"Azərbaycan
torpaqlarında ikinci erməni dövləti
olmayacaq" - erməni
saxtakarlığının tarixi köklərinin
ifşası azərbaycançılığın müdafiə
istiqaməti kimi...
I yazı
Müxtəlif zamanlarda tarixi Azərbaycan torpaqlarının ayrı-ayrı dövlətlər arasında bölünməsi halları olub. Qərbi Azərbaycan torpaqlarının ermənilərə verilməsi, burada erməni dövlətinin yaradılması tarixi yaxın dövrlərə təsadüf edir. Bilirik ki, indiki Ermənistan Respublikası dədə-baba yurdumuz Qərbi Azərbaycan torpaqlarında yaradılıb. Azərbaycanın bir parçası olan Qərbi Azərbaycan əski türk-oğuz yurdudur. Tariximizi min bir bəhanə ilə saxtalaşdıran ermənilər indiyə qədər də tarixi torpaqlarımızdan əl çəkmir.
Bu azmış kimi, ermənilər Dağlıq Qarabağa iddia edərək bu torpaqlarımızı uzun illərdir işğalda saxlayır. Bu ədalətsizlik xalqımızı incidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni işğalına qarşı hər zaman sərt, tənqidi yanaşmalar sərgiləyir və ölkə başçısı işğalçıların torpaqlarımızı tezliklə azad etməsini ən ali tribunalardan bəyan edir. "Azərbaycan ildən-ilə güclənir, Ermənistan isə ildən-ilə zəifləyir. Ermənistandan, onların statistik göstəricilərinə görə, ildə ən azı 100 min adam gedir, ölkəni tərk edir. Əlbəttə, əgər biz bu məsələyə tarixi cəhətdən yanaşsaq, heç kimdə şübhə olmaz ki, bu məsələ ədalətli həllini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Çünki inkişaf onu göstərir ki, bu məsələnin başqa həlli ola bilməz. Heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Heç vaxt Azərbaycan öz torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Erməni dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığı, Zəngəzur, Göyçə - bütün bunlar bizim tarixi torpaqlarımızdır. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən İrəvanı Ermənistana bağışlamaq da heç kimin yadından çıxmayıb. Yəni bu tarixi həqiqətdir" - deyə Azərbaycan Respubliksının Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb.
Azərbaycan cəmiyyəti siyasi-iqtisadi, mənəvi-psixoloji cəhətdən erməni cəmiyyətindən qat-qat yuxarıda dayanır. Ermənistan isə Azərbaycandan hər bir cəhətinə görə zəifdir. Onlar bizdən bircə şeyə görə güclüdür - yalan danışmaqda, məkrli siyasət yürütməkdə, saxtakarlıqda, bizim torpaqlarımızı işğal etməkdə. Ermənistan prezidentinin dəfələrlə yalan danışması, erməni xalqını və dünya dövlətlərini aldatması faktdır. Bu öz yerində. Erməni tarixçilərinin də böyük saxtakarlıq kampaniyası apardığı məlumdur. Uzun illərdir erməni kilsəsi Azərbaycana aid torpaqların erməniləşdirilməsi, tarixi ərazilərimizin adlarına ermənilərin yamaq edilməsi prosesinə başlayıb. Bilirik ki, ermənilər iki əsrə yaxındır Qafqazda saxtakarlıq fəaliyyətini davam etdirir. Çünki 1828-ci ilə qədər onlar bura gəlməmişdilər və başqa dövlətlərin ərazisində yaşayırdılar. Daim "Vətən" axtarışında olan ermənilər rusların fitnəsi ilə Qafqaza, xüsusən də Azərbaycan ərazisinə köçürüldükdən sonra onların ayağı bu torpaqlara dəyib.
Müstəqil Azərbaycan Respublikasının qurucusu, Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanında qeyd edilirdi: "...Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi...".
Erməni vəhşiliyi, erməni vandalizmi Azərbaycan xalqına çox böyük zərər vurub. Tarixçi alimlər qeyd edir ki, ermənilərin saxtakar addımları təsadüfi deyil, bu, illərlə hazırlanan plan və layihələrdir ki, son illər hissə-hissə həyata keçirilməkdə iddialıdırlar.
Tarix üzrə fəlsəfə doktoru Gültəkin Nəcəfli "Geostrategiya" jurnalının mart-aprel tarixli sayında yer alan "Azərbaycan torpaqlarında erməni dövləti yaradılması məqsədilə tərtib olunan layihələr" (XVIII əsrin I rübü) məqaləsində dəyərli faktlar üzə çıxarıb. Bunu da bildirək ki, G.Nəcəflinin üzə çıxardığı faktlardan da görünür ki, bizim torpaqlarda ikinci saxta erməni dövləti ola bilməz. Tarixçilərin arayıb-axtarıb təqdim etdiyi sənədlərdən də bunu aydın görmək olar.
G.Nəcəfli qeyd edir ki, Azərbaycan ərazisində erməni dövləti yaratmaq məqsədilə tərtib etdilən plan və layihələr heç də birdən-birə yaranmayıb, düşünülmüş şəkildə, mərhələlərlə ortaya qoyulub: "1667-ci ildə Üçkilsədə erməni katolikosu Hakop Culfalının (1655-1680) rəhbərliyi ilə keçirilən gizli yığıncaqda ermənilərin Cənubi Qafqazda təxribatçı fəaliyyətini gücləndirmək, Səfəvi dövləti əleyhinə silahlı üsyan qaldıran gürcü çarı XI Georgi və Kaxet çarı Arçillə birləşərək Qərbi Avropa dövlətlərinə və Moskva çarına kömək üçün müraciət etmək qərara alınır. Erməni tacirlərinə qoşularaq Venetsiyaya, oradan isə digər Avropa dövlətlərinə üz tutan Zəngəzur məliyinin oğlu İsrail Ori onlara "bədbəxt erməniləri müsəlmanların zülmündən xilas etmək" üçün ona köməklik göstərməsini və Avropa hakimlərini də bu avantüraya cəlb etmək üçün "Erməni çarlığı"nı xilas edib, yaradılacaq erməni taxt-tacına başçılıq etmələrini təklif etmişdi... 1699-cu ilin aprelində İrəvan bölgəsinə gələn İsrail Ori özü ilə Qarabağ məliklərinə və gürcü çarına Pfals Kür-fürstü İ.Vilhelm tərəfindən göndərilən "ümidverici məktub" gətirsə də, burada planları baş tutmadı. İ.Ori Alban katalikosluğunun yerləşdiyi Gəncəsər monastrına gələrək burada 5 yepiskopun iştirakı ilə yığıncaq keçirsə də, buradan da rədd cavabı aldı. Alban katalikosluğundan rədd cavabı alan Ori həmin ilin aprelində Zəngəzura məlik Safrazın Angeqakot adlanan kiçik bir mülkünə gələrək onu öz planları ilə tanış etdi. Burada o, məlikləri toplayaraq knyazın məxfi məktubunu öz şəxsi izah və əlavələri ilə oxudu. Müşavirədə məliklər Orinin təklifi ilə razılaşaraq vardapet Minası da ona qoşdular və Avropa dövlətlərinə, eləcə də rus çarına müraciət etməyi qərara aldılar. Burada digər bir saxtakarlığı da qeyd etmək yerinə düşərdi. Ori Zəngəzur məliklərinə ağ vərəqlərə imza atdıraraq onlardan topladı (bax: 13,193). İ.Ori xristian məliklərinə ağ vərəqlərə imza atdırmışdı ki, Avropa hakimlərinə təqdim edəndə həmin vərəqlərə istənilən saxta əlavələrini edə bilsin. Saxta müraciətdə əks olunan bütün iddialar əslində İ.Orinin tarixi Azərbaycan torpaqlarını ələ keçirmək üçün hazırlayacağı layihənin əsasını təşkil etdi. Həmin layihədə: "1) Tərkibinə təkcə sadə adamların deyil, şahzadələrin və hökmdarların da qatılacağı bir sıra səlibçi təşkilatlar yaradılması; 2) Avropa səlibçi ordusunun "İran Ermənistanı"na (tarixi Şimal-Qərbi Azərbaycan torpaqları nəzərdə tutulur-G.N) girməsindən sonra yerli xristian əhalinin də silahla onlara yardım etməsi; 3) Avropada qurulacaq yüngül silahlanmış süvarilərdən ibarət ordunun Türkiyə ərazisindən keçməsi mümkün olmadığından, onların Avstriya və Rusiyadan keçərək Xəzər dənizi sahillərinə gəlməsi; 5) Şahzadə İohan Vilhelmin də 5-6 min nəfərlik hərbi qüvvə verməsi, alınmasa, bu qüvvəni müttəfiqlərdən toplayaraq təmin etməsi; 6) Həmin hərbi qüvvə Polşa və Rusiya ərazisindən keçdiyi zaman oradakı erməni tacirləri tərəfindən maddi tələbatlarının və ərzaqlarının ödənilməsi; 7) Təşkil edilmiş səlibçi ordunun Volqadan gəmilərlə Xəzərə gəlməsi, Bakı və Şamaxını işğal etməsi; 8) 1700-cü ilin baharında ermənilərin də üsyan qaldıraraq Avropanın səlibçi ordusu ilə birləşməsi; 9) Ermənilərin silah, pul, canlı qüvvə ilə kömək edərək savaşın bütün məsrəflərini təmin etməsi; 10) Şamaxıdan 11 min (?) erməni süvarisi və bütün "Ermənistan"dan 200 minə (?) qədər döyüşçü verilməsi; 11) Bu müttəfiq ordusunun Naxçıvanı, İrəvanı, Təbrizi - bütün İran Ermənistanını alaraq şahzadənin ixtiyarına verməsi" və s. məsələlər əks olunmuşdu".
G.Nəcəfli qeyd edir ki, 1699-cu ildə yenidən Almaniyaya qayıdan İ.Ori xristian məliklərə imzalatdırdığı saxta məktubu və "Şərqi Ermənistan"ı ələ keçirmək haqqında 36 maddədən ibarət layihəsini (Pfals layihəsi-G.N.) Pfals Kürfürsti Y.Vilhelmə təqdim etdi. Q.Ezovun kitabından geniş şəkildə faydalanan erməni tarixçiləri nədənsə bu sənədi şərh etməkdən, onun tərcüməsini verməkdən çəkinir. Hətta Q.Ezovun özü də Münhen dövlət arxivindən əldə olunmuş bu sənədi tərcümə etməyib, olduğu kimi latın dilində saxlayıb. Sənəddə Avropa dövlətlərinə əsasən öz qüvvələri hesabına "Ermənistanı" azad etmək, əvəzində erməni qriqoryan kilsəsinin Roma katolik kilsəsi naminə dini güzəştlər edəcəyi və yeni yaranacaq "erməni dövlətinin" taxt-tacı vəd edilir. Layihədə Səfəvi imperiyasına məxsus bütün Cənubi Qafqaz və Şimali İran əraziləri, yəni Azərbaycan torpaqları, Azərbaycan şəhərləri erməniləşdirilərək təqdim edilir. 36 maddəlik layihənin 24-cü və 29-cu bəndlərində ermənilərin sayı və çıxara biləcəyi qüvvələr fantastik həddə şişirdilib. İ.Ori Yohan Vilhelmi şirnikləndirmək üçün xristian məliklərin adından ona fantastik vədlər verirdi: "Məsələn, əgər o, (Vilhelm-G.N) Səfəvi dövləti ilə müharibə edərsə, Vərəndə 6, Kustasfi 10, Böyük Qafan 60, Sisyan 6, Gəncə 15, Lori 6, Geqarkuni 15, Zəngəzur 5, İrəvan 15, Dərələyəz 10, Naxçıvan 5 min, Şərur 10, Əylis 6, Mehri 3, Göyçə 5 min nəfərlik qüvvə ilə yardım edəcək. Layihədə təqdim olunan bu fantastlk rəqəmlər İ.Orinin nədən məliklərə ağ vərəqə qol çəkdirməsinin niyyətini açıqlayır.
Beynəlxalq şərait bu dövrdə Avropa dövlətlərini Osmanlı imperiyası ilə birbaşa ziddiyyətlərə girməkdən çəkindirirdi. "Müqəddəs birliyin" Osmanlı dövləti ilə müharibəsi yenicə başa çatdığına görə Avropanın xristian dövlətləri onlar üçün kifayət qədər əlverişli olan Karlovça (1699) sülhünü pozmaq istəmirdilər. Bu səbəbdən də onlar Osmanlı imperiyasının qüdrətini sarsıtmaq üçün ələ düşmüş bu fürsətdən istifadə etməkdən çəkinərək, erməni layihələrinin gerçəkləşdirilməsini bu məsələdə daha maraqlı olan Rusiyaya yönəltməyə səy göstərdilər. 1700-cü ilin yazında Moskvaya gələn Ori və vardapet Minas Zəngəzurda xristian məliklərə imzalatdıqları ağ vərəqlərə saxta müraciət yazaraq I Pyotra təqdim etdilər. A.İoannisyanın redaktəsi ilə tərtib olunmuş sənədlər toplusunda həmin sənədi şərh edən erməni müəllifi özü də bu faktı etiraf etməli olur: "1699-cu il, aprelin 29-da Qafan məlikləri tərəfindən Rusiya çarı I Pyotra ünvanlanmış müraciət əslində bir qədər gec-Avropada siyasi vəziyyətin dəyişməsindən sonra tərtib edilmişdi" (13, XVI). Bu saxta müraciətdə Səfəvi dövlətinin tərkibində yaşayan ermənilərin "acınacaqlı vəziyyəti" bədii ifadələrlə təsvir edilir, I Pyotrdan erməniləri "Babil əsarətindən" xilas etməsi və onları himayə etməsi yazılsa da, yürüşün əlverişli planları və bir çox məsələləri İ.Ori və onun köməkçisi vardapet Minasın şifahi şəkildə çatdıracağı bildirilirdi (bax: 27, 24-27; 13, 190-193). Aydındır ki, yazılı şəkildə çatdırılması təhlükəli olan və şifahi şəkildə çatdırılması nəzərdə tutulan "bir çox məsələlər" məhz Səfəvi dövləti əleyhinə hazırlanacaq tədbirlər idi.
1701-ci il iyunun 30-da İsrail Ori və Minas Tiqranyantsa I Pyotrla görüşmək müyəssər oldu. İ.Orinin tərtib etdiyi layihəsində:
1) Alman əsgərlərinin Rusiya torpağından keçməsinə rus çarının razılıq verməyəcəyi halda ermənilər rus əsgərlərindən yararlanacaqdı. Türklər ermənilərə qarşı hərəkətə keçsə, şahzadə də müvafiq olaraq Avropa hökmdarlarının qüvvələri ilə birgə ermənilərə Avropa istiqamətindən yardım edəcəkdi; 2) Bu əsgərlər Rusiya hökmdarının adı və əmri altında Rusiyadan keçəcək və onların hər bir məsrəfi təmin olunacaqdı; 3) Rusiyadan keçdikləri zaman yerli əhali bunlardan əsla zərər görməyəcək, əksinə, yararlanacaqdı; 4) Bu ordunun işğal etdiyi ərazilər Rusiya hökmdarına məxsus olacaq, onun idarəçiliyinə veriləcək və orada rus əsgərləri saxlanacaqdı; 5) Yürüşdən sonra da rus əsgərləri yaradılacaq "Ermənistan"da ermənilərin hesabına saxlanacaqdı (9, 745-746)".
G.Nəcəflinin yazdığına görə, 1701-ci ilin iyul ayında İ.Orinin ermənilərin adından I Pyotra etdiyi çoxsaylı müraciətlərdən üçü Azərbaycanın tarixi torpaqlarını ələ keçirmək üçün tərtib edilmiş hərbi planlar idi. Tarixçi araşdırmalar zamanı üzə çıxarıb ki, 14 iyul tarixində I Pyotra boyar Qolovin vasitəsilə göndərilən müraciətdə ermənilərin rus döyüşçüləri ilə birləşməsi üçün hazırlıq planlarından bəhs olunurdu. Tədqiqatçı yazır ki, İ.Ori eyni zamanda rus çarına bu yürüşlərdə ermənilərin yaxından kömək göstərəcəyini vəd edir və Cənubi Qafqazdakı Səfəvi hərbi qüvvələri barədə məlumatlar çatdırırdı: "F.A.Qolovinin suallarına İ.Orinin 1701-ci il 22 iyul tarixli cavabından bəlli olur ki, əgər I Pyotr Rusiya ərazisindən keçməyə icazə versə, Pfals kürfürstü və Almaniya imperatoru "Ermənistan"ı azad etmək üçün hərbi qüvvə göndərə bilər. "Məqsədimiz türklərin bizə hərb açacağı şəraitdə dənizdən və qurudan yardım almaq imkanına malik olmaqdır" - deyən İ.Ori F.A.Qolovinin "qış fəslində mənzil başına çatacağı təqdirdə rus qoşunlarının aqibəti necə olacaq" - sualına "hərbi yürüş başa çatdıqdan sonra rus qoşunları Ermənistan krallığında yerləşəcək və onların əsas tələbatları ermənilər tərəfindən təmin ediləcək" - cavabını vermişdi. Bundan əlavə, İ.Ori Rusiya sarayını yürüşə şirnikləndirmək məqsədilə "erməni çarlığı"nın yalnız bir vilayəti 100 min döyüşçünü yedizdirmək iqtidarındadır", "əgər Pyotr cəmi 10 və yaxud 20 minlik qoşun göndərsə, 10 gün ərzində 100 minə qədər erməni (?) ona qoşulacaq" - demişdi. G.Nəcəfli yazır: "İ.Orinin 1701-ci il 25 iyul tarixli "Yaddaş qeydləri"ndə F.A.Qolovin vasitəsilə I Pyotra rus qoşunlarını Cənubi Qafqaza yürüşə şirnikləndirmək üçün 18 bənddən ibarət digər layihəsi (Moskva layihəsi-G.N.) təklif olunur. Bu layihədə İ.Ori daha irəli gedərək təkcə Səfəvi dövlətinə məxsus Azərbaycan, Gürcüstan və İran ərazisinə deyil, həm də Osmanlı torpaqlarına da müdaxilənin hərbi planını hazırlamışdı".
İradə SARIYEVA
Baki xəbər.- 2016.- 29 iyun.- S.15