Tarixdə iz buraxanlar: Sultan II Murad xan
Sultan II Murad xan Osmanlı sultanlarının
altıncısıdır. Sultan II Murad xan
1404-cü ildə Amasyada anadan olub. Atası
Sultan Çələbi Məhməd xan, anası Dulqadir ailəsindən
olan Əminə xanımdır. Sultan II
Murad xanın uşaqlığı Amasya, Bursa və Ədirnədə
keçib. O, kiçikliyindən başlayaraq
dövrün böyük adamlarından dərs almaqla
yetişib. 1415-ci ildə 12 yaşında ikən
idari və hərbi bilgilərə yiyələnmək
üçün Yorquç paşanın yanında Amasya
valiliyinə təyin edilib.
Şahzadə II Murad xan ilk vəzifə yeri Amasyada ikən
1416-cı ildə Börklüce Mustafa üsyanını
yatırdıb. 1421-ci ildə Anadolu Bəylərbəyi Həmzə
bəy ilə İsfəndiyar oğullarından Samsunu
alıb. Atasının vəfat etməsilə 1421-ci il iyun ayının 25-də taxta çıxan
Sultan II Murad xan 1422-ci ildə Osmanlı dövləti
üçün böyük bir təhlükə olan
Bizansın intriqalarına son vermək və Məhəmməd
əleyhissəlam tərəfindən vəd edilən mənəvi
müjdəyə qovuşmaq üçün İstanbulu
mühasirə altına alır. Bizans imperatoru
bu hərəkatın qarşılığında Anadolu bəylərini
Osmanlı dövlətinə qarşı təhrik etdi. Sultan II Murad xanın qardaşı Kiçik
Mustafanın üsyan edərək Karaman və Germiyan bəylik
qüvvələrilə Bursanı mühasirə altına
alması nəticəsində II Murad xan İstanbulda bir miqdar
qüvvə buraxıb Bursaya keçdi və Kiçik
Mustafanı yaxalatdırıb cəzalandırdı. Karaman, Eflak bəyləri və venediklilərlə
görüşlər keçirildi, müqavilələr
bağlandı, Candarlı İsfəndiyar bəy itaət
altına alındı.
İstanbulun mühasirəsini davam etdirən Sultan II
Murad xan şəhəri Venedik hakimiyyətinə təslim edə
biləcəyi ehtimalı ilə 22 fevral 1424-cü ildə
bizanslılarla müqavilə imzaladı. Bu müqavilə
ilə Egeq və Qara dəniz sahillərini osmanlılara verən
bizanslılar illik otuz min ədəd qızıl pul xərac
verməyi də qəbul etdilər. Anadoluda
İzmir, Məntəşə, Təkə və Germiyan bəylikləri
Osmanlı dövlətinə qatıldı.
1425-ci ildə Selaniki ələ keçirən venediklilər
osmanlılara qarşı macarlarla ittifaq qurdular. 1426-cı ildə Qərbi
Anadoludan hərəkət edən türk dənizçiləri
venediklilərə aid Əyriboz, Modon və Korona səfər
etdilər. Osmanlı - Venedik hərbi 1425 -
1430-cu illər arasında davam edib. Venediklilərin
Qərb və Şərq dövlətləri ilə ittifaq
qurmalarına baxmayaraq, Sultan II Murad xan 1430-cu ilin fevral
ayında ciddi döyüşlər nəticəsində
Selaniki fəth etdi. Venedik donanması
Geliboluda türk donanmasına hücum etdisə də,
özü dağıldı və məğlub oldu. 1430-cu ilin iyul ayında Osmanlı - Venedik
döyüşünə son verən "Lapseki müqaviləsi"
imzalandı. Selanik osmanlılarda qaldı.
Venediklilər illik vergiyə bağlandılar.
İtalyanların hakimiyyətindəki Yanya əhalisi
tez-tez baş verən despot döyüşlərindən
bezmişdi. Yanyalılar o zaman Selanikdə olan Osmanlı
Sultanı II Murad xana müraciət edib, səmimi qəlbdən
türk ədalətinə sığınaraq hürriyyət
istədilər. Rumeli bəylərbəyi
Sinan paşa əhalinin hürriyyətinə dair Sultan II Murad
xanın fərmanını gətirdikdə şəhərin
açarları osmanlılara təslim edildi. Beləcə, 1431-ci ildə Yanya və ətrafı
Osmanlı hakimiyyətinə daxil oldu.
Balkanlarda
əhalinin Osmanlı ədalətini özünün irq, din və
mədəniyyətindən olan idarədən üstün
tutması, başda Papa idarəsi olmaqla, xristian kral və
şahzadələrini təşvişə
salmışdı. Onlar Balkanlardakı millətlərin
Osmanlı idarəsinə üstünlük vermələrinin
qarşısını almaq üçün müxtəlif bəhanələrlə
əhaliyə zülm etməyə başladılar. Türklər arasında qarışıqlıq
yaratmaq məqsədilə hakimiyyət mücadiləsi aparan
Anadolu bəyliklərini osmanlılara qarşı təhrik
etdilər və Papanın təşviqilə böyük bir
xaçlı ordusu qurmaq üçün hazırlıqlara
başladılar.
1435-ci ildə Karamanoğlu İbrahim bəy yola gətirildikdən
sonra Sultan II Murad xan Rumelinə keçdi. Əli bəyə
Macarıstanı vurmaq əmri verildi. Və 1437-ci ildə
Əli bəyin qırx beş gün davam
etdirdiyi Macarıstan döyüşündə Dəmirqapı
keçilərək Erdelə girildi. Nəticədə,
yürüşçülər Macar şəhərlərinin
hərbi mövqelərini təxrib edib yetmiş min əsir
alaraq böyük qənimətlərlə döndülər.
1439-cu ildə
osmanlılara qarşı düşməncə tövr alan serb kralı Brankoviçdən ölkəsinin
paytaxtı olan Səməndirənin açarları istəndi.
Kral Brankoviç Osmanlının təklifini qəbul
etmədi və bir ordu qurdurdu. Osmanlıların hücum
hərəkatını xəbər alan Brankoviç
Səməndirənin müdafiəsini oğluna həvalə
edib Macar kralına sığındı.
Üç ay sürən mühasirədən sonra 27
avqust 1439-cu ildə Səməndirə qalası fəth edildi. Macarıstan
kralı II Albert Səməndirə qalasını azad etmək
üçün səfərə çıxdı. Macarıstan səfəri komandanlarından İshaq bəy
və Osman Çələbi komandasındakı Osmanlı
ordusu ilə qarşılaşan II Albert döyüş
başlamadan ordusu ilə qaçmağa başladı. Macar ordusunun dağılmış bir halda
qaçışı II Alberti qorxutdu. Belə
bir təlaş içərisində qalan Albert canını
çətinliklə qurtardı. Bu səfərdən
hürkən Bosniya kralı Tvartko da illik iyirmi min qızıl
pulu iyirmi beş minə
çıxardı.
1441-ci ildə Belqradda baş verən müharibənin nəticəsiz
qalması avropalıları son dərəcə ümidləndirir,
onların yeni bir ittifaq yaratmalarına səbəb olur. Macarların
milli qəhrəmanı Hunyadi Yanoşun Bosniyaya girişi
Balkan hökmdarlarının və Anadolu bəyliklərinin də
osmanlılara qarşı birləşmələrinə yol
açıb. Bu zamanlar Sultan II Murad
xanın Karaman oğulları məsələsi ilə məşğul
olmasından istifadə edən xaçlı ordusu 1443-cü
ildə Dunayı aşaraq Sofiya və Nişi öz səlahiyyəti
altına aldı. 1444-cü ildə
Yalvaç döyüşündə hər iki tərəf qəti
bir üstünlük qura bilmir. Belə
olduqda xaçlılar geri çəkilməyə məcbur
olur. Nəticədə, 12 iyul 1444-cü ildə macarlarla
on il müddətinə "Segedin sülh
müqaviləsi" imzalanır.
Sultan II
Murad xan "Segedin sülh müqaviləsi"ndən sonra
Hacı Bayrami Vəlinin İstanbulu fəth edəcəyini
işarət etdiyi oğlu Məhməd (Fateh) lehinə":Sağlığımda oğlumun
padşahlığını görüm" - deyərək
səltənətdən çəkilih. Osmanlı taxtına
hələ on iki yaşında olan II Məhməd xanın gətirilməsi,
on illik "Segedin sülh müqaviləsi"nə baxmayaraq,
başda Papa və macarlar olmaqla, Avropa dövlətlərini
xeyli ümidləndirib. Onlar osmanlılara
qarşı birləşərək
hazırlıqlarını sürətlə tamamladılar.
Hunyadi Yanoş "Segedin sülh müqaviləsi"ni pozaraq, yanında papalıq gücləri
olduğu halda böyük bir xaçlı ordusu ilə zəfər
sevdasıyla hərəkət etdi.
On iki
yaşındakı Sultan Məhməd xan ömrünün
iyirmi səkkiz ilini millət və Vətən uğrunda
müharibə meydanlarında keçirən atası II Murad
xanı, az yaşından ümid edilməyəcək ifadələrin
olduğu tarixi dəvət məktubu ilə yenidən taxta
keçməyə çağırdı. Bu tarixi sənədi,
azyaşlı oğlunun məktubunu alan II
Murad xan da heç zaman itirmədən Manisadan Ədirnəyə
gəldi. Nəticədə, II Murad xanın
komandanlığı əlinə almasından sonra təcrübə,
dəyanət və əsgərlərin daxildən II Murad xana
bağlılığının verdiyi önəmli zəfərlərdən
biri qazanıldı.
Təkrar taxta çıxan Sultan II Murad xan ilk səfərini
Bizans imperatorunun qardaşı Mora despotu Konstantinin təcavüzcəsinə
fəaliyyəti üzərinə etdi. Konstantindən
Morada təcavüzləri dayandırması və
işğal etdiyi ərazidən çəkilməsi istəndisə
də, bu istək rədd edildi. Belə
olduqda əvvəl Turaxan bəy komandanlığında
öncü piyada qüvvələri göndərildi. Nəticədə, Sultan II Murad xanın
komandanlığındakı Osmanlı ordusu 1446-cı ildə
Korent və Balyabadranı zəbt endi.
Macarların milli qəhrəmanı Hunyadi Yanoş Varna
döyüşü zamanı aldıqları məğlubiyyətin
ləkəsini silmək üçün macarlardan başqa
Eflaq, Bogemiya və Almaniyadan çox sayda qüvvə
toplamışdı. Arnavutluq bəyi İsgəndərlə də
ittifaq quran Hunyadi Yanoş özlərilə ittifaqa girməyən
Serbistanı işğal edib Dunayı keçdi.
Osmanlı Sultanı II Murad xan Anadolu bəyliklərindən
də yardımçı qüvvələr alıb
xaçlı ittifaqına qarşı döyüş
hazırlıqlarını tamalamışdı. Kosovyda
düşmənə qarşı döyüşə
hazır vəziyyətdə olan Sultan II Murad xan türk-islam ənənəsini
nəzərə alaraq döyüşdən əvvəl
qarşı tərəfə müqavilə təklif etdisə
də, xaçlılar o böyük insanın təklifini qəbul
etmədilər. Nəticədə, 17
oktyabr 1448-ci ildə başlayan və üç gün davam
edən meydan döyüşləri xaçlıların məğlubiyyətilə
nəticələndi. Hunyadi Yanoş öz
canını bu döyüşdən güclə qurtara bildi.
Daha sonra Sultan II Murad xan Arnavutluq səfərinə
çıxdısa da, səfərini tamamlaya bilmədi. 3 fevral 1451-ci
ildə vəfat etdi. Sultan II Murad xan vəfat
etmədən əvvəl yazdığı vəsiyyətnaməsini
tənzim edib vəzirlərə şahidlik etdirdi. Türk dünyasının tarixi şəxsiyyəti
Sultan II Murad xan Bursada dəfn edildi. Türbəsi
Bursada Muradiyyə məhəlləsində tikdirdiyi caminin
yanındadır.
Sultan II Murad xan böyük sarsıntıdan yeni
çıxmış dövlətin hökmdarı olduğu
zaman çox gənc idi. O zamanlar Anadoluda Teymur xanla yenidən ortaya çıxan
türk bəyliklərinin, Rumelində isə dövlətin zəifliyindən
istifadə etmək üçün fürsət axtaran Balkan
və Avropa dövlətlərinin qorxunc ehtirasları ilə
qarşı-qarşıya idi. Belə böhranlı bir
dövrdə dövlətin idarəsini əlinə alan Sultan II Murad xan həyatı boyunca Anadoluda
türk birliyinin güclənməsi üçün
çalışıb. Rumelidə təbii sərhədlər
içərisində yaşamağı tərcih etməsinə
baxmayaraq, məmləkətinin xeyrinə vəzifədən
qaçmayacaq və həyatını bu yolda fəda etməkdən
çəkinməyəcək qədər cəsur, mətin,
iradəli və əzmli idi. Sultan II Murad xan, daxili və
xarici qayələrlə keçən hökmdarlıq həyatı,
sadəcə siyasi və hərbi baxımdan deyil, mədəniyyət
baxımından da türk tarixində yeni dövr açacaq
olan oğlu Sultan Məhmədə hər cür elmi
inkişafa hazır bir dövlət buraxmışdı.
Sultan II Murad xan incə ruhlu, həssas, lütfkar, adil, mərhəmətli,
cəsur və rəhbərlik qabiliyyətinə sahib yüksək
bir dövlət adamı idi. O, elmi söhbətləri sevər,
alimləri himayə edər və onların
ehtiyaclarını qarşılayardı. Hər
həftə elmi məclislər təşkil edərdi.
Oğlunu və qızlarını evləndirdikdən sonra bir
gün vəziri Çandarlı İbrahim paşaya
dönmüş və: "Ey qoca Çandarlı! Bu dünyada arzulanan nədir ki? Oğul evləndirmək,
qız köçürmək... Bunları
Allah-Təalanın izni ilə yerinə yetirdik. Geriyə
iman ilə getmək qaldı..."- deyib.
Sultan II Murad xan ustaca şeirlər yaza biləcək qədər
güclü bir şair idi. Alimlərə hörmət
göstərib övliyaya izzət və ikramda qüsur etmədiyinə
görə, onun məmləkəti alimlər yurduna
çevrilmişdi. Hər kəsin
duasını qazandı, çox qiymətli əsərlərin
yazılmasına, tərcümə edilib türkcəyə
qazandırılmasına vəsilə oldu. Yazılan əsərlərdə açıq bir
dildən istifadə edilməsini əmr edər, türkcə
yazmaq xüsusunda səy göstərərdi. Onun dövründə Osmanlı sarayı alim və
şairlərin görüşdükləri bir yer halına gəlmişdi.
Bu da Sultan II Murad xanın elmə verdiyi dəyəri
ortaya qoyur. Onun dövründə görülən
çoxsahəli mədəniyyət fəaliyyətləri
sonrakı əsrlərə də təməl təşkil
edib.
Fazil QARAOĞLU,
Professor
Bakı xəbər.-2016.- 18-20
iyun.- S. 13.