Azərbaycan multikulturalizmi
beynəlxalq ictimaiyyətin gözündə azərbaycançılıq
dəyəri kimi...
I yazı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2016-cı il "Multikulturalizm ili" elan edilib. Azərbaycançılığın ayrılmaz qollarından biri olan multikulturalizm özündə çox böyük dəyərlər sistemini birləşdirir. Azərbaycanda multikulturalizm dərin özüllər üzərində pərvəriş tapıb, inkişaf edib. Bilirik ki, ölkəmizdə mövcud olan multikultural mühit bütün dünyada təqdir edilir.
Məlumdur ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaranmasından iki ildən artıq vaxt keçir. Bu qurum beynəlxalq aləmdə və ölkə daxilində dəyərli layihələr həyata keçirib. Qurumun mətbuat xidmətindən bizə verilən məlumata görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qarşıya qoyduğu hədəfə çatmaqdadır: "Bu müddət ərzində BBMM ölkə başçısının bu istiqamətdə qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıtdırılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirib və keçirməkdə davam edir. BBMM-in himayəçilər və məşvərət şuralarının sədri, akademik Kamal Abdullayevin təşəbbüsü və ideya rəhbərliyi ilə görülən işlərin sırasında sözügedən Mərkəzin hazırda Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan, İtaliya, İsrail və Moldovada rəsmi filiallarının yaradılmasını, "Azərbaycan multikulturalizmi" fənninin xaricdə və ölkə universitetlərində tədrisi" layihəsi çərçivəsində hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında bu fənnin tədrisini, eləcə də Mərkəzin mütəmadi olaraq təşkil etdiyi Beynəlxalq multikulturalizm qış və yay məktəblərini xüsusilə qeyd etmək lazımdır. Dövlət müşaviri Kamal Abdullayevin qeyd etdiyi kimi, Beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq Azərbaycana məhəbbətə çevrilib".
Qeyd edək ki, həmin yay və qış məktəblərinin əcnəbi iştirakçılarının timsalında artıq xaricdə Azərbaycanı sevən, haqq işini dəstəkləyən lobbi formalaşıb. Xarici universitet tələbələrinin Azərbaycan multikulturallığına öz gözləri ilə şahid olmaları, onların bununla bağlı xarici mətbuat orqanlarında mütəmadi olaraq yazılarla, məqalələrlə çıxışları artıq öz bəhrəsini verməkdədir. Bu gün dünyada Azərbaycan multikulturalizmi nəinki tanınır və qəbul edilir, hətta artıq tədris və tədqiqat predmetidir.
Bu gün "Azərbaycan multikulturalizmi" doktorluq dissertasiyalarının, müxtəlif elmi araşdırmaların, ədəbi, fəlsəfi esselərin mövzusuna çevrilib.
Məlumata görə, indiyədək bununla bağlı BBMM-ə 120-dən artıq elmi, fəlsəfi, ədəbi-bədii material daxil olub. Həmin materiallardan seçilmiş ən diqqətəlayiq yazılardan müəyyən hissələr oxuculara təqdim edilir: "Belçikanın Leuven Katolik Universitetinin kanadalı doktorantı Mark Vonsun "Multikulturalizm yol ayrıcında: Kanada və Qərb üçün Azərbaycan dərsləri" mövzusunda yazdığı doktorluq dissertasiyasında adıçəkilən hər iki ölkənin multikultural durumu müqayisəli şəkildə araşdırılıb. Tədqiqatçı qeyd edib ki, inkişaf etməkdə olan, düşmən qonşu ilə əlaqəli bir çox müvafiq xarici və daxili problemlər və çətinliklərə rəğmən, multikulturalizmi təşviq edən Azərbaycandan çox şey öyrənilə bilər: "Bu mənada Azərbaycan Kanada ilə müqayisədə gözləntiləri aşaraq çox şeyə nail olur, halbuki, sabitlik və iqtisadi təhlükəsizliyin mövcud olduğu Kanadada hələ də multikultural ədalətsizliklərin davam etməsini nəzərə alsaq, bu ölkədə müvafiq məsələ ilə bağlı daha çox iş görülə bilər.
Kanadada etnik azlıqların özünüidarə hüquqlarını əldə etdikləri doğru olsa da, onlar hər zaman uyğunlaşmaya malik olmadıqları üçün aydın şəkildə dövlət tərəfindən müəyyənləşdirilir və təyin edilir. Bundan əlavə, əksər özünüidarə anlaşmaları və razılaşmaları tarix ilə birlikdə təbii inkişafı kifayət qədər təmin edə bilmir, xüsusilə də bu, dövlətin güclü iştirakı və mövcudluğu ilə əlaqəlidir. Kanadada yerli xalqların Azərbaycandakı əksər icmalardan daha kiçik olduğu doğru olsa da, biz sərvətlərini və sabitliyi nəzərə alaraq Kanadadan daha çox şey gözləməliyik. Əslində isə biz Azərbaycanın bu sahədə daha çox iş gördüyünün şahidiyik. Azərbaycan bizə multikultural dəyərləri təşviq edən birgə keçmişin elementlərinə necə xüsusi diqqət yetirilməsini öyrədir. Uzun illər boyu işğal və davam edən konfliktlərdən əziyyət çəkməsinə baxmayaraq, Azərbaycan xalqı onlara sülh və xoşbəxtlik gətirən dəyərlərə diqqət yetirməyə, bəzi dini, etnik və mədəni fərqlərə müvafiq olaraq öz ideyalarını və ya qeyri-tolerant baxışlarını aşılamağa çalışanlardan imtina etməyə dair öz şüurlu qərarını qəbul edib. Ümid edirəm ki, biz, "başqasını" qiymətdən salmaq məqsədilə fərqləri müəyyən etməklə deyil, onların hər birini yüksəltmək üçün çıxış yolları tapmaqla çox şey öyrənə bilərik. Kimin daha çox multikultural olduğu və ya kimin daha yaxşı multikultural siyasətlərə malik olduğu mübarizəsinin qalibi olmaq mühüm deyil. Burada əsas məqsəd, haradan başlamağınızdan və haraya gedə biləcəyinizdən asılı olmayaraq, sülh, tolerantlıq və hörməti artırmaqdır. Əlbəttə, beynəlxalq ictimaiyyətlə bağlı zahiri mürəkkəblik daha böyük rol oynayır. Lakin bu, Azərbaycanın regionun əhalisinə və beynəlxalq hüquqa qarşı sülhyönümlü yanaşmaya verdiyi dəstəyi kölgədə qoymamalıdır".
Cənubi Koreyanın Ulsan Milli Universitetinin tələbəsi, qanalı Dadzi Akrasi Azərbaycandakı multikultural durumu doğma vətəni Qanadakı vəziyyətlə müqayisəli şəkildə ifadə edib: "Qana planetdə mədəni cəhətdən ən çox müxtəlifliklərə malik ölkələrdən biridir. Onun 27 milyon əhalisi var. Qanada başqa mədəni müxtəlifliklərə görə fərqlənən qruplardan başqa yüzdən artıq etnik qrup və 250 dil və dialekt var. Multikulturalizmin Azərbaycan modeli ilə müqayisədə Qananın multikulturalizm modeli dövlət, qanunlar və strategiyaların köməyi olmadan insanların özlərindən yaşca kiçiklərə multikultural bir millət kimi yetişməyi öyrətmələrindən ibarətdir. Bu, hökumət müdaxiləsi və dünyanın başqa yerlərindən olan cəhdlər tələb etməyən çox təbii bir prosesdir. Bir çoxları Qanaya onun multikulturalizminə görə öz rəğbətlərini bildirir və buna görə də bu ölkə "Afrikanın qapısı", eləcə də "Afrikada oyun meydançası" ləqəblərini qazanıb. Azərbaycan və Qana multikulturalizm baxımından eyni dəyərləri bölüşür. Azərbaycan da multikulturalizmi inkişaf etdirmək və möhkəmləndirmək üçün qanun və strategiyaları fərqli bir səviyyədə seçib və həmçinin, multikultural bir cəmiyyət olmaq üçün fəal proqramlar təşkil edir. Mən inanıram ki, Azərbaycanın multikulturalizm modeli qlobal səviyyədə tanınmalıdır ki, başqa ölkələr də Azərbaycan xalqının bilik və təcrübəsindən faydalana bilsin".
Məlumata görə, Rusiyanın Kazan Federal Universitetinin tələbəsi Elvira Xatamtayevanın fikrincə, Azərbaycan tolerantlıq ənənələrinə, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verib. O yazır: "Ölkənin multikulturalizm sahəsindəki uğuru həm hökumət, həm də cəmiyyət tərəfindən onilliklər ərzində əsasən stabil qalmış tolerantlıqla və digər mədəniyyətləri qəbul etmək xüsusiyyəti ilə bağlıdır. Tolerantlıq və multikulturalizm modeli hesab olunan Azərbaycan həm ölkədə, həm də bütün dünyada tolerantlıq və mədəniyyətlərarası dialoq yaratmağı davam etdirməyi qarşıya məqsəd qoyub. Azərbaycan multikulturalizmi gələcəkdə bəşəriyyətin inkişafı üçün yeganə vasitə hesab edir. Çünki bütün dünyada qloballaşmanın baş verdiyi, informasiya mübadiləsinin həyata keçirildiyi və ümumiyyətlə, sürətli inteqrasiya prosesinin getdiyi bir dövrdə özünütəcrid fəaliyyəti ilə məşğul olmaq sadəcə fəlakətə yol aça bilər".
BBMM-nın mətbuat xidmətindən verilən digər məlumata görə, İngiltərənin Mançester Universitetinin tələbəsi, Sinqapur vətəndaşı Anginn Mayın yazdığı essedə vurğulanır ki, Azərbaycanın çətin dövrlərdən keçmiş tarixi fonunda multikulturalizmin təhlili xüsusilə əhəmiyyətlidir: "Tarixən ən güclü imperialist qüvvələrin diqqət mərkəzində olan və əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan etnik münaqişələrin mövcud olduğu bir ölkəyə çevrilə bilərdi. Lakin Azərbaycanda multikulturalizmin inkişafı sayəsində bu cür münaqişələrin baş verməsi mümkün olmadı. Məhz bu səbəbdən multikulturalizmin Azərbaycan modeli olduqca uğurludur və digər ölkələrin əksəriyyətinə mükəmməl nümunə kimi təqdim oluna bilər.
Müasir Azərbaycan mədəniyyəti yeni və inteqrasiya edilmiş mədəniyyətdir. O yalnız Rusiya və Şərqi İslam mədəniyyəti, İran mədəniyyəti simasında Avropa mədəniyyətini birləşdirmir, eyni zamanda, qədim, milli adət-ənənələri də qoruyub saxlayır. Multikulturalizmin əsas məqsədi çoxsaylı cəmiyyətlərə sülh şəraitində yaşamağa imkan yaratmaqdır. Bununla belə, hesab etmək olar ki, bir çox inkişaf etmiş dövlətlər bu yolda uğur qazana bilməmişlər. Böyük Britaniya və Niderlandın müvəffəqiyyətsizliyə düçar olmuş prinsipləri göstərir ki, multikultural və inteqrasiya cəhdi daxil olan mədəniyyətlərin assimilyasiyası ilə nəticələnib. Bu, ilk olaraq, yerli əhali tərəfindən müsbət qarşılanmamanın nəticəsi olub. Müqayisə zamanı məlum olur ki, uzun müddət polietnik müştərək yaşamaya malik olan Azərbaycan digər mədəniyyətlərə qarşı qəbul edən, tolerant və açıq fikirli olması ilə müvəffəqiyyət qazanıb. Bu, mədəniyyətlərin bu səviyyədə qəbul edilməsinə nail olmağa çalışan digər ölkələrə nümunə ola bilər".
Mətbuat xidməti əməkdaşları qeyd edir ki, bu elmi işlərdə və esselərdə ifadə olunan rəylər və fikirlər Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin dünyada tanıdılması, təbliği və təşviqi istiqamətində müəyyənləşdirdiyi hədəflərin gerçəkləşdiyinin göstəricisidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən aldığımız digər məlumata görə, Fransanın nüfuzlu senatorlarının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
olması da yaddaqalan olub. Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətinə Sovör Qandolfi-Şayt, Erik Dolij, Jan-Pyer Door, Aleksi Mansel, Lionel Tardi, Alen Vasel kimi nüfuzlu senator və deputatlar daxil olub. BBMM-in rəhbəri, dövlət müşaviri Kamal Abdullayev görüşdə bildirib: "Biz çalışırıq ki, Azərbaycanda hökmran olan tolerant və multikultural əhval-ruhiyyəni öz qəlbimizin arzusu ilə dostlarımıza da çatdıraq, onlar da bundan xəbərdar olsun.
Biz cənab Prezident İlham Əliyevlə sizin görüşünüzü çox böyük maraq və diqqətlə izlədik. Prezident İlham Əliyev Azərbaycanın xaricdəki dostlarının sayının artırılması üçün çox işlər görür. Mən bir daha hər bir müasir azərbaycanlının ürəyindən gələn bir fikri burada ifadə etmək istərdim. Hər bir insanın iki vətəni olur: doğma vətəni və Fransa. Fransaya məhəbbət hər zaman bizim ürəyimizdə yaşayır. Güman edirəm ki, bu hisslər bizim münasibətlərimizdən sonra bir qədər də zənginləşəcək".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində qonaq olan xarici rəsmilər Azərbaycandakı multikultural mühitin xarici ölkələrdə müsbət əks-səda yaratdığını vurğulayıb. Multikulturalizm ab-havasının Azərbaycandan xaricə yayılması olduqca müsbət haldır.
İradə SARIYEVA
Baki xəbər.- 2016.- 30 iyun.- S.15