Azərbaycan ilə ABŞ arasında
münasibətlər çox yaxşı səviyyədədir
Azərbaycan Prezidenti İlham Əliyev
ABŞ Dövlət katibinin köməkçisinin
Avropa və Avrasiya məsələləri
üzrə müavinini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də
ABŞ Dövlət katibinin köməkçisinin Avropa və
Avrasiya məsələləri üzrə müavini Bridcet
Brinki qəbul edib.
Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı ABŞ-a son səfərini və Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakını məmnunluqla xatırladı. Prezident İlham Əliyev səfəri çərçivəsində ABŞ-ın vitse-prezidenti Co Bayden, dövlət katibi Con Kerri və ticarət naziri Penni Pritzker ilə çox səmərəli və mühüm müzakirələrin aparıldığı görüşlər zamanı ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işinə sadiqliyin bir daha təsdiqləndiyini vurğuladı. Dövlətimizin başçısı ABŞ Prezidenti Barak Obamaya Bakıda keçirilən XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransının iştirakçılarına ünvanlanmış məktubuna və məktubda dostluq münasibətlərimizin və əməkdaşlığımızın həqiqi mahiyyətini əks etdirən müsbət fikirlərinə görə minnətdarlığını bildirdi. ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinkin Azərbaycana ötənilki səfərini xatırlayan Prezident İlham Əliyev həmin səfərin ölkələrimiz arasında əlaqələrin inkişafında müsbət dinamika baxımından önəmli məqam olduğunu qeyd etdi. Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın gündəliyinin çox geniş sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin təhlükəsizlik, enerji və regional inkişaf kimi bir sıra məsələlərlə bağlı birgə əməkdaşlıq həyata keçirdiyini vurğuladı. Hazırda Azərbaycan ilə ABŞ arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı Birləşmiş Ştatların Dövlət katibinin köməkçisinin müavini Bridcet Brinkin ölkəmizə səfərinin əlaqələrimizin uğurla inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirdi.
Regiona səfəri çərçivəsində yenidən
Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Bridcet Brink bildirdi
ki, səfərdən məqsəd ölkələrimiz
arasında mövcud olan
bütün sahələr üzrə tərəfdaşlıq
əlaqələrini daha da
möhkəmləndirməkdir. Prezident İlham
Əliyevin Vaşinqtona uğurlu
səfərinə və keçirdiyi
görüşlərə toxunan ABŞ
Dövlət katibinin köməkçisinin
müavini özünün
ölkəmizə ötənilki səfərini də
xatırladı. Bridcet Brink
ölkələrimiz arasında davamlı əməkdaşlığın
daha yüksək mərhələyə
qaldırılması istiqamətində səylərini əsirgəməyəcəyini
qeyd etdi. Qonaq Bakıda keçirilmiş
“Formula-1” Avropa Qran-pri
yarışlarının uğurla başa çatması münasibətilə Prezident İlham Əliyevi
təbrik etdi.
Azərbaycan.-2016.- 23 iyun.- S.1.