Bəxtiyar Vahabzadə yaradıcılığında azərbaycançılıq elementləri...

Azərbaycan poeziyasının, dramaturgiyasının, elminin görkəmli nümayəndələrindən biri də xalq şairi Bəxtiyar Vahabzadədir. Ədəbi yaradıcılığını Azərbaycan dövlətçiliyinin qurulmasına, inkişafına, tərəqqisinə həsr edən B.Vahabzadə ədəbiyyatımızda, ictimai fikrimizdə, elmimizdə elə bir zirvə fəth edib ki, o yer əlçatmazdır. B.Vahabzadənin adı gələndə yada böyük vətənpərvər şair, Azərbaycan dilinin mübariz mühafizəçisi gəlir.

Tədqiqatçılar haqlı olaraq yazır ki, Azərbaycan poeziyasında vətəndaşlıq ruhunun qüvvətlənməsində və sənətkarlıq imkanlarının genişlənməsində B.Vahabzadənin müstəsna xidmətləri var. Dilimizin poetik imkanlarından məharətlə bəhrələnən şair fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmağa müvəffəq olub. Mənəvi ucalıq, dünya və zaman, təbiət və insan həyatının mənası haqqında düşüncələrlə zəngin poeziyası ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanıb. Şairin dərin lirizmi ilə səciyyələnən sözlərinə çoxsaylı mahnı bəstələnib.

B.Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərlərinin gənc nəslin tərbiyəsində böyük rolu olub. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü Vahabzadə dramaturgiyasında böyük mərhələ təcəssümünü tapıb. Onun pyesləri Azərbaycan və eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə geniş şöhrət gətirib. B.Vahabzadə həm də alim kimi Azərbaycan elmi qarşısında xidmətlər göstərib. Şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərlərini elmi ictimaiyyət həmişə dərin maraqla qarşılayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə B.Vahabzadə yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil edib.

Ana dilimizin keşiyində duran, onu yorulmadan təbliğ edən B.Vahabzadə böyük bir ədəbi irsi bizə yadigar qoyub. Tədqiqatçılar yazır ki, B.Vahabzadənin hər bir əsəri əks-səda doğurmuş, qısa vaxtda oxucular arasında yayılıb. Çünki bu poeziya Azərbaycan adlı ananın südündən, isti nəfəsindən yoğrulmuş müdrik poeziyadır:

Dil açanda ilk dəfə ana söyləyərik biz,

"Ana dili" adlanır bizim ilk dərsliyimiz.

İlk mahnımız laylanı anamız öz südüylə

İçirir ruhumuza bu dildə gilə-gilə.

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizə əhdi-peymanımızdır.

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi.

Bu dil əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək

Qoruyub nəsillərə biz də hədiyyə verək.

Azərbaycan dövləti B.Vahabzadə yaradıcılığına, onun fəaliyyətinə, şəxsiyyətinə hər zaman sayğı bəsləyib və ədibin əməyi, zəhməti dövlət tərəfindən qiymətləndirilib.

B.Vahabzadənin bir neçə dəfə yubileyi qeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

B.Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. 14 yanvar 2015-ci ildə imzalanan sənəddə qeyd edilir ki, 2015-ci ilin avqust ayında Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 90 illiyi tamam olur.

Sənəddə vurğulanır ki, B.Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır: "Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması B.Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi".

Ölkə başçısı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Milli Elmlər Akademiyası və AR Təhsil Nazirliyi ilə birlikdə (Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla) yubileyin yüksək səviyyədə təşkil edilməsi üçün göstəriş verib.

Ölkəmizin bir çox yerində, elm və mədəniyyət müəssisələrində, məktəblərdə görkəmli şairin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilib.

Şübhəsiz ki, B.Vahabzadə poeziyası Azərbaycan xalqına doğmadır, əzizdir. Yubiley çərçivəsində bir neçə tədbir keçirilib. Onlardan biri "Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin fenomeni kimi" mövzusunda elmi konfransdır.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli B.Vahabzadənin həyat və yaradıcılığından, onun XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb: "Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr bəxş edən xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2015-ci il 14 yanvar tarixli Sərəncamı ədəbiyyatşünas və ictimai xadimin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir. Azərbaycan fəlsəfəsini, dilini, poeziyasını dünyaya çatdırmaq üçün söz daşıyıcısı B.Vahabzadənin yaradıcılığını öyrənmək zəruridir. Azərbaycançılıq fəlsəfəsi mövcud olduğu təqdirdə bu fəlsəfənin tərkib hissəsinə çevrilən dahi Bəxtiyar Vahabzadənin yaradıcılığı da daim yaşayacaq".

Professor Şirindil Alışanlı "Bəxtiyar Vahabzadə XX əsr ədəbiyyatının fenomeni kimi" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, XX əsrdə Azərbaycan xalqının dünya poeziyasına bəxş etdiyi korifey sənətkarlar arasında xalq şairi B.Vahabzadə önəmli yer tutur. B.Vahabzadə təkcə milli Azərbaycan bədii təfəkkürünün fenomeni deyil, ümumtürk bədii-fəlsəfi hadisəsidir: "Zamanı qabaqlayan idrak, tarixi həzm edən fəlsəfi düşüncə, milli əxlaq, ali türkçülük qayəsi, ideala sədaqət bir şair-mütəfəkkir kimi onu səciyyələndirən, ona nüfuz gətirən başlıca xüsusiyyətlərdir. Kökləri dahi Füzulidən qaynaqlanan fəlsəfi-intellektual poeziya təmayülünü XX əsrdə yekunlaşdırmaq səadəti ona nəsib olub".

Tədbirdə professor Sevil Mehdiyevanın "İstiqlal şairi B.Vahabzadə", filologiya üzrə elmlər doktoru Sara Osmanlının "B.Vahabzadənin ədəbi-estetik görüşləri", filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərlinin "B.Vahabzadə poeziyasında vəzn və janr müəyyənliyi" və sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayevanın "B.Vahabzadə pyeslərinin səhnə təcəssümü" mövzusunda məruzələri dinlənib.

Qeyd edək ki, Vahabzadə Bəxtiyar Mahmud oğlu 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçüb (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil alıb (1942-1947). Universitetin aspiranturasında saxlanıb, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunub. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb (1950-1990). 1990-cı ildə təqaüdə çıxıb. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilib. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. O, həmçinin, Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı Şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı Xalq Deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunub.

Tədqiqatçılar bildirir ki, B.Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub. Tədqiqatçılar yazır ki, bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız 2 ildən sonra işə bərpa edilib. O dövrün mənzərəsi haqqında görkəmli alim, professor Şirməmməd Hüseynov yazırdı: "Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirib. Birbaşa sovet diktaturasını ifşa edən əsərlərini isə şair Sovet İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirib".

Onu da qeyd edək ki, B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.

Bildiyimiz kimi, görkəmli ədib 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan ədəbiyyatında, ictimai fikir tariximizdə müstəsna rol oynayan B.Vahabzadə özündən sonra böyük bir irs qoyub. Həm şair, həm alim, həm də ictimai xadim kimi Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin inkişafına bənzərsiz töhfə verib.

Azərbaycan ədəbiyyatının görkəmli şairi, böyük azərbaycançı B.Vahabzadə yaradıcılığında vətən, ana, bütöv Azərbaycan mövzusu oxucuların diqqətini özünə cəlb edir. Ədəbiyyat, ictimai fikir tariximizdə böyük azərbaycançılardan biri kimi qalan B.Vahabzadə azərbaycançılığın ən qüdrətli nümayəndələrindən biri olaraq xatırlanacaq. Onun yaratdığı külliyyat azərbaycançılıq məfkurəsinə ən dəyərli töhfədir.

İradə SARIYEVA

Bakı xəbər.-2016.- 21 iyun.- S. 15.