İyunun 20-də doğum gününü qeyd edəcək aktrisa İrəvan Dövlət Azərbaycan Dram Teatrında necə qarşılanıb?

Zülfiyyə Eldarqızı: "Teatrda hansı qapını açdımsa, orada tələbələrimi gördüm"

 

"Bu teatrın elə əzmkar, fədakar aktyorları var ki..."

Həmişə demişəm, indi də deyirəm ki, qadının çiyinlərinə götürdüyü yük duz yüküdür. O ömrü boyu "uf" demədən bu yükü şərəflə, məhəbbətlə daşıyır. Bir ayağı mətbəxtdə, bir ayağı işdə, bir ayağı balasının yanında, bir ayağı yasda-toyda. Qadın saat kimi hərəkətdədir. Zülfiyyə Eldarqızı tanınmış bədii qiraətçi olmaqla yanaşı, həm də məsuliyyətli, övladına canını verən anadır. İyunun 20-də növbəti ad gününü qeyd etməyə hazırlaşan İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq müəlliməsi, bədii qiraətçi, maraqlı qadın Zülfiyyə Eldarqızı "Bakı-Xəbər"in doğmasıdır.

Odur ki, ad günü ərəfəsində Zülfiyyə xanımı özünə doğma bildiyi "Bakı-Xəbər" redaksiyasına dəvət etdim.

- Zülfiyyə xanım, xoş gördük. Bilmirəm təsadüfdürmü, yoxsa zərurətdirmi, həmişə sizinlə yayın ilk ayında-eyni vaxtda görüşürük...

- Qətiyyən təsadüfi alınmır bu görüş. Çox sağ olun ki, hər il ənənəvi olaraq ad günüm ərəfəsində məni yada salırsınız və məndən müsahibə götürürsünüz. Deyərdim ki, ad günümü elə ilk təbrik edən "Bakı-Xəbər"çilər olur. Dostlar, sizə minnətdaram!

- Uzun müddət sıxıntı yaşadınız, işsiz qaldınız...Sevinirəm ki, bu günlər artıq arxada qalıb, sizi işdə-gücdə, məşqlərdə görürük.

- Xeyli müddət işsiz qaldım. Düzdür, bu mənə olduqca pis təsir edirdi. Amma atalar demişkən, pis günün ömrü az olar. Mənə ürək-dirək verən insanlar, qayğıma qalan dostlar sağ olsun. Bu çətin vaxtlarda "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov mənə dayaq oldu. Orada "Qarabağın səsi" layihəsində çalışıram. Eyni zamanda bir əsrdən artıq yaşı olan, böyük ənənələrə malik İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi, gözəl sənətkarımız İftixar Piriyev məni rəhbərlik etdiyi teatra dəvət etdi. Onun dəvətini çox böyük məmnuniyyətlə qəbul etdim. Çox böyük ruh yüksəkliyi ilə işə başlamışam, artıq bir neçə əsərdə obrazlar üzərində işləyirəm. Sağlıq olsun, bu ilin oktyabr-noyabr aylarında o tamaşaların premyerası olacaq. Sizi də dəvət edəcəyik...

- Hansı tamaşalarda işləyirsiniz?

- Anton Pavloviç Çexovun "Ayı" əsərində Popova rolu üzərində işləyirəm, eyni zamanda da Aqşin Babayevin Nazim Hikmətin həyat və yaradıcılığına həsr etdiyi "Ceviz ağacı" əsərində də rolum var, onun üzərində də işləyirəm. Başqa əsərlər də var, ancaq onlar haqqında indi danışmaq istəmirəm. Onu da deyim ki, "Ayı" tamaşasının rejissoru Nicat Qəribdir. Gənc bir oğlandır. Amma işinə o qədər məsuliyyətlə yanaşır ki, onunla işləmək mənim üçün maraqlıdır.

- Teatrda özünüzü tapa biləcəksinizmi?

- Bəli tapa bilirəm. Burada işləmək mənim üçün çox xoşdur. Hesab edirəm ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrına gəlməklə doğru addım atmışam.

- Sizinlə bir il əvvəlki söhbətimizdə demişdiniz ki, paytaxtda fəaliyyət göstərən teatrlardan birinə dəvət edilmisiniz. Yəqin ki, hazırkı iş yerinizi nəzərdə tuturdunuz...

- Tamamilə haqlısınız. Bilirsiniz ki, mən 17 il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşam.

- Bilirəm ki, universiteti çox sevirdiniz. İşdən uzaqlaşdırılmağınız sizə necə təsir etdi?

- Olduqca pis təsir etdi. Ömrümün ən gözəl illərini, enerjimi, gözəlliyimi, gəncliyimi bu ali məktəbə vermişəm. Universitet həm də mənim qürur, fəxr yerim olub. Onu da vurğulayım ki, uğurlarım, qazanclarım doğma universitetlə bağlıdır. 17 il az müddət deyil, bir igidin ömrüdür. Mən universitetdən uzaqlaşmağımın səbəbi haqqında geniş danışmaq istəmirəm. Xahiş edirəm ki, siz də, oxucularımız da buna anlayışla yanaşsın. Vaxtı gələndə danışacağam. Bircə onu deyə bilərəm ki, bir tufan əsdi, bir burulğan yarandı və o burulğana düşənlərdən də biri mən oldum. Buna baxmayaraq, mən ilahi ədalətin olduğuna, haqqın təntənəli qələbəsinə inanıram. Çünki düşünürəm ki, orada işləmək mənim haqqımdır. Hər şeyə öz zəhmətimlə nail olmuşam, uğurlarımı dişimlə-dırnağımla qazanmışam.

- Müdafiə ərəfəsində yaşadığınız sarsıntını da unutmamışıq...

- Bəli. Bilirsiniz ki, həmin vaxt nə qədər çətinliklərlə üzləşdim, stres keçirdim. Onu da deyim ki, mənim arxam-dayağım olmayıb, hər şeyi zəhmətimlə qazanmışam. Elə adam var ki, gəlib bir ilin içində müdafiə edir, elmi ad alır. Heç vaxt unutmaram. Professor İlham Rəhimli mənim müdafiəmdə dedi ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti fəxr etməlidir ki, Zülfiyyə xanım kimi zəhmətkeş, ləyaqətli xanım bu universitetdə çalışır. Mən dəyərli müəllimimizə minnətdarlıq edirəm, o mənim əməyimi, zəhmətimi görüb və qiymətləndirib.

- Teatrda sizi necə qarşıladılar?

- Deyim ki, həmişə teatra mənim həvəsim, marağım, sevgim olub. Sadəcə, mən universitetə elə bağlanmışdım ki, teatrda çalışmağa gedə bilmirdim. Teatrda işləmək istəmişəm hər zaman.

Sualınıza cavab olaraq deyim ki, kollektiv məni çox yaxşı qarşıladı. Bilirsiniz ki, bir yerdən başqa bir yerə keçib işləmək bizim yaşda insanlar üçün nə qədər çətindir. Yəni adaptasiya prosesi çox çətin olur. İnanın ki, mən bunu hiss etmədim. İlk getdiyim gündən teatrda hansı qapını açdımsa, orada tələbələrimi gördüm. Bundan böyük səadətmi var müəllim üçün? Bu tələbələr arasında aktyorlar da, rejissorlar da var. Onlar məni sevinclə qarşıladılar, mənə qucaq açdılar.

- Tələbələrinizlə qarşılaşmaq sizdə hansı əhvalı yaratdı?

- Fəxr etdim müəllimlik peşəmlə. Bununla yanaşı, tələbələrimlə qürur duyuram. Çox istedadlıdırlar. Tələbələrimlə qarşılaşmaq məni sevindirdi. Sevindim ki, pərvazlandırıb sənət aləminə uçurtduğumuz tələbələrlə bu gün çiyin-çiyinə işləyirəm. Həm tələbələrimin xoş münasibəti, həm də teatrın yaradıcı kollektivinin istiliyi məni öz ağuşuna aldı. O aktyor və aktrisaların bir çoxu ilə filmlərə çəkilmişdik, tədbirlərdə olmuşduq. Bu teatra adaptasiya olmaq mənə çətin olmadı.

- İş burasındadır ki, teatr mühitində yeni gələnlər elə də isti münasibətlə qarşılanmır. Çox zaman problem yaşanır, hətta kiçik umu-küsülər sonu bitməyən intriqaya çevrilir.

- Tamamilə haqlısınız. Ancaq mən İrəvan Dövlət Azərbaycan Dram Teatrında bunları görmədim. Bilirsiniz, hər şey rəhbərlikdən asılıdır. İftixar müəllim burada elə gözəl mühit yaradıb ki, bu ancaq alqışa layiqdir. Qeyd etdiyimiz kimi, İrəvan Dövlət Azərbaycan Dram Teatrı ənənəsi olan teatrdır və burada on illərlə formalaşan qaydalar, münasibətlər var. İftixar müəllimin formalaşdırdığı ənənə də sənətə, sənətkarın istedadının üzə çıxmasına dəstəkdir. Burada olduqca səmimi bir mühit var, aktyor və aktrisalar çox mehribandırlar. Bu da məni çox sevindirir.

Onu da xatırladım ki, gələn il İrəvan Dövlət Azərbaycan Dram Teatrının 135 yaşı tamam olacaq.

- Mən də dəfələrlə şahidi olmuşam ki, siz ürəyi müəllimliyə bağlı olan sənət adamısınız.

- Razıyam. İftixar müəllim məni teatra dəvət edəndə görüşüb söhbətləşdik. O mənə dedi ki, nə isə gözümə ikiürəkli dəyirsən. Dedim ikiürəkli olmağımın səbəbi mənim universitetə məhəbbətimdir. Çünki mən auditoriyada dərs deməkdən böyük zövq təsəvvür etmirəm. Bəlkə teatrda da öz sözümü deyə bildim. Çalışıram.

- Səhnə sizə yad deyil axı...

- Mən həmişə böyük səhnələrdə olmuşam, dövlət tədbirləri aparmışam. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə rayonlarda, bölgələrdə keçirilən tədbirlərdə çıxışlar edirəm, qastrol səfərlərində oluram. Keçən il xalq artisti Canəli Əkbərovun yubileyini mən apardım. Amma aparıcılıqla teatr səhnəsində oynamaq tamamilə fərqlidir. Teatr səhnəsində bir saat, iki saat ərzində tamaşaçı ilə canlı ünsiyyətdə olursan, onun nəfəsini, hiss-həyəcanını duyursan. Teatr aktrisası olmaq da böyük səadətdir. Bəlkə də Tanrının bir qismətidir ki, mən indi teatrdayam. Hesab edirəm ki, bu mənə uca Yaradan tərəfindən verilən şansdır və bəlkə də teatr aktrisası kimi də uğurlarım olacaq. Onu gələcək göstərəcək. Allahın izni olmadan bir yarpaq belə əsə bilməz.

- Teatrda hansı tamaşalar üzərində iş gedir? İrəvan Teatrının nə kimi uğurları var?

- İrəvan Dövlət Azərbaycan Dram Teatrı, hər zamankı kimi, bu gün də olduqca yüksək səviyyəli tamaşalar hazırlayır. Burada çox güclü sənətkarlar çalışır. Teatr əzmkarlıqla və fədakarlıqla fəaliyyət göstərir. Teatr aprel ayında qardaş Türkiyə Cumhuriyyətində qastrol səfərində olub və tamaşaçılar qarşısında üç tamaşa ilə çıxış edib. Türkiyəli tamaşaçılara təqdim edilən tamaşalardan biri Demet Çizmelinin "Cumhuriyyətin ilk sədası" əsəri olub. Bu pyes böyük Mustafa Kamal Atatürkün cumhuriyyət qurmaq uğrunda apardığı mübarizədən, göstərdiyi fəaliyyətdən bəhs edir. Digər tamaşa İftixar Piriyevin ulu öndərimizə həsr etdiyi "Nurlu ömrün anları" tamaşası olub. "Soyqırım tarixinin dastanı" əsəri də türkiyəli tamaşaçılara təqdim edilib. Bu tamaşa ermənilərin türklərə qarşı törətdiyi soyqırım aktından, onların zülmkarlığından bəhs edir. Teatr kollektivinin Türkiyəyə qastrol səfəri olduqca uğurlu olub.

Onu da vurğulayım ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrı bölgələrimizə də qastrol səfərlərinə gedir. Teatr kollektivi bu günlərdə İftixar Piriyevin "Qurtuluş dastanı" tamaşası ilə respublikamızın cənub bölgəsinə səfər edib. Tamaşa 15 iyun - Qurtuluş Gününə, ulu öndərimizin titanik fəaliyyətinə, onun gördüyü misilsiz işlərə həsr edilib. Ulu öndərin obrazını İftixar Piriyev canlandırıb. Kollektiv Cəlilabad, Lənkəran, Sabirabad və İmişlidə böyük uğurla çıxışlar edib.

Bu teatrın elə fədakar kollektivi var ki, onu başqa kollektivlə müqayisə etmək olmaz.

- Zülfiyyə xanım, fikrimcə, teatrda işləmək sizi bədii qiraətdən soyutmaz. Yeni disk çıxarmaq fikriniz varmı?

- Təbii ki, teatrın öz yeri, bədii qiraətin də öz yeri var. İkisi də əzizdir mənim üçün. "Dördgünlük aprel müharibəsi" məndə böyük ruh yüksəkliyi yaratdı və düşündüm ki, tez bir zamanda vətənpərvərlik mövzusunda bir disk buraxım. Bu diskdə Azərbaycan şairləri ilə yanaşı, Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun da şeirləri olacağını planlaşdırmışam. Həyat yoldaşımın ağır xəstələnməsi, çətin əməliyyat keçirməsi nəticəsində diskin hazırlanması prosesi dayandı. Şükür, indi həyat yoldaşım yaxşıdır. Buna görə göydə Allaha, yerdə Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevə və həkimlərə sonsuz təşəkkürümü bildirirəm. Düşünürəm ki, ilin sonuna qədər vətənpərvərlik mövzusunda diskimi çıxarım.

- Ad gününüzü necə qeyd etmək fikrindəsiniz?

- Açığı, harasa getməyə vaxt yoxdur. İyunun 19-da qızım Ayşənin ad günüdür. İkisini birləşdirib ailə içində qeyd edəcəyik. Bilirsiniz ki, Bakıda "Formula-1" yarışması keçirilir və qızım da "Region" televiziyasının aparıcı müxbirlərindən biri kimi həmin tədbiri işıqlandıran jurnalistlər sırasında olacaq. Bu da ad günümüzü şəhərdən kənarda keçirməyə imkan vermir. İnanıram ki, "Formula-1" ölkəmizə böyük uğurlar gətirəcək. Hamımız bu yarışın olduqca maraqlı keçəcəyinə əminik.

Onu da deyim ki, gələn ay oğlum Orxan əsgər gedəcək. Mən tezliklə əsgər anası olacağam...Balamın yolları uğurlu olsun, vətənə ləyaqətlə xidmət etsin!

- Orxana biz də uğurlar arzu edirik. Doğum gününüz mübarək! Uğurlarınız bol olsun, Zülfiyyə xanım!

İradə SARIYEVA

Bakı xəbər.-2016.- 18-20 iyun.- S. 11.