Azərbaycan və Qərb
tolerantlığının fərqləri azərbaycançılıq
göstəricisi kimi...
I yazı
Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilib. Ölkəmizdə dərin kökləri olan multikulturalizm özündə mədəni müxtəlifliyi ehtiva edir. Multikulturalizm və tolerantlığa hər cəmiyyətin öz yanaşması var. Məsələn, Qərb tolerantlığı bir toplumun digər topluma dözümlü münasibət göstərməsi deməkdir.
Yəni "mən sənin milli kimliyinə, dininə, etiqadına, irqinə dözüm göstərirəm, dözürəm". Azərbaycanda isə tolerantlığa yanaşma başqa cürdür. Bizdə ölkəmizdə yaşayan azsaylı xalqlara, dinlərin nümayəndələrinə, onların mədəniyyətinə, həyat tərzinə nəinki dözümlü yanaşır, hətta böyük ehtiram, sayğı göstərirlər. Ölkəmizdə kifayət qədər buna nümunələr var. Ekspertlər düşünür ki, Azərbaycandakı tolerantlıq dözümlülüklə yanaşı, sayğı, hörmət, ehtiram və qayğı ilə süsləndiyi üçün olduqca unikal modeldir. Dünyada isə bu modelin analoqu yoxdur desək yanılmarıq. Çünki Avropada, Qərbdə, Amerikada
tolerantlığa yanaşma ilə bizim cəmiyyətdəki yanaşma fərqlidir. Azərbaycana gələnlər respublikamızda formalaşan bu ənənəni başqa ölkələrə, xalqlara nümunə kimi təqdim edir.
Ekspertlər qeyd edir ki, Azərbaycan hər zaman dünyada multikulturalizmin və tolerantlığın ən uğurlu modellərindən birinin bərqərar olduğu diyar sayılıb.
Bildiyimiz kimi, Azərbaycanda etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm və tolerantlıq sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi ənənənin daha da möhkəmlənməsinə yol açıb.
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi də dünya ölkələrinin Azərbaycandakı tolerant mühitə olan münasibətinin real ifadəsidir.
Tarixin bütün dönəmlərində Azərbaycanda müxtəlif etnoslar, xalqlar, ayrı-ayrı dinlərə sitayiş edən insanlar əminamanlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Politoloq və teoloqlar qeyd edir ki, tarixin bütün dövrlərində dünyanın, demək olar ki, hər bir tərəfində milli və dini zəminlərdə qarşıdurmalar baş verib, insanlığa, bəşəriyyətə qarşı ağır cinayətlər törədilib. Lakin Azərbaycanda yaşayan xalqlar arasında heç vaxt milli-etnik və dini zəmində ədavət baş verməyib, bu məqsədlə kənardan edilən cəhdlər iflasa uğrayıb.
Teoloqlar vurğulayır ki, din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil edib və insanlar tərəfindən doğru dərk edildiyi zaman bu dəyərlərin zəmanətinə çevrilib. Azərbaycan üçün əsas mühüm xüsusiyyətlərdən biri isə ondan ibarətdir ki, bu ölkə bütün islam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biridir.
Bilirik ki, Azərbaycan əhalisinin 96 faizi islam dininə tapınır. Buna baxmayaraq, respublikamızda başqa dinlərin nümayəndələri üçün də böyük şərait yaradılıb. Onlar heç bir ayrıseçkiliyə məruz qalmadan ibadət edir. Azərbaycan türkləri nəinki onlara dözür, hətta onların dinlərinə, məbədlərinə sayğı və qayğı ilə yanaşır. Məlumdur ki, Azərbaycanda xristianlara aid məbədlər təmir edilir, onlar üçün burada hər cür şərait yaradılır. Teoloqlar qeyd edir ki, xristian pravoslav kilsəsinin fəaliyyətinin bərpası, Bakıda katolik kilsəsinin inşa olunması Azərbaycandakı dini müxtəlifliyin və bu müxtəlifliyə insanların tolerant münasibətinin bariz nümunəsidir.
2002-ci ildə Roma Papası II İohan Pavel respublikamıza
tarixi səfər etmişdi. O vaxt Papa ölkəmizdə dini
tolerantlıq ənənələrinin güclü olduğunu
bildirmişdi. Roma Papası Azərbaycanın
müxtəlif xalqların və dinlərin mənəvi dəyərlərini
özündə bir araya gətirdiyini söyləyərək
burada onların sülh şəraitində, dinc yanaşı
yaşadıqlarını, bunun isə ancaq tolerantlıq və
qarşılıqlı hörmət nəticəsində
mümkün olduğunu bəyan etmişdi.
Respublikamızda dini etiqad azadlığına təkcə
sözdə yox, həm də praktikada geniş imkanlar
yaradılıb. Dövlət, sözün həqiqi mənasında,
vicdan azadlığının təminatçısıdır.
İndi dindarlar ölkənin qanunlarına
arxalanır. Bu sahədə dövlət
siyasətinin uğurla həyata keçirilməsində, cəmiyyətimizin
mənəvi dayaqlarının möhkəmlənməsində,
dini dəyərlərin humanist potensialının qorunub
saxlanmasında Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin rolu böyükdür. Komitənin
işi dini qurumları qeydiyyata almaq, problemləri ilə
maraqlanmaq, dini etiqad azadlığı ilə bağlı olan
qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin
etməkdir. Sirr deyil ki, son dövrlərdə
din amilindən müxtəlif məqsədlər
üçün yararlanmaq meylləri də özünü
göstərib. Bu mənada zərərli
dini meyllərin qarşısının alınması, dindən
siyasi alət kimi istifadə olunmasına yol verilməməsi
istiqamətində komitənin fəaliyyəti təqdirəlayiqdir.
Komitənin fəaliyyəti müxtəlif dini
qurumlar arasında da xoş münasibətlərin
qurulmasına səbəb olub. Teoloqlar
bildirir ki, Prezident İlham Əliyevin Azərbaycan
multikulturalizminin və tolerantlığının elmi əsaslarla
öyrənilməsi, həmçinin dünyada təbliği
istiqamətində göstərdiyi konkret hədəflərə
çatmaq üçün atılan əməli addımlar
öz bəhrəsini verməkdədir.
2016-cı ilin ölkəmizdə "Multikulturalizm
ili" elan olunması bu sahəyə diqqəti daha da
artırır və eyni zamanda, dünyanı alternativi olmayan
multikulturalizm və tolerantlıq siyasətindən daha effektiv
şəkildə faydalanmağa dəvət edir.
Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri Mübariz Qurbanlının "Azərbaycan"
qəzetində yer alan fikirlərinə
görə, Azərbaycan cəmiyyətinin tolerantlıqda analoqu
yoxdur: "Azərbaycanda Heydər Əliyevin hakimiyyətə
gəlişindən sonra həyata keçirilən dövlət
quruculuğu prosesi bütün sahələri əhatə
etdi. Səmərəli islahatlar nəticəsində
Azərbaycan yeni inkişaf mərhələsinə qədəm
qoydu. Növbəti mərhələlərdə
respublikamız dünyaya inteqrasiya olundu, müxtəlif neft
müqavilələri imzalandı. Bunlar, nəticə
etibarilə, müstəqilliyimizin möhkəmlənməsinə,
iqtisadiyyatımızın inkişafına yol açdı.
Müstəqil dövlət olaraq Azərbaycan
ildən-ilə gücləndi, Cənubi Qafqazın liderinə
çevrildi.
Azərbaycan həm də müxtəlif dinlərin,
etnosların yaşadığı, möhkəm tolerant ənənələri
və multikultural dəyərləri olan ölkədir. Burada həmişə
qarşılıqlı etimada və hörmətə əsaslanan
mütərəqqi milli-mədəni və dini münasibətlər
mövcud olub. Tarix boyu müxtəlif mədəniyyətlərin,
dinlərin, millətlərin, etnik qrupların nümayəndələri
qarşılıqlı hörmət, birgəyaşayış
şəraitində yaşayıb və bu ənənə
günümüzdə də yüksək şəkildə
davam edir. Ayrı-ayrı etiqad və inanclara malik
etnosların yüz illərlə əminamanlıq şəraitində
yaşamasında, etnik-mədəni müxtəlifliyin
günümüzədək qorunub saxlanmasında məhz bizim
xalqa xas olan tolerantlığın, humanizmin və multikultural dəyərlərin
müstəsna rolu var. Təbii ki, yeni dövlət
quruculuğunda bunlar da nəzərə alındı və
ölkəmiz bu sahədə yeni konsepsiya ortaya qoydu. Dövlət-din münasibətləri,
ayrı-ayrı etnoslar arasında əlaqələr, hər
bir xalqın mədəni-mənəvi dəyərlərinin
öyrənilməsi və təbliği yeni keyfiyyət mərhələsinə
qaldırıldı. Ona görə bu
gün Azərbaycan bütün dinlərin, etnosların bərabər
şəkildə, dostluq şəraitində
yaşadığı və hüquqlarının təsbit
olunduğu dövlətdir. Həmçinin
Azərbaycan din siyasətinə, insanların vicdan
azadlığına görə dünyada nadir nümunəvi
ölkələrdən biridir.
Biz müsəlman dünyasının bir
parçasıyıq. 57 müsəlman ölkəsindən biri
Azərbaycandır. Lakin xüsusi
vurğulamalıyıq ki, məhz tolerantlığın nəticəsidir
ki, müsəlman dünyasında gedən məzhəblərarası,
təriqətlərarası qarşıdurmalar Azərbaycanda
müşahidə olunmur. Ölkəmizdə
heç vaxt dini qarşıdurmaya çağırış
olmayıb, dini ayrıseçkiliyi təbliğ və təşviq
edən qruplar yoxdur. Bizdə heç vaxt təriqət
baxımından qarşıdurma müşahidə edilməyib.
Bunun bəzi fəsadları, elementləri
ölkəmizdə, ərazimizdə özünü büruzə
versə də, bu bizim şüurumuza, həyat tərzimizə,
məişətimizə müdaxilə edə bilmək
imkanında deyil. Ona görə burada tarixən islam dininin müxtəlif təriqətlərinin
birgəyaşayışı mövcud olub. Bu
gün də məscidlərdə müxtəlif təriqətlərin
daşıyıcıları dini ayinlərini bir yerdə icra
edirlər, bir-birinə hörmətlə yanaşırlar.
Hansı ölkələrdə ki, məzhəb
qarşıdurmaları var, toqquşmalar olur, o yerlərdə
din faktiki olaraq ayrı-ayrı qrupların əlində alətə
çevrilib.
Orada islam dininin əsl mahiyyətindən
uzaqlaşıblar. Həmin ölkələrdə
din siyasətin aləti olaraq dövlətin inkişafına
deyil, yüksəlişinin ləngidilməsinə, güclənməsinə
deyil, zəifləməsinə və dağılmasına
yönəlib. Əlbəttə, burada nə
din günahkardır, nə də islamın söykəndiyi
müqəddəs dəyərlər. Burada
günahkar həmin dindən sui-istifadə edənlərdir".
M.Qurbanlının
qeyd etdiyinə görə, dünyada gedən proseslərə
nəzər salsaq görərik ki, bu gün planetimizdə 80-ə
qədər münaqişə ocağı var və onun 50-si
dondurulmuş vəziyyətdədir, amma hər birində istənilən
vaxt döyüşlər alovlana bilər: "Buna baxmayaraq, hər
birində tez-tez insanlar həlak olur. Təkcə 2000-ci ildən
2015-ci ilə qədər belə münaqişələrdə
2,5 milyon nəfər həyatını
itirib. Məsələn, Kəşmir
münaqişəsi "yatmış" vəziyyətdədir.
Lakin orada hər gün insan itkisi baş verir.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsini dondurulmuş hesab edirlər.
Amma ermənilərin 1994-cü ildən bəri
törətdiyi təxribatlar və fitnəkarlıq nəticəsində
cəbhə xəttində insan itkisi baş verir. Aprelin əvvəllərində gedən
dördgünlük müharibə bu münaqişənin
donmuş olmadığını göstərdi. Dünyada olan münaqişələrin 30-da isə
qanlı savaş gedir. Bunun, ən
azından, 10-u məzhəblərarası, dindaxili
toqquşmalardır. Təəssüf ki, bu
münaqişələrin 7-si islam dini
adı altında fəaliyyət göstərən dini-siyasi
qruplar arasında baş verməkdədir. Bəs
bu münaqişələr nədən yaranır, səbəbi
nədir? Bunun səbəbi məhz
tolerantlıq mühitinin və multikultural dəyərlərin
həmin cəmiyyətdə lazımi səviyyədə tətbiq
olunmamasıdır. Yaxud multikultural və
tolerant düşüncə tərzinin insanların məişətindən
çıxması və qarşıdurmaların insanların
məişəti səviyyəsinə hopmasıdır.
Digər bir səbəb insanlar arasında zərərli
təbliğatın aparılmasıdır. İslam
müqəddəs dindir. Amma təəssüf ki, islam dini adı altında müxtəlif zərərli
qruplar fəaliyyət göstərirlər. Həmin
qruplar islamın əsas fundamental dəyərlərindən kənara
çıxaraq, zərərli təşviqatlar apararaq
insanları din adı altında başqa məqsədlərə
yönəldir, onları silahlı münaqişələrə
cəlb edir, digər mədəniyyətlərə və dinlərə
qarşı qoyurlar. Lakin din savaşa,
toqquşmalara xidmət etməli deyil. Din müharibə
üçün yaranmayıb. Din insanları yalnız iman
yoluna çağırır.
Tolerantlıq heç də başqalarına güzəştə
getmək deyil, tolerantlıq öz mövqeyini, xüsusiyyətlərini
qoruyaraq başqalarına hörmətlə yanaşmaqdır. Tolerantlıq
müxtəlif sahələri əhatə edir və fərqli
formaları var. Tolerantlıq etnoslar arasında da var, dində
də. Həmçinin məişətdə
də, ekologiyada da tolerantlıq var. İnsanın dilinə, həyat
tərzinə münasibətdə də tolerantlıq var.
Tolerantlıq başqalarına dözümlü
yanaşmaqdır. İslam dini başqa dinlərə
dözümlü yanaşmaqda nümunə rolunu oynayır.
Çünki dinimiz heç bir dini inkar etmir.
"Qurani-Kərim" xristianlığı da,
yəhudiliyi də qəbul edərək, oradakı səhvləri
göstərərək yeni ayələrlə bunu izah edir.
Bəzən tolerantlığı
başqaları qarşısında geri çəkilmək
kimi təbliğ etmək istəyənlər olur. Bu yanlışdır. Azərbaycan
xalqının keçdiyi tarixi yola nəzər salarkən
görürük ki, biz daim tolerant olmuşuq. Əgər tolerant xalq olmasaydıq,
yaşadığımız coğrafiyada bizimlə birgə məskunlaşan
müxtəlif dinlərin nümayəndələrini,
etnosları assimilyasiyaya məruz qoyardıq. Digər dinlərin fəaliyyətinə burada imkan
verməzdik. Azərbaycan əhalisinin 96
faizi müsəlmandır. Amma ölkəmizdə müsəlman
icması ilə yanaşı, yəhudi, xristian, krişna
şüuru, baptist, adventist icmaları var. 13 kilsə, o
cümlədən Qafqaz Albaniyasının varisi sayılan
alban-udi kilsəsi, 7 sinaqoq fəaliyyət göstərir. Dünyada yəhudilərin azad şəkildə
öz dini inanclarını icra etdiyi ölkələr içərisində
Azərbaycan birinci yerdədir. Azərbaycan,
demək olar ki, yəhudilərin İsraildən sonra ən
azad dini icma şəklində fəaliyyət göstərdiyi
bir ölkədir. Bütün bunlar
göstərir ki, Azərbaycan xalqı digər dinlərə
tolerant yanaşır".
İradə
SARIYEVA
Bakı
xəbər.- 2016.- 9 iyun.- S.15