Tarixdə iz buraxanlar: Nizami Gəncəvi

 

 

Azərbaycanın dahi şairi Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub. O, Gəncədə doğulub böyüdüyünə görə Gəncəli mənasında Nizami Gəncəvi adıyla tanınıb. Şairin əsl adı İlyasdır. Nizami hələ uşaq ikən atasını, sonra da anasını itirib. Onun tərbiyə və təhsilini dayısı Xacə Ömər öz üzərinə götürüb, böyüdüb. Böyük şair "Leyli və Məcnun" poemasının müqəddiməsində atası ilə anasını, sonra da dayısını itirməsindən kədərlər içərisində bəhs edir.

Nizami Gəncəvi dayısının himayəsində tək deyil, öz qardaşı Qivami Mütərrizi ilə birlikdə yaşayıb. Bu gənc qardaşlar, uğradıqları fəlakətə baxmayaraq, öz zamanlarına görə yüksək təhsil alıb, yaxşı yetişiblər. Nizaminin yüksək təhsil alması ona "müdrik" ləqəbinin verilməsindən aydın olur. Onun müdrikliyini, islam alimləri ilə yanaşı, tanınmış yunan filosoflarını "İsgəndərnamə"də danışdırması, onların dünyanın yaradılışı haqqındakı fikir sistemlərini özünəməxsus şeir dili ilə xülasə etməsi təsdiq edir. Bundan əlavə, şair öz şeirlərində tarixə, müqəddəs dinə, hikmətə, riyaziyyata, astronomiyaya dair geniş məlumata sahib olduğunu göstərib.

Şairin musiqi aləmində geniş biliyə sahib olduğunu Barbədin Xosrov-Pərvizə çaldığı otuz mahnının hərəsini ustalıqla bir beytlə təsvir etdiyindən görürük. Ədəbiyyat sahəsində olan dərin məlumatını "Kəlilə və Dimnə"nin təmsillərinin qırxını qırx beytə sığışdıra bilməsindən anlayırıq. Astronomiya sahəsində böyük mütəxəssis olduğunu isə Məcnunun ulduzlara öz vəziyyətini şərh etməsindən öyrənirik.

Nizaminin əsərlərinə yazdığı müqəddimələrdən çıxan məlumatlardan onun qədim dillərdən pəhləvi, nəsturi, yəhudi dillərini də bildiyini öyrənirik. O öz poemaları üçün topladığı materialları adigeniş yayılan sadə mənbələrdən deyil, qeyd edilən qədim dillərdəki məxəzlərdən dəqiq tədqiqatlar vasitəsilə əldə etdiyini anlatmışdır.

Nizaminin dini mövzuda anlatdıqları da çox önəmlidir. Onun dövründə islam cəmiyyəti bir tərəfdən şiəlik və sünnilik məzhəbləri arasında gedən mübarizə, digər tərəfdən isə sufilər və şəriətçilər arasındakı mübahisələr içərisində çalxalanırdı. Nizami Uca Allaha inanan, peyğəmbərə bağ olan sadiq bir müsəlman idi. O, islam cəmiyyətini bu gün belə parçalayan məzhəb firqələrin apardığı mübarizənin fövqündə duran dar fanatizm, səbrsizlik təmkinsizlikdən uzaq kamil bir təbiət əxlaq sahibi idi. Atamız Nizami israfdan dünya nemətlərindən sui-istifadədən, bəd əməllərdən hər cürə düşkünlüklərdən özünü qorumaqla bərabər, həyatı sevir, həyat sevgisində özünəməxsus bir gözəllik tapır, gözəl mənalı yaşamağı ürəkdən diləyirdi.

Şairin ilk evləndiyi qadın Dərbənd hakiminin göndərmiş olduğu qıpçaqlı bir kəniz olub. Nizami bu türk qızını ürəkdən sevib onunla evlənib (1173-cü il). Canı qədər sevdiyi əsərləri qədər istədiyi bircə oğlu Məhəmməd həmin türk gözəlindən dünyaya gəlib. "Xosrov Şirin"i yazarkən (1180-ci il) qıpçaqlı gözəl vəfat edib. Şair dünya ədəbiyyatında misilsiz gözəllik nümunəsi kimi yaratdığı Şirinin öz əri Xosrovun cənazəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərkən, sözü öz sevimli xanımına gətirərək deyir: "O (Şirin), mənim qıpçaqlı Afaqıma bənzərdi". Bəzi tədqiqatçıların qənaətinə görə, şair Şirinlə müqayisə etdiyi qıpçaqlı həyat yoldaşının adının Afaq olduğunu bildirmişdir. Eyni zamanda, oğlu Məhəmmədin bu qadından doğulduğunu da "türküm köçdü isə , İlahi, türk balasını Sən özün qoru" sözləri ilə bizə anladır. Şairin öğlu Məhəmmədə bəslədiyi sevginin həddi-hüdudu olmamışdır. Bu sonsuz sevginin candan sevdiyi ilk arvadına bəslədiyi duyğu hissiyyatın davamı olmasına heç bir şübhə yeri yoxdur. Şair "türk arvadı"na olan bağlılığını "türk balası"na keçirmişdir.

Eşqin ilahi şairi Nizami Gəncəvi evlənmə məsələsində təkarvadlı olmağın tərəfdarı idi. Həyatında üç dəfə evlənən şair heç bir zaman çoxarvadlı olmayıb. Nizami məşhur filosof Sokratın dili ilə öyüd-nəsihət şəklində söylədiyi beytlərdən birində təkarvadlılığın məziyyətini özünə xas bir üslubla açıqlamışdır: "Sənə yaraşan bir arvad sənə bəsdir, çox dostu olan dostsuz qalar. Öz övladını kamil ahəngdar görmək istəyirsənsə, öz qəlbini bir ana ilə bir ataya bağla".

Nizami Gəncəvi "İqbalnamə"nin sonunda filosof Arximedi başdan çıxaran çinli bir türk gözəlinin ölümünü təsvir edərkən özünün şəxsi həyatındakı talesizlikdən şikayət edir. Bu şikayətdən aydın olur ki, Şirin surətini yaradarkən öz sevimli Afaqını, Leylini yazarkən ikinci "gövhər"ini, çinli gözəlinin macərasını şərh edərkən üçüncü "gəlin"ini itirmişdir:

Həzmə çəksəm hər zaman bir dastan,

Çox tühafdır taleyim, verməz aman!

Saçmağa başlasam ətrafa şəkər,

Sevimli bir dilbərim əldən gedər.

Dadlıca Şirini çün xəlq eylədim,

Çox şəkər bir yarımı dəfn eylədim.

Leylinin çün köşkünə çəkdim hasar,

Başqa bir gövhərimi mən etdim nisar.

Getdi dünyadan yenə bir nazənin,

Oldu cənnətlik bizim tazə gəlin.

qəribə bir tale şairi təqib edib.

Dahi şairimiz Nizaminin həyatı doğulduğu Gəncə şəhərində keçib. O, təvazökarlıq qənaətə riayət edərək zahidanə sadə bir həyat tərzilə yaşayıb. Təvazökarlıq Nizami həyatının ana xətti olub. Firdovsi məşhur "Şahnamə"sini Qəznə sarayında ona ayrılan xüsusi otaqda min bir qayğı içərisində yazıb, sonra isə qələm haqqı üstündə əfsanəyə çevrilən davası ilə məşhur ikən Nizami bütün poemalarını Gəncədəki dərvişxanəsinin dörd divarı arasında, heç kəsdən bir şey ummadan yazıbdır. Öz ruzisini isə o, başqalarının "əl süfrəsindən yox," ruzini verən Uca Allahdan gözləyib.

Təvazökarlıqla eyni mənbədən gələn gözütoxluq şairə məxsus olan bir məziyyətdir. Onun nəzərində hər bir adam ancaq öz gözütoxluğu ilə əsl böyüklüyünü tapır yalnız xalqa möhtac olmadıqca azadlığın həqiqi zövqünü dadır. Nizami Gəncəvi dövrünün şairlərindən fərqli olaraq hökmdarların qapılarından uzaqlaşıb təvazökar bir həyat tərzində yaşayıb. Dünya şöhrətli şair bu hərəkətin hikmətini belə şərh edir: "Padşahın verdiyi maaşdan imtina et, bundan gələcək şey bədbəxtlik avaralıqdan ibarətdir. Padşahla oturub-durmaqdan çəkin, çünki bu pambıqla odun münasibətinə bənzər. Od qədər parlaq olsa da, salamatlıq oddan uzaqlarda olar. Pərvanə şamın işığına can ataraq ona yaxınlaşdıqda yanar."

Şair "Xosrov Şirin" "Yeddi gözəl" kimi saray həyatı ilə "çalğı" "içki" məclislərinin incəliklərinə varıncaya qədər ən parlaq təsvirlərini verə bildiyi halda, belə işrət məclislərinə getməyib, ömründə bir dəfə olsun ağzına "içki" almayıb ya öz ifadəsi ilə desək, o, "dodağı ilə ətəyini şəraba bulaşdırmayıbdır." Bu dediklərimizi həm şair özü poemalarında qeyd edib, həm onun həyatı haqqında məlumat verən alimlər bir ağızdan təsdiq ediblər. Belə ki, "İskəndərnamə"nin müqəddiməsində ilham qaynağı olan Xızır peyğəmbərə xitab etdiyi beytlərdə bu misralar vardır:

Ey mübarək Xızırım, sanma ki, mən,

Meyi qəsd etmədəyəm "mey" derkən.

Dediyim meylə özümdən keçərəm,

Bu keçişlə o gedər, aləm edərəm.

Tanrının vədi mənim saqimdir,

Qədəhim cəzbə, meyim sevgimdir.

Tutduğum haqq yola and olsun kim,

Dəyməmişdir meyə ağzım, ətəyim.

Şairin səmimi şərhinə görə, haram olmayan ağıla pozğunluq deyil, ancaq aydınlıq verən ilahi bir şərabdır - elə bir şərab ki, onun verdiyi sərxoşluq cazibəsi ilə şair özündən 800 il sonra belə oxucularını öz sənətinin cana hopan nəşəsi ilə "məsti-bihuş" etməkdədir.

Dahi şair "İskəndərnamə"də öz vəziyyətini təsvir edərkən bildirir ki, o, "Allaha sığınmaqdan başqa qayğısı olmayan bir mütəfəkkirdir" sonra özünü məşhur yunan filosofu Sokrata bənzədir. İnzivada yaşayan şair ona göstərilən ehtiram etibarın səbəbini yenə Sokratın cümləsi ilə şərh edir: "İnsanlar onlardan qaçanlara daha çox meyl edərlər."

Nizami Gəncəvi beş böyük məsnəvisindən birincisini - "Məxzənül-əsrar"ı 1160-cı ildə yazıb. O zaman şair 20 yaşında olub. "Məxzən" onun ilk əsəri deyildir. O vaxtlarda şair sufiyanə qəsidələri, qəzəlləri başqa şeirləri ilə artıq yaxşı tanınan bir sənətkar idi. Son böyük əsəri olan "İskəndərnamə"ni 1201-ci ildə yazıb. Bu tarixdən dörd ya beş il sonra təsvir etdiyi bütün qəhrəmanları kimi o da kədərli bir aqibətə uğrayıb. İskəndərin onun ətrafındakı yunan filosoflarının ölümünü bir-bir təsvir edən şair öz ölümünü təsəvvür edib : "Onlar yuxuya getdikləri kimi Nizami yatdı", - deyibdir. Bu tarixi insanımız 63 ilə yaxın ömrünün yarım əsrlik bir qismini sənət, hikmət insanları düz yola sövq etməyə sərf edib. Nəhayət, öz sözləri ilə desək, 1204-cü ildə o, "müvəqqəti qəlbini tərk edərək əbədiyyətə qovuşub".

Beləliklə, dünyanın ölməzləri sırasına girən Nizami, həyatında arzu etdiyi kimi, ömrünün sonuna qədər özünə sadiq qalan şəxsiyyəti ürfan əhlinin mənəvi ziyarətgahı olub.

Fazil QARAOĞLU

Bakı xəbər.- 2016.- 5-7 mart.- S.15