Turizm fondları - hələlik ideya, perspektivdə isə...

Bahadur Bilalov: "Turizm fondu yaradılarsa, bu, sahibkarlığın inkişafına təkan verər"

Azərbaycanda turizm fondlarının yaradılması regionlarda irihəcmli infrastruktur layihələrinin icrasında sahibkarlara kömək olacaq.

Bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov media nümayəndələrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, regionlarda bütün seqmentlərdə iri infrastrukturların yaradılması, turizm məhsulunun formalaşdırılması istiqamətində aparılan işlərin dövlət, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənməsi üçün belə bir fondların yaradılmasına ehtiyac var.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda bu günədək Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilən vəsaitlərin və digər formada xarici investisiyaların həcmi turizm sahəsində nəzərdə tutulan məsələlərin həllinə nail olmağa kifayət etmir: "Ona görə də turizm fondlarının və daha çevik maliyyə mexanizmlərinin yaradılması, bu mexanizmlərin dövlət tərəfindən tənzimlənməsi lazımdır".

Mövzu ilə bağlı turizm sahəsi üzrə ekspert Bahadur Bilalova müraciət etdik. O bizimlə söhbətində bildirdi ki, turizm fondunun yaradılması ölkə iqtisadiyyatına məsbət mənada təsir edəcək: "Belə bir fondun yaradılması turizmin ayrı-ayrı sahələrinin inkişafına səbəb ola bilər. Fond olarsa, istirahət üçün Azərbaycana gələnlərin sayı artar. Təbii ki, belə bir halda sahibkarlıq da inkişaf edəcək. Sahibkarlar istirahət məkanlarında turizm obyektləri aça bilər. Sahibkarlar regionlarda müxtəlif formatda turizm obyektləri aça bilər. Beləliklə, ölkə iqtisadiyyatı daha da inkişaf edər".

Ekspertin fikrincə, turizm fondu yaradılarsa, bu, sahibkarlığın inkişafına təkan verər. Həmsöhbətimiz onu da əlavə etdi ki, artıq Rusiyada dövlət və böyük turoperatorların iştirakı ilə Turizm Fondu yaradılıb.

Günel CƏLİLOVA

Bakı xəbər.- 2016.- 3 may.- S.13