"Azərbaycan multikulturalizmi" fənni dünya
universitetlərində həm də azərbaycançılıq
təbliğatıdır...
II yazı
Azərbaycan multikulturalizmi dünyada ən mütərəqqi model kimi qəbul edilir. Multikulturalizmin Azərbaycan modelinin alternativi olmadığı dəfələrlə ən yüksək səviyyədə vurğulanıb. Bu da məlumdur ki, multikulturalizm ölkəmizdə azərbaycançılığın vacib hissəsi kimi mövcuddur.
15 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılan Azərbaycan Beynəlxalq Multikulturalizm Mərkəzi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqivistik müxtəlifliyin qorunmasını təmin edən, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan, mövcud multikultural modelləri təbliğ və təşviq edən qurumdur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən redaksiyamıza daxil olan məlumata görə,
Azərbaycan multikulturalizmi Çində
də təqdim olunub.
Məlumatlara görə, 5-25 may tarixlərində
Çində bu ölkənin Ticarət Nazirliyinin, Azərbaycan Təhsil Nazirliyinin və Çinin Ninqbo Politexnik Universitetinin (NPU) birgə təşkilatçılığı ilə "Bir cığır, bir yol üzərində inkişaf etməkdə olan ölkələrdən
müəllimlər üçün
seminar" təşkil olunub.
Qeyd edilənə görə, Azərbaycan, Özbəkistan, Gürcüstan,
Nigeriya, Panama və Misirdən nümayəndələrin
iştirak etdiyi seminara Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi
kafedrasının müdiri
Ülviyyə Abbasova da qatılıb. Kafedra müdiri Ningbo Politexnik, Renmin və Pekin Xarici
Dillər universitetlərində
Azərbaycanla bağlı
təqdimatda "Multikulturalizm
Azərbaycanda həyat
tərzi" adlı mühazirə ilə çıxış edib.
Azərbaycanın Pekindəki səfirliyinin
dəstəyi ilə təşkil olunan mühazirənin məqsədi
qədim sivilizasiya məkanlarından olan Çin ictimaiyyətini Azərbaycanın multikulturalizm
mühiti, bu istiqamətdə həyata
keçirilən dövlət
siyasəti haqqında
məlumatlandırmaq, iki
ölkənin müvafiq
sahədə əməkdaşlıq
imkanlarını nəzərdən
keçirməkdir. Mühazirə
zamanı qeyd olunub ki, multikulturalizm
hazırda Azərbaycanda
alternativi olmayan həyat tərzidir: "Müxtəlif dinlərə
və fərqli etnik mənşəyə
mənsub insanların
dinc şəraitdə
birgə yaşamaları,
etnik və mədəni müxtəliflik
multikulturalizmin Azərbaycan
modelinin üstün cəhətidir. Multikulturalizmin Azərbaycanda dövlət
siyasəti kimi əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulub. Akademik Kamal Abdullayevin
də qeyd etdiyi kimi, ümummilli
lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir. Hazırda Prezident İlham
Əliyev bu siyasəti uğurla davam etdirir. Prezidentin Sərəncamı ilə
2016-cı ilin Azərbaycanda
"Multikulturalizm ili"
elan olunması bunun bariz nümunəsidir".
Ü.Abbasova çıxışında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
layihəsi əsasında
Azərbaycandakı multikulturalizm
dəyərlərinin dünyanın
13 müxtəlif universitetində
bir fənn kimi tədris olunduğunu, sözügedən
qurumun Azərbaycanda xarici tələbələr
üçün mütəmadi
olaraq beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil
etdiyini vurğulayıb.
Ü.Abbasovanın təşəbbüsü ilə
adıçəkilən universitetlərin
rəhbərliyi ilə
keçirilmiş görüşlərdə
ölkələrimizin təhsil,
mədəni və multikulturalizm sahəsində
əməkdaşlıq imkanları
müzakirə olunub, qarşılıqlı mühazirələrin,
müəllim və tələbə mübadiləsinin
təşkilinin faydalı
olacağı diqqətə
çatdırılıb. Təqdimatda Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideya müəllifliyi ilə hazırlanan və Azərbaycandakı tolerantlıq
mühitindən bəhs
edən film nümayiş
olunub, müəllim və tələbələrin
sualları cavablandırılıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat
xidmətindən aldığımız
digər məlumat isə Azərbaycan multikulturalizm modelinin İndoneziyada yüksək
səviyyədə təbliği
ilə bağlıdır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İndoneziyanın Cokyakarta şəhərində də ölkənin ən tanınmış təhsil ocaqlarından olan Qacah Mada Universitetinin mədəniyyətşünaslıq fakültəsində bu semestr "Azərbaycan multikulturalizmi" fənni tədris olunub. Fənni tədris edən Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Həbib Zərbəliyev mərkəzin mətbuat xidmətinin əməkdaşları ilə görüşərək fənnin tədrisinin yekun nəticələri, görülmüş işlər, Azərbaycan multikulturalizminin daha geniş miqyasda təbliği və təşviqi istiqamətində perspektivlər haqqında danışıb. Verilən məlumata görə, H.Zərbəliyev universitetdə "Azərbaycan multikulturalizmi" fənninin tədrisi üçün əlverişli şərait yaradıldığını qeyd edib: "İndoneziyanın Cokyakarta şəhərindəki Qacah Mada Universitetində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi bu il fevralın əvvəlində başladı. Dərslərdə bakalavr pilləsi üzrə 25 tələbə iştirak edirdi. Proqram üzrə dərslərin mövzusu slaydlarla, interaktiv metodla şərh edilirdi. Tələbələr dərsə çox ciddi yanaşır və böyük maraq göstərirdilər, çünki bu fənni özləri seçmişdilər. Növbəti dərslərimizin biri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müəyyənləşdirdiyi kimi, Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuşdu. Bu əvvəlcədən fakültənin rəhbərliyi ilə razılaşdırılmışdı. Dərsdə Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımının səbəbləri və nəticələri haqqında ətraflı məlumat verildi, videosüjetlər nümayiş etdirildi. Mənim dəvətimlə dərsdə İndoneziyada "Xocalıya ədalət" kampaniyasının fəal təbliğatçısı olan İmas Xoirun Nisa Fuciati Rahim də iştirak edirdi. O, tələbələrə Xocalı faciəsinin dəhşətləri haqqında danışdı və "Xocalıya ədalət" kampaniyası çərçivəsində son illər ərzində gördüyü işlər barədə məlumat verdi. Tələbələrin faciə ilə bağlı sualları cavablandırıldı. Sonra tələbələr çıxış edərək məsələyə münasibətlərini və Azərbaycanla həmrəy olduqlarını bildirdilər. Dərsin sonunda onlara Xocalı soyqırımı ilə bağlı hazırladığımız materiallar, bukletlər paylandı.
Bəzən başqa qruplardan da gəlib könüllü şəkildə dərslərdə iştirak edənlər olurdu. Bəzən tələbələrlə könüllülərin birgə sayı 50-dən artıq olurdu. Mayın sonunda tələbələrin tədris müddətindəki fəaliyyəti qiymətləndirildi və onlara kursu bitirdiklərinə dair sertifikatlar təqdim olundu. Kursu bütün tələbələr müvəffəqiyyətlə başa çatdırdı".
Fənnin tədrisindən əlavə, professor H.Zərbəliyev Cokyakarta şəhərindəki Ahmad Dahlan Universitetinin dəvətilə bu universitetin dil, mədəniyyət və kommunikasiya fakültəsinin tələbə və müəllimlərinə "Azərbaycanda dil və mədəniyyət və multikulturalizm siyasəti" mövzusunda mühazirə oxuyub. Mühazirə ətrafında geniş müzakirə olub, tələbə və müəllimlərin daha çox Azərbaycanda dini vəziyyət, tolerantlığın mənbəyi və multikulturalizm siyasəti ilə bağlı sualları cavablandırılıb.
Professor bildirib ki, belə birdəfəlik mühazirələr silsilə şəklində bir neçə dəfə təşkil olunub: "Cokyakartadakı Ekspo Mərkəzində min nəfərdən artıq professor-müəllim heyəti, tələbə və valideynin iştirak etdiyi tədbirdə "Azərbaycan və İndoneziya sufi ədəbiyyatında tolerantlıq", Cokyakarta Dövlət Universitetinin dəvətilə bu universitetin magistrant və dissertantları üçün "Azərbaycan və İndoneziyada multukulturalizm: kontekst və çağırışlar" mövzusunda məruzələrlə çıxış etdim. Mühazirədən sonra dinləyicilərin sualları cavablandırılıb və mühazirə ətrafında müzakirələr aparılıb".
May ayında H.Zərbəliyev Cokyakarta Dövlət Universitetinin dəvətilə bu universitetin sosiologiya fakültəsinin tələbələrinə də "Azərbaycan multikulturalizmi" mövzusunda mühazirə oxuyub. Mühazirədən sonra tələbələrin multikulturalizmlə və ümumən Azərbaycanla bağlı suallarını cavablandırıb. İndoneziyada fəaliyyət göstərdiyi müddət ərzində professor şəxsi təşəbbüsü ilə Cokyakarta şəhərindəki İnklüziv Multikultural Məktəbin rəhbərliyi ilə görüşüb. Məktəbin rəhbərliyinə Azərbaycan multikulturalizmi, dövlətimizin multikulturalizm siyasəti barədə ətraflı məlumat verib və sonra məktəbin fəaliyyəti ilə tanış olub. Rəhbərlik Azərbaycan məktəbləri ilə əlaqə yaratmağın faydalı olduğunu bildirib və gələcəkdə bu sahədə əməkdaşlıqla bağlı razılıq əldə olunub. Professorun bildirdiyinə görə, Azərbaycan multikulturalizminin tarixi, inkişafı, perspektivləri ilə, ölkə rəhbərliyinin multikulturalizm siyasəti və Azərbaycanın multikultural ölkə modeli kimi bu sahədə əldə etdiyi uğur və nailiyyətlərlə tanış olan qarşı tərəf Cokyakarta şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İndoneziya filialının açılmasına böyük maraq göstərir: "Bununla bağlı Cokyakarta Dövlət Universitetinin Mərkəzlə danışıqları artıq yekunlaşıb. Bu yaxınlarda adıçəkilən universitetin nəzdində BBMM-in İndoneziya filialı fəaliyyətə başlayacaq. Gələcəkdə isə mərkəzi qərargahı İndoneziya olmaqla regionun digər ölkələri- Avstraliya, Malayziya və Sinqapurda da BBMM-in nümayəndəlikləri açılacağı gözlənir. Bununla bağlı hazırda danışıqlar davam etdirilir".
Ümumiyyətlə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkə daxilində də maraqlı tədbirlər keçirir. Xeyli müddət əvvəl
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Terror multikulturalizmə qarşı" layihəsini ictimaiyyətə təqdim edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, "Terror multikulturalizmə qarşı" layihəsi maraq doğurur. Məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu və Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) birgə dəstəyi ilə həyata keçiriləcək uzunmüddətli layihə çərçivəsində ölkəmizdə, eləcə də Avropa ölkələrində silsilə beynəlxalq elmi-praktiki konfranslar, simpoziumlar və forumların keçirilməsi, televiziya proqramları, videoçarxlar və filmlərin çəkilməsi, kitablar, broşürlər, bülletenlər, tarixi sənədlərin xarici dillərdə nəşri nəzərdə tutulur. Layihənin məqsədi zaman-zaman erməni ekstremistləri tərəfindən Azərbaycan ərazisində yaşayan həmvətənlərimizə- müxtəlif etnik köklərə mənsub Azərbaycan xalqlarına qarşı törədilən terrorun tarixi, miqyası, acı nəticələri və bundan sonra bu terrorun qarşısının alınması istiqamətində birgə əməkdaşlığın perspektivləri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaqdır.
Məlumata görə, BBMM-də
alim və mütəxəssislərin
iştirakı ilə keçirilən iclasda
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə dövlət müşaviri,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev çıxış edərək
sözügedən layihəni mühüm
siyasi-elmi aksiya kimi səciyyələndirib: "Multikulturalizm asanlıqla əldə olunan bir dəyər deyil. Bunun üçün
əsrlər lazım olur, sınaqlardan
keçmək lazım gəlir. Əsrlərlə
yaşı olan Azərbaycan multikulturalizminin formalaşma
mərhələsində qarşılaşdığı
maneələrdən biri erməni terrorudur. Erməni terroru dini və etnik müxtəlifliyi
özündə ehtiva edən Azərbaycan
multikulturalizminə ən böyük təhlükələrdən
biridir. Əslində bu
gün Azərbaycanı narahat
edə bilən heç bir
erməni təxribatı yoxdur.
Biz ermənilərin bütün təxribatlarına qarşı həmişə sözümüzü deyirik və deyəcəyik. Amma, hər halda, bəzi məsələlərdə adda-budda yox, məqsədyönlü şəkildə müxtəlif qurumlarla əl-ələ verərək birgə təşəbbüslə fəaliyyət göstərmək lazımdır".
Gördüyümüz
kimi, Azərbaycan multikulturalizmi bütün dünyada maraqla
qarşılanır və hər bir xalq, dövlət ondan
yararlanmağa çalışır.
İradə
SARIYEVA
Bakı xəbər.-2016.- 18-20 iyun.- S. 15.