"Azərbaycan multikulturalizmi" fənni dünya
universitetlərində multikulturalizmin Azərbaycan modelini təbliğ
edir...
I yazı
Azərbaycan multikulturalizmi dünyada ən mütərəqqi
model kimi qəbul edilir. Multikulturalizmin Azərbaycan modelinin
alternativi olmadığı dəfələrlə ən
yüksək səviyyədə vurğulanıb. Bu da məlumdur ki, multikulturalizm ölkəmizdə
azərbaycançılığın vacib hissəsi kimi
mövcuddur.
15 may
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə yaradılan Azərbaycan Beynəlxalq Multikulturalizm Mərkəzi
azərbaycançılıq məfkurəsinə uyğun
olaraq tolerantlığın və mədəni, dini, linqvistik
müxtəlifliyin qorunmasını təmin edən, habelə
Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi
tanıdan, mövcud multikultural modelləri təbliğ və
təşviq edən qurumdur.
Bilirik ki, Azərbaycan Beynəlxalq Multikulturalizm Mərkəzi
həm ölkədə, həm də xaricdə Azərbaycanın
multikulturalizm modelini geniş şəkildə tanıdır,
təbliğ edir. Məlum olduğu kimi, Mərkəz
davamlı olaraq respublika daxilində və ondan kənarda tədbirlər
keçirir.
Diqqətçəkən
məqamlardan biri odur ki, bu tədbirlər xarici ölkələrin
ali məktəblərində
keçirilir. "Azərbaycan multikulturalizmi"
fənni dünyanın bir sıra universitetlərində
keçilir və ortada böyük nəticələr var. Bu
tədbirlərin əhəmiyyəti çoxdur, onlardan biri də
xaricilərə Azərbaycanın yüksək səviyyədə
tanıdılması məsələsidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat
xidmətindən "Bakı-Xəbər"ə daxil olan məlumata
görə, Mərkəz xarici ölkələrdə tədbirləri
davam etdirir.
Bildirilənə görə, xarici ölkə universitetlərində
"Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi
çərçivəsində sözügedən fənnin
keçildiyi dünyanın 13 nüfuzlu ali təhsil müəssisəsi
sırasında Çexiyanın paytaxtı Praqada yerləşən
Karlov Universiteti də var. Mərkəzin mətbuat xidməti əməkdaşları
"Azərbaycan multikulturalizmi" fənnini bu ilin yaz
semestrində həmin universitetdə tədris edən Roza
Şəfiyeva ilə bugünlərdə tədrisin yekun nəticələri,
Azərbaycan multikulturalizminin bu ölkədə təbliği
istiqamətində görülən işlər barəsində
söhbət edib.
Qeyd edilənə
görə, R.Şəfiyeva bildirib: "Dərslər bu ilin
mart-iyun ayı ərzində Karlov Universitetinin Fəlsəfə
fakültəsinin Şərqi Avropa ixtisası və musiqi
bölümünün tələbələrindən, eləcə
də universitetdə Ukrayna dilini tədris edən müəllimdən
ibarət 14 nəfərlik heyətə Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi tərəfindən təqdim edilən
tədris proqramı əsasında keçilib. Tədrisin
sonunda müdavimlər uğurlu nəticə göstərib".
Pedaqoq Praqada olduğu müddətdə "Çex mərkəzləri"
təşkilatının əməkdaşları ilə
görüş keçirib, Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Adıçəkilən
təşkilatın rəhbərliyi Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi ilə əməkdaşlıq etməyə,
birgə layihələr həyata keçirməyə
hazır olduqlarını bildirib.
R.Şəfiyevanın təşəbbüsü və
"Azərbaycan multikulturalizmi" fənnini öyrənən
tələbələrin iştirakı ilə aprel ayında
Karlov Universitetində "Azərbaycan mətbəxi"
günü keçirilib. Tədbirdə tələbələr
milli mətbəximizə aid təamlar hazırlayıb, Azərbaycan
xalq musiqilərini dinləyib. Tədbirin
sonunda iştirakçılara milli mətbəximizi əks
etdirən "Azerbaijani cuisine" adlı kitab hədiyyə
olunub.
Çexiyada Azərbaycanla bağlı daha bir maraqlı
təqdimatı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
təşkil etdiyi Qış məktəbinin
iştirakçısı, eyni zamanda 2015-ci ildə "Azərbaycan
multikulturalizmi" fənninin dinləyicisi Yakup Blinka təqdim
edib. Y.Blinka həmin
kursun hazırkı dinləyiciləri ilə Qış məktəbi
haqqında təəssüratlarını
bölüşüb, dərs zamanı Azərbaycan
haqqında dinlədiyi, oxuduğu məlumatları, burada
müxtəlif millətlərin və dinlərin nümayəndələrinin
birlikdə sülh içində yaşadıqlarını
öz gözləri ilə görüb şahidi olduğunu
bildirib və Azərbaycan xalqının qonaqpərvərliyini
xüsusilə vurğulayıb. Sonda o,
çoxsaylı sualları cavablandıraraq bütün dinləyiciləri
növbəti Yay məktəbində iştiraka dəvət
edib".
R.Şəfiyeva
söhbətində önəmli məqam kimi Azərbaycanın
Çexiyadakı səfirliyinin, bilavasitə səfir Fərid
Şəfiyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
həyata keçirdiyi layihələrə dəstək
olduğunu, "Azərbaycan multikulturalizmi" fənnini
öyrənən tələbələrlə
vaxtaşırı görüşlər keçirildiyini diqqətə
çatdırıb: "Azərbaycanın Çexiyadakı
fövqəladə və səlahiyyətli səfiri Fərid
Şəfiyev aprel ayında Karlov Universitetində "Azərbaycan
multikulturalizmi" fənni üzrə təhsil alan tələbələrlə
görüşüb. "Azərbaycan
Respublikasının multikulturalizm siyasəti və ölkənin
sosial-iqtisadi inkişafı" mövzusunda oxunan mühazirədən
sonra tələbələr Azərbaycan multikulturalizmi, ölkəmizin
daxili və xarici siyasəti, tarixi və digər sahələri
ilə bağlı maraq doğuran çoxsaylı suallarla səfirə
müraciət edib. Fərid Şəfiyev
sualları cavablandıraraq tələbələrin Azərbaycanla
bağlı biliklərinin artması və inkişafı
üçün mövcud imkanları çərçivəsində
səfirliyin dəstəyini əsirgəməyəcəyini
bildirib. Səfirlik əməkdaşları ilə daha
bir görüş may ayında keçirilib. Səfir Fərid
Şəfiyev və səfirliyin mədəniyyət və
humanitar məsələlər üzrə müşaviri Nigar
Əfəndiyeva Karlov Universitetində "Azərbaycan
multikulturalizmi" fənni üzrə təhsil alan tələbələrlə səfirlikdə
keçirilən görüşdə Azərbaycanla
bağlı planlaşdırılan tədbirlər barəsində
məlumat verib. N.Əfəndiyeva tələbələri səfirlikdə
yerləşən Azərbaycanın mədəniyyəti və
tarixi nümunələri ilə tanış
edib. Sonda tələbələrə Azərbaycana aid kitablar
paylanıb".
Litvada Azərbaycan multikulturalizmi ilə bağlı tədbir
keçirilib.
Qeyd etdiyimiz kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
(BBMM) xarici ölkələrin universitetlərində "Azərbaycan
multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində
dünyanın 13 nüfuzlu universitetində sözügedən
fənn tədris edilir.
Xatırladaq ki, bu ilin yaz semestri ərzində "Azərbaycan
multikulturalizmi" fənni Litva Pedaqoji Universitetində də
tədris olunub. Fənni tədris edən filologiya elmləri üzrə
fəlsəfə doktoru Əfsanə Məmmədova Litvada fənnin
tədrisinin yekun nəticələri, Azərbaycan
multikulturalizminin bu ölkədə təbliği və təşviqi
istiqamətində görülən işlər barəsində
Mərkəzin mətbuat xidməti əməkdaşlarına
məlumat verib: "Ölkəmizin Litvadakı səfirliyi tərəfindən
açılan Nizami Gəncəvi adına otaqda keçirilən
Azərbaycan multikulturalizminin ümumi qayəsi və məramı
haqqında tanışlıq səciyyəli ilk dərsdə
universitetin beynəlxalq əlaqələr departamentinin rəhbəri
Kestutis Salaveyus, şöbə müdiri Loreta Xodzkien və
departamentin bir neçə əməkdaşı da iştirak
edirdi. Mühazirələr Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin proqramı əsasında və
slaydlar şəklində təqdim olunub. Qeyd
edim ki, Azərbaycan multikulturalizminin tarixi, ictimai-siyasi səbəbləri,
ədəbi-bədii qaynaqlarda izləri tələbələrin
ən çox maraq göstərdiyi sahədir. Mühazirələrin sonunda tədrislə
bağlı bilik səviyyəsini yoxlamaq üçün
keçirilən sorğuda fərqlənən 3 tələbə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil
etdiyi Yay məktəbinə müraciət etmək
şansı qazandı".
Mətbuat
xidmətindən verilən məlumata görə, Əfsanə
Məmmədova Litva Pedaqoji Universitetində tədrislə məşğul
olmaqla yanaşı, Vilnüs Universitetində və
Kaunasın Vyatautas Magnus Universitetində qonaq mühazirəçi
qismində müştərək və birdəfəlik olmaqla
silsilə mühazirələrlə çıxış
edir.
Məlumata
görə, pedaqoq mühazirələrdə Azərbaycanın
tarixi, Dağlıq Qarabağ münaqişəsi, ölkəmiz
müstəqilliyini qazandıqdan sonra əldə etdiyi
uğurlar, ev sahibliyi etdiyi beynəlxalq tədbirlər və
sair haqqında da ümumi bilgi verməklə yanaşı,
multikulturalizmin dünya təcrübəsi, Azərbaycan
multikulturalizminin tarixi, sosial-ictimai səbəbləri, ədəbi-bədii
qaynaqları haqqında məlumat verib, müxtəlif din və
millətlərdən olan xalqların multikonfessional dövlət
tərkibində dostluq, sülh şəraitində
yaşadıqlarını, dil, din fərqinə baxmayaraq,
hamının eyni hüquq və bərabərliyə malik
olduqlarını bildirib. Alim milli kimlik və
milli birlik ideologiyası haqqında litvalılarla
yanaşı, İtaliya, Ukrayna, Türkiyə, İspaniya və
Rusiyadan olan tələbələri məlumatlandırıb.
Əfsanə Məmmədovanın Vilnüs Universitetində
keçirdiyi ilk mühazirəsi Novruz bayramına təsadüf
etdiyi üçün tələbələri bu bayramın adət-ənənələri
ilə tanış edib, öz təşəbbüsü
ilə tələbələr üçün şənlik təşkil
edərək onları Novruz şirniyyatına qonaq edib.
Ə.Məmmədova
Vilnüs Universitetinin Xarici dillər və Şərq dilləri
Departamentinin müəllim heyəti ilə görüşüb:
"Qeyd edim ki, Vilnüs Universitetindəki say etibarilə
ikinci birdəfəlik mühazirəm Türk Bilim Mərkəzi
tərəfindən təşkil olunub. Mayda
qonaq mühazirəçi qismində növbəti birdəfəlik
mühazirəm isə Kaunasin Vytautas Magnus Universitetinin
Politologiya kafedrasının tələbələri
üçün nəzərdə tutulmuşdu. Mühazirə böyük maraqla
qarşılandı. Tələbələr
arasında 4 azərbaycanlı da var idi. Kafedranın
müdiri dr. Andzejus Puksto məni çox
gözəl qarşıladı, 2014-cü ildə Azərbaycanı
ziyarət edərkən aldığı xoş təəssüratlarla
bölüşdü.
Beynəlxalq departamentin rəhbəri Kestutis Salavejus ən
sadiq tələbələrim sırasında idi. Azərbaycan multikulturalizminə,
xüsusilə də Azərbaycanın müxtəlif millətlərdən
olan xalqlara əsrlər boyu ev sahibliyi
etdiyini öyrənən alim ölkəmizdə litvalıların
izlərinə düşərək, bu səpkidə bir
sıra dəyərli məlumatlar toplamağa müvəffəq
olub. Məhz onun sayəsində Litvanin məşhur
yazıçılarından, Litvanın tanınmış
alimi, ictimai xadimi Vintsas Krevenin yaradıcılığı ilə
tanış oldum, onun 20-ci əsrin əvvəllərində ADR
vaxtında Azərbaycanda Litvanın konsulu kimi
çalışdığını, Azərbaycana dair bir
sıra hekayələr qələmə
aldığını öyrəndim. Litvadakı
Azərbaycan diasporunun sədri Mahir Həmzəyevin Vintsas
Krevenin həyat və yaradıcılığına, eləcə
də Azərbaycan dövrünə dair çox sayda məqalə
və tərcümələri var. Krevenin "Azəristan
ölkəsi" adlı əsəri ilə
tanışlıq da məhz Mahir Həmzəyevin tərcüməsi
sayəsində mümkün oldu. Bu
tanışlıq sonradan gözəl bir layihənin ərsəyə
gəlməsinə səbəb oldu. Sözügedən
hekayəni bəzi əlavə və dəyişikliklərlə
mayın 30-da Litva Pedaqoji Universitetində səhnələşdirdim.
Teatr tamaşası Azərbaycan klassiklərinin
musiqiləri ilə müşayiət olunurdu. İngilis dilində səhnəyə qoyulmuş
tamaşa Azərbaycanın müstəqillik gününə
həsr edilmişdi.
Multikultural ideyaların qabardıldığı
tamaşaya aktyor qismində müxtəlif millətlərdən
olan tələbələri cəlb etdim. Litvalı,
türk, rus, azərbaycanlı və ukraynalı tələbələrdən
ibarət 13 nəfərlik heyətin hazırladığı
tamaşa fərqli formatda tərtib olunmuşdu.
Tamaşanın nümayişindən sonra Litva Pedaqoji
Universitetinin yeganə azərbaycanlı tələbəsi Arif
Qafarovla birgə "Sarı gəlin" xalq
mahnısını piano və gitarada ifa etdik. Tamaşa və
ifa hərarətlə alqışlandı.
Hesab edirəm ki, Litvada tədris müddətində
xarici tələbələrə həm mühazirələr,
həm müxtəlif görüşlər, həm də
şəxsi təşəbbüslərimizdən irəli gələn
layihələr vasitəsilə Azərbaycan multikulturalizmini
daha geniş şəkildə təbliğ və təşviq
etməyə müvəffəq olduq".
İradə
SARIYEVA
Bakı xəbər.-2016.- 17 iyun.- S. 15.