noyabr ayının 8-də taxtdan endirilib. Otuz doqquz il Osmanlıya sultanlıq edən IV Məhməd xan 1693-cü il yanvar ayının 6-dan vəfat etməsinə qədər Ədirnədə yaşayıb. Vəfat etdikdə İstanbula gətirilib və yeni caminin yanındakı anası Turhan Validə sultanın türbəsində dəfn edilib.

Osmanlı dövlətində Qanuni Sultan Süleyman xandan sonra ən çox taxtda qalan padşah Sultan IV Məhməd xandır. O, bütün həyatı boyunca qədirbilən və vəfakar olub, verdiyi sözə sadiq bir şəxsiyyət idi. Ədəbiyyata, tarixə maraqlı olub, söhbət dinləməyi çox sevərdi. Dindar idi, namazını camaatla qılardı. İçkini və içki istehsalını qadağan etmişdi. Müqəddəs dinimizə sonradan qarışdırılan bütün xüsusların aradan qaldırılması üçün səy göstərib. Zaman tapdıqca çox sevdiyi ova çıxardı. Ova olan sevgisi nəticəsində ona "ovçu" ləqəbi verilib.

Sultan IV Məhməd xanın dövründə Osmanlı dövləti dünya siyasətində fəal rol oynayıb. Onun zamanında çox sayda dəyərli elm adamları və sənətkarlar yetişib. O, qədirbilən və vəfakar olub, verdiyi sözə sadiq qalardı. İnşası tamamlanıb ibadətə açılan Yeni Cami Osmanlı memarlığının şah əsərlərindəndir.

 

Fazil QARAOĞLU,

professor

 

Bakı xəbər.- 2016.- 29 iyul.- S. 13.