Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi...

Zaman 1 aprel 2016... Məkan Azərbaycan... Günlərdən Qarabağ günü... Gecənin sükutunu pozan ermənidi, cavab verən Azərbaycan Ordusudu... Qaçan ermənidi, qovan Azərbaycan Ordusudu. O Ordu ki, əsir torpaqlarımızı düşmən tapdağından qurtarmaq üçün bir himə bənddir - bir əmrə müntəzirdir ki, erməninin illər ərzində aldığı torpaqları sayılı günlər keçmədən qaytarsın, dünyanın ən gözəl bayrağı - Azərbaycan bayrağı yenidən doğma torpaqlarımızda dalğalansın... Amma...

Tale elə gətirdi ki, bu dəfə Qarabağ dərdini yaşamaq bir deyil, bir neçə nəslin qismətinə düşdü. Aradan keçən 25 illik nigarançılıq dövrü isə Qarabağ adlı yaranın qaysaq tutmasına imkan vermədi. Elə Azərbaycanın bu bənzərsiz gözəlliklər diyarı uğrunda şəhid düşən qəhrəman övladların narahat ruhları da hələ sızlayır Qarabağ adı gələndə...

Bütün bu illər ərzində özünün ayrılmaz bir parçası olan Qarabağ üzərindən oynanan çox oyunlara şahidlik etdi Azərbaycan. Rusiyanın hegemonluq ambisiyaları, Ermənistanın işğalçılıq niyyətləri, ABŞ-ın regionda apardığı nüfuz savaşına meydan oldu gözəlim məmləkətim. Ən müxtəlif humanist adlar altında fəaliyyət göstərən beynəlxalq təşkilatlar isə bu "Qordi düyünü"nə seyrçi qalmaqla kifayətləndilər. Heç onların Qarabağın Azərbaycan torpağı olmasına dair qəbul etdiyi sənədlər də populizmdən o tərəfə keçmək gücündə olmadı. Lakin Azərbaycan dövləti heç bir oyuna gəlməyərək başını dik tutdu, müstəqilliyin ilk kövrək addımlarını atsa da dirəndi, dünyaya göstərdi ki, yürüdüyü yol Haqq yoludur! Bu yolda ölmək də var, öldürmək də, yalnız öz torpağından vaz keçmək yoxdur! Olmayacaq! Bu 25 illik zaman kəsiyində Azərbaycan, deyil ayaqda qalmağı, özünün regionun aparıcı ölkə olmasını da təmin etdi: dünyaya açıldı, inkişaf etdiyeri gələndə sözünü dedi - onu eşitməyən, bəlkə də eşitmək istəməyən dünyanın kar qulaqlarına çatacaq qədər ucadan dedi. Bu gün alman Bundestaqı özünün ləkəli keçmişini pərdələmək üçün Xocalı qətliamının üzərindən sükutla keçib qondarma erməni "genosid"ini tanımaqla Ermənistana mənəvi dayaq dura bilər, "dost" münasibətində olduğumuz İran əl altdan blokada şəraitində qalan işğalçı ölkəyə maddi yardım əlini uzada, onunla öz ərazisi arasında körpü inşa edə bilər, lakin bunların heç biri tarixin təkərini geri fırlatmaq, yaxud Azərbaycanın ərazisini ondan qoparmaq gücündə deyil. Ortada isə qarşı tərəf üçün qətiyyən xoş olmayan bir həqiqət var: Azərbaycan 25 il öncəki ölkə deyil! Elə əslində dövlət büdcəsi Azərbaycan Ordusunun büdcəsi qədər olan Ermənistanın "aprel müharibəsi"ni başlatması da bu gerçəyin etirafı idi...

Məsələ burasındadır ki, ötən müddət ərzində hər zaman arxasında duran güclərə güvənən Ermənistan son illərdə Azərbaycanın artan nüfuzunun fərqindədir və getdikcə perspektivə ümidini daha çox itirir. Torpaqlarımızı uzun illərdir işğal altında saxlasa da, bu torpaqlarda qurduğu qondarma "respublika"nı, deyil dünya dövlətləri, heç öz parlamentinin tanımaması isə bu ölkə rəhbərliyinin elə öz daxilində nüfuzunu heçə endirib. Məhz daxildə artan bu gərginliyi ört-basdır etmək məqsədilə bu il aprelin 2-nə keçən gecə Azərbaycan üzərinə hücuma keçən Ermənistan bununla əslində özünü daha çətin duruma salmış oldu. Mahiyyətinə uyğun olaraq, atəşkəsi pozub, sonra bu təşəbbüsün Azərbaycan tərəfindən gəldiyini israrla ictimai şüura yeritməyi hədəfləyən işğalçı ölkə bununla həm gündəm mövzusunu dəyişməklə ölkə içində artan narazılığı səngitmək, həm də Azərbaycanı aqressor kimi təqdim edib, onun beynəlxalq arenada qazandığı nüfuza kölgə salmaqla bir daşla iki quş vurmağı düşünürdü. Əvəzində isə özünü daha gülünc duruma saldı. "Dördgünlük müharibə"nin sonucları Ermənistan üçün o qədər gözlənilməz oldu ki, hətta hər zaman sərgilədikləri özünü sındırmamaq kimi təşəxxüslü davranışı da bir kənara buraxaraq, açıq mətnlə Rusiyanı arxalarında durmamaqda ittiham etməyə başladılar. Prezident Serj Sarkisyan bəyan etdi ki, Rusiya Azərbaycana raket satır, Ermənistana isə raketdən müdafiə sistemləri vermir, halbuki, bu sistemləri elə Ermənistan ərazisindəki hərbi bazasında saxlayır. Bu ölkənin müdafiə naziri isə Azərbaycanın erməni tərəfinə rus silahları ilə cavab verməsini Rusiyanın Ermənistana arxadan vurulan zərbəsi adlandırdı. Bütün bunlar bu ölkə daxilində emosiyaları daha da coşdurdu. İş o yerə gəlib çatdı ki, əsgər anaları küçələrə çıxıb Qarabağa görə övladlarını ölümə göndərməyəcəklərini bəyan elədilər. Bu əsnada baş verən ən maraqlı olay isə Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyanın elə parlamentin tribunasından Qarabağ torpaqlarının ermənilərə aid olmadığını açıq mətnlə səsləndirməsi oldu. "Dağlıq Qarabağ və hazırda nəzarətimizdə olan torpaqlarla bağlı yanlış təsəvvürlərə qapılmaq gərək deyil. Bu yanlışlıq bizə çox baha başa gələ bilər. Hazırda nəzarətimizdə olan, əlimizə keçirdiyimiz torpaqları nə zamansa azad etməli, oradan çəkilməliyik. Reallığı anlamaq gərəkdir"- deyən erməni vitse-spikerin bu sözləri isə ölkədə əsl bomba effekti yaratdı. Bu əsnada Ermənistan onun da fərqinə vardı ki, Rusiya arxasından çəkilir. Bu günə qədər dünyanın gözünə kül üfürərək söylədikləri yalanların artıq aparıcı dünya ölkələrində effekt vermədiyini görən erməni fəalları isə bu dəfə Azərbaycanın haqlı Qarabağ tələbinə etiraz yürüşləri keçirmək üçün daha "ekzotik", məsələn, Uqanda kimi Qarabağ barədə qəti təsəvvürü olmayan ölkələrə üz tutdular...

Gözləmədiyi halda aldığı tərs şapalaqdan özünü itirmiş rəsmi İrəvan özünə gələr-gəlməz əlindən çıxan torpaqların fərqinə vardı. "Saqqal dalınca gedib, bığı da qoyub gələn" Serj Sarkisyan vəziyyətdən çıxmaq üçün öncə həmin ərazinin əhəmiyyətsiz olduğunu əslində daha çox daxili auditoriyaya təlqin etməyə çalışdı. Lakin dərhal da təpki ilə üzləşdi: istefada olan yüksək rütbəli hərbçilərindən biri bu fikrə qəti etiraz edərək, Azərbaycan Ordusunun bir həmlədə aldığı Lələ təpənin çox önəmli strateji ərazi olduğunu açıqladı. Bunun ardınca özünü sındırmayan erməni prezidenti Azərbaycanın işğaldan azad etdiyi ərazinin cəmi 800 hektar olduğunu deyib, əslində həmin torpaqların geri alınmasının onlar üçün problem olmadığını, lakin baş verə biləcək insan itkisinə dəyməyəcəyi səbəbindən buna getmədiklərini ictimai fikrə yeritməyə cəhd etdi. Buna isə Azərbaycan Prezidentinin cavabı özünü çox gözlətmədi və İlham Əliyev həmin ərazilərin 800 deyil, 2000 hektar olduğunu bildirdi. Ali Baş Komandan onu da bildirdi ki, torpaqlarımızda ikinci ermənistan dövlətinin yaradılmasına heç zaman imkan verməyəcəyik: "Çünki bunun başqa yolu yoxdur. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və son hadisələr bunu bir daha göstərdi. Bizə qarşı edilən silahlı təxribat cavabsız qalmadı. Bunu hamı bilir. Ermənistan rəhbərliyi nə qədər tez anlasa ki, onlar ancaq Azərbaycanla sülh şəraitində inkişaf edə bilərlər, münaqişəyə bir o qədər tez son qoyular". Yaranmış situasiyada bu sözlər erməni tərəfinə çox önəmli bir mesaj idi...

"Dördgünlük müharibə"nin dayandırılmasından keçən müddət ərzində Ermənistan müharibənin başlanması və atəşkəs təşəbbüsünün özünə aid olduğunu hər vəchlə gizlətməyə, aqressiyanın Azərbaycan tərəfindən baş verdiyi fikrini ciddi-cəhdlə ictimai fikrə sırımağa çalışır və təəssüf ki, bəzi hallarda buna nail olur. Lakin faktdır ki, artıq beynəlxalq aləm hər şeyi öz adı ilə çağırmağa meylli görünür. Ən əsası isə, bu "dördgünlük müharibə" bir məsələni dəqiqliyilə ortaya qoydu: Azərbaycan bundan sonra status-kvonun qalmasına razı olmayacaq. Ermənistan həm də onu anladı ki, Azərbaycan hərbi çözüm yoluna əl atarsa, qarşısında dura bilməyəcəklər. Atəşkəsin dərhal ardından Rusiya XİN başçısı Sergey Lavrovun öncə Bakıya, daha sonra İrəvana təcili səfər etməsi və erməni tərəfinin bu səfərin nəticələri barədə israrla susqunluq nümayiş etdirməsi də düşünməyə əsas verirdi ki, nəhayət, şərait Azərbaycanın xeyrinə dəyişməkdədir. Üstəlik, həmin günlərdə Ermənistan ordusunun bərbad vəziyyətdə olması da tam çılpaqlığı ilə özünü göstərdi. Belə ki, həmin günlərdə sosial şəbəkələrdə yayılan video-süjetlər erməni ordusunun canlı qüvvə sarıdan korluq çəkdiyini ortaya qoydu. Bəlli oldu ki, düşmən ölkə hətta taksi sürücüsü, çoban kimi təsadüfi adamları təhriklə orduya cəlb edərək cəbhəyə göndərib və bu faktlar Rusiya telekanalının çəkdiyi süjetdə elə ermənilərin öz dilindən səsləndirildi...

Azərbaycan isə...

O gecə Azərbaycan böyük bir coşqu yaşayırdı. Telefonlar, sosial şəbəkələr müjdə xəbərlərilə dolub-daşırdı! Bəlkə də ölkəmizin tarixində belə bir hadisə görünməmişdi: insanlarımız müharibənin başlamasına sevinirdi! Yox ki, millətimiz savaş, qan-qada istəyirdi, o sadəcə çoxdan, lap çoxdan gözlədiyi qələbəyə təşnə idi! "Lələ-təpəni aldıq!", "Madagiz...", "Vur, komandir, vur!" sözləri sosial medianı sözün həqiqi mənasında çalxalayırdı. Bu tarixdə yaşananların ən sevindirici tərəfi isə o oldu ki, bu "dördgünlük müharibə" bəlkə də hər birimizin ürəyindən keçirdiyi gizli bir nisgili silib atdı. Yəni buna qədər içimizdə bir narahatlıq var idi ki, aradan çox sular axıb və Qarabağı tanımayan bir nəsil yetişib. Bugünkü gəncliyimizi təşkil edən həmin nəslin isə Qarabağ uğrunda əzmlə döyüşə atılacağına, istəməsək də, bir qədər skeptik yanaşırdıq. Lakin "dördgünlük müharibə" göstərdi ki, bu hisslərimizdə yanılmışıq və nə yaxşı ki, yanılmışıq. Milli Ordumuzun dörd gündə dörd ilə dəyəcək qələbəsi sildi o nigarançılığı qəlbimizdən. Ordumuzun uğurlarından vəcdə gəlib könüllü olaraq döyüşə getmək üçün Müdafiə Nazirliyinə müraciət edən yüzlərlə ciyərli oğlanlarımız yox etdi bu vəsvəsəni daxilimizdən. Baş verənlər göstərdi ki, nə qədər zamanın keçməsinin heç bir əhəmiyyəti yoxdur və dəyişməyən bir gerçəklik olduğu kimi qalır - Azərbaycan torpaq itkisilə heç vaxt barışmayacaq. Bəli, itkilərimiz də oldu, Azərbaycan Prezidentinin Milli Qəhrəman adı verdiyi Murad Mirzəyev, Samit İmanov, Şükür Həmidov kimi onlarla oğul itirdik, lakin əvəzində xalqın oyanışını qazandıq, milli özünüdərkin, azərbaycançılığın təntənəsini gördük - ürəyi parçalansa da, "Vətən sağ olsun" deyən şəhid valideynlərinin böyüklüyündə gördük bu təntənəni...

O nigaran, savaşlı günlərdə ölkədə yaşanan ruh yüksəkliyi görülməyə dəyərdi. Cəbhədən ölüm xəbərləri gəlirdi, lakin insanlarımızda həyat eşqi qaynayırdı. Bu, görünməmiş, bu vaxta qədər hiss etmədiyimiz bir duyğu idi. İnsanlarda ruh yüksəkliyi o həddə çatmışdı ki, yaşından, sosial vəziyyətindən, cinsindən asıolmayaraq hər kəs cəbhəyə can atırdı. Onsuz da gözəl Bakımız isə evlərin eyvanlarında, avtomobillərdə dalğalanan bayraqlarla bir başqa füsunkarlıq qazanmışdı həmin günlərdə. Hər kəs özünü düşmən üzərinə ildırım kimi yeriyən qalib ordunun əsgəri timsalında görürdü. Sanki səfərbərlik elan olunmadan millət özü-özünü səfərbər etmişdi. Hətta yaşlılar da bu sıradan geri qalmamaq üçün Ordumuza ərzaq, pal-paltar göndərməklə dəstək olmaq istəyirdilər. Bu əsla Azərbaycan dövlətinin Ordumuza göstərdiyi qayğıdan nigarançılığın göstəricisi deyildi, bu hər bir Vətən övladının bu müqəddəs savaşa fərd olaraq töhfə vermək istəyi idi. Axı hamı irəlidə görünən qələbənin bir zərrəciyi olmaq arzusunda idi, amma... Olmadı... Azərbaycan dövləti bu dəfə də özünün prioriteti elan etdiyi humanizm prinsiplərini əsas tutaraq, qarşı tərəfin atəşkəs istəyinə müsbət cavab verdi.

Hazırda Vyana görüşünün ardından bu ayın sonlarında prezidentlərin Qarabağ çözümü üzrə növbəti görüşü planlaşdırılır. Azərbaycan bu danışıqlardan çox şey gözləyir. Həmsədr ölkələrin "Madrid prinsipləri"ni yenidən gündəmə gətirməsi, başda ABŞ olmaqla aparıcı dünya dövlətlərinin işğal altındakı torpaqların Azərbaycana qaytarılmalı olduğunu artıq açıq mətnlə bəyan etməsi isə düşünməyə əsas verir ki, zaman həqiqətən Azərbaycanın xeyrinə işləyir.

"Yanlış da bir naxışdır" deyib müdriklərimiz. Erməni tərəfinin Azərbaycanın üzərinə yeriməsi də belə bir "yanlış" olmaqla bu uzunmüddətli problemin həllində yeni bir mərhələ açdı. Bu mərhələnin sonunda isə işıq görünür - gur bir işıq...

Samirə SƏFƏROVA

Bakı xəbər.-2016.- 17 iyun.- S. 13.